Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-94/2023 30.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı kommersiya işi üzrə (Açar sözlər: obyektin qanunsuz sahiblikdən götürülməsi, mülkiyyət hüququnun bərpa olunması və pul tələbi) X2 Süleymanovanın sədrliyi və məruzəsi, X3 Məmmədov və X1 ibarət tərkibdə, Ramilə Camaləddin qızı Məmmədovanın katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “obyektin qanunsuz sahiblikdən götürülməsi, mülkiyyət hüququnun bərpa olunması və pul tələbi” barədə kommersiya mübahisəsi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, e-2-2(119)-132/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə 30 may 2023-cü il tarixdə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “obyektin qanunsuz sahiblikdən götürülməsi, mülkiyyət hüququnun bərpa olunması və pul tələbi” barədə iddia ərizəsi və "iddia tələbinin həcminin artırılması" barədə ərizə ilə məhkəməyə müraciət edərək, daşınmaz əmlakın dövlət reyestrində **********83-12301 reyestr nömrəsi ilə qeydə alınmış olan daşınmaz əmlakın - ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və üzərindəki qeyri-yaşayış sahəsini Cavabdeh MMC-nin qanunsuz sahibliyindən götürülməsi, həmin daşınmaz əmlaka olan sahiblik və istifadə ilə bağlı mülkiyyət hüququnun bərpa olunması və Cavabdeh MMC-dən 400000 (dörd yüz min) manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. Həmin iddia ərizəsinə dair e-2-2(119)-132/2023 nömrəli kommersiya işi üzrə məhkəmə araşdırması aparılarkən Cavabdeh 17 aprel 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə “iş üzrə icraatın dayandırılması” barədə vəsatətlə (ərizə ilə) məhkəməyə müraciət edib, hazırkı iş üzrə mübahisə predmeti olan əmlakla əlaqədar iddiaçı X4 tərəfindən cavabdehlər İddiaçı və Cavabdehnə qarşı verilmiş "icarə müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edildiyini bildirib, həmin iddia ərizəsinə dair e-2(027)-157/2023 nömrəli mülki iş üzrə Quba Rayon Məhkəməsinin yekun qərarı qəbul edilib qanuni qüvvəyə minənədək, hazırkı iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir.
3. Sumqayıt Kommersiya Məhkəməsinin 26 aprel 2023-cü il tarixli e-2-2(119)- 132/2023 nömrəli qərardadı ilə İddiaçı Cavabdehnə qarşı “obyektin qanunsuz sahiblikdən götürülməsi, mülkiyyət hüququnun bərpa olunması və pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işi üzrə icraat Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin tələblərinə əsasən Quba Rayon Məhkəməsinin icraatında olan iddiaçı X4 tərəfindən cavabdehlər İddiaçı və Cavabdehnə qarşı verilmiş "icarə müqaviləsinin etibarsız hesab edilməsi" tələbi barədə iddia ərizəsinə dair e-2(027)- 157/2023 nömrəli mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilib qüvvəyə minənədək dayandırılmışdır.
4. İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Sumqayıt Kommersiya Məhkəməsinin 26 aprel 2023-cü il tarixli e-2- 2(119)-132/2023 nömrəli qərardadından şikayət verərək, həmin qərardadın ləğv olunması və iş üzrə icraatın təzələnməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir.
5. Sumqayıt Kommersiya Məhkəməsinin 08 may 2023-cü il tarixli e-2-2(119)- 132/2023 nömrəli qərardadı ilə İddiaçı Sumqayıt Kommersiya Məhkəməsinin 26 aprel 2023-cü il tarixli e-2-2(119)-132/2023 nömrəli qərardadından şikayətinin təmin edilməməsi və həmin qərardadın qüvvəsində saxlanılması, Sumqayıt Kommersiya Məhkəməsinin 26 aprel 2023-cü il tarixli e-2-2(119)-132/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
6. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 254.1.4, 263, 264, 267 və 268-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
a) Şikayətin dəlilləri
8. Şikayət onunla əsaslandırılmışdır ki, qərar düzgün təfsir edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarındakı diqqət edilməli ən həssas nüans ondan ibarətdir ki, qəbul edilmiş qərarda bildirilir ki, “Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırlması üçün işlərin istənilən qarşılıqlı bağlılğı deyil, yalnız elə bir aslılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətlərinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın”. İşin faktiki hallarına baxanda aydın olur ki, hər iki məhkəmə işi arasıda yalnız qarşılıqlı bağlılıq vardır. Heç bir aslılıqdan söhbət belə gedə bilməz. Quba Rayon Məhkəməsinin e-2(027)-157/2023 saylı mülki iş üzrə qəbul edəcəyi qətnamənin Sumqayıt Kommersiya Məhkəməsinin qəbul edəcəyi qətnaməyə heç bir maneə və aidiyyəti yoxdur, eyni zamanda Sumqayıt Kommersiya Məhkəməsinin işə baxılmasının mümkün olmamasına dair heç bir əsası yoxdur. Çünki Quba Rayon Məhkəməsinin icraatında olan mülki işdə iddiaçının tələbi müqavilənin etibarsızlığı ilə bağlıdır. Müqavilənin etibarlı və ya etibarsız olması e-2-2(119)- 132/2023 saylı iş üzrə İddiaçı mülkiyyətçi kimi hüququna heç bir aidiyyəti və təsiri yoxdur. Yəni İddiaçı mülkiyyətçi qismində öz mülkiyyətini tələb etməkdə haqlıdır. Belə ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia qaldırmaqla müqaviləni bir tərəfli qaydada ləğv etməsi ilə bağlı öz iradəsini ortaya qoymuşdur. Bunun da səbəbi cavabdeh "xxxx" MMCnin müqavilə üzrə götürdüyü öhdəlikləri yerinə yetirməməsidir. Mülki işə bununla bağlı məktub və bildirişlər də əlavə olunmuşdur. E-2-2(119)-132/2023 saylı iş üzrə edilən tələblə müqavilənin etibarlı və ya etibarsız olması arasında heç asılılıq yoxdur. Bundan başqa o da qeyd edilməlidir ki, cavabdeh iddaiçının əmlakından istifadəyə görə aylıq 50 000 (əlli min) manat icarə haqqı ödəmək öhdəliyini üzərinə götürmüşdür. İddiaçı isə iddia tələbində cavabdeh tərəfindən 8 ay ödənilməmiş icarə haqqını yəni 400.000 (dörd yüz min) manat məbləğində pulu tələb etmişdir. Bunun isə başqa bir məhkəmədə müqavilənin etibarsızlığı tələbi ilə bağlı heç bir əlaqəsi yoxdur. Çünki qeyd edilidyi kimi mülkiyyətçi, MM-in 157.5-ci maddəsinə əsasən həmin məbləği tələb etməkdə də haqlıdır. Çünki icarə müqaviləsi etibarlı olsa da, olmasa da, İddiaçı sübut etsə ki, cavabdeh 8 ay əsassız sahiblik etmişdir, həmin məbləği tələb etməkdə tam haqlıdır. Bu səbəblə də mülki iş üzrə icraatın dayandırılması əslində, mülkiyyətçinin hüquqlarını məhdudlaşdırmaqdan başqa bir şey deyildir. Belə olan təqdirdə isə məhkəmənin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair 25 mart 2004cü il tarixli qərarına əsaslanaraq qərardad qəbul etməsi hüququn prinsiplərinə ziddir. Çünki qanun norması nizam-intizamı yaratmağa xidmət edir. Yaranmış boşluğu və ya qeyri-müəyyən durumu daha da qeyrimüəyyən edərək düzgün tətbiq edilmədiyi üçün hüququn məqsəd və prinsipi ilə ziddiyyət təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.1-ci maddəsinə əsasən “bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər”. Qeyd olunan maddələrin heç birində iş üzrə icraatın dayandırılması üçün əsas yoxdur. İşin faktiki hallarına nəzər yetirsək aydın görərik ki, cavabdeh "xxxx" MMC-nin məqsədi vaxtı öz xeyirlərinə uzatmaq və məhkəmə işini lüzumsuz yerə ləngitməkdir. Onlar tərəfdən verilən vəsatətin də əsas məqsədi buna xidmət edir. Məhkəmənin isə bu nüansı görməməzlikdən gəlməsi ədalətin mövcudluğunu şüphə altına alır. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il , e-2-2(119)132/2023 nömrəli qərardadını ləğv edib iş üzrə icraatın təzələnməsi barədə Qərardad qəbul edilməsi xahiş olunur.
b) Şikayətə qarşı etirazın dəlilləri Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
9. Apellyasiya baxışının hədləri Şikayətdən görünür ki, apellyator Sumqayıt Kommersiya Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, e-2-2(119)-132/2023 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Odur ki, kollegiya Sumqayıt Kommersiya Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, e- 2-2(119)-132/2023 nömrəli qərardadının tam yoxlanılmasını vacib hesab edir. Tətbiq edilən hüquq
10.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM):
Maddə 357.1 Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
11.Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Kommersiya Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, e-2-2(119)- 132/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göründüyü kimi birinci instansiya məhkəməsi Quba Rayon Məhkəməsinin icraatında olan e-2(027)-157/2023 nömrəli mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilib qüvvəyə minənədək hazırkı iş üzrə icraatın dayandırılması barədə mövqeyini Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinə istinad etməklə, hər iki iş arasında asılılıq və bağlılığın olması, Quba Rayon Məhkəməsinin icraatında olan e- 2(027)-157/2023 nömrəli mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilib qüvvəyə minməyincə, hazırkı işin mahiyyəti üzrə baxılması və ədalətli həllinin mümkün omaması ilə əsaslandırmışdır. İddiaçı birinci instansiya məhkəməsinin qərardadı ilə razılaşmayaraq şikayət vermişdir. Məhkəmə kollegiyası şikayətin dəlilini əsassız hesab edir və bununla bağlı qeyd edir: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinə əsasən, Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa iş üzrə icraatın dayandırılması məhkəmənin vəzifəsi kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” 25 mart 2004-cü il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin “Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa” müddəası - məhkəmə tərəfindən müvafiq növ icraat üzrə çıxarılmış qərarın, qətnamənin, hökmün, qərardadın qanuni qüvvəyə minməsini ehtiva edir. İş üzrə icraatın dayandırılması məhkəmə tərəfindən işə baxılmasının qeyrimümkünlüyünün müəyyən edildiyi halda işin icraatının dayandırılması üçün başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir. İcraatın dayandırılmasının məcburi hallarından biri olan Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslarla iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması, ümumiyyətlə, mümkün olmasın. Məhkəmə kollegiyası qeyd edir ki, qeyd olunan işlər arasında kifayət qədər asılılıq vardır. Göründüyü kimi araşdırılan mübahisə tərələr arasında yaranmış icarə münasibətləri ilə bağlı olmaqla, Quba Rayon Məhkəməsinin icraatında olan mülki işin predmetini də məhz həmin icarə müqaviləsinin etibarsızlığı ilə bağlı tələb təşkil edir. Quba Rayon Məhkəməsinin icraatında olan mübahisənin mahiyyəti üzrə həll edilməsi ilə nəticələnən müvafiq məhkəmə aktının qanuni qüvvəyə minməsini gözləmədən hazırkı işə mahiyyəti üzrə baxılaraq yekun məhkəmə aktı qəbul edilməsi icarə münasibətlərindən irəli gələn tələblərin həll olunmasında fərqli vəziyyət yarada bilər. Belə ki, müqavilənin etibarsız hesab edilməsi barədə məhkəmə aktı nəticə etibarilə icarə müqaviləsinin xitamından fərqli nəticələrə səbəb ola bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosesual normaların tətbiqində pozuntuya yol verilməmişdir. Beləliklə, məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarını nəzərə alaraq hesab edir ki, mübahisələndirilən məhkəmə qərardadını qəbul edərkən birinci instansiya məhkəməsi hər hansı bir yanlışlığa yol verməmiş, prosessual normanı düzgün tətbiq etmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas yoxdur. Odur ki, şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, e-2-2(119)-132/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan şikayət verilə bilməz.