Məhkəmə qərarları › İş №2-2(106)-15/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-15/2025

16.01.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-15/2025 16.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı payların müəyyən edilməsi və əmlakın naturada bölünməsi tələbinə dair kommersiya işi üzrə Q Ə T N A M Ə S İ İş № 2-2(106)-15/2025 Açar sözlər: payların müəyyən edilməsi və əmlakın naturada bölünməsi. X6 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, X5 və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, həmçinin iddiaçının nümayəndəsi (əri) Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı payların müəyyən edilməsi və əmlakın naturada bölünməsi tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 2-2(121)-1963/2024 saylı, 16 sentyabr 2024-cü il tarixli qətnaməsindən (hakim Zaur Abbasov) iddiaçının nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı payların müəyyən edilməsi və əmlakın naturada bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Xarxatan Kərpic” İstehsal Kooperativi üzərində nizamnamə kapitalına uyğun olaraq onun 4/10, cavabdehlər X1 və Cavabdeh2 hər birinin isə 3/10 hissədə paylarının müəyyən edilməsi və həmin əmlakın naturada bölünməsi barədə (50.000 manat dəyərində əmlakın cavabdehlər tərəfindən götürülüb özgəninkiləşdirilməsi xüsusatı nəzərə alınmaqla) qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Lənkəran rayonunun Xarxatan kəndində qeydiyyatda olmaqla orada yaşayır. Həmin kənddə yerləşən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X4 Qeydiyyatı üzrə Lənkəran Bölgə şöbəsində 30 mart 1999-cu ildə U-5/275 saylı arayışla "Göyərçin” Kooperativi uçota alınmışdır. 30 dekabr 2004-cü ildə "Göyərçin" Kooperativinin adı dəyişdirilərək "Xarxatan Kərpic” İstehsal Kooperativi adlandırılmış və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi HŞDQ üzrə Lənkəran Bölgə şöbəsində onun və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 adlarına ümumi mülkiyyət hüququ ilə uçota alınmışdır. "Xarxatan Kərpic” İstehsal Kooperativi kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, tədarükü və satışı, o cümlədən heyvandarlıq, qoyunçuluq, quşçuluq, əkinçilik, çayçılıq, arıçılıq, bitkiçilik təsərrüfatlarının təşkili, kənd təsərrüfatı təyinatlı müxtəlif xidmətlərin göstərilməsi, kərpic istehsalı və alqı-satqısı məqsədi ilə təsis edilmişdir və 1999-cu ildənhazırki vaxtadək fəaliyyət göstərir. Son dövrlərədək Kooperativin digər payçıları (cavabdehlər) ilə onun arasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı problem olmasa da, 30 aprel 2022-ci ildə ona məxsus kərpic sexindən 50.000 manat dəyərində avadanlıqların oğurlanmasından sonra öz payının məhkəmə qaydasında müəyyən edilərək naturada ayrılması qərarına gəlmişdir (oğurluq hadisəsinin törədilməsi ilə bağlı tərəfindən müvafiq qurumlara şikayətlərlə müraciət edilmişdir). "Xarxatan Kərpic" İstehsal Kooperativinin nizamnaməsində hər bir təsisçinin payı müəyyən edilmişdir. Belə ki, nizamnamənin 5.4-cü bəndinə əsasən Kooperativin nizamnamə kapitalı l0 paydan ibarətdir və təsisçilər arasında onun 4 payı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər birinin isə 3 payı müəyyən olunmuşdur. 30 aprel 2022- ci ildə ona məxsus kərpic sexindən 50.000 manat dəyərində avadanlıqların oğurlanmasından sonra müraciəti əsasında Lənkəran ŞRPŞ-nin İB-də araşdırma aparılmış və 30 may 2022- ci il tarixdə "cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Aparılan araşdırma zamanı qaynı Nümayəndə2 izahatında göstərmişdir ki, "... Zavodun 12-13 min civarında Qaz idarəsinə, 1.400 manat İşıq idarəsinə, 4.000 manat Vergilər Nazirliyinə, 3.600 manat isə fəhlələrə borcu vardır. Həmin bu borcları ödəmək məqsədilə zavoddakı köhnə dəmir materialları satmaq qərarına gəlmişlər. Anası və ortancıl qardaşı Cavabdeh1 razılığı ilə dəmir materialları satın alan şəxslərə 1.600 manata satmışlar. Həmin pulla zavodun xərclərini ödəmişlər. Hazırda kərpic zavodu anası Cavabdeh2 məxsusdur. Özünün zavodda heç bir payı yoxdur. Lakin anasının vardır. O, da anasının istəyi ilə zavodda olan dəmir materialları satmışdır.” Göründüyü kimi, qaynını Nümayəndə2 polis şöbəsində aparılan araşdırma zamanı ‘‘Xarxatan Kərpic” zavodundan avadanlıqların aparıldığını etiraf etmiş və bunu ona cavabdehlərin tapşırdığını bildirmişdir. Məhz bu baxımdan hesab edir ki, cavabdehlərə məxsus ümumilikdə 6/10 hissə paydan aparılan avadanlıqların dəyəri çıxılmalıdır. Çünki onların qanunsuz hərəkətləri ilə ona maddi ziyan vurulmuşdur. Qaynı Nümayəndə2 izahatında satılan dəmir materiallarının zavodun borclarına xərcləndiyini bildirsə də, bu pul zavodun ehtiyacları üçün xərclənməmişdir. Həmçinin qeyd edir ki, izahatda satılan avadanlıqlar və onların dəyəri düzgün göstərilməmişdir. elə ki, satılan avadanlıqların ümumi dəyəri 50.000 manatdan çoxdur. Cavabdehlərin qanunsuz hərəkətlərinə görə qiyməti təxminən 10.000 manat olan bir ədəd komplekt kolxoz presi, bir ədəd 30 000 manat dəyərində 535 markalı kərpic presləyən komplekt lent elevatoru, bir ədəd 8000 manat dəyərində kərpic kəsən aparat və 2000 manat dəyərində elevator rolikləri və elektro matorlar götürülmüşdür. Lakin törədilən əməlin cinayət olmadığı qənaətinə gəlindiyi üçün polis şöbəsində cinayət işinin başlanması rədd edilmişdir. Əməldə cinayət tərkibi olmasa belə hesab edir ki, götürülmüş malların qiyməti cavabdehlərin ziyanına nəzərə alınmalıdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə o, və ailə üzvləri arasında hazırki işdən əlavə də əmlakla əlaqədar mübahisələr olmuşdur. Hazırda Lənkəran Rayon Məhkəməsində hakim Rəşad Məmmədovun icraatında əri Nümayəndə1 və oğlu X2 cavabdehlərə qarşı ümumi birgə mülkiyyətlərində olan torpaq sahələri üzərində payların müəyyən edilməsi və bu torpaq sahələrinin naturada bölünməsi ilə bağlı məhkəmə mübahisəsi davam etməkdədir. Cavabdehlərlə birlikdə ümumi əmlaka sahiblik və ondan istifadə olunması, həmçinin bu əmlaka sərəncam verilməsi ilə bağlı hüquqlarının həyata keçirilməsində ciddi maneələr yarandığından ‘‘Xarxatan Kərpic" İstehsal Kooperativi üzərində X4 Qeydiyyatı üzrə Lənkəran bölgə şöbəsində qeydiyyata alınmaqla təsdiq edilmiş nizamnamə üzrə payların müəyyən edilməsi və nizamnamə kapitalında göstərildiyi kimi 4/10 hissə payının (40%) müəyyən edilərək ayrılması, həmçinin cavabdehlər tərəfindən götürülmüş malların qiymətinin nəzərə alınması zəruridir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. “Xarxatan Kərpic” İstehsal Kooperativi ilə bağlı mübahisənin həll edilməsi üçün onun üzərində nizamnamə kapitalına uyğun olaraq payların müəyyən edilməsi və tərəflər arasında naturada bölünməsi zəruridir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində İddiaçı nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “Xarxatan-kərpic” İstehsalat kooperativi Lənkəran rayonu, Xarxatan kəndində yerləşir, həmin kooperativin yerləşdiyi torpaq sahəsinə və üzərində olan tikililərə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı iddiaçı hazıradək müəyyən səbəblərdən əldə edə bilməmişdir və onda bu barədə hüquqmüəyyənedici sənədlər yoxdur. Sonda iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 çıxışında iddia tələbini müdafiə edərək, bildirmişdir ki, iş materiallarına əlavə edilmiş “Xarxatan Kərpic” İstehsalat kooperativinin nizamnaməsində kooperativin payçılarının payı dəqiq müəyyən edilmişdir. Həmçinin Lənkəran rayonu, Şağlaser bələdiyyəsindən məhkəməyə təqdim edilmiş arayışdan da müəyyən edilir ki, “Xarxatan-kərpic” zavodu Lənkəran rayonu, Xarxatan kəndində yerləşir və ərazisi 0,66 hektardır. Lakin həmin torpaq sahəsinə və kooperativin digər əmlakına dair İddiaçı hazıradək müəyyən problemlər səbəbindən mülkiyyət hüququnu müəyyən sənədləri əldə edə bilməmişdir. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi Nümayəndə2 izahatında iddia tələbinin əsassız olduğunu bildirmiş və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2 iddia tələbinin əsassız olduğunu bildirmiş və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 2-2(121)-1963/2024 saylı, 16 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, ilkin olaraq qeyd etməlidir, iddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Lənkəran rayonunun Xarxatan kəndində qeydiyyatda olmaqla orada yaşayır. Həmin kənddə yerləşən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X4 Qeydiyyatı üzrə LənkəranBölgə Şöbəsində 30 mart 1999-cu ildə U-5/275 saylı arayışla “Göyərçin”Kooperativi uçota alınmışdır. 30 dekabr 2004-cü ildə “Göyərçin”Kooperativinin adı dəyişdirilərək “Xarxatan Kərpic” İstehsal Kooperativi adlandırılmış və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi HŞDQ üzrə Lənkəran Bölgə şöbəsində onun və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 adlarına ümumi mülkiyyət hüququ ilə uçota alınmışdır. “Xarxatan Kərpic” İstehsal Kooperativi kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, tədarükü və satışı, o cümlədən heyvandarlıq, qoyunçuluq, quşçuluq, əkinçilik, çayçılıq, arıçılıq, bitkiçilik təsərrüfatlarının təşkili, kənd təsərrüfatı təyinatlı müxtəlif xidmətlərin göstərilməsi, kərpic istehsalı və alqı-satqısı məqsədi ilə təsis edilmişdir və 1999-cu ildən hazırkı vaxtadək fəaliyyət göstərir. Son dövrlərədək Kooperativin digər payçıları (cavabdehlər) ilə onun arasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı problem olmasa da, 30 aprel 2022- ci ildə ona məxsus kərpic sexindən 50 000 manat dəyərində avadanlıqların oğurlanmasından sonra öz payının məhkəmə qaydasında müəyyən edilərək naturada ayrılması qərarına gəlmişdir (oğurluq hadisəsinin törədilməsi ilə bağlı tərəfindən müvafiq qurumlara şikayətlərlə müraciət edilmişdir). “Xarxatan Kərpic”İstehsal Kooperativinin nizamnaməsində hər bir təsisçinin payı müəyyən edilmişdir. Belə ki, nizamnamənin 5.4-cü bəndinə əsasən Kooperativin nizamnamə kapitalı 10 paydan ibarətdir və təsisçilər arasında onun 4 payı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər birinin isə 3 payı müəyyən olunmuşdur. 30 aprel 2022-ci ildə ona məxsus kərpic sexindən 50 000 manat dəyərində avadanlıqların oğurlanmasından sonra müraciəti əsasında Lənkəran ŞRPŞ-nin İB-də araşdırma aparılmış və 30 may 2022-ci il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Aparılan araşdırma zamanı qayını Nümayəndə2 izahatında göstərmişdir ki, “... Zavodun 12-13 min civarında Qaz İdarəsinə, 1400 manat İşıq idarəsinə, 4000 manat Vergilər Nazirliyinə, 3600 manat isə fəhlələrə borcu vardır. Onu da qeyd edir ki, bu faktın özü də həmin müəssisənin işlək vəziyyətdə olmasını sübut edir. Hesab etmişlər ki, iddianın təmin edilməməsini ehtiva edən həmin qətnamə tamamilə əsassızdır və mülki hüququn nəinki normalarına, hətta mülki hüququn prinsiplərinə ziddir. Məhkəmə qətnaməsi ilə İddiaçı mülkiyyət hüququ pozulmuş və nəticədə açıq - aşkar qanunsuz nəticəyə varan qətnamə qəbul etmişdir. Məhkəmə mövcud olan situasiyada tətbiq etməli olduğu maddi hüquq normalarını tətbiq etməmişdir. Eləcə də, məhkəmə işin faktiki halları ilə bağlı mühüm əhəmiyyət kəsb edən halları müəyyən etmədən həmin hallarla əlaqəli qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə nəzərə almamışdır ki, iş materiallarına əlavə edilmiş “Xarxatan Kərpic” İstehsal Kooperativinin nizamnaməsində koooperativin payçılarının payı dəqiq müəyyən edilmişdir. Həmçinin Lənkəran rayonu, Şağlaser bələdiyyəsindən məhkəməyə təqdim edilmiş arayışdan da müəyyən edilir ki, “Xarxatan Kərpic” zavodu Lənkəran rayonu, Xarxatan kəndində yerləşir və ərazisi 0.66 hektardır. Həmin torpaq sahəsinə və kooperativin digər əmlakına dair İddiaçı hazıradək müəyyən problemlərə görə mülkiyyət hüququnu müəyyən edən çıxarışı əldə edə bilməmişdir. Lakin nizamnamə və auditor rəyi, eləcə də bələdiyyə tərəfindən verilmiş arayış olduğu təqdirdə ekspert rəy verməkdən imtina edə bilməz. Çox təəssüf ki, məhkəmə formal qaydada işə yanaşmış, mülkiyyət hüququnu pozan nəticəyə varmışdır. Bu vəziyyətdə isə hüquqlarını müdafiə etdiyim iddiaçı mülkiyyət hüququndan məhrum olmuş, mülkiyyətindən əldə edilmiş faydanın 40 faizini götürməli olduğu halda cavabdehlərin qanunsuz hərəkətləri səbəbindən və onun əmlakının tamamilə özününküləşdirmələri səbəbindən bütün faydalardan məhrum olmuşdur. Qətnamə kobud pozuntularla (maddi və prosessual normalar pozulmuşdur) müşayiət edilməklə qanunsuz və əsassızdır. Ona görə də birinci instansiya məhkəməsində müəyyən olunmuş faktlar və sübutlar əsasında iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini Məhkəmə Kollegiyasından xahiş etmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 və iddiaçının nümayəndəsi (əri) Nümayəndə1 ayrı-ayrılıqda apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər, onun dəlillərinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edərək iddialarının təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Əlavə olaraq göstərmişlər ki, onlar “Xarxatan Kərpic” İstehsal Kooperativindən paylarının ayrılmasını deyil, Kooperativdəki paylarına uyğun əmlakların bölünməsini tələb edirlər. Bildirmişlər ki, dövlət reyestrində Kooperativə məxsus hər hansı daşınar və ya daşınmaz əmlak qeydiyyata alınmamışdır. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclaslarına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə Kollegiyası işə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2ci maddəsinə əsasən mülki iş üzrə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam olaraq apellyasiya qaydasında mübahisələndirildiyindən, qətnamənin əsaslılığı iddiaçıya münasibətdə tam yoxlanılmalıdır. İşə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 109.1-ci maddəsinə əsasən, kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır. 109.4-cü maddəsinə əsasən, kooperativ üzvünün əmlak pay haqqı nizamnamə ilə müəyyənləşdirilən qaydada və həcmdə üzvlər tərəfindən ödənilən daşınar və (və ya) daşınmaz əmlakdan, habelə pulla qiymətləndirilən əmlak hüquqlarından ibarət olan pay haqqıdır. Əmlak pay haqqı mütləq və əlavə ola bilər. 109-4.1-ci maddəsinə əsasən, kooperativin üzvlərinin aşağıda göstərilən hüquqları vardır: 109-4.1.1. kooperativə daxil olmaq və könüllü qaydada kooperativdən çıxmaq; 109-4.1.6. kooperativ ləğv edildikdə kreditorlarla hesablaşmalardan sonra əmlakın onun payına düşən hissəsini və ya bu hissənin dəyərini almaq. 110.1-ci maddəsinə əsasən, kooperativin mülkiyyətində olan əmlak kooperativin nizamnaməsinə müvafiq surətdə onun üzvlərinin paylarına bölünür. Kooperativin əmlakı (vəsaitləri) onun əsas fondlarından, dövriyyə vəsaitindən və balansında göstərilən digər maddi dəyərlərdən ibarətdir. Kooperativin əmlakının formalaşdırılması mənbələri onun öz vəsaiti və cəlb edilmiş vəsait ola bilər. Kooperativin öz vəsaitini onun nizamnaməsində nəzərdə tutulmuş əmlak pay haqları, sahibkarlıq fəaliyyətindən, öz vəsaitlərinin banklarda və digər kredit təşkilatlarında, qiymətli kağızlarda yerləşdirilməsindən daxil olan gəlirlər, kreditlər, fiziki və hüquqi şəxslərin ianələri və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırır. Kooperativ tərəfindən qanunvericiliklə müəyyənləşdirilmiş qaydada cəlb edilən vəsaitin həcmi kooperativin ümumi vəsaitlərinin (əmlakının) 50 faizindən çox olmamalıdır. Kooperativin əmlakı onun xüsusi mülkiyyətindədir. Kooperativin üzvü onun mülkiyyətində olan əmlakı müqavilə əsasında istifadə edilmək üçün kooperativə verə bilər. Kooperativ ittifaqı onun mülkiyyətində olan əmlakı müqavilə əsasında istifadə edilmək üçün onun üzvü olan kooperativə verə və ittifaqın nizamnaməsində müəyyənləşdirilmiş digər məqsədlər üçün istifadə edə bilər. 110.5-ci maddəsinə əsasən, kooperativin ləğvindən sonra qalan əmlak kooperativin üzvləri arasında onun nizamnaməsinə uyğun olaraq bölüşdürülür. 111.1-ci maddəsinə əsasən, kooperativin ali idarəetmə orqanı onun üzvlərinin ümumi yığıncağıdır. 111.3 və 111.3.3-cü maddələrinə əsasən, kooperativ üzvlərini qəbul etmək və çıxarmaq kooperativ üzvlərinin ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. 112.1-ci maddəsinə əsasən, kooperativ üzvünün kooperativdən çıxmaq ixtiyarı vardır. Bu halda ona payının dəyəri ödənilməli və ya payına uyğun əmlak verilməli, habelə kooperativin nizamnaməsində nəzərdə tutulan digər ödənişlər verilməlidir. Kooperativin çıxan üzvünə payın dəyərinin ödənilməsi və ya başqa əmlakın verilməsi, əgər kooperativin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, maliyyə ili qurtardıqdan və kooperativin maliyyə hesabatları təsdiq edildikdən sonra həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 109-1.1-ci maddəsinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 110.1 və 110.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 21 dekabr tarixli qərarında göstərilmişdir ki, "Beləliklə, yuxarıda istinad edilən mülki qanunvericiliyin müddəaları ilə kooperativin üzvlüyünə xitam verilməsinin səbəblərindən asılı olmayaraq, belə xitamın verilməsi kooperativin idarəetmə orqanlarının (idarə heyəti və s.) deyil, kooperativ üzvlərinin ümumi yığıncağının səlahiyyətlərinə aid edilmişdir (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 2011-ci il 28 dekabr tarixli Qərarı). Kooperativ üzvü isə kooperativdən çıxmaq niyyətini təsisçilərə deyil, kooperativ üzvlərinin ümumi yığıncağına bildirməlidir. Ümumi yığıncağın diskresion səlahiyyəti olaraq "kooperativ üzvlərini qəbul etmək və çıxarmaq” səlahiyyəti həm kooperativ üzvünün ona həvalə olunmuş vəzifələri icra etmədikdə və ya lazımınca icra etmədikdə çıxarılmasını, həm də kooperativ üzvünün könüllü iradəsi olduğu təqdirdə onun çıxarılmasını ehtiva edir... Bununla belə, kooperativ üzvünün kooperativdən çıxma barədə ərizəsinə kooperativdə ağlabatan müddətdə baxılmadığı təqdirdə o, məhkəməyə müraciət edə bilər. Bu halda cavabdeh qismində digər kooperativ üzvləri deyil, birbaşa hüquqi şəxs olaraq kooperativin özü göstərilməlidir.” Həmin qərarında Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlmişdir: "- Konstitusiyanın 58-ci maddəsinə, Mülki Məcəllənin 109-4.1.1 və 112.1 -ci maddələrinə uyğun olaraq, hər kəs könüllülük prinsipi əsasında, qanunvericilikdə nəzərdə tutulmuş qaydada kooperativə daxil olmaq və kooperativdən çıxmaq hüququna malikdir; - Mülki Məcəllənin 109-1. 1 -ci maddəsinin "kooperativ beşdən az olmayan fiziki və (və ya) hüquqi şəxslər tərəfindən yaradılır” və Mənzil Məcəlləsinin 110.1 -ci maddəsinin "mənziltikinti kooperativinin üzvlərinin sayı beşdən az ola bilməz” müddəaları təşkilati- hüquqi formasına görə kooperativin yaradılmasına və fəaliyyət göstərməsinə yönələn ümumi tələbdir. Beşdən az üzvü olan hüquqi şəxs mənzil-tikinti kooperativi formasında yaradıla və ya fəaliyyətini davam etdirə bilməz; - Mülki Məcəllənin 111.3.3-cü maddəsinə müvafiq olaraq, kooperativ üzvlərini kooperativə qəbul etmək və çıxarmaq kooperativ üzvlərinin ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. Bu səlahiyyət kooperativ üzvünün könüllü qaydada kooperativdən çıxarılmasını da ehtiva edir.” Məhkəmə, paylı mülkiyyətdə olan əmlakın mülkiyyətçisinin öz payının ayrılmasını tələb etməsi ilə bağlı subyektiv hüququnun yaranması üçün tələb olunan normativ şərtlərin qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 214.1-ci maddəsinə əsasən, əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. 223.4-cü maddəsinə əsasən, ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Mülki Məcəllənin 152.1 -ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 154.1 -ci maddəsinə əsasən, qanunvericiliyə uyğun olaraq fiziki və ya hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrı-ayrı növləri istisna edilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində istənilən əmlak ola bilər. Həmin Məcəllənin 139.1 -ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139.4-cü maddəsinə əsasən, məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsini və onların fərdiləşdirilməsini təmin edən məlumat bazası olan ünvan reyestri aparılır. Daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən ünvan verilir. Ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarına əsasən Mülki Məcəllənin 220.6-ci maddəsində ümumi əmlakın bölünməsi ilə bağlı məhkəmənin həmin əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edilməsi səlahiyyəti nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən belə qərarın qəbul edilməsi bütün paylı mülkiyyətçilərin razılığının alınması ilə şərtləndirilməmişdır. Həmin maddənin mənasına görə belə qərar paylı mülkiyyətçilərin birinin iddiası əsasında da qəbul edilə bilər. Mülkiyyətçilərin razılığı olmadan əmlakın hərracdan satılması barədə məhkəmənin qərar qəbul etməsi mülkiyyət hüququnun məhdudlaşdırılması (mülkiyyət hüququna müdaxilə) baxımından təhlil olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 76.1 -ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1 -ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin təmin olunması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçı tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Belə ki iş materiallarında olan, Azərbaycan Respubliksı Ədliyyə Nazirliyi X4 Qeydiyyatı üzrə Lənkəran bölgə şöbəsi tərəfindən xx.xx.2004-cü il tarixdə təsdiqlənmiş “Xarxatan Kərpic” İstehsalat kooperativinin nizamnaməsindən görünür ki, həmin nizamnamənin 5.4-cü maddəsində kooperativin nizamnamə kapitalının 600.000 manat təşkil etdiyi və həmin kapitalın 10 paydan ibarət olaraq, təsisçilər arasında İddiaçı - 4 pay, Cavabdeh1 - 3 pay və Cavabdeh2 - 3 pay olduğu qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran ərazi idarəsindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli 3-21-3- 43/2-3634/2023 mütəxəssis rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, “Lənkəran rayonunun Xarxatan kəndində yerləşən “Xarxatan Kərpic” İstehsal Kooperativinin istifadəsində olan torpaq sahəsinə və üzərində tikililərə dair hüquqmüəyyənedici və texniki sənədlər təqdim edilmədiyindən, eləcə də mövcud baza məlumatlarında “Xarxatan Kərpic” istehsal Kooperativinin istifadəsində olan torpaq sahəsinə və üzərində tikililərə dair məlumatlar mövcud olmadığından, həmin torpaq sahəsinin və üzərində tikililərin sənəd üzrə konkret yerləşmə yerini və sərhədlərini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan Lənkəran rayonu, Şağlaser bələdiyyəsindən təqdim edilmiş 107 saylı xx.xx.2023-cü il tarixli arayışda qeyd edilmişdir ki, Lənkəran rayonunun Xarxatan kənd sakini X3 həmin kənddə yerləşən “Xarxatan-kərpic” zavodunun səhmdarlarından biridir və həmin zavodun ərazisi 0,66 hektardır. İş materiallarından görünür ki, mütəxəssis rəyinin alınması üçün iddiaçı tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin hesablaşma hesabına 95 manat məbləğində pul vəsaiti ödənilmişdir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir.İşin hallarından müəyyən edilir ki, iddiaçı hazırda paylı ümumi mülkiyyətdə olan əmlakda onun və uşaqlarının paylarının müəyyən edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, kooperativ iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılan onun işirakçılarının könüllü birliyidir və kooperativin əmlakı onun xüsusi mülkiyyətindədir. Kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olduğundan, qanunvericilikdə onun üzvlərinin də kooperativdən azad şəkildə çıxa biləcəyi nəzərdə tutulmuşdur. Kooperativ üzvlü kooperativdən azad şəkildə çıxmaq hüququna malikdir və bu halda ona payının dəyəri ödənilməli və ya payına uyğun əmlak verilməli, habelə kooperativin nizamnaməsində nəzərdə tutulan digər ödənişlər verilməlidir. Kooperativin çıxan üzvünə payın dəyərinin ödənilməsi və ya başqa əmlakın verilməsi, əgər kooperativin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, maliyyə ili qurtardıqdan və kooperativin maliyyə hesabatları təsdiq edildikdən sonra həyata keçirilir. Məhkəmə qeyd etmişdir ki, mülki qanunvericilikdə kooperativin əmlakının onun iştirakçıları arasında onların təsis paylarına uyğun naturada bölünməsi imkanı və qaydası nəzərdə tutulmamışdır. Bununla yanaşı, kooperativlər haqqında qanunvericilik normalarında üzvün kooperativdən çıxmaq hüququnun olması və bu zaman ona payının dəyərinin ödənilməli və ya payına uyğun əmlakın verilməli, habelə kooperativin nizamnaməsində nəzərdə tutulan digər ödənişlərin verilməli olması normativ qaydada tənzimlənmişdir. Məhkəmə qeyd edir ki, digər bir hal kooperativin ləğvi halıdır ki, bu halda ilk növbədə ləğv edilən kooperativin kreditorları təmin edilkdikdən sonra qalan əmlak və ya əmlak hüquqları onun işitrakçıları arasında onların paylarına mütənasib qaydada bölünə bilər. Kollegiyanın iclasında iddiaçının nümayəndələri bildirmişlər ki, onlar “Xarxatan Kərpic” İstehsal Kooperativindən paylarının ayrılmasını deyil, Kooperativdəki paylarına uyğun əmlakların bölünməsini tələb edirlər. Bildirmişlər ki, dövlət reyestrində Kooperativə məxsus hər hansı daşınar və ya daşınmaz əmlak qeydiyyata alınmamışdır. Göründüyü kimi iddiaçılar Kooperativdəki paylarına uyğun olaraq paylarının ayrılmasını deyil, paylarına uyğun əmlakın naturada bölünməsini tələb etmişlər. Mülki qanunvericiliyə əsasən isə kooperativin əmlakının onun iştirakçıları arasında onların təsis paylarına uyğun naturada bölünməsi imkanı və qaydası nəzərdə tutulmamışdır. Beləliklə, Kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Kollegiya hesab etmişdir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Cavabdehin apellyasiya şikayəti təmin edilmədiyindən şikayətin verilməsi ilə əlaqədar olaraq ödənilmiş dövlət rüsumu, iddiaçının özünə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçının nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 2-2(121)-1963/2024 saylı, 16 sentyabr 2024-cü il tarixli qətnaməsi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar