Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-93/2022 22.11.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı (açar sözlər: borcun silinməsi və çəkilmiş xərclərin cavabdehdən tutulması) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Cаvаdоvа Günаy İsmаyıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “barəsində hesablanmış 6083,71 manat borcun hesabından silinməsi və çəkilmiş xərclərin (dövlət rüsumları, ezamiyyət xərcləri (30+110+65+65=270 manat)) cavabdehdən tutulması tələbinə dair” kiçik iddialara dair işlər üzrə Şəki Kommersiya Məhkəməsinin 28 sentyabr 2022-ci il tаrixli, e-2-2(117)-1317/2022 saylı qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə yazılı icraat qaydasında baxılmışdır. I. İşin halları
1. İddiaçı MMC-nin Qəbələ rayonu ərazisində yerləşən artezian qurğularında elektrik enerjisinin uçotu və “Elektrik enerjisindən istifadə qaydalarına” riayət olunmasının vəziyyəti yoxlanarkən xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin Şimal-qərb RETSİ-nin əməkdaşları tərəfindən transformatorda yaranmış texniki itkinin nəzərə alınmadığı müəyyən edilərək NDQ 011148 nömrəli akt tərtib edilmişdir.
2. xx.xx.2022-ci il tarixdə abonentə "xxxx" ASC-nin X3 Təchizatı və Satışı İdarəsinin Qəbələ Elektrik Şəbəkəsi tərəfindən ünvanlanan xəbərdarlıq məktubunda xx.xx.2022-ci il tarixli, NDQ 011148 nömrəli akta əsasən hesablanmış 6083,71 manat məbləğin ödənilməsi tələb edilmişdir.
3. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, VÖEN üzrə hüquqi şəxsin adı "xxxx" MMC-yə dəyişdirilmişdir.
4. İddiaçı "xxxx" MMC (bundan sonra –iddiaçı) cavabdeh "xxxx" ASC-yə (bundan sonra-cavabdeh) qarşı iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək barəsində hesablanmış 6083,71 manat borcun hesabından silinməsi və çəkilmiş xərclərin (dövlət rüsumları, ezamiyyət xərcləri (30+110+65+65=270 manat)) cavabdehdən onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
II. Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia tələbini qətnamənin 1-2-ci bəndlərində göstərilənlərdən çıxış edərək onunla əsaslandırmışdır ki, özünə məxsus olan artezian qurğularını qidalandıran 160 kva transformator 35/10 kv-luq “Qəbələ” yarımstansiyasından çıxan 10 kv-luq PŞ-dən üç çıxış mövcuddur ki, fiderlərdən biri maldarlıq fermasının, ikincisi artezian qurğularına, üçüncüsü isə ətrafda yaşayış evlərini elektrik enerjisi ilə təmin edir. “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.10-cu maddəsində göstərildiyi kimi, əgər transformatordan əhali (məişət abonenti) istifadə edirsə texniki itki hesablanmamalıdır. Odur ki, iddiaçıya məxsus artezian transformatoru üçün əsassız olaraq hesablanmış 6083,71 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Cavabdeh iddia ərizəsinə etirazı və etiraza əlavə edilmiş sənədləri məhkəməyə təqdim edərək bildirmişdir ki, İddiaçı MMC X1 adına olmaqla "xxxx" ASC-nin enerji satış bazasında **********0 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. xx.xx.2022-ci il tarixdə cavabdehin əməkdaşları tərəfindən iddiaçının (artezian, maldarlıq) elektrik xətlərinə və sayğac uçot dəstinə baxış keçirilmişdir. Baxış zamanı abonentə məxsus transformatora texniki itkinin hesablanmadığı aşkar edilmiş və müəyyən olunmuş pozuntu ilə əlaqədar “Elektrik enerjisindən istifadə qaydaları”na uyğun olaraq xx.xx.2022-ci il tarixli, NDQ 011148 saylı akt tərtib edilmişdir. Abonentin qidalandığı 35/10 kv-luq transformator onun balansındadır və qarşılıqlı hesablaşmalarda transformator itkisinin nəzərə alınmadığı müəyyən edilmişdir. Sözügedən akt əsasında cavabdehin akt komissiyası tərəfindən 0.09 manatla 64559 kvt.s (dəyəri 5810,31 manat) və 0,10 manatla 2734 kvt.s (dəyəri 273,40 manat), cəmi 6083,71 manat dəyərində transformator itkisi hesablanmışdır. Cavabdehin xx.xx.2022-ci il tarixli MXİ0094 saylı protokolu ilə NDQ 011148 saylı akt əsasında hesablanmış 6083,71 manat transformator itkisinin 2326 manatı abonentin hesabından silinmiş, abonentin hesabında 3757,71 manat transformator itkisi saxlanılmışdır (6083,71- 2326=3757,71). İddiaçı itirilmiş enerjinin bərpasına əsasən razılaşaraq qismən ödəniş etmiş və xx.xx.2022-ci il tarixinə elektrik enerjisindən istifadəyə görə 869,98 manat borcu vardır. Bu da onu deməyə əsas verir ki, iddiaçı tərtib edilmiş qüsur aktı ilə razılaşmışdır. İddiaçıya hesablanmış 6083,71 manat transformator itkisi “Elektrik enerjisindən istifadə qaydaları”nın tələblərinə uyğun hesablanmış və hesablanmış məbləğ iddiaçı tərəfindən tam şəkildə ödənilməlidir. Odur ki, iddia tələbini əsassız hesab edərək, rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır.
8. Şəki Kommersiya Məhkəməsinin (hakim Rüfət Məcidov) 28 sentyabr 2022-ci il tаrixli, e-2-2(117)-1317/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək "xxxx" MMCnin barəsində hesablanmış 3551,31 manat borc onun hesabından silinməsi, iddianın qalan hissədə rədd edilməsi, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 106,36 manat mediasiya xərci tutularaq "xxxx" MMC-yə ödənilməsi, ödənilməmiş 50,83 manat dövlət rüsumu cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən Dövlət gəlirinə tutulması qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçının elektrik enerjisi ilə təmin olunduğu 35/10 kv-luq Qəbələ yarımstansiyasından çıxan 10 kv-luq Bum hava xəttindən qidalanan ******* inventar kodlu kompleks transformator məntəqəsi istehlakçı olan iddiaçının deyil, (KTM) **********5 əsas vəsait kodu altında "xxxx" ASC-nın Şimal- Qərb RETSİ-nin X2 balansındadır. Belə olan halda cavabdeh “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.10-cu bəndinə zidd və heç bir hüquqi əsas olmadan iddiaçıya elektrik enerjisi itkilərinə görə borc hesablamışdır. Məhkəmə hesab etmişdir ki, cavabdehin hərəkətləri qanunsuz olduğundan hesablanmış borc məbləği də qanunsuz hesablamanın nəticəsidir.
10. Cavabdeh "xxxx" ASC Şəki Kommersiya Məhkəməsinin 28 sentyabr 2022-ci il tаrixli, e-2-2(117)-1317/2022 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir.
III. Apellyasiya instansiya məhkəməsində icraat
a) apellyasiya şikayətinin dəlilləri
11. Cavabdehin apellyasiya şikayəti onun iddia ərizəsinə etirazı ilə eyni məzmunda olmuş, şikayətdə əlavə olaraq göstərilmişdir ki, Şəki Kommersiya Məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması hallarına yol verildiyindən xx.xx.2022ci il tarixli qətnamə qanunsuz və əsassızdır. NDQ 011148 nömrəli aktda qeyd olunan itgi məbləği xx.xx.2019-cu ildən tarixdən xx.xx.2022-ci il tarixə qədər abonent şəbəkəyə qoşulu olduğu müddətdə “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun hesablanmışdır. Məlumat üçün bildirirlər ki, İddiaçı MMC invertar №si ******* olan, 160 kVa-lıq transformator yarımstansiyasından qidalanır. Transformator yarımstansiyası abonentə məxsus qeyri-yaşayış sahəsini elektrik enerjisi ilə təmin etdiyi üçün transformator itkisi hesablanmalıdır. Yuxarıda şərh olunanlarla əlaqədar hesab edirik ki, Şəki Kommersiya Məhkəməsinin iddia tələbinin qismən təmin olunmasına dair hazırkı iş üzrə çıxardığı qətnamə ləğv olunmalı, iş üzrə yeni qətnamə çıxarılmalı və hesablanmış elektrik enerjisinin dəyəri iddiaçı tərəfindən tam şəkildə ödənilməlidir. Göstərilənlərə əsasən iddiaçının iddia tələbi üzrə Şəki Kommersiya Məhkəməsinin 28 sentyabr 2022-ci il tаrixli, e-2(117)-1317/2022 saylı qətnaməsinin ləğv edilməsi, apellyasiya şikayətinin təmin edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.
b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
13. Apellyasiya instansiya Məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq qətnamədən verilən apellyasiya şikayətinə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
14. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
15. İş üzrə cavabdeh tərəf apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
V. Tətbiq edilən hüquq
16. “Elektrik enerjisindən istifadə Qaydaları”
8.2. Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 8.10. İstehlakçının (məişət abonenti istisna olmaqla) baş transformatoru enerjitəchizatı müəssisəsinin elektrik veriliş xəttinə bilavasitə qoşulduqda və hesablaşma elektrik sayğacı baş transformatordan sonra orta (alçaq) gərginlik tərəfində quraşdırıldıqda istehlakçı ilə (məişət abonenti istisna olmaqla) elektrik enerjisi sərfinə görə hesablaşmada hər 1 kVts elektrik enerjisinə görə nəzərdə tutulmuş ödənişi müvafiq olaraq ikidolaqlı transformatorlar üçün 1,03 və üçdolaqlı transformatorlar üçün 1,05 yüksəldici əmsala vurulur. Bu halda baş transformatordakı elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) hesabat yolu ilə müəyyənləşdirilir, hesablaşma elektrik sayğacının göstərişi ilə cəmlənir və həmin elektrik enerjisi itkilərinə (texnoloji sərfiyyat) görə istehlakçıdan əlavə ödəniş tutulmur.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 394-1.1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilirsə, məhkəmə onun daxil olduğu vaxtdan 5 iş günü ərzində apellyasiya şikayətini və ona əlavə edilmiş sənədləri işdə iştirak edən şəxslərə rəsmi qaydada verir. Maddə 394-1.2. İşdə iştirak edən şəxslər apellyasiya şikayətinin surəti onlara rəsmi qaydada verildiyi vaxtdan 10 iş günü müddətində apellyasiya şikayətinə qarşı əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri məhkəməyə göndərə bilər. Maddə 394-1.3. Apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
VI. Apellyasiya məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şəki Kommersiya Məhkəməsinin 28 sentyabr 2022-ci il tаrixli, e-2-2(117)-1317/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
20. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
21. Müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin tərəfindən Qəbələ şəhərində yerləşən "xxxx" MMC-nin (artezian, maldarlıq) elektrik xətlərinə və sayğac uçot dəstinə baxış keçirilmiş, baxış zamanı abonentə məxsus transformatora texniki itkinin hesablanmadığı aşkar edilmiş və müəyyən olunmuş pozuntu ilə əlaqədar xx.xx.2022-ci il tarixli, NDQ 011148 saylı akt tərtib edilmiş, həmin akt əsasında abonentə 6083,71 manat transformator itkisi üzrə borc hesablanmışdır.
22. Eyni zamanda təqdim edilmiş abonentin saldosundan müəyyən edilmişdir ki, abonentə xx.xx.2022-ci il tarixdə NDQ 011148 saylı akt əsasında elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə 6083,71 manat borcu hesablanmış və xx.xx.2022ci il tarixli protokol əsasında iddiaçının hesabından 2326 manat borc silinmiş və sonuncunun aktlar bölməsində ödənilməmiş 3551,31 manat borcu qalmışdır.
23. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.10-cu bəndinə əsasən istehlakçının (məişət abonenti istisna olmaqla) baş transformatoru enerjitəchizatı müəssisəsinin elektrik veriliş xəttinə bilavasitə qoşulduqda və hesablaşma elektrik sayğacı baş transformatordan sonra orta (alçaq) gərginlik tərəfində quraşdırıldıqda istehlakçı ilə (məişət abonenti istisna olmaqla) elektrik enerjisi sərfinə görə hesablaşmada hər 1 kVts elektrik enerjisinə görə nəzərdə tutulmuş ödənişi müvafiq olaraq ikidolaqlı transformatorlar üçün 1,03 və üçdolaqlı transformatorlar üçün 1,05 yüksəldici əmsala vurulur. Bu halda baş transformatordakı elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) hesabat yolu ilə müəyyənləşdirilir, hesablaşma elektrik sayğacının göstərişi ilə cəmlənir və həmin elektrik enerjisi itkilərinə (texnoloji sərfiyyat) görə istehlakçıdan əlavə ödəniş tutulmur.
24. Göründüyü kimi, qanunvericliyin tələbinə əsasən istehlakçıya o halda elektrik enerjisi itkiləri hesablana bilər ki, istehlakçının (məişət abonenti istisna olmaqla) baş transformatoru enerjitəchizatı müəssisəsinin elektrik veriliş xəttinə bilavasitə qoşulsun və hesablaşma elektrik sayğacı baş transformatordan sonra orta (alçaq) gərginlik tərəfində quraşdırılmış olsun. Yəni, transformator istehlakçının balansında olduqda ona texniki itki hesablana bilər.
25. xx.xx.2022-ci il tarixdə X3 Təchizatı və Satışı İdarəsi Qəbələ Elektrik Şəbəkəsi tərəfindən təqdim edilmiş arayışdan görünür ki, 35/10 kv-luq Qəbələ yarımstansiyasından çıxan 10 kv-luq Bum hava xəttindən qidalanan ******* inventar kodlu kompleks transformator məntəqəsi (KTM) **********5 əsas vəsait kodu altında "xxxx" ASC-nin Şimal- Qərb RETSİ-in X2 balansındadır.
26. Bu isə onu deməyə əsas verir ki, cavabdeh “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.10-cu bəndinə zidd və heç bir hüquqi əsas olmadan iddiaçıya elektrik enerjisi itkilərinə görə borc hesablamışdır. Cavabdehin hərəkətləri qanunsuz olduğundan hesablanmış borc məbləği də qanunsuz hesablamanın nəticəsidir.
27. İddiaçının abonent hesabından müəyyən edildiyi kimi, abonentə xx.xx.2022-ci il tarixdə NDQ 011148 saylı akt əsasında elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə 6083,71 manat borcu hesablanmış və xx.xx.2022-ci il tarixli protokol əsasında iddiaçının hesabından 2326 manat borc silinmiş və sonuncunun aktlar bölməsində ödənilməmiş 3551,31 manat borcu qalmışdır.
28. Cavabdehin iddiaçı tərəfindən itirilmiş enerjinin bərpasına əsasən razılaşaraq qismən ödəniş etməsinə dair dəlili bağlı qeyd edilməlidir ki, həmin vəsaitin ödəniş təyinatının avans olması təqdim edilmiş ödəniş qəbzindən də görünür. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli ödəniş sənədinin ödənişin təyinatı və əsas bölməsindən müəyyən edilmişdir ki, ödəniş EBCC 637691, 637692, 637698 + AVANS adı altında həyata keçirilmişdir.
29. Göründüyü kimi həmin vəsait avans olaraq qabaqcadan ödənilmişdir. Odur ki, cavabdehin etirazının bu dəlili də əsasızdır.
30. Beləliklə birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçıya 011148 saylı akt əsasında 3551,31 manat borc hesablandığından iddia qismən təmin edilməli, iddiaçıya əsassız hesablanmış 3551,31 manat borc məbləği silinməli, iddia qalan hissədə rədd edilməlidir.
31. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin qənaəti ilə razılaşır.
32. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlmişdir.
33. Şərh olunanlara əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır.
34. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.
35. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun
36. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
37. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
38. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Şəki Kommersiya Məhkəməsinin 28 sentyabr 2022-ci il tаrixli, e-2-2(117)-1317/2022 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
39. Hazırkı kommersiya mübahisəsinə dair iş üzrə mübahisələndirilən məbləğ on min manatdan az olduğuna görə iş üzrə çıxarılmış qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin 28 sentyabr 2022-ci il tаrixli, e-2-2(117)-1317/2022 saylı qətnаməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Elçin Hüseynov