Məhkəmə qərarları › İş №2-2(115)-56/2022

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-56/2022

14.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-56/2022 14.06.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X4, Cavabdehlər Cavabdeh1 və Cavabdeh5 iştirakları ilə İddiaçı1 BOKT ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X1, Cavabdeh6 və Cavabdeh7 qarşı tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası üzrə kommersiya işinə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı1 BOKT ASC Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X1, Cavabdeh6 və Cavabdeh7 qarşı borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 İddiaçı1 BOKT ASC-nin xeyrinə 2016-cı il 12 yanvar tarixli 01/16 №-li kredit (borc) müqaviləsinə əsasən 4543 manat 29 qəpik əsas, 3913 manat 87 qəpik hesablanmış faiz, 4225 manat 26 qəpik dəbbə pulu, cəmi 12682 manat 42 qəpik, hüquqi yardıma görə ödənilmiş xərcin əvəzi 300 manat və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması, ipoteka predmetinin 42000 manatdan qiymətləndirilməsi və borcun əvəzi bu qiymətlə Cavabdeh2 ev - tam, torpaq sahəsi - ümumi birgə və Cavabdeh3 torpaq sahəsi - ümumi birgə olmaqla mülkiyyətlərindəki Şəmkir rayonu, Düyərli kəndi, Məşədi Əzizbəyov küçəsində yerləşən 0.10 ha torpaq sahəsinə və həmin sahəsindəki 277.0 kv.m. ümumi sahədən ibarət 3 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin həyətyanı torpaq sahəsinin və fərdi yaşayış evinin satılaraq tələb edilən borcun ödənilməsi, ünvan 1 ünvanda yerləşən 0.10 ha torpaq sahəsindən və həmin sahə üzərindəki fərdi yaşayış evindən orada yaşayanlar Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, X3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 çıxarılması və fərdi yaşayış evinin boşaldılması, girov predmeti borcun ödənilməsi üçün kifayət etmədikdə borcun cavabdehlərdən ümumi qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Şəmkir” filialından 2016-cı il 12 yanvar tarixli 01/16 №-li kredit (borc) müqaviləsinə əsasən illik 6 faizlə 36 ay müddətinə heyvandarlığın inkişafı məqsədi ilə 13200 manat borc almışdır. Bu borcun təminatı olaraq, Cavabdeh2 ev - tam, torpaq sahəsi - ümumi birgə və Cavabdeh3 torpaq sahəsi - ümumi birgə olmaqla mülkiyyətlərindəki Şəmkir rayonu, Düyərli kəndi, Məşədi Əzizbəyov küçəsində yerləşən 0.10 ha torpaq sahəsi və həmin sahəsindəki 277.0 kv.m. ümumi sahədən ibarət 3 nömrəli fərdi yaşayış evi 2016-cı il 12 yanvar tarixli 01/16 №-li ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notariusda təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Kredit müqaviləsinin 2.9-cu bəndinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, ondan sonrakı gün öhdəliyin icrasının gecikdirilməsi sayılır və odur ki, gecikdirilən hər gün üçün borclu kreditora kreditin qalıq məbləğinin 0.2 faiz həcmində dəbbə pulu, 5.5-ci bəndinə əsasən isə müqavilədə nəzərdə tutulmuş müddət bitdikdə və bu müddətin uzadılması haqqında kreditorla razılaşdırılmış sonuncunun qərarı olmadıqda, habelə borc vaxtı keçmiş kreditə aid də faizləri ikiqat hesablayıb borcludan tələb edir. 2019-cu il oktyabr ayının 21-dək Cavabdeh1 banka 2016-cı il 12 yanvar tarixli 01/16 №-li kredit (borc) müqaviləsi üzrə 4543 manat 29 qəpik əsas, 3913 manat 87 qəpik hesablanmış faiz, 4225 manat 26 qəpik dəbbə pulu, cəmi 12682 manat 42 qəpik borcu vardır. Cavabdeh xəbərdar edilməsinə baxmayaraq, borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən müəyyən edilmiş qaydada və müddətdə girov predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmiş, eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq, cavabdeh bildirişə münasibətini bildirmir. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun və xərclərin əvəzinin ödənilməsinə yönəldilməlidir. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda həll edilməli məsələlərdən biri də ipoteka predmetinin ilkin satış qiymətinin əks edilməsidir. İddia ərizəsinə əlavə edilən müstəqil ekspert rəyinə əsasən, ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evinin hazırki bazar qiyməti 42000 manat müəyyən edilmişdir. Şəmkir Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli 2(076)-1344/2021 saylı qərardadı ilə İddiaçı1 BOKT ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X1, Cavabdeh6 və Cavabdeh7 qarşı borcun əvəzinin ipoteka predmetinə yönəldilməsi və xərclərin əvəzinin tutulması tələbinə dair mülki işin aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. Gəncə Kommersiya Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli 2-2(115)-754/2021 saylı qərardadı ilə İddiaçı1 BOKT ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X1, Cavabdeh6 və Cavabdeh7 qarşı borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya işi üzrə Cavabdeh2 xx.xx.2019-cu il tarixdə öldüyündən tələbin ipoteka predmetinə yönəldilməsi hissəsi üzrə icraata xitam verilmişdir. Gəncə Kommersiya Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli 2-2(115)-56/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək 4543 manat 29 qəpik əsas borc, 92 manat 69 qəpik faiz borcu, 250 manat cərimə borcu olmaqla, cəmi 4885 manat 98 qəpik məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh1 İddiaçı1 Bank Olmayan Kredit X8 Cəmiyyətinin xeyrinə tutulması, 150 manat ekspertiza xərci Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, iddianın qalan hissəsi təmin edilməməsi qət edilmişdir. İddiaçı1 BOKT ASC Gəncə Kommersiya Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli 2-2(115)-754/2021 saylı qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 14 yanvar 2022-ci il tarixli 2-2(115)-56/2022 saylı qərardadı ilə Gəncə Kommersiya Məhkəməsinin 27 dekabr 2021ci il tarixli 2-2(115)-754/2021 saylı qərardadından İddiaçı1 BOKT ASC tərəfindən verilmiş şikayət təmin edilməyərək, şikayət işlə birlikdə baxılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin 02 fevral 2022-ci il tarixli 2-2(104)-77/2022 saylı qərardadı ilə İddiaçı1 BOKT ASC-nin şikayəti qismən təmin edilərək, Gəncə Kommersiya Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli 2-2(115)-754/2021 saylı qərardadı və həmin qərardadla bağlı 14 yanvar 2022-ci il tarixli qərardadı ləğv edilmiş, iddianın tələbin ipotekaya yönəldilməsi hissəsində yenidən baxılması üçün iş materialları Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. İddiaçının nümayəndəsi X6 məhkəmə iclasında iddia tələbini müdafiə etməyərək, izahatında bildirdi ki, cavabdeh tərəfindən borcu tam şəklində bağlanılıb, o səbəbdən dolayı iddianı tələbin ipoteka predmetinə yönəldilməsi hissəsində müdafiə etmirlər. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etməyərək, izahatında bildirdi ki, o borcunu tam şəkildə ödəyib və bununla bağlı ödəniş qəbzini məhkəməyə təqdim edib. Məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh5 məhkəmə iclasında iddianı qəbul etməyərək, izahatında bildirdi ki, borc tam ödənildiyindən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də, iş üzrə digər cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh7 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 229.2-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehlər Cavabdeh1 və Cavabdeh5 izahatlarını dinləyib və iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iş üzrə əlavə qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Şəmkir” filialı ilə Cavabdeh1 arasında bağlanmış 01/16 nömrəli 12 yanvar 2016-cı il tarixli kredit müqaviləsinə əsasən heyvandarlığın inkişafı məqsədi ilə cavabdehə 36 ay müddətinə illik 6 faiz dərəcəsi ilə 13200 manat məbləğində kredit verilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının 29 noyabr 2021-ci il tarixli 9/8428 nömrəli rəyindən görünür ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixinə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 4543 manat 29 qəpik əsas borc, 92 manat 69 qəpik faiz, cəmi 4635 manat 98 qəpik məbləğində borcunun olması müəyyən edilmişdir. Gəncə Kommersiya Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli 2-2(115)-56/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək 4543 manat 29 qəpik əsas borc, 92 manat 69 qəpik faiz borcu, 250 manat cərimə borcu olmaqla, cəmi 4885 manat 98 qəpik məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh1 İddiaçı1 Bank Olmayan Kredit X8 Cəmiyyətinin xeyrinə tutulması, 150 manat ekspertiza xərci Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, iddianın qalan hissəsi təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan 13 iyun 2022-ci il tarixli İddiaçı1 BOKT ASC Şəmkir filalından təqdim olunmuş xəzinə mədaxil orderindən görünür ki, Cavabdeh1 tərəfindən 4916 manat məbləğində pul müqavilə üzrə öhdəliyin icrası təyinatı ilə İddiaçı1 BOKT ASC-yə ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1 maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İşin faktiki hallarından görünür ki, Cavabdeh1 01/16 nömrəli 12 yanvar 2016-cı il tarixli kredit müqaviləsi üzrə iddiaçı Para” BOKT ASC qarşısında olan öhdəliklərini tam şəkildə icra etmişdir. Məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə cavabdeh tərəfindən bank qarşısında olan əsas öhdəlik tam şəkildə icra olunduğundan tələbin ipoteka predmetinə yönəldilməsi hissəsi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 229.1.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər tələblərdən hər hansı biri üzrə sübutlar təqdim etmiş və izahatlar vermişlərsə, bu tələblər barədə qətnamə və ya qərardad çıxarılmamışsa, iş üzrə qətnamə və ya qərardad çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə əlavə qətnamə və ya əlavə qərardad çıxara bilər. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı1 BOKT ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X1, Cavabdeh6 və Cavabdeh7 qarşı borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iş üzrə tələbin ipoteka predmetinə yönəldilməsi hissəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 229, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı1 BOKT ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X1, Cavabdeh6 və Cavabdeh7 qarşı tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar