Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-6615/2025 21.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Ərizəçi (Maraqlı şəxs) tərəfindən verilmiş “barışıq sazişinin təsdiq olunması” barədə ərizəsi üzrə kommersiya mübahisəsi (açar sözlər: barışıq sazişi, mediasiya) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi ilə, Ərizəçi (Maraqlı şəxs) tərəfindən verilmiş “barışıq sazişinin təsdiq olunması” barədə ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Xüsusi icraat üzrə tələbin mahiyyəti
1. Ərizəçi (Maraqlı şəxs) ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında medasiya prosesində bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi ilə maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində xx.xx.2023-cü il tarixdə barışıq sazişi bağlanılmışdır. Lakin, barışıq sazişi imzalandığı gündən hazıra qədər Maraqlı şəxs tərəfindən mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmir. Ərizəçi hesab edir ki, tərəflər arasında bağlanılmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət edilməsi zəruridir. Azərbaycan Respublikası MPM-nin 355-23.1-ci maddəsinin tələbinə görə “Mediasiya haqqında” Azərbaycan Respubulikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər.” MPM-nin 355-23.2-ci maddəsinin tələbinə əsasən “Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir”.
II. Ərizəçi və maraqlı şəxsin mövqeyi:
3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq ərizəçi məhkəmə iclasına gəlməmiş, nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə yazılı ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini, ərizənin təmin olunmasını xahiş etmişdir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
5. Məhkəmə iclasının tərəflərin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Tətbiq edilən hüquq
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: – 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. – 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. – 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. – 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır – 355-25.3-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355- 26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Barışıq sazişinin təsdiq edilməsi tələbi ilə bağlı
7. Ərizəçi ilə maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/6/2025- 0225 nömrəli barışıq sazişinə əsasən bu barışıq sazişi mediasiya prosesi nəticəsində mübahisə tərəfləri arasında mübahisənin həlli şərtlərinə dair əldə edilən razılaşmadır. Barışıq sazişinin şərtlərinə əsasən:
1. Birinci tərəf, sahibkralıq fəaliyyəti ilə əlaqdar ikinci tərəfdən hissə-hissə aldığı ümumilikdə 12000000 manat məbləğində pul vəsaitini hazırki barışıq sazişi mediator tərəindən təsdiq edildiyi gündən başlayaraq 1 ay ərzində ikinci tərəfə qaytaracağını öhdəsinə götürür.
2. Birici tərəf qəbul edir ki, bu sazişin 2.1-ci bəndində göstərilən pul məbləğini 1 ay müddəti başa çatdığı gün qaytarmadığı halda, hazırki barışıq sazişi məhkəmə təsdiq edilməklə icraya yönəldilir və icra mərhələsində qeyd edilən borc məbləği, yəni 12000000 manat məbləğində pul vəsaiti birinci tərəfin DƏDRX tərəfindən verilmiş ******* nömrəli çıxarışa əsasən mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə və DƏDRX tərəfindən verilmiş ******* nömrəli çıxarışa əsasən mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə yönəldilir.
3. Birinci tərəf bildirir ki, icra mərhələsində məhz Sazişin 2.2-ci bəndində qeyd edilən qeyri-yaşayış sahəsinin borcun əvəzinə ikinci tərəfin mülkiyyətinə verilməsini və ikinci tərəfin adına Dövlət reyestrində qeydiyyata alınmasını öz iradəsi ilə qəbul edir. Bunun üçün qanunvericilikdə nəzərdə tutulmuş bütün hərəkətlər etməyi öhdəsinə götürür.
4. İkinci tərəf, borc pul ödənilmədiyi təqdirdə barışıq sazişinin icrası mərhələsində hazırki barışıq sazişinin 2.2-ci bəndində qeyd edilən qeyri-yaşayış sahələrini, borc əvəzinə ona təklif olunmuş əmlaklar kimi qəbul edəcəyini öhdəsinə götürür.
5. Məhkəmə qətnaməsi ilə təsdiq edilərək icraya yönəldiyi halda, hazırkı barışıq sazişi 2.2-ci bəndində qeyd edilən qeyri-yaşayış sahələrinin borc əvəzi kimi ikinci tərəfin adına dövlət reyestrində qeydiyyata alınması üçün əsasdır.” Sazişin digər şərtləri:
1. Sazişin imzalanması eyni mübahisə predmetinə aid əvvəllər mövcud olan razılaşmalara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq mübahisə predmeti ilə əlaqədar Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur.
2. Sazişin imzalanması sadəcə bu Sazişlə əhatə olunan məsələlərə aiddir və Tərəflər arasında digər irad və tələblərə aid edilmir.
3. Bu Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə azad edirlər.
4. Saziş, əgər Sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə, tam imzalandığı gündən 5 təqvim gün müddətində könüllü şəkildə icra olunmalıdır.
5. Tərəflər Sazişdən irəli gələn öhdəliklərinin pozulmasına görə, o cümlədən, Sazişin könüllü icrasından boyun qaçırmaya görə əldən çıxmış fayda istisna olmaqla qarşı Tərəfə vurulmuş real zərəri ödəməyə borcludurlar.
6. Sazişin könüllü icrasından imtina olunsa, Tərəf Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər.
7. Sazişin məcburi icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edən Tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər Tərəf ona ödəməlidir.
8. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir.
9. Tərəflər razılığa gəlirlər ki, Tərəflərin birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik edilə bilməz.
10. Tərəflər razılaşırlar ki, hazırki hazırkı Sazişdəki heç bir müddəa hər hansı Tərəfin təqsirini və ya qanuna zidd hərəkətini etiraf etməsi kimi qəbul edilmir və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz.
11. Əgər Tərəflər arasında ayrı şərt müəyyən edilməyibsə, həmçinin barışıq sazişinin təsdiqi və icrası məqsədilə tələb olunan hallar istisna olmaqla, Tərəflərdən hər biri mediasiya zamanı əldə olunan bütün məlumatların (o cümlədən, tərəflərdən birinin mediasiyanın həyata keçirilməsi barədə təşəbbüsü, mediasiyaya və mübahisənin mümkün həll variantına razılıq verməsi, Tərəflərdən birinin və ya mediatorun mübahisənin mümkün həllinə dair rəy və ya təklifləri, mediasiya zamanı Tərəflərdən birinin verdiyi bəyanatları və ya etdiyi etirafları, mediasiyanın həyata keçirilməsi məqsədi ilə tərtib olunmuş sənədlər və s.) konfidensiallığını qorumaq öhdəliyini öz üzərlərinə götürürlər. Tərəflərin bu qaydaların pozması qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.
12. Tərəflərin onlara mediasiya zamanı məlum olan məlumatları məhkəmə və arbitraj (münsiflər məhkəməsi) proseslərində, başqa mediasiya zamanı və ya hər hansı digər hallarda açıqlamaq və ya onlara istinad etmək hüququ yoxdur (həmin məlumatı verən tərəfin yazılı razılığı olduğu hallar istisna olmaqla) və belə məlumatlarla bağlı Tərəflər şahid qismində iştirak edə bilməzlər.
13. Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz:
14. Tərəflər arasında digər razılaşma yoxdursa, “iş tərəflərin qarşılıqlı razılığı ilə həll edildi” və ya oxşar bir şərh vermək və ya ictimaiyyətə açıq olan hər hansı bir məlumatı açıqlamaq və ya istinad etmək məxfiliyin pozulması hesab edilməyəcəkdir.
15. Fors-major hallarının təsirinə məruz qalan Tərəf digər Tərəfi belə halların baş verdiyi gündən 3 (üç) təqvim günündən gec olmayaraq yazılı surətdə xəbərdar etməlidir.
16. Fors-major hallarının baş verməsi barədə xəbərdar etməyən və ya vaxtında xəbərdar etməyən Tərəf Saziş üzrə öhdəliklərini icra edə bilmədikdə fors-major hallarına istinad etmək hüququnu itirir.
17. Fors-major hallarının baş verməsinə istinad etmək hüququnu itirmiş Tərəf tətbiq edilən qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır.
18. Fors-major hallarının mövcudluğu və təsir müddəti səlahiyyətli dövlət orqanları və ya digər səlahiyyətli təşkilatlar tərəfindən verilən sənədlərlə təsdiq olunmalıdır.
19. Saziş tam imzalandığı tarixdən qüvvəyə minir və Tərəflər öhdəliklərini tam icra edənədək qüvvədədir.
20. Bu Saziş Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik 3 (üç) nüsxədə tərtib edilmişdir. Saziş hər birində 1 (bir) nüsxə olmaqla mediatorda və Tərəflərdə saxlanılır (Tərəflərin tələbi ilə müvafiq orqanlara təqdim etmək üçün əlavə nüsxələrdə hazırlana bilər).
7. Məhkəmə materialları araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir.
8. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2023-cü il tarixdə mediasiya prosesi nəticəsində barışıq sazişi imzalanmış, həmin saziş sazişdə göstərilmiş müddət ərzində könüllü qaydada icra edilmədiyi üçün Ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir.
9. Materiallarda olan barışıq sazişinə əsasən Birinci tərəf (Maraqlı şəxs), sahibkralıq fəaliyyəti ilə əlaqdar ikinci tərəfdən (Ərizəçi) hissə-hissə aldığı ümumilikdə 12000000 manat məbləğində pul vəsaitini hazırki barışıq sazişi mediator tərəindən təsdiq edildiyi gündən başlayaraq 1 ay ərzində ikinci tərəfə qaytaracağını öhdəsinə götürmüş, birinci tərəf qəbul etmişdir ki, bu sazişin 2.1-ci bəndində göstərilən pul məbləğini 1 ay müddəti başa çatdığı gün qaytarmadığı halda, hazırki barışıq sazişi məhkəmə təsdiq edilməklə icraya yönəldilir və icra mərhələsində qeyd edilən borc məbləği, yəni 12000000 manat məbləğində pul vəsaiti birinci tərəfin DƏDRX tərəfindən verilmiş ******* nömrəli çıxarışa əsasən mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə və DƏDRX tərəfindən verilmiş ******* nömrəli çıxarışa əsasən mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə yönəldilir.
10. Məhkəmə qeyd edir ki, həmin sazişin borc ödənilmədiyi halda, borcun maraqlı şəxsin mülkiyyətində olan əmlaklara yönəldilməsi şərti qanunvericiliyin tələblərinə uyğun deyildir.
11. Belə ki, həmin əmlakların 12000000 manat məbləğində pul vəsaitinin ödənilməsi ilə bağlı öhdəliyin icrasının təminatı qismində ipoteka ilə yüklü edilmələri materiallarla müəyyən edilmir.
12. Bundan əlavə, daşınmaz əmlaklara sərəncam verilməsi ilə bağlı əqdlər notarial qaydasında təsdiq edilmədikdə həmin əqdlər etibarsızdır.
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir.
14. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda.
16. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməməli, ərizəçiyə pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müvafiq iddia ərizəsi ilə müraciət etmək hüququnun olması izah edilməlidir.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
b) Məhkəmə xərcləri ilə bağlı
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
20. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
21. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinin tələbinə görə xüsusi icraat qaydasında baxılan iş üzrə ərizələrdən 100 manat dövlət rüsumu tutulur.
22. Məhkəmə hesab edir ki, ərizə təmin edilmədiyindən ödənilmiş 100 manat dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir.
V. Nəticə:
23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 355- 25, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
Ərizəçi (Maraqlı şəxs) tərəfindən verilmiş “barışıq sazişinin təsdiq olunması” barədə ərizə təmin edilməsin. Ərizə verilərkən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Ərizəçi özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova