Məhkəmə qərarları › İş №2-2(107)-31/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-31/2020

03.09.2020 · Aidiyyəti üzrə daxil olan işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-31/2020 03.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Şəki Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-2(117)-52/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş аpelyаsiyаşikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) müxtəlif vaxtlarda ondan alınmış 20000 (iyirmi min) manat məbləğində pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin (hakim Rüfət Məcidov) xx xxxx 2020-ci il tarixli 2- 2(117)-52/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh 20000 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İşin halları İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 6000 (altı min) manat, xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən 6000 (altı min) manat, xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən 8000 (səkkiz min) manat borc pul vermiş, cavabdeh müqavilə ilə müəyyən edilmiş müddətdə pulu qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməyərək heç bir ödəniş etməmiş və bu səbəbdən tərəflər arasında hazırkı mübahisə yaranmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə xx xxxx 2017-ci il tarixdə kommersiya işləri ilə əlaqədar tanış olmuşdur. Bir müddət sonra cavabdeh ona özünə məxsus obyektləri göstərmiş və ondan həmin obyektləri işlətmək üçün borc pul verməyi xahiş etmişdir. Cavabdehin səmimiyyətinə inanaraq xx xxxxxxx 2017-ci il tarixdə 6000 manat, xx xxxxxx 2017-ci il tarixdə 6000 manat, xx xxxx 2018-ci il tarixdə 8000 manat məbləğində borc pul vermişdir. Cavabdeh xx.xx.2017-ci il tarixdə almış olduğu pulu xx.xx.2018-ci il tarixə qədər, xx.xx.2017-ci il tarixdə götürdüyü borc pulu xx.xx.2018-ci il tarixə qədər, xx.xx.2018-ci il tarixdə götürdüyü borc pulu isə xx.xx.2019-cu il tarixə qədər qaytarmağı öhdəsinə götürmək barədə söz versə də, uzun müddət keçməsinə baxmayaraq o, pul borclarını qaytarmamış və müxtəlif bəhanələrlə borcunu qaytarmaqdan imtina etmişdir. Bu səbəbdən ağır maddi vəziyyətə düşmüş və aralarında hazırkı mübahisə yaranmışdır. İş üzrə Şəki Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-2(117)-52/2020 nömrəli qətnaməsi çıxarılmışdır. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iclası onun iştirakı olmadan keçirilmişdir. Belə ki, hazırda ölkədə tətbiq edilən karantin səbəbinə görə kommersiya fəaliyyəti ilə məşğul olduğu Bakı şəhərindən gəlmək mümkünsüz olduğundan, teleqram ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Lakin məhkəmə, çəkişmə prinsipini pozmuş, onun iştirakı olmadan işə baxaraq əsassız qərar qəbul etmişdir. Belə ki, onun iddiaçıya, qətnamədə qeyd edildiyi qədər borcu qalmamışdır. Bunun sübutu kimi iddiaçı ilə mobil telefon vasitəsi ilə yazışmaları, onun ondan aldığı pulu qaytarmağına dair sübutları var. Birinci instansiya məhkəməsi onun iştirakını təmin etsə idi, qeyd etdiyi sübutları təqdim edərək işin ədalətli həll olunmasına nail olardı. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı və Cavabdeh məhkəmə iclasına gəlməmişlər. İddiaçı məhkəməyə teleqram göndərərək pandemiya virusi ilə əlaqədar məhkəmə iclasında iştirak etməyəciyini, iddiasını müdafiə etdiyini bildirmiş, işə iştirakı olmadan baxılmasını və apelyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə teleqram göndərərək səhhəti ilə bağlı məhkəmədə iştirak edə bilməyəcəyini, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə kommersiya işləri üzrə apelyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan apelyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli və xx.xx.2018-ci il tarixli kredit müqavilələrindən görünür ki, iddiaçı cavabdehə xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən 6000 manat, xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən 6000 manat və xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən 8000 manat məbləğində borc pul vermişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Cavabdeh tərəfindən kredit müqavilələri üzrə yaranmış borc pul məbləğlərindən ödəniş edilməsinə dair məhkəməyə hər hansı sübut təqdim edilmədiyindən məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş mövcud sübutlar əsasında iddia tələbinə hüquqi qiymət verərək hesab edir ki, iddia tam təmin edilməli və 20000 manat məbləğində borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir”. Məhkəmə kollegiyası, apelyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Apelyasiya şikayətinin dəlilləri əsassızdır. İşin həqiqi hallarından görünür ki, iddiaçı və cavabdeh fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi vergi orqanında qeydiyyatdadırlar. Tərəflər arasında yazılı formada notarial qaydada borc (kredit) müqavilələri bağlanmış, müqavilələrə əsasən xx.xx.2017-ci il tarixdə iddiaçı tərəfindən cavabdehə 6000 manat, xx.xx.2017-ci il tarixdə 6000 manat, xx.xx.2018-ci il tarixdə 8000 min manat borc pul verilmiş, cavabdeh müqavilələr üzrə xx.xx.2017-ci il tarixdə aldığı borc pulu xx.xx.2018-ci il tarixə qədər, xx.xx.2017-ci il tarixdə götürdüyü borc pulu xx.xx.2018-ci il tarixə qədər, xx.xx.2018-ci il tarixdə götürdüyü borc pulu isə xx.xx.2019-cu il tarixə qədər qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 406.1-ci maddəsinə əsasən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır, 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448-ci maddənin 1-ci bəndinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448-ci maddənin 2-ci bəndinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 449.1-ci maddəsinə görə, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsində nəzərdə tutulur ki, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Göründüyü kimi, iddiaçı xx.xx.2017, xx.xx.2017 və xx.xx.2018-ci il tarixli kredit müqavilələri ilə cəmi 20000 manat məbləğində borc pulu cavabdehə verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş və hazırda hər üç müqavilə üzrə borcların qaytarılma vaxtı ötürülmüşdür. Cavabdeh həmin pul məbləğlərini qəbul etməsinə baxmayaraq, borcunu müqavilələrdə nəzərdə tutulan müddətlərdə qaytarmamış, bununla da müqavilələrin şərtlərini pozmuşdur. Məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətində qeyd etdiyi “məhkəmə iclası onun iştirakı olmadan keçirilmişdir” dəlilinə münasibət bildirərək göstərir ki, birinci instansiya məhkəməsi öz qətnaməsində qeyd etmişdir ki, “cavabdeh xx.xx.2020-ci il tarixdə teleqramla məhkəməyə müraciət edərək karantin rejimi ilə əlaqədar məhkəmə prosesində iştirak edə bilməyəciyini və bu səbəbdən məhkəmə iclasının başqa tarixə təxirə salınmasını xahiş etmişdir. Məhkəmə, cavabdehin ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşamasını və hazırkı vaxtda ölkə üzrə sərt karantin rejiminin mövcud olmamasını, habelə məhkəmənin xx.xx.2020-ci il tarixdə keçirilən məhkəmə iclasının cavabdehin eyni məzmunlu teleqramına əsasən təxirə salınmasını nəzərə alaraq cavabdehin teleqramda qeyd etdiyi halı və onun məhkəmə iclasında iştirak etməməsi səbəbləri üzrsüz hesab edərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmışdır”. Cavabdeh habelə apelyasiya şikayətində vurğulamışdır ki, “birinci instansiya məhkəməsi onun iştirakını təmin etsə idi, sübutlarını təqdim edərək işin ədalətli həll olunmasına nail olardı”. Bununla bağlı qeyd edilməlidir ki, cavabdeh birinci instansiya məhkəməsinin iclaslarından əvvəl hər dəfə müxtəlif bəhanələrlə teleqram göndərərək təxirə salınmasını xahiş etmiş, ona kifayət qədər şərait yaradılmasına baxmayaraq heç bir sübut təqdim etməmişdir. Apelyasiya şikayətində sübutlarının olmasını bildirsə də, həmin sübutları şikayətinə əlavə etməmiş, habelə məhkəmə kollegiyasına həmin sübutları təqdim etmək əvəzinə teleqram ünvanlayaraq kollegiyanın iclasının da təxirə salınmasını xahiş etmiş, bununla da məhkəmə baxışının uzadılmasına nail olmağa cəhd etmişdir. Kollegiya belə qənaətə gəlir ki, cavabdehdə ümumiyyətlə borcunun ödənilməsinə dair hər hansı sübut yoxdur, o şikayətində qeyd edilənləri göstərməklə sadəcə olaraq işə baxan məhkəmələri çaşdırmaq məqsədi güdür. Göründüyü kimi apelyasiya şikayətinin qeyd olunan dəlilləri əsassızdır. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. X3 Məhkəməsi “X1rşı” xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. “Avşar Türkiyəyə qаrşı” iş üzrə qərаrındа Avropа Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. İstinad olunan milli qanunvericilik normalarından və X3 Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi hazırkı mübahisədə iddianı sübuetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı isə öz iddiasının haqlı olmasını mötəbər sübutlarla sübut edə bilməmişdir. Cavabdehun apelyasiya şikayəti əsasında işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən pozuntulara yol verilməsi öz təsdiqini tapmamışdır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan, cavabdehdə göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu edə bilmədiyindən, eyni zamanda cavabdehin bildirdikləri məhkəmə araşdırması vaxtı təsdiq olunmadığından əsaslı hesab edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini əsassız hesab edir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. Ona görə də məhkəmə kollegiyаsı apelyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən, аpelyаsiyа şikayəti təmin edilməməli və Şəki Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-2(117)-52/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. Göstərilənlərə əsasən və MPM-in 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş аpelyаsiyа şikayəti təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-2(117)-52/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar