Məhkəmə qərarları › İş №2-2(113)-6145/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(113)-6145/2024

16.08.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(113)-6145/2024 16.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızı, Ərizəçi "xxxx" MMC (Maraqlı şəxs) tərəfindən verilmiş “barışıq sazişinin təsdiq olunması” barədə ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib MÜƏYYƏNETDİ: Ərizəçi "xxxx" MMC (Maraqlı şəxs) “barışıq sazişinin təsdiq olunması” barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-ci maddəsinə görə kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin maddənin məzmunundan göründüyü kimi kommersiya mübahisələri üzrə bütün sənədlər, o cümlədən iddia ərizələri “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə göndərilə bilər. Hazırkı ərizədən görünür ki, ərizə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməmiş, məhkəmənin dəftərxanasına poçt vasitəsilə daxil olmuşdur. Bundan əlavə, ərizəyə maraqlı şəxs tərəfindən ərizənin surətinin və ona əlavə edilmiş sənədlərin alınmasını təsdiq edən sənədlər əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.4-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 152.1.4-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübutlar təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Bundan əlavə, ərizəyə onu imzalayan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd (hüquqi şəxsin işçisi və ya vəkil olmasını təsdiq edən sənəd) əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69.2-ci maddəsinə görə hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Həmin Məcəllənin 150.1.3-cü maddəsinə görə iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla) iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 152.1.2-ci maddəsinə görə iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Yuxarıda göstərilənlərə əsasən ərizənin verilməsi zamanı MPM-nin göstərilən tələblərinə riayət edilmədiyini nəzərə alaraq hesab edir ki, ərizə geri qaytarılmalı, ərizəçiyə qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Ərizəçi "xxxx" MMC (Maraqlı şəxs) tərəfindən verilmiş “barışıq sazişinin təsdiq olunması” barədə ərizəsi və ona əlavə olunmuş sənədlər ərizəçi "xxxx" MMC-yə geri qaytarılsın. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçi "xxxx" MMC-yə qaytarılsın. Ərizəçi "xxxx" MMC-yə izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar