Məhkəmə qərarları › İş №2-2(113)-4583/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-4583/2023

29.08.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-4583/2023 29.08.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi ərizəçinin nümayəndəsi Nümayəndə2, maraqlı şəxsin nümayəndəsi Nümayəndə1 oölunun iştirakı ilə ərizəçi "xxxx" MMC-nin Maraqlı şəxs MMC-yə qarşı barışıq sazişinin təsdiq edilməsinə dair kommersiya işinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə Maraqlı şəxs MMC arasında bağlanmış 12 iyun 2023-cü il tarixli MŞB/13/2023-00500saylı Barışıq Sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Maraqlı şəxs MMC arasında 12 iyun 2023-cü il tarixli MŞB/13/2023-00500saylı Barışıq Sazişi bağlanmışdır. Həmin barışıq sazişinə əsasən Maraqlı şəxs MMC yaranmış borc məbləği 140957,28 manatı və dəymiş zərər 10000 manatı "xxxx" MMC-nin hesabına xx.xx.2023-cü il tarixindən etibarən 1 sentyabr 2013-cü il tarixinədək hər ay 2 dəfə olmaqla tam ödəməyi öhdəsinə götürmüşdür. Lakin yerinə yetirməmişdir. Belə ki, heç bir ödəniş olmamışdır. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi ərizənin məzmununa uyğun izahat verərək, tərəflər arasında imzalanmış barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Maraqlı şəxs barışıq sazişinin təqdiq edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan: "xxxx" MMC “satıcı” "xxxx" MMC “alıcı” olmaqla imzalanmış 05 may 2022-ci il tarixli 2011-2022 saylı müqaviləyə əsasən “satıcı” “alıcı”ya bu müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edən “Əlavə protokol”da nəzərdə tutulan malları təqdim etməyi, “alıcı” isə həmin malları qəbul edib onun dəyərini “satıcı” ya ödəməyi öhdəsinə götürür. "xxxx" MMC ilə Maraqlı şəxs MMC arasında bağlanmış 12 iyun 2023-cü il tarixli MŞB/13/2023-00500saylı Barışıq Sazişi Bakı 13 saylı Mediasiya təşkilatında təsdiqlənmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləinin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. AR Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-25.3-cü maddəyə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alğı-satqı müqaviləsi bağlanmışdır. Ərizəçi alğı-satqı müqaviləsi üzrə öhdəliklərini icra etsə də, maraqlı şəxs qeyd olunan müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri pozmuş, tərəflər arasında razışlamada nəzərdə tutulmuş mallar üzrə ödənişləri həyata keçirməmişdir. Daha sonra tərəflər arasında mediasiya sessiyası keçirilmiş, barışıq sazişi imzalanmışdır. Maraqlı şəxs barışıq sazişinin 2-ci bəndində nəzərdə tutulmuş borcu 2023-cü ilin iyun ayından başlayaraq ödənilməsi şərtinə əməl etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, tərəflər arasında imzalanmış barışıq sazişi təsdiq olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: "xxxx" MMC ilə Maraqlı şəxs MMC arasında 12 iyun 2023-cü il tarixli Bakı 13 saylı Mediasiya təşkilatında bağlanmış MŞB/13/2023-00500 saylı Barışıq Sazişi təsdiq edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar