Məhkəmə qərarları › İş №2-2(115)-7/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-7/2025

14.07.2025 · Sair işlər - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-7/2025 14.07.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, X7 qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh və onun vəkili Vəkil iştirakı ilə İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddiası üzrə kommersiya işinə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" QSC Cavabdeh qarşı iddia ərizəsi ilə Daşkəsən Rayon Məhkəməsinə müraciət edərək, X10 Daşkəsən qolunun Qırıxlı-Bayan mənzilinin 26 km pk 10-da dəmir yolu oxundan 15 metr məsafədə mühafizə zonasında inşa edilmiş qanunsuz tikililər – 5 ədəd tikili, 4 ədəd çardaq və 3 metr məsafədə quraşdırılmış metal konstruksiyalı çəpərin Cavabdeh hesabına sökülərək dəmir yolunun mühafizə zonasından kənarlaşdırılması və ödənilmiş 10 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" QSC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Azərbaycan Dəmir Yollan" QSC-nin balansında olan X10 ərazisinə baxış keçirilərkən, dəmir yolu xəttinin Daşkəsən qolunun Qırıxlı-Bayan mənzilinin 26 km pk 10-da Cavabdeh tərəfindən dəmir yolunun mühafizə zonasında torpaq sahəsinin zəbt edilərək qanunsuz tikinti işlərinin aparılması aşkar edilmişdir. Müəyyən olunmuşdur ki, həmin ərazidə dəmir yolunun mühafizə zonasının eni 40 metr təşkil edir və 15 metr məsafədə ayrı-ayrılıqda 5 ədəd tikili inşa edilmiş, 4 ədəd çardaq quraşdırılmış və dəmir yolundan 3 metr məsafədə isə metal konstruksiyalı çəpərləmə işləri aparılmışdır. Bununla bağlı "xxxx" QSC-nin aidiyyəti işçilərinin iştirakı ilə xx.xx.2021-ci il tarixdə akt tərtib olunmuş, tikinti işlərinin təxirəsalınmadan dayandırılması və qanunsuz tikilinin sökülməsi üçün Cavabdeh xəbərdarlıq edilmiş, ona dəmir yolunun mühafizə zonasında tikinti işlərinin aparılmasının qanunvericiliklə qadağan olunması izah edilmişdir. Buna baxmayaraq, həmin qanunsuz tikililər cavabdeh tərəfindən könüllü şəkildə sökülməmiş və tikinti işləri davam etdirilməkdədir. Bu səbəbdən, “Azərbaycan Dəmir Yollan’' QSC hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Daşkəsən Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(030)-116/2021 nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı "xxxx" QSC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-69/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Daşkəsən Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(030)-116/2021 nömrəli qətnaməsi ləğv edilməsi, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı qanunsuz tikilinin sökülüb kənarlaşdırılması tələbinə dair iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, iddia ərizəsində də qeyd etdikləri kimi Cavabdeh tərəfindən dəmir yolunun mühafizə zolağında torpaq sahəsinin zəbt edilərək qanunsuz tikinti işlərinin aparıldığı müəyyən olunmuşdur. Bununla bağlı sənədlər təqdim etmişlər. Sözügedən ərazidə mühafizə zolağı dəmir yolunun sağ tərəfində 40 metr, sol tərəfində 10 metr müəyyən edilmişdir. Sol tərəf dağlıq ərazi olduğu üçün təhlükə yaratmır. Dəmir yolu xəttinin mühafizə zonası məsələsi ilə bağlı X1 rəisinin arayışı vardır. Dəmir yolu xəttinin həmin ərazisi əvəllər 1-ci kateqoriya olmuşdur, hal-hazırda 2-ci kateqoriyadır. Ona görə ki, həmin dəmir yolu xətti hal-hazırda əsas istifadə olunan ərazi deyil. Sanitariya mühafizə zonasında heç bir əkin olmur. Cavabdehin ərazisi 26-cı kilometrin 10-cu piketində yerləşir, hansı ki, həmin ərazi üçün mühafizə zonası 40 m müəyyən edilmişdir. Sxematik plan 2007-ci il tarixində təsdiq olunmuşdur. 30 aprel 2010-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********59-10301 reyestr nömrəli, MA Seriyalı ******* nömrəli çıxarışı mübahisələndirməmişlər, sadəcə sözügedən çıxarış onlara sonradan məlum olmuşdur. Dəmir yolu xətti hal-hazırda dəmir yolu kimi işləmir. Real görüntülərə əsasən hazırki vəziyyətdə istismara yararlı deyil. Ancaq bu o demək deyil ki, gələcəkdə istismar olunmayacaq. Hal-hazırda istifadə olunmur. Bəli, dəmir yolu xətti ilə filiz zavoduna yüklər daşınırdı. Hal-hazırda filiz zavodu fəaliyyət göstərmədiyi üçün dəmir yolu xətti də istifadə olunmur. Qanunsuz tikili olduğu üçün bununla əlaqədar məhkəməyə müraciət etmişlər və artıq uzun müddətdir ki, bu iş araşdırılır. Ümumiyyətlə mühafizə zolağında yerləşən hər bir tikili təbii ki, təhlükə yaradır. Ancaq hal-hazırda orada hərəkət olmadığı üçün heç bir təhlükə yaratmır. Təqdim etdikləri fotoşəkillərə əsasən dəmir yolunun istismara yararlı olduğu görünürsə də, ancaq videoçəkilişə əsasən yararlı olduğunu söyləmək olmaz, ancaq balansda olduğunu demək olar. Yolun bir hissəsi var, bir hissəsi yoxdur. Ancaq torpaq sahəsi iddiaçının balansında olduğu üçün iddia tələbini müdafiə edirlər. Cavabdehin vəkili Vəkil məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, təqdim etdiyi fotoşoşəkil video formatında idi. Video formatında təqdim etmək mümkün olmadığından elektron sistemə fotoşəkil kimi yerləşdirilmişdir. Fotoşəkil onu göstərir ki, vəkili olduğu şəxsin işlətdiyi iaşə obyektinə qədər və yaxud da yaşayış sahəsinə qədər yol yararsız vəziyyətdədir. Bundan əvvəlki məhkəmə iclasında iddiaçının nümayədəsinin nümayiş etdirdiyi videogörüntünün fotoşəkilidir. Onların obyektinə qədər yol yararsız vəziyyətədir, həmçinin obyektdən sonra da yararsız vəziyyətdədir. Kifayət qədər sübutlar, vəsatətlər var ki, müzakirə olunub, araşdırılıb. Məsələ bundan ibarətdir ki, həqiqətən həmin əraziyə hüquqlarını müdafiə etdiyi şəxsin mülkiyyət hüququna dair sənəd var. Torpaq sahəsinin mülkiyyətçisidir və həmin torpaq sahəsinə dair çıxarış və onun qeydi iddiaçı tərəfindən mübahisələndirilməyib, ləğv olunmayıb və hal-hazırda öz qanuni qüvvəsini saxlayır. Bir halda ki, mülkiyyətdə olan torpaq sahəsinə və üzərində olan tikililərə mübahisə qaldırılıbsa, ilk növbədə mülkiyyətçinin mülkiyyət hüququ qorunmalıdır. Mülkiyyətçinin mülkiyyət hüquqları onun əlindən alına bilməz. Digər bir tərəfdən torpaq mühafizə zolağına düşsə də, təhlükə yaradacaq hal yoxdur. Cavabdehin tikililəri mövcud vəziyyətdə dəmir yolu xəttinə təhlükə yaratmır və hazırda dəmir yolu xətti fəaliyyət göstərmir. Cavabdehin obyekti 25 və 26-cı km-in aralığında yerləşir, hətta cavabdehin obyektindən sonra 26-cı km 1 pk başlayır. Cavabdehə qarşı qərəzli yanaşıldığını düşünür, ona görə ki, orada mühafizə zonasına daha yaxın yerləşən başqa şəxslərin də tikililəri vardır. Çardaqlar bələdiyyə torpağına düşür. Dəmir yolunun ərazisinə düşmür. Verilən mütəxəssis rəyləri arasında da ziddiyətlər mövcuddur. Cavabdehin özü də qeyd etdi ki, dəmir yolu xətti fəaliyyət göstərəndə onun tikililəri mövcud idi. 2016-cı ilə qədər qatarlar hərəkət edib. Dəmir yolu xətti fəaliyyət göstərdiyi dövrdə heç bir iddia qaldırılmayıb. Hazırda dəmir yolu xəttinin fəaliyyət göstərmədiyi halda iddia qaldırılıb. Burada da, subyektiv məsələlər var. İddia qaldırılan ərəfədə dəmir yolu xəttinin rəisi mübahisəli ərazidən keçərkən, cavabdehə təklif olunub ki, ona məxsus ərazidə məcburi köçkünlər üçün məktəb tikilsin. Son 30 ildə həmin ərazidə yerləşən tikililərə heç bir iddia qaldırılmayıb. Yeganə adam Cavabdehdır ki, ona qarşı məhkəmədə iddia qaldırılıb. Gəncə Apellyasiya Məhkəməsində iş araşdırlılarkən mühafizə zolağı 15 metrdən aşağı görünürdü, xəritələr fərqlidir. Əgər mühafizə zolağına düşürdüsə, nəyə görə cavabdehə çıxarış verilirdi. Çünki orada mühafizə zolağı dəmir yolu xəttindən 15 metr sonra başlayır. İddiaçı tərəf o dövrə aid real xəritəni təqdim etmir. Cavabdehə torpaq sahəsi satılan zaman dəmir yolunun mütəxəssisi də bildirdi ki, mühafizə zolağı 15 metr sonra başlayır. Heç bir təhlükə olmadığına görə, hal-hazırda rəsmi orqanlar tərəfindən verilmiş arayışlara əsasən dəmir yolu xətti istifadə olmadığına görə iddianın təmin olunmamasını xahiş edir. Məsələ ilə bağlı araşdırılma aparılmışdır. Ancaq məsələ budur ki, hal-hazırda yükləmə məntəqəsi, mübahisə edilən stansiya sökülübdür. Hansı ki, Qırıqlı Bayan dəmiryolu xəttinin Bayan nöqtəsi var ki, dəmiryolu xətti tam qurtarır orada. Filiz zavodu fəaliyyət göstərən zaman filiz qırıntıları zavoda gətirilirdi, oradan da qatarlara yüklənib təyinatı üzrə göndərilirdi. Hal-hazırda sözügedən zavod da sökülübdür. Həmçinin stansiyaya gedən avtomobil yolunun üzərində olan qoruyucu panellər də sökülübdür. Bugünki gündə stansiya, yükləmə məntəqəsi, dəmiryolu sökülürsə, işçilər işdən çıxarılırsa burda hər hansı təhlükədən söz gedə bilməz. Artıq təhlükə mənbəyi aradan qalxırsa, cavabdehə məxsus ticarət obyektinin sökülməsi lüzumsuzdur. Əgər orada qatar xətti olmayacaqsa, qatar keçməyəcəksə, obyekt nəyə görə sökülməlidir ki. Onlar həm də stansiyanın olduğu yer üzrə, həm də cavabdehə məxsus olan torpaq sahəsi və evin yanından keçən dəmir yolu xəttinin faktiki vəziyyəti ilə bağlı videoçəkilişlər etmişlər. Həqiqətən də stansiya və yükləmə məntəqəsi sökülüb. Eyni zamanda dəmir yolu xəttinin özü, relslər yararsız vəziyyətdədir, bəzi yerlərdə relslər ümumiyyətlə yoxdur. Videogörüntülərdən də gürünür ki, dəmir yolu xətti 10-15 ildir baxım olmadığı üçün yararsız vəziyyətdədir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, tikililər 1992-ci ildən mövcud olubdur. O, həmin sahəni 2010-cu ildə mülkiyyətinə keçirmişdir. Əvvəl torpaq şəklində idi, sonradan çıxarış verdilər, iki balaca tikililər idi. İlk dəfə oradan yaşayış yeri kimi istifadə etmiş və sonradan ailəsini dolandırmaq üçün çardaqlar deyilən yeri tikməyə başlamışdır. Sonradan mübahisə yarandı ki, bu ərazi dəmir yolunun mühafizə xəttinə düşür. Əgər onun torpağı mühafizə zolağına düşürsə, onda gərək avtomobil yolu da ləğv oluna. Dəmir yolu xəttinin 27-ci km-də mühafizə zolağı 40 metr müəyyən edilmişdir. Tikililərdən ən yaxını isə dəmir yolu xəttindən 26 metr məsafədə yerləşir. Sxem 2010-cu ildəki çıxarış əsasında çəkilibdir. Dəmir yolu xəttinə ən yaxın məsafədə yerləşən tikili vaqondur, hansı ki, o da tikili hesab edilmir. Həmin ərazidə ondan başqa 50 nəfərin tikilisi var. Həmin ərazidə 25 sot torpaq var, hansı ki, bunun 6 sotu onun, 8 sot mühafizə zonasının, qalan hissə isə bələdiyyənin torpağıdır. Onun obyekti 26 pk 10da yerləşir. Göstərilənlərə əsasən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını, mütəxəssisin rəyini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak etmiş mütəxəssis X6 rəyə əlavə olaraq bildirmişdir ki, RX seriyalı ******* nömrəli çıxarışa əsasən Cavabdeh məxsus 0.06 ha (600 kvadrat metr) ərazidə yerləşən 3 ədəd tikilidən 1 ci tikili 35 kv.m, 2-ci tikilidən isə 27 kv.m sahəsi çıxarışdan kənarda yerləşməklə mühafizə zonasına düşür. Dediyinə görə mətbəx kimi istifadə edilən tikilinin isə 14 kv.m hissəsi çıxarışdan kənarda yerləşməklə mühafizə zonasına düşür. Cavabdeh tərəfindən tikilmiş 4 ədəd çardaqdan 3-ü çıxarışdan kənarda yerləşməklə mühafizə zonasına düşür. 1 ədəd çardağın isə 4 kvadrat metr hissəsi çıxarışdan kənarda yerləşməklə mühafizə zonasına düşür. Sxem və foto görüntü də təqdim olunub. Çıxarışda da, çıxarışdan kənarda da tikililər var. Özlərinin deməsinə görə kənardakı tikililər faktiki istifadə edilən tikililərdir. Sxemdə qeyd edilmişdir ki, mühafizə zonasına düşən və düşməyən tikililər var. Cavabdehin öz deməsinə görə orda olan 3 ədəd tikili fərdi yaşayış üçün istifadə edilir. Hər birinin ölçüsü 35 kv.m. Tikililərdən 2si çıxarışdan kənarda mühafizə zonasına düşür, biri isə düşmür. Mətbəx özü 21 kv.m olmaqla, onun 14 kv.m hissəsi çıxarışdan kənarda mühafizə zonasına düşür. Mətbəxlə üzbəüz yerləşən bufetdir. Torpaq sahəsi bələdiyyənin ola bilər, ancaq mühafizə zonasına düşür. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş 30 aprel 2010cu il tarixli, ********** qeydiyyat nömrəli, **********59-10301 reyestr nömrəli, MA Seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, Daşkəsən rayonu Bayan kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində olan 1 mərtəbəli, ümumi sahəsi 15,1 kv.metr 1 otaqlı fərdi yaşayış evi və 5,9 kv.metr əl damı Daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 135 nömrəli vərəqində Cavabdeh adına xüsusi mülkiyyət hüquqi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş 29 aprel 2010-cu il tarixli 828 inventar nömrəli, **********59-10301 nömrəli Daşınmaz Əmlakın Texniki Paspotunun surətindən görünür ki, Daşkəsən rayonu Bayan kəndində 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi Cavabdeh adına tam mülkiyyət hüquqi ilə qeydiyyata alınmışdır. Əsas: Daşkəsən rayon DNK-nun xx.xx.2008-ci il tarixli 4Ə-2-245 reyestr nömrəli alqı-satqı müqaviləsi. İş materiallarında olan eskiz layihənin surətindən görünür ki, Cavabdeh Daşkəsən rayonu Bayan kəndində inşa etdirdiyi fərdi yaşaış evinin eskiz layihəsi işlənib hazırlanmışdır. Eskiz layihəsi Daşkəsən Rayon İcra Hakimiyyətinin baş memarı X5 tərəfindən imza və möhürlə təsdiq olunmuşdur. İş materiallarında olan "xxxx" QSC İnfrastruktur Departamenti 6 nömrəli X10 rəisi tərəfindən Gəncə stansiyasında XPŞ-nin rəisinə ünvanlanmış 28 avqust 2020-ci il tarixli 352 saylı məktubundan görünür ki, 6 nömrəli X10 xidməti ərazisində Daşkəsən qolunun Qızılca-Bayan mənzilinin 26 km pk 8-də kilometr istiqaməti ilə yolun sağ tərəfində dəmir yolunun təhkim mühafizə zolağı 21 metr və 26 km pk 9; 10-da 40 metr təşkil etdiyi halda, mühafizə zolağının 3 metrliyində həmin ərazi kənar şəxslər tərəfindən dəmir hasara alınmış və 26 km pk 10-da tikililər tikilmişdir. İş materiallarında olan 6 nömrəli Gəncə yol Sahəsi tərəfindən tərtib edilmiş 14 yanvar 2021-ci il tarixli aktın surətindən görünür ki, 6 nömrəli X10 baş mühəndisi E.Q.Qədimov, texniki şöbənin rəisi S,F,Tağıyev, SƏTƏM üzrə mütəxəssis İ.Ə.Abdullayev, sahə mühasibi B.Ə.Buludov və Qırıxlı-Bayan məntəqəsinin yol ustası F.N.Abdullayev akt ondan ötrü tərtib etmişlər ki, 14 yanvar 2021-ci il tarixdə Daşkəsən qolunda dəmir yolunun mühafizə zolağına təkrar baxış keçirilən zaman dəfələrlə xəbərdarlıq etmələrinə baxmayaraq Cavabdeh tərəfindən Qırıxlı-Bayan mənzilinin 26 km pk 10-da dəmir yolunun mühafizə zolağı 40 metr təşkil etdiyi halda, mühafizə zolağından 15 metr məsafədən başlayaraq 5 ədəd tikinti işləri aparmış, 4 ədəd çardaq quraşdırılmış və dəmir yolundan 3 metr məsafədə yolun kənarına yüngül konstruksiya dəmir hasar çəkilmişdir. İş materiallarında olan mühafizə zolağında tikilmiş tikililərin və çardaqların sxemindən və fotoşəkillərdən görünür ki, Daşkəsən qolunun Qızılca-Bayan mənzilinin 26 km pk 10-da dəmir yolunun mühafizə zolağının 40 metr təşkil etdiyi halda, dəmir yolunun 3 metrliyində yüngül dəmir konstruksiyalı dəmir hasar dəmir yolu xəttindən 3 metr, mühafizə zolağından 15 metr məsafədə isə 5 ədəd tikinti inşa edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ********** nömrəli Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 3 saylı Gəncə Ərazi İdarəsinin torpaq sahəsinin yerquruluşu planından görünür ki, Cavabdeh Hüseyin oğlunun mülkiyyətində olan torpaq sahəsi cavabdehin xüsusi mülkiyyətindədir və fərdi yaşayış evi üçün nəzərdə tutulub və bütövlükdə mühafizə zolağındadır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********12 nömrəli mütəxəssis rəyindən görünür ki, mübahisəli əraziyə baxış keçirilərkən cavabdehin faktiki istifadə sahəsi olaraq təqdim etdiyi 0,255 ha (25 sot 50 kv.m) torpaq sahəsinin, 0.06 ha hissəsi RX seriyalı ******* nömrəli Çıxarışa əsasən cavabdehin öz mülkiyyətində 0.115 ha (11 sot 50 kv.m) hissəsi bələdiyyə, 0.08 ha (8 sot) isə bələdiyyə və dövlətin birgə mülkiyyətində olduğu müəyyən olunmuşdur. Qərardad materiallarında "xxxx" QSC-nin verdiyi məlumata əsasən dəmir yolunun mübahisəli ərazinin yaxınlığından keçən hissəsinin mühafizə zolağının 40 metr olduğu göstərilmişdir. Belə olan təqdirdə cavabdehin mülkiyyətində və mülkiyyətindən əlavə faktiki istifadəsində olan torpaq sahəsi və üzərində olan tikili və qurğular bütünlüklə mühafizə zolağında yerləşir. Cavabdehə məxsus RX seriyalı ******* nömrəli Çxarışın texniki pasportunda göstərilən tikililərin cavabdehin sözlərinə əsasən özü tərəfindən sökülmüşdür. RX seriyalı ******* nömrəli Çıxarışa əsasən cavabdehin mülkiyyətində olan 0.06 ha torpaq sahəsi və üzərində olan əlavə tikililər qərardad materiallarında "xxxx" QSC tərəfindən qeyd olunan 40 metr mühafizə zolağında yerləşir. Qərardad materiallarında qeyd olunan "xxxx" QSC-nin təyin etdiyi 40 metr mühafizə zolağında yerləşən tikililərdən ekspertiza baxışı zamanı cavabdehin bildirdiyinə əsasən 3 ədədi fərdi yaşayış evi, 1 ədədi hamam və 1 ədədi isə mətbəx məqsədi ilə istifadə edilir. Cavabdeh tərəfindən inşa edilmiş tikililər, dəmir yolunun üzərində inşa edilməmişdir. Lakin həmin tikililərin dəmir yolundan istifadə edilməsinə hər hansı maenə və ya məhdudiyyət yaratması barədə münasibət bildirilməsi səlahiyyətləinə aid deyildir. Cavabdehin faktiki istifadə sahəsi olaraq təqdim etdiyi 0.255 ha(25 sot 50 kv.m) torpaq sahəsinin 0.06 ha hissəsi RX seriyalı ******* nömrəli Çıxarışa əsasən cavabdehin öz mülkiyyətində 0,115 ha (11 sot 50 kv.m) hissəsi bələdiyyə, 0.08 ha (8 sot) isə bələdiyyə və dövlətin birgə mülkiyyətində olmaqla dəmir yollarının balansında olan torpaq sahəsidir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 10/980 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən elektron bazasında araşdırılmış və mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunmuşdur: Mübahisəli əraziyə baxış keçirilərkən, cavabdehin faktiki istifadə sahəsi olaraq təqdim etdiyi 0,255 ha (25 sot 50 kv.m) torpaq sahəsinin, 0,06 ha hissəsi RX seriyalı ******* nömrəli Çıxarışa əsasən cavabdehin öz mülkiyyətində, 0,115 ha (11 sot 50 kv.m) hissəsi bələdiyyə, 0,08 ha (8 sot) isə bələdiyyə və dövlətin birgə mülkiyyətində olduğu müəyyən olundu. Qərardad materiallarında, "xxxx" QSC-nin verdiyi məlumata əsasən, dəmir yolunun mübahisəli ərazinin yaxınlığından keçən hissəsinin mühafizə zolağının 40,0 (qırx) metr olduğu göstərilmişdir. Belə olan təqdirdə, cavadehin mülkiyyətində və mülkiyyətindən əlavə faktiki istifadəsində olan torpaq sahəsi və üzərində mövcud olan tikili və qurğular bütünlüklə mühafizə zolağında yerləşir. Cavabdehə məxsus RX seriyalı ******* nömrəli çıxarışın texniki pasportunda göstərilən tikililərin, cavabdehin sözlərinə əsasən özü tərəfindən sökülmüşdür, RX seriyalı ******* nömrəli Çıxarışa əsasən cavdehin mülkiyyətində olan 0.06 ha torpaq sahəsi və üzərində olan əlavə tikililər, qərardad materiallarında "xxxx" QSC tərəfindən qeyd olunan 40,0 (qırx)/metr mühafizə zolağında yerləşir. Qərardad materiallarında qeyd olunan, "xxxx" QSC-nin təyin etdiyi 40 metr mühafizə zolağında yerləşən tikililərdən, ekpertiza baxışı zamanı cavabdehin bildirdiyinə əsasən 3 ədədi fərdi yaşayış evi, 1 ədədi hamam və 1 ədədi isə mətbəx məqsədi ilə istifadə edilir. Cavabdeh tərəfindən inşa edilmiş tikililər, dəmir yolunun üzərində inşa edilməmişdir. Lakin həmin tikililərin dəmir yolundan istifadə edilməsinə hər hansı mane və ya məhdudiyyət yaratması barədə münasibət bildirilməsi səlahiyyətlərində deyildir. Cavabdehin faktiki istifadə sahəsi olaraq təqdim etdiyi 0,255 ha ( 25 sot 50 kv.m) torpaq sahəsinin 0,06 ha hissəsi RX seriyalı ******* nömrəli çıxarışa əsasən cavabdehin öz mülkiyyətində 0,115 ha ( 11 sot 50 kv.m) hissəsi bələdiyyə, 0,08 ha (8 sot) isə bələdiyyə və dövlətin birgə mülkiyyətində olmaqla dəmir yollarının balansında olan torpaq sahəsidir.Tədqiqat dəyəri 50 manat təşkil etmişdir. İş materiallarında olan "xxxx" Qapalı Səhmar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli 13-1/2-4946/2023 nömrəli məktubundan görünür ki, "xxxx" QSC-nin balansında olan Daşkəsən qolunun Qızılca-Bayan-Quşçu körpüsü sahəsində (20 km-dən 35,1 km-dək) ərazinin dağlıq relyefdə yerləşməsi və rütubətli iqlimlə əlaqədar şpalların yararsız hala düşməsini nəzərə alaraq qatarların hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə 2016-cı ildən etibarən Qızılca-Bayan-Quşçu körpüsü sahəsi qatarların hərəkəti üçün bağlanmışdır. Dəmir yolu nəqliyyat sektorunun inkişafı ilə əlaqədar olaraq sözügedən dəmir yolu xəttinin təmir edilərək istifadəsi nəzərdə tutulmuşdur. Eyni zamanda əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımı şərait yaradılması üçün onların ətrafında xüsusi(qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Bu məqsədlə xüsusi mühafizə zonası hüdülarında yalnız dəmiryol obyektlərinin möhkəmliyi və dayanıqlığının təmin edilməsinə yönəldilmiş işlər görülə bilər və xüsusi mühafizə zonası ərazisində hər hansı digər təsərrüfat fəaliyyəti qadağandır. İş materiallarında olan "xxxx" Qapalı Səhmar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 13-1-24/2-522/2023 nömrəli arayışdan görünür ki,Cavabdeh tərəfindən dəmir yolunun mühafizə zolağında torpaq sahəsinin zəbt edilərək qanunsuz tikinti işlərinin aparıldığı ərazi dəmir yolunun Daşkəsən qolunun Qızılca-Bayan-Quşçu körpüsü sahəsinin 26 km pk 10-da yerləşir. Alabaşlı-Quşçu körpü qolunun Qızılca-Bayan mənzilinin 26 km pk 10-da təhkim zolağının eni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 fevral tarixli 33 nömrəli qərarı ilə təsdiq edilmiş “Dəmir yolları üçün və dəmir yolunun sanitariya-mühafizə zonası üçün torpaqayırma nörmaları”nın tələblərinə uyğun olaraq ərazi tökmə torpaq yatağında yerləşdiyi üçün kilometrin artım istiqaməti üzrə dəmir yolunun sağ tərəfində 40 m, sol tərəfdə isə 10 m təşkil edir. Təhkim zolağının eninin sol tərəfdə 10 m olma səbəbi dəmir yolunun sol tərəfində dağın olması və həmin ərazinin dağlıq olması, təhkim zolağının eninin sağ tərəfdə 40 m olma səbəbi isə dəmir yolunun oxundan sağ tərəfə doğru 40 metr məsafədə Qoşqarçayın olması və çayın sağ sahilində Daşkəsən avtomagistral yolunun yerləşməsidir. Alabaşlı-Quşçu körpü qolunun Qızılca- Bayn mənzilinin 26 km ok 9-da dağlardan gələn sel sularının Qoşqarçaya axıdılması üçün tam uzunluğu 8.7 metr olan süni qurğu(körpü) yerləşir, Cavabdeh tərəfindən tikilmiş sözügedən obyekt qeyd olunan körpünün qarşısını kəsməklə sel sularının çaya tökülməsinin qarşısını almaqla maneə yaradır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli 3- 21-3-33/2-0238/2024 saylı mütəxəssis rəyindən görünür ki, Cavabdeh mülkiyyətində və istifadəsində olan torpaq sahəsinin və onun üzərində inşa edilmiş tikililərinin dəmir yolu xəttinin Daşkəsən qolunun Qırıqlı-Bayan mənzilinin neçənci kilometrinin, neçənci piketində yerləşdiyinə dair mütəxəssis rəyinə hər-hansı bir sxem əlavə olunmadığı və eləcədə mütəxəssis tərəfindən cavablandırılmadığından cavabdehin istifadəsində olan torpaq sahəsinin və onun üzərində inşa edilmiş tikililərin dəmir yolu xəttinin Daşkəsən qolunun Qırıqlı-Bayan mənzilinin neçənci kilometrinin, neçənci piketində yerləşdiyinin müəyyən edilməsi mümkün olmamışdır. Sözügedən ərazidən keçən dəmir yolu xəttinin mühafizə zonası barədə, daxil olmuş mülki iş materiallarında, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən təsdiqlənmiş rəsmi sənəd mövcud deyildir. Lakin kommersiya işinin qərardadının “Müəyyən etdi” hissəsində dəmir yolu xəttinin mühafizə zonasının 40.0 (qırx) metr olduğu qeyd olunmuşdur. Belə olan təqdirdə, RX seriyalı ******* nömrəli Çıxarışa əsasən Cavabdeh, xüsusi mülkiyyətində olan torpaq sahəsindən kənarda inşa etdiyi və onun öz sözlərinə əsasən 3 (üç) ədəd fərdi yaşayış evi olaraq faktiki istifadə etdiyi tikililərin, mühafiz zonası yerləşdiyi müəyyən edilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/869 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli 3-21-3- 33/2-0238/2024 saylı mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, Cavabdeh mülkiyyətində və istifadəsində olan torpaq sahəsinin və onun üzərində inşa edilmiş tikililərin dəmir yolu xəttinin Daşkəsən qolunun Qırıqlı-Bayan mənzilinin neçənci kilometrinin, neçənci piketində yerləşdiyinə dair mütəxəssis rəyinə hər-hansı bir sxem əlavə olunmadığı və eləcədə mütəxəssis tərəfindən cavablandırılmadığından cavabdehin istifadəsində olan torpaq sahəsinin və onun üzərində inşa edilmiş tikililərin dəmir yolu xəttinin Daşkəsən qolunun Qırıqlı-Bayan mənzilinin neçənci kilometrinin, neçənci piketində yerləşdiyinin müəyyən edilməsi mümkün olmamışdır. Sözügedən ərazidən keçən dəmir yolu xəttinin mühafizə zonası barədə, daxil olmuş mülki iş materiallarında, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən təsdiqlənmiş rəsmi sənəd mövcud deyildir. Lakin kommersiya işinin qərardadının “Müəyyən etdi” hissəsində dəmir yolu xəttinin mühafizə zonasının 40.0 (qırx) metr olduğu qeyd olunmuşdur. Belə olan təqdirdə, RX seriyalı ******* nömrəli Çıxarışa əsasən Cavabdeh, xüsusi mülkiyyətində olan torpaq sahəsindən kənarda inşa etdiyi və onun öz sözlərinə əsasən 3 (üç) ədəd fərdi yaşayış evi olaraq faktiki istifadə etdiyi tikililərin, mühafiz zonasında yerləşdiyi müəyyən edilmişdir. Təqdiqatın dəyəri 100 manat təşkil etmişdir. İş materaillarında olan Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-16-16/2-10/2046/2025 nömrəli ekspert rəyindən görünür ki, RX seriyalı ******* nömrəli çıxarışa və həmin Çıxarışın texniki pasportuna əsasən Cavabdeh Hüseyin oğlunun öz mülkiyyətində olan 0.06 ha(600 kv.m) torpaq sahəsindən kənarda inşa etdiyi və öz sözlərinə əsasən fərdi yaşayış evi kimi istifadə etdiyi 3 tikilidən hər biri 38.0 kv.m olmaqla, birinci tikilinin yerləşdiyi 38.0 kv.m, ikinci tikilinin yerləşdiyi 38.0 kv.m sahənin 30.0 kv.m hissəsi, iş materiallarına əlavə edilmiş, mühafizə zonasına dair tərtib olunmuş plana istinadən dəmir yolu xətinin mühafizə zonasında yerləşdiyi müəyyən edilmişdir. Mətbəx kimi istifadə etdiyi 89.0 kv.m tikilinin yerləşdiyi sahənin, mülkiyyətində olan torpaq sahəsindən kənarda yerləşən 14.0 kv.m hissəsi, iş materallarına əlavə edilmiş, mühafizə zonasına dair tərtib olunmuş plana istinadən dəmir yolu xəttinin mühafizə zonasında yerləşdiyi müəyyən edilmişdir. Cavabdeh tərəfindən quraşdırılmış 4 ədəd çardaqdan birinci çardaq 28.0 kv.m, ikinci çardaq 24.0 kv.m, üçüncü çardaq 22.0 kv.m olmaqla, üçü RX seriyalı ******* nömrəli Çıxarışa əsasən 0.06 ha(600 kv.m) torpaq sahəsindən kənarda yerləşməklə, iş materiallarına əlavə edilmiş, mühafizə zonasına dair tərtib olunmuş plana istinadən dəmir yolu xəttinin mühafizə zonasında yerləşdiyi müəyyən olunmuşdur. 1 ədəd yeni dördüncü çardaq isə 22.0 kv.m olmaqla 17.0 kv.m hissəsi, RX seriyalı ******* nömrəli Çıxarışa əsasən 0.06 ha (600.0 kv.m) torpaq sahəsindən kənarda yerləşməklə, iş materiallarına əlavə edilmiş, mühafizə zonasına dair tərtib olunmuş plana istinadən dəmir yolu xəttinin mühafizə zonasında yerləşir. Cavabdeh tərəfindən inşa edilmiş 3 ədəd köməkçi tikili olmaqla birinci 26.0 kv.m, ikinci 38.0 kv.m və üçüncü isə 65.0 kv.m olmaqla, birinci 26.0 kv.m tikilinin 14.0 kv.m hissəsi, ikinci 38.0 kv.m tikilinin 9.0 kv.m hissəsi, RX seriyalı ******* nömrəli Çıxarışa əsasən 0.06 ha (600 kv.m) torpaq sahəsindən kənarda yerləşməklə iş materiallarına əlavə edilmiş, mühafizə zonasına dair tərtib olunmuş plana istinadən dəmir yolu xəttinin mühafizə zonasında yerləşdiyi müəyyən edilmişdir. Təqdiqatın dəyəri 100 manat təşkil etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-6272/2024 nömrəli rəyində göstərilmişdir ki, araşdırma nəticəsində, RX seriyalı ******* nömrəli çıxarışa və həmin çıxarışın texniki pasportuna əsasən Cavabdeh Hüseyin oğlunun öz mülkiyyətində olan 0.06 ha (600.0 kv.m) torpaq sahəsindən kənarda inşa etdiyi və öz sözlərinə əsasən fərdi yaşayış evi kimi istifadə etdiyi 3 (üç) tikilidən hər biri 38.0 kv.m olmaqla, birinci tikilinin yerləşdiyi 38.0 kv.m, ikinci tikilinin yerləşdiyi 38.0 kv.m sahənin 30.0 kv.m hissəsi, iş materiallarına əlavə edilmiş, mühafizə zonasına dair tərtib olunmuş plana istinadən dəmir yolu xəttinin mühafizə zonasında yerləşdiyi müəyyən olundu. Mətbəx kimi istifadə etdiyi 89.0 kv.m tikilinin yerləşdiyi sahənin, mülkiyyətində olan torpaq sahəsindən kənarda yerləşən 14.0 kv.m hissəsi, iş materiallarına əlavə edilmiş, mühafizə zonasına dair tərtib olunmuş plana istinadən dəmir yolu xəttinin mühafizə zonasında yerləşir. Cavabdeh tərəfindən quraşdırılmış 4 (dörd) ədəd çardaqdan birinci çardaq 28.0 kv.m, ikinci çardaq 24.0 kv.m, üçüncü çardaq 22.0 kv.m olmaqla üçü, RX seriyalı ******* nömrəli çıxarışa əsasən 0.06 ha (600.0 kv.m) torpaq sahəsindən kənarda yerləşməklə, iş materiallarına əlavə edilmiş, mühafizə zonasına dair tərtib olunmuş plana istinadən dəmir yolu xəttinin mühafizə zonasında yerləşir. 1 (bir) ədəd yəni dördüncü çardaq isə 22.0 kv.m olmaqla 17.0 kv.m hissəsi, RX seriyalı ******* nömrəli Çıxarışa əsasən 0.06 ha (600.0 kv.m) torpaq sahəsindən kənarda yerləşməklə, iş materiallarına əlavə edilmiş, mühafizə zonasına dair tərtib olunmuş plana istinadən dəmir yolu xəttinin mühafizə zonasında yerləşir. Cavabdeh tərəfindən inşa edilmiş 3 (üç) ədəd köməkçi tikili olmaqla birinci 26.0 kv.m, ikinçi 38.0 kv.m və üçüncü isə 65.0 kv.m olmaqla, birinci 26.0 kv.m tikilinin 14.0 kv.m hissəsi, ikinci 38.0 kv.m tikilinin 9.0 kv.m hissəsi, RX seriyalı ******* nömrəli çıxarışa əsasən 0.06 ha (600.0 kv.m) torpaq sahəsindən kənarda yerləşməklə, iş materiallarına əlavə edilmiş, mühafizə zonasına dair tərtib olunmuş plana istinadən dəmiryolu xəttinin mühafizə zonasında yerləşdiyi müəyyən olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daşkəsən rayon İcra Hakimiyyəti Başçısının Bayan kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 5-42-2/2-192/2025 nömrəli arayışdan görünür ki, Gəncə-Daşkəsən yükdaşıma üçün nəzərdə tutulan dəmir yolunun Qızılca-Bayn-Quşçu stansiyası 2016-cı ildən fəaliyyətini dayandırmışdır.Yükləmə məntəqəsi sökülmüşdür. Hal-hazırda dəmir yolu reysləri bərbad vəziyyətdə olduğu üçün işlək vəziyyətdə deyil. İş materiallarında olan "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh tərəfindən dəmir yolunun mühafizə zolağında torpaq sahəsinin zəbt edilərək qanunsuz tikinti işlərinin aparıldığı Daşkəsən qolunun Qızılca- Bayan-Quşçu körpüsü sahəsinin 26 km pk10-da təhkim zolağının eni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 fevral tarixli 33 nömrəli qərarı ilə təsdiq edilmiş “Dəmir yolları üçün və dəmir yolunun sanitariya-mühafizə zonası üçün torpaqayırma Normalan”nın tələblərinə uyğun olaraq ərazi tökmə torpaq yatağında yerləşdiyi üçün kilometrin artım istiqaməti üzrə dəmir yolunun sağ tərəfində 40 m, sol tərəfdə isə 10 m təşkil edir. Ərazidən keçən "xxxx" QSC-yə məxsus dəmir yolu xəttinin 21ci km-ə kimi hissəsi, yəni Qızılca stansiyasına kimi yol istismar edilərək çınqıl daşınır. Dəmiryolu xəttinin Qızılca stansiyasından Quşçu körpüsünə qədər hissəsi 2023-cü ildən istifadə edilməsə də, istismara yararlıdır və söküntüsü nəzərdə tutulmamışdır. Həmin yoldan gələcəkdə filiz və digər yüklərin daşınması, habelə turizmin inkişafı çərçivəsində sərnişin daşınması üçün istifadə edilə bilər. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə müvafiq olaraq Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3. maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 140-ci maddəsinə görə, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya bpşqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 180-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. İşin faktiki hallarından göründüyü kimi, Cavabdeh məxsus 0,06 ha həyətyanı torpaq sahəsi və fərdi yaşayış evinə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq ona bu barədə çıxarış verilmişdir. Cavabdeh tərəfindən 2010-cu ildən mülkiyyətində olan torpaq sahəsində müvafiq qaydada tikinti işləri aparılmış və tikililərin eskiz layihə sənədləri icra hakimiyyətinin baş memarı tərəfindən təsdiq olunaraq hazırlanmaqla bir mərtəbəli fərdi yaşayış evi və digər yardımçı tikililər inşa edilmişdir. Cavabdehin mülkiyyətində olan torpaq sahəsi, onun üzərində yerləşən tikililər və onunla əlaqəli digər tikililərin bir hissəsi faktiki olaraq dəmir yolunun mühafizə zonasında yerləşir. Bununla yanaşı, tərəflərin izahatları və iş materiallarında olan video görüntü və fotoşəkillərə baxış keçirilən zaman müəyyən edilir ki, dəmir yolu xətti istifadəyə yararsız vəziyyətdədir və hazırda dəmir yolu xətti fəaliyyət göstərmir. Belə olan vəziyyətdə cavabdehin tikililəri dəmir yolu xəttinə heç bir təhlükə yaratmır. Məhkəmə hesab edir ki, nə qədər ki, daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir və tikililər hazırda istifadəyə yararsız dəmir yoluna təhlükə yaratmır, belə vəziyyətdə tikililərin sökülməsi tələbinə dair iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddiası təmin edilməməlidir. 250 manat məbləğində ekspertiza xərci "xxxx" QSC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddiası təmin edilməsin. 250 manat məbləğində ekspertiza xərci "xxxx" QSC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar