Məhkəmə qərarları › İş №2-2(113)-5437/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-5437/2024

06.08.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-5437/2024 06.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Ərizəçi (Maraqlı şəxs) tərəfindən verilmiş “barışıq sazişinin təsdiq olunması” barədə tələbi (açar sözlər: barışıq sazişi) X4 Rövşən qızının sədrliyi, Rüstəmova Mülayim Akif qızının katibliyi, Ərizəçi MMC-nin nümayəndəsi X1 iştirakı ilə Ərizəçi MMC (Maraqlı şəxs) tərəfindən verilmiş «barışıq sazişinin təsdiq olunması» barədə ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Xüsusi icraat üzrə tələbin mahiyyəti

1. Ərizəçi MMC ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 9 saylı Mediasiya Təşkilatı tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MŞB\9\2023-00785 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi MMC ilə Maraqlı şəxs arasında bağlanmış müqaviləyə əsasən tərəflər razılaşırlar ki, xx.xx.2022-ci il tarixli, D103 saylı daxili lizinq müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə qədər borclunun ödəməli olduğu 34 000 (otuz dörd min) manat ilkin ödəniş edildikdən sonra 224 095 (iki yüz iyirmi dörd min doxsan beş) manat müəyyən olunur və illik 26% lizinq mükafatı olmaqla olmaqla 12 (on iki) ay ödəniş qrafikinə uyğun olaraq müddətinə verilir. Borclunun tələbkara hər ay ödəməli olduğu məbləğ 21 408 (iyirmi bir min dörd yüz səkkiz) manat müəyyən olunur. Ödənişin aparılmalı olduğu gün hər ayın 15-i təyin edilir. Həmin gün qeyri-iş günü olarsa, ödəniş növbəti iş günündən gec olmayaraq həyata keçirilməlidir. Borclunun bu sazişlə müəyyən olunmuş borcu ona verilmiş möhlət müddətindən tez ödəmək hüququ vardır. Borclu 3-cü bənddə qeyd olunan əsas məbləğ və hesablanacaq lizinq mükafatını 15 may 2024-cü il tarixə qədər ödəməyi öz öhdəliyinə götürür. Borclunun bu Sazişlə müəyyən olunmuş borcu ona verilmiş möhlət müddətindən tez ödəmək hüququ vardır. Sazişdə qeyd olunan müddət ərzində maraqlı şəxs tərəfindən heç bir ödəniş edilməmişdir.

3. Ərizəçi MMC ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 9 saylı Mediasiya Təşkilatı tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MŞB\9\2023-00785 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

II. Ərizəçi və maraqlı şəxsin mövqeyi:

4. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi X2 ərizəni müdafiə edib onun məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. 5.Maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir.

III. Tətbiq edilən hüquq

6.“Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: - 33.1. Barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində aşağıdakı məlumatlar göstərilir: - 33.1.1. müqavilənin tarixi və tərtib olunduğu yer; - 33.1.2. tərəflər haqqında məlumat; - 33.1.3. mübahisənin predmeti; - 33.1.4. mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar; - 33.1.5. mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri; - 33.1.6. barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri; - 33.1.7. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər. - 33.2. Barışıq sazişi tərəflər və mediator (mediatorlar) tərəfindən imzalanır. Barışıq sazişinin nüsxələri tərəflərin və təqdim ediləcəyi orqanların (qurumların) sayına uyğun olaraq tərtib olunur. - 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. - 3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. - 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. - 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. - 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə və ya notariusa müraciət edə bilər. - 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə və ya notarius tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). - 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur.AR Mülki Məcəlləsinin:

6. AR MPM-in: - 355-23.1.“Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. - 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. - 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: - 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; - 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. - 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun.

7. “Dövlət rüsumu haqqında” AR Qanununun 8.2-ci maddəsinə görə xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumunun ödənilməsi nəzərdə tutulmuşdur.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Barışıq sazişinin təsdiq edilməsi tələbi ilə bağlı Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslıdır. Tərəflər arasında barışıq sazişinin bağlanması, sazişin şərtlərinə uyğun olaraq ilkin olaraq ödənilməli olan pulun vaxtında ödənilməməsi işin mübahisəsiz halıdır. Yuxarıda qeyd edilən müddəlardan göründüyü kimi, barışıq sazişi tərəflər arasında yeni hüquq və vəzifələrin yaranması və icrası məqsədilə bağlanmış bir müqavilədir və tərəflər bu müqavilə (razılaşma) əsasında özləri üçün yeni hüquq və vəzifələr müəyyən edirlər. Barışıq sazişinin digər bir mühüm xüsusiyyəti tərəflər arasında əvvəl yaranmış mübahisəyə son verilməklə, onlar əsasında tələb edilməli olan hüquq və vəzifələrin qüvvədən salınması ilə bağlıdır. Başqa sözlə, tərəflər əvvəl aralarında yaranmış ixtilafları qarşılıqlı güzəştlər yolu ilə həll etməklə, mahiyyətcə yeni mülki hüquqi münasibətlərin subyektlərinə çevrilirlər. İşin faktiki hallarından da göründüyü kimi, ərizəçi ilə maraqlı şəxs aralarında əvvəllər bağladıqları Daşınmaz əmlaka dair lizinq müqaviləsinin şərtlərinin yerinə yetirilməməsi ilə bağlı mövcud olmuş mübahisəni həll edərək xx.xx.2023-cü il tarixdə barışıq sazişi bağlamaqla, üzərlərinə yeni öhdəliklər götürmüşlər. Barışıq sazişinin şərtlərində maraqlı şəxs xx.xx.2023-cü il tarixinə qədər 34 000 manat ödəməklə, qalıq qalan 224 095 manat borcunu xx.xx.2024-cü il tarixədək tam olaraq ödənilməsi nəzərdə tutulmuşdur. Şərh edilənlər əsasında məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2023-cü il tarixli barışıq sazişi qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun bağlanmış və tərəflər həmin saziş ilə üzərlərinə icrası onlar üçün məcburi olan yeni öhdəliklər götürmüşlər. Lakin maraqlı şəxs barışıq sazişinin şərtlərini icra etməməklə öhdəliyini pozmuş, ərizəçiyə ilkin olaraq xx.xx.2023-cü il tarixədək ödəməli olduğu 34 000 manat pulu ödəməməklə öhdəliyini pozmuşdur. Odur ki, maraqlı şəxs xx.xx.2023-cü il tarixli barışıq sazişi ilə üzərinə götürdüyü öhdəliyini tam yerinə yetirmədiyindən ərizəçi barışıq sazişinin təsdiq edilməsi barədə məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Şərh edilənlər əsasında məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli barışıq sazişi qanunvericiliyə uyğun tərtib edildiyindən, onun təsdiq edilməsinə imkan verməyən əsaslar olmadığından və maraqlı şəxs onun icrasından imtina etdiyindən həmin barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməlidir.

V. Nəticə:

8. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 355-25, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

Ərizə təmin edilsin. Ərizəçi MMC ilə Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixdə bağlanmış aşağıdakı məzmunlu Barışıq sazişi təsdiq edilsin:

1. Tələbkar xx.xx.2022-ci il tarixli, D103 saylı daxılı lizinq müqaviləsi üzrə hesablanmış borcun ödənilməsi üçün Borcluya möhlət verir. Bu məqsədlə həmin müqavilənin müddəti xx.xx.2024-cü il tarixədək uzadılır. Borclu isə bu müddət ərzində borcu hər ay bərabər məbləğlərdə olmaqla Tələbkara ödəyir.

2. Müəyyən olunmuş möhlət müddəti ərzində lizinq predmeti olan Bakı ş., Sabunçu ray., Bakıxanov qəs., Xəlilbəy Xasməmmədov k, ev6A., Çıxarışı: **********, Sahəsi: 473,94 kvadrat metr olan daşınmaz əmlak Borclunun istifadəsində qalır.

3. Tərəflər razılaşırlar ki, xx.xx.2022-ci il tarixli, D103 saylı daxili lizinq müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə qədər Borclunun ödəməli olduğu 34 000 (otuz dörd min) manat ilkin ödəniş edildikdən sonra 224 095 (iki yüz iyirmi dörd min doxsan beş) manat müəyyən olunur və illik 26% lizinq mükafatı olmaqla olmaqla 12 (on iki) ay ödəniş qrafikinə uyğun olaraq müddətinə verilir.

4. Borclunun Tələbkara hər ay ödəməli olduğu məbləğ 21 408 (iyirmi bir min dörd yüz səkkiz) manat müəyyən olunur. Ödənişin aparılmalı olduğu gün hər ayın 15-i təyin edilir. Həmin gün qeyri-iş günü olarsa, ödəniş növbəti iş günündən gec olmayaraq həyata keçirilməlidir. Borclunun bu Sazişlə müəyyən olunmuş borcu ona verilmiş möhlət müddətindən tez ödəmək hüququ vardır.

5. Borclu 3-cü bənddə qeyd olunan əsas məbləğ və hesablanacaq lizinq mükafatını 15 may 2024-cü il tarixə qədər ödəməyi öz öhdəliyinə götürür. Borclunun bu Sazişlə müəyyən olunmuş borcu ona verilmiş möhlət müddətindən tez ödəmək hüququ vardır.

6. Bu sazişin 3-cü və 4-cü bəndlərində göstərilən ödənişlərin həmin bəndlərdə göstərilən tarixlərə qədər olan müddətdə təmin edilməməsi və ya gecikdirilməsi bu Barışıq sazişinin şərtlərinin pozulması kimi qiymətləndiriləcəkdir.

7. Əgər bu sazişin şərtləri borclu tərəfindən pozularsa, onun lizinq predmetinə olan bütün hüquqlarına xitam verilməklə mənzil boşaldılaraq tələbkara təhvil verilməlidir. Bu zaman borc qalığı borcludan tələb olunmayacaq və möhlət müddəti ərzində ödənilmiş məbləğ də ona geri qaytarılmayacaqdır.

8. Bu Sazişlə müəyyən olunmuş borc Borclu tərəfindən tam ödənildikdən sonra Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, D103 saylı daxili lizinq müqaviləsi ləğv edilir. Bundan sonra ən geci 5 (beş) iş günü ərzində Tələbkar lizinq predmeti olan mənzilin Borclunun mülkiyyətinə keçməsi üçün tələb olunan sənədləşməni təmin etməlidir.

9. Tərəflərin bu Barışıq sazişinin şərtlərini pozması Sazişin məcburi icra qaydasında icrası üçün əsasdır. İcra icraatı lizinq predmetinin yerləşdiyi ərazi üzrə Bakı səhəri Sabunçu rayon icra şöbəsi tərəfindən həyata keçiriləcəkdir.

10. Borclunun öz öhdəliyini yerinə yetirməməyi ilə əlaqədar Tələbkarın gələcəkdə çəkəcəyi məhkəmə-hüquq xərcləri borclu tərəfindən ödəniləcəkdir

11. Tam Mediasiya xərci - 400 manat məbləği Ərizəçi MMC ödəməyi öhdəsinə götürür. Barışıq sazişi 3 nüsxədə tərəflərin hər birinə vermək üçün tərtib edilir.

Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar