Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-2445/2025 06.02.2026 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: sübutetmə yükü) Hakim Məmmədli Əbülfəz Namiq oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İ. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən ona əkin əkmək üçün verdiyi 70.000 manat pulun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2024-cü ilin fevral ayında cavabdehlə razılığa gəlmişdir ki, o, pulunu verəcək, cavabdeh semiçka və qarğıdalı əkəcək, məhsul satanda onun pulunu və qazancını verəcəkdir. Cavabdeh onun pulunu alıb bu günə kimi nə qazancını, nə də pulunu vermişdir. O, cavabdehdən 70.000 manat pulunu istəyəndə, cavabdeh ona deyir ki, pulu yoxdur. Nə vaxt pulu olsa verəcək. Cavabdeh onu aldadıb pulunu vermir, nə semiçka, nə də qarğıdalı əkir. Ona görə də cavabdehdən ona verdiyi 70.000 manat pul məhkəmə qaydası ilə alınıb ona verilməlidir. O, pulu 2024-cü ilin fevral ayında bir dəfəyə vermişdir. Pulu şahidlər Şahid1 Səttar oğlu, X1 yanında vermişdir. Bu şəxslər məhkəmədə şahid kimi təqdim edəcəklər ki, o, 70.000 manat pulu cavabdehə vermiş.
3. Tərtər Rayon Məhkəməsinin 2(061)-1339/2025 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair işin baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
II. Tərəflərin mövqeyi
4. İddiaçı iddia ərizəsində yazılanlara uyğun izahat verərək və iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdeh ondan əkin əkib qazancı bölüşmək üçün pul istəmiş, o da heyvanlarını sataraq 70 min manat pul vermişdir. Pulu verməyilə bağlı 2 nəfər şahidi də var. Cavabdeh ona Mobil və Afiq adlı şəxslərdən ərazi alıb əkin əkdiyini demişdir. Dedikləri adamların yanına gedəndə isə ona əkin olmadığını dedilər. Sonra Gəncədə yaşayan Yaşar adlı tanışı zəng edərək cavabdehin ondan başqa 9 nəfərə qarşı da dələduzluq elədiyini dedi. Cavabdeh bu işlərlə bağlı tutulub və həbsdə idi, həbsdən təzə azadlığa çıxıb. O, 70 min manatla bağlı məhkəmə gedişatı zamanı polisə müraciət etsə də, zərərçəkmiş şəxs qismində tanınmamışdır. Cavabdehin ona borcunun olması səs yazıları ilə də sübut olunur. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.
5. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirdi ki, onun iddiaçıya heç bir borcu yoxdur. Onun iddiaçıya olan borcu 3 dəfə 10000 manat olmaqla, anası tərəfindən verilmişdi, geri qalan 6000 manat borc isə sonradan qaytarılmışdır. İddiaçının təqdim etdiyi diskdə olan səs yazıları da məhz həmin 6000 manatla bağlı olmuşdur. Hazırda onun iddiaçıya heç bir borcu yoxdur, o, şahid qismində dindirilən 2 nəfəri də tanımır. Buna görə də qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etdi.
6. Məhkəmə iclasında iddiaçı tərəfindən şahid qismində dindirilən Şahid1 bildirmişdir ki, Məsim müəllimlə o, Samuxa gedərkən Dünya məktəbinin yanında maşını saxlayaraq Vaqiflə görüşmüşlər. Vaqif dedi ki, keçən il 40 min vermisən, bu il 100 min manat ver. Məsim müəllim də Vaqifə onun yanında 7 paçka, yəni 70 min manat pul verdi.
7. Məhkəmə iclasında iddiaçı tərəfindən şahid qismində dindirilən Şahid2 bildirmişdir ki, təxminən fevral ayında Dünya məktəbinin yanında Məsim müəllimlə onlar Vaqiflə görüşmüşlər. Məsim müəllim Vaqifə iş görmək üçün 7 paçka pul vermişdir.
II. Sübutların tədqiqi
8. İddiaçı tərəfindən təqdim edilmiş diskdən görünür ki, İddiaçı ilə onun tərəfindən telefon rəhbərinə “Arenda Vaqif” olaraq qeyd edilmiş şəxs arasında olan whatsapp yazışmasında İddiaçı “Vaqif”dən onun 70.000 manat borcunun qaytarılmasını tələb etmişdir.
9. Diskdə olan səsyazısından həmçinin görünür ki, Cavabdeh borcunun olduğunu etiraf etmiş və qaytaracağını bildirmişdir. III. Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106. İşdə iştirak edən şəxslərin izahatları 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
12. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli Qərarı
Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68).
13. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarı
Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
14. N.Hacıyevin şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 2020-ci il 14 iyul tarixli Qərarı
Sübutların düzgün qiymətləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Belə ki, məhkəmə qərarının əsaslı olması üçün o, məhkəmə iclasında mülki prosessual qanunvericiliyin prinsiplərinə və qaydalarına uyğun şəkildə hərtərəfli və tam araşdırılmış, iş üçün önəmli olan hallara əsaslanmalıdır. Bu səbəbdən məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri ətraflı və aydın şəkildə öz əksini tapmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının, hər hansı sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin səbəbləri və əsasları göstərilməli, yəni gəlinən nəticə və qənaət kifayət qədər əsaslandırılmalıdır.
15. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli Qərarı
Məhkəmə qətnaməsinin əsaslılığı ondan asılıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin.
16. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarı
İddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.
IV. Məhkəmənin mövqeyi a) borc müqaviləsi üzrə əsas borcun tutulması tələbi ilə bağlı
17. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
18. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
19. Hazırda iddiaçı cavabdehə ona qarğıdalı və semiçka əkilməsi üçün 70.000 manat məbləğində pulun verildiyini iddia edir və iddiasının əsası kimi şahidlərin ifadələrinə və səs yazısına istinad edir.
20. Məhkəmə tərəfindən iddiaçıya cavabdehlə aralarında müqavilənin olması, pulun cavabdehə verilməsi və cavabdehin borcunun olması ilə bağlı sübut təqdim edilməsi təklif edilsə də, iddiaçı aralarında müqavilənin olmadığını, sübut kimi yalnız şahid ifadələri və səs yazısına istinad etdiyini bildirmişdir.
21. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki iş üzrə pulun cavabdehə verilməsilə bağlı sübutetmə yükü iddiaçının üzərinə düşür və iddiaçı 70.000 manat məbləğində pulu cavabdehə verdiyini sübut etməlidir. Qeyd olunan haldan istisna bir halda mümkündür ki, cavabdeh iddianı etiraf edə və 70.000 manat pulun iddiaçı tərəfindən ona verilməsini qəbul edə. Lakin cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qəbul etmədiyindən və iddianı etiraf etmədiyindən sübutetmə yükü iddiaçının üzərinə düşür.
22. İddiaçı pulun verilməsini təsdiq edən sübut kimi şahidlərinin olduğunu bildirmiş və hər iki şahid məhkəmə iclasında dindirilmişdir.
23. Belə ki, məhkəmə iclasında iddiaçı tərəfindən şahid qismində dindirilən Şahid1 bildirmişdir ki, Məsim müəllimlə o, Samuxa gedərkən Dünya məktəbinin yanında maşını saxlayaraq Vaqiflə görüşmüşlər. Vaqif dedi ki, keçən il 40 min vermisən, bu il 100 min manat ver. Məsim müəllim də Vaqifə onun yanında 7 paçka, yəni 70 min manat pul verdi. Digər Şahid2 isə bildirmişdir ki, təxminən fevral ayında Dünya məktəbinin yanında Məsim müəllimlə onlar Vaqiflə görüşmüşlər. Məsim müəllim Vaqifə iş görmək üçün 7 paçka pul vermişdir.
24. Məhkəmə qeyd edir ki, şahid ifadələri digər sübutlarla yanaşı qiymətləndirilə bilmədiyindən faktın təsdiqi kimi nəzərə alına bilməz. Çünki iddiaçının iddia etdiyi fakt yalnız iddiaçı və şahidlər tərəfindən təsdiq edilir. Həmin şahidlər isə məhz iddiaçı tərəfin şahidləri olduğundan və pulun verilməsi başqa sübutlarla təsdiq edilə bilmədiyindən, iddianın təmin edilməsi üçün yetərli deyildir. Bundan əlavə, məhkəmə tərəfindən verilən suala cavab olaraq cavabdeh həmin şahidlərin adlarını bilmədiyini və şəkillərinə baxdıqda onları tanımadığını bildirmişdir.
25. İddiaçı tərəfin digər sübutu isə təqdim etdiyi disk olmuşdur ki, həmin diskdə olan səs yazısının cavabdehə məxsus olması faktı cavabdehin özünün etirafı ilə təsdiq edilmişdir. Lakin qeyd olunan səs yazısından cavabdehin iddiaçıya 70.000 manat borcunun olması müəyyən edilmir və sadəcə olaraq cavabdeh borcunun olduğunu və qaytaracağını bildirmişdir. Məhkəmə iclasında da ona verilən suala cavab olaraq cavabdeh həmin səsdə söhbətin 6000 manat borcdan getdiyini və sonradan həmin borcun ödənildiyini bildirmişdir.
26. Göründüyü kimi iddiaçının borcun tutulması tələbi üzrə dəlilləri əsassızdır və iddia tələbini təmin etmək üçün yetərli sübutları məhkəməyə təqdim edilə bilməmişdir. Hazırkı iş üzrə iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi hallarla bağlı sübutu sadəcə olaraq onun izahatlarından ibarətdir. Məhkəmə nəzərə alır ki, işdə iştirak edən şəxslərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Ona görə də iş üzrə işdə iştirak edən şəxslərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Çünki işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yarıaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
27. Buna görə də məhkəmə hesab edir ki, cavabdehdən borcun tutulması üçün heç bir əsas olmadığından iddia təmin edilməməlidir.
b) Məhkəmə xərcləri ilə bağlı
28. 14.07.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, 300 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
29. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
30. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.
31. İddia tələbi rədd edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir..
V. Məhkəmənin gəldiyi nəticə
32. Beləliklə, məhkəmə hesab edir ki, iddia rədd edilməlidir.
33. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233 və 360-cı maddələrinə əsasən
QƏT ETDİ:
İddia rədd edilsin. Ödənilmiş 300 (üç yüz) manat məbləğində dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Gəncə Kommersiya Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Əbülfəz Məmmədli