Məhkəmə qərarları › İş №2-2(115)-14/2020

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-14/2020

12.03.2020 · Sair işlər - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-14/2020 12.03.2020 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Azərbaycan Respublikası DNŞ «Azəriqaz» İB-nin Cavabdeh qarşı «qaz kəmərinin mühafizə zonasında inşa olunmuş tikilinin sökülməsi» tələbinə dair iddiası üzrə işə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası DNŞ «Azəriqaz» İB Cavabdeh qarşı «qaz kəmərinin mühafizə zonasında inşa olunmuş tikilinin sökülməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Tovuz rayonu Əyyublu kəndində Cavabdeh tərəfindən Şəmkir RQİİ-nin balansında və istismarında olan Dy108 mm-lik və Dy76 mm-lik orta təzyiqli, daşıyıcı qaz kəmərlərinin mühafizə zonasında inşa olunmuş tikilinin əvəzi ödənilmədən Cavabdeh hesabına sökülərək mühafizə zonasının boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası DNŞ «Azəriqaz» İB iddia ərizəsini onunla əsaslandırmışdır ki, Tovuz rayonu Əyyublu kəndində Cavabdeh tərəfindən Şəmkir RQİİnin balansında və istismarında olan Dy108 mm-lik və Dy76 mm-lik orta təzyiqli, daşıyıcı qaz kəmərlərinin üzərində tikili inşa olunmuşdur. İnşaat işləri nəticəsində Şəmkir RQİİ-nin nümayəndələri tərəfindən kəmərlərə xidmət göstərilməsi mümkünsüz olmuşdur. Potensial təhlükə mənbəyi olması ilə yanaşı gələcəkdə bədbəxt hadisələrin baş verməsinə şərait yaratdığını nəzərə alaraq cavabdehə dəfələrlə qüvvədə olan qanunvericiliyin tələbləri izah edilmiş və tərəfindən zəbt olunmuş mühafizə zonasının boşaldılması barədə rəsmi qaydada xəbərdarlıq məktubu göndərilmişdir. Lakin, hal-hazıra qədər cavabdeh tərəfindən bu istiqamətdə heç bir tədbir görülməmişdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin 2-ci hissəsinin tələblərinə görə mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri müvafiq qaz qurğusuna xüsusi icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənarlaşdırılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş «Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları»na əsasən (5 nömrəli əlavə) orta təzyiqli yerüstü qaz kəmərlərinin mühafizə zonası binalara və tikililərə qədər olan məsafədə 5 metr müəyyən edilmişdir. Göstərilən məsafədə hər hansı tikilinin inşa olunması qəti qadağandır. Bu səbəbdən, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2016-cı il tarixli aktdan, ərazinin fotoşəkillərindən və Cavabdeh ünvanlanmış xx.xx.2016-cı il tarixli qaz xəttinin mühafizə zonasının boşaldılması barədə xəbərdarlıq məktubundan görünür ki, Tovuz rayonu Əyyublu kəndində Cavabdeh tərəfindən Şəmkir RQİİ-nin balansında və istismarında olan Dy108 mm-lik və Dy76 mm-lik orta təzyiqli, daşıyıcı qaz kəmərlərinin üzərində mağaza inşa olunmuşdur. İnşaat işləri nəticəsində Şəmkir RQİİ-nin nümayəndələri tərəfindən kəmərlərə xidmət göstərilməsi mümkünsüz olmuşdur. Potensial təhlükə mənbəyi olması ilə yanaşı gələcəkdə bədbəxt hadisələrin baş verməsinə şərait yaratdığını nəzərə alaraq cavabdehə dəfələrlə qüvvədə olan qanunvericiliyin tələbləri izah edilmiş və tərəfindən zəbt olunmuş mühafizə zonasının boşaldılması barədə rəsmi qaydada xəbərdarlıq məktubu göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 29236 saylı ekspert rəyindən görünür ki, Tovuz rayonu Əyyublu kəndində yerləşən Cavabdeh tərəfindən inşa edilmiş obyektin (market) qaz xəttinin üzərində inşa olunduğunu nəzərə alaraq, həmin tikili “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydalarının” 5 nömrəli əlavəsinin tələbinə əsasən Şəmkir RQİİnin balansında və istismarında olan 76 mm-lik aşağı təzyiqli və 108 mm-lik orta təzyiqli daşıyıcı qaz kəmərlərinin üzərində inşa olunaraq mühafizə zonasında yerləşdiyi müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Mülki Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək – onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Mülki Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin 2-ci hissəsinin tələblərinə görə mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri müvafiq qaz qurğusuna xüsusi icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənarlaşdırılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş «Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları»na əsasən (5 nömrəli əlavə) orta təzyiqli yerüstü qaz kəmərlərinin mühafizə zonası binalara və tikililərə qədər olan məsafədə 5 metr müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli,Tovuz rayonu Əyyublu kəndində Cavabdeh tərəfindən Şəmkir RQİİ-nin balansında və istismarında olan Dy108 mm-lik və Dy76 mm-lik orta təzyiqli, daşıyıcı qaz kəmərlərinin mühafizə zonasında inşa olunmuş tikili əvəzi ödənilmədən Cavabdeh hesabına sökülərək mühafizə zonası boşaldılmalıdır. Cavabdeh 100 manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Tovuz rayonu Əyyublu kəndində Cavabdeh tərəfindən Şəmkir RQİİ-nin balansında və istismarında olan Dy108 mm-lik və Dy76 mm-lik orta təzyiqli,daşıyıcı qaz kəmərlərinin mühafizə zonasında inşa olunmuş tikili əvəzi ödənilmədən Cavabdeh hesabına sökülərək mühafizə zonası boşaldılsın. Cavabdeh 100 manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar