Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-14/2024 29.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı6 və qeyrilərinin Cavabdeh qarşı “pulun tutulması, cavabdehin qeyri-yaşayış sahəsində payına xitam verilməsi və s.” tələblərinə dair kommersiya mübahisəsi (açar sözlər: pulun tutulması və s.) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Qurbanova Nuranə Namiq qızının katibliyi, Cavabdeh, onun vəkili Vəkil2 iştirakları ilə, İddiaçı6 və qeyrilərinin Cavabdeh qarşı “pulun tutulması, cavabdehin qeyri-yaşayış sahəsində payına xitam verilməsi və s.” tələblərinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı6 və qeyriləri Cavabdeh qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı8 aldığı 30.000 manatdan aldığı pulun 20də 19 hissəsi olan 28.500 manatın alınıb onlara ödənilməsi, Cavabdeh payını satmasına baxmayaraq hazırda reyestrdə qeyddə olan Xudu Məmmədov 13 ünvanlı qeyriyaşayış sahəsində 84.84 kv.m-dən bir hissənin payçılığına xitam verilməsi, Xudu Məmmədov 13 ünvanlı qeyri-yaşayış sahəsində paylara uyğun naturada bölgü aparılaraq iddiaçılara məxsus 84.84 kv.m sahənin ayrılaraq iddiaçılara təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, onlar Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov, 13 ünvanlı qeyri-yaşayış sahəsinin paylı mülkiyyətçiləridir. Həmin sahənin bir hissəsi cavabdeh tərəfindən satılmışdır. Cavabdeh onlarla eyni hüquqa və paya malik paylı mülkiyyətçi olsa da, özünü 180 kv.m paylı mülkiyyətin payçısı kimi təqdim edərək onların yazılı razılığını almadan sahənin 59 kv.m hissəsini 30.000 manat 29 iyul 2017-ci ildə İddiaçı8 satmış, lakin aldığı məbləğdən onlara heç nə ödəməmişdir. Cavabdehin onlarla eyni pay sahibi olduğunu Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 oktyabr 2018-ci il tarixli qərarı təsdiq edir. Belə ki, qeyd edirlər ki, onlar ümumi birgə mülkiyyətdə olan əmlakın bir hissəsinin satılmasından alınmış vəsaitdən özlərinə düşən hissədən məhrum olmuşlar. Bundan başqa, cavabdeh faktiki olaraq payına düşən sahədən dəfələrlə artıq hissəni satsa da paylı mülkiyyətin payçısı olmaqda davam edir. Hazırda, onlara məxsus sahənin yeni payçıya məxsus sahə arasında qeyri-müəyyənlik vardır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən Cavabdeh, onun vəkili Vəkil2 iddiaya etiraz etdiklərini bildirərək iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. İddiaçılar məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməklərinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
6. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçılar lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, iddiaçılar məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. IV. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-ci maddəsinə əsasən Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3-ci maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 215.6-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
8. Məhkəmə iş materiallarını tədqiq edib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir.
9. İş materiallarında olan xx.xx.2017-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən Cavabdeh 180 kv.m qeyri-yaşayış sahəsinin 59 kv.metrini İddiaçı8 satmağı öhdəsinə götürmüşdür.
10. İş materiallarına əlavə edilmiş, notarial qaydada təsdiqlənmiş ərizələrdən görünür ki, iddiaçılar qeyri-yaşayış sahəsinin 59 kv.metrinin İddiaçı8 satılmasına razılıq vermişlər.
11. Daha sonra, iş materiallarında olan Cavabdeh ilə X11 arasında bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Cavabdeh 180.2 kv.m olan qeyri-yaşayış sahəsinin mülkiyyət üzrə ona məxsus hissəsindən 45 kv.m hissəsini oğlu X7 bağışlamışdır.
12. ünvan 2 ünvanında yerləşən 180 kv.m qeyri-yaşayış sahəsinə sonuncu dəfə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı4 39.84 kv.m-dən bir hissə, X8 39.84 kv.m-dən bir hissə, X4 39.84 kv.m-dən bir hissə, İddiaçı10 39.84 kv.m-dən bir hissə, İddiaçı2 Zeyqam oğlunun 39.84 kv.m-dən bir hissə, X9 39.84 kv.m-dən bir hissə, X5 34.0 kv.m, İddiaçı5 39.84 kv.m-dən bir hissə, İddiaçı9 Həmdulla qızının 39.84 kv.m-dən bir hissə, İddiaçı6 39.84 kv.m-dən bir hissə, İddiaçı1 39.84 kv.m-dən bir hissə, X2 39.84 kv.mdən bir hissə, İddiaçı3 39.84 kv.m-dən bir hissə, İddiaçı8 61,36 kv.m, X1 39.84 kv.m-dən bir hissəsindən ½ hissə, X3 39.84 kv.m-dən bir hissəsindən ½ hissə, Cavabdeh 39.84 kv.m-dən bir hissə (6,86 kv.m), X6 45.0 kv.m payları mövcuddur.
13. Məhkəmə qeyd edir ki, göründüyü kimi, Cavabdeh 180.2 kv.m olan qeyri-yaşayış sahəsinin ona məxsus olan hissəsini satmış və bağışlamışdır. Ona görə də, iddia tələbləri əsassızdır.
14. Bundan başqa, sonuncu dəfə verilmiş reyestrdən çıxarışdan da göründüyü kimi, hüquq sahiblərinin ayrı-ayrılıqda payları müəyyən olunmuşdur və Cavabdeh da 39.84 kv.mdən bir hissə (6,86 kv.m) payı mövcuddur və Cavabdeh qeyri-yaşayış sahəsində payçılığına xitam verilməsi üçün heç bir əsas yoxdur.
15. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilə bilməz.
16. Beləliklə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
17. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov