Məhkəmə qərarları › İş №2-2(115)-40/2020

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-40/2020

19.02.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-40/2020 19.02.2020 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçı «xxxx» Birgə Müəssisəsinin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı «xxxx» Birgə Müəssisəsinin Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddiası üzrə işə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» Birgə Müəssisəsi Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 6817,14 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq «xxxx» Birgə Müəssisəsinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh x xxxx 2018-ci il tarixdən “Dinçer Carçıoğlu” BM-nə sınaq müddəti ilə işə qəbul edilmiş, xx xxxxxx 2018-ci il tarixdən isə 416 saylı ərazinin “C” bölgəsinə satış təmsilçisi vəzifəsinə təyin edilmişdir. Onunla şirkət arasında xx xxxxxxxx 2018-ci il tarixində birgə müqavilə bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh ona həvalə edilmiş ərazidə “Dinçer Carçıoğlu” BM-nə məxsus malların topdan və pərakəndə satışını təşkil etməli, satılmış malların pullarını vaxtında satış şəbəkələrindən alıb müəssisənin kassasına təhvil verməli idi. Lakin, Cavabdeh üzərinə düşən vəzifəsini yerinə yetirməmiş, satış şəbəkələrindən qəbul etdiyi pulları müəssisənin xəzinəsinə ödəmək əvəzinə şəxsi məqsədləri üçün istifadə etmişdir. Cavabdeh günahı üzündən müəssisəyə vurduğu ziyana görə məsuliyyət daşıyır. “Dinçer Carçıoğlu” BM-nin əməkdaşları (daxili audit) tərəfindən tərtib olunmuş və imzalanmış xx xxxxxx 2019-cu il tarixli akta əsasən aparılmış yoxlamalar əsasında müəyyən olunmuşdur ki, Cavabdeh şirkətə məxsus ümumi dəyəri altı min səkkiz yüz on yeddi manat on dörd qəpik (6817,14 azn) məbləğində olan pulu mənimsəmişdir. Beləliklə, ödənilməmiş 6817,14 manat məbləğində pul və 30 manat dövlət rüsumu cavabdehdən tutularaq “Dinçer Carçıoğlu” BM-nin xəzinəsinə ödənilməlidir. Daha sonra iddiaçının nümayəndəsi X2 iddia tələbinin həcminin azaldılması barədə məhkəməyə ərizə təqdim edərək, cavabdehdən 1700 manat məbləğində borcun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən, iddiaçının nümayəndəsi X2 iddia ərizəsində və iddia tələbinin həcminin azaldılması barədə ərizədə göstərilənlərə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı etiraf edərək məhkəməyə bu barədə ərizə təqdim etdi, iddiaçıya olan 1700 manat məbləğində borcunu hissə-hissə ödəyəcəyini və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, cavabdeh iddianı etiraf etdiyindən iddia təmin edilməlidir. Belə ki, Cavabdeh məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, cavabdeh iddiaçı «xxxx» Birgə Müəssisəsinin ona qarşı 1700 manat məbləğində pul tələbini tam qəbul edir, iddia ərizəsinin təmin olunub qətnamə qəbul edilməsinə etiraz etmir. Ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinin tələblərinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə iddianı etirafın qanunun tələblərinə zidd olmamasını, etirafın üçüncü şəxslərin mənafeyinə toxunmamasını nəzərə alaraq hesab edir ki, cavabdehin iddianı etirafı məhkəmə tərəfindən qəbul edilməklə iddia təmin edilməli, 1700 manat məbləğində pul və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh iddiaçı “xxxx” Birgə Müəssisəsinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 1700 manat məbləğində pul və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh iddiaçı “xxxx” Birgə Müəssisəsinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar