Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-979/2021 14.10.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Cavabdeh qarşı iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək təbiətə dəymiş ziyanla bağlı 73 800 manat məbləğin Cavabdeh tərəfindən 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Göygöl rayonu Yeni Zod kəndində qeydiyyatda olan və yaşayan Cavabdeh barəsində 08.06.2020-ci il tarixli icrası məcburi olan MN:0481791 saylı inzibati xəta haqqında qərar qəbul edilmiş və aşkar olunmuş qanun pozuntusu zamanı 73 800 manat ziyanla bağlı iddia hesablanmışdır. Cavabdeh barəsində Göygöl rayonu Mollacəlili kəndi yaxınlığında dövlət mülkiyyətində olan torpaq sahəsində 2 müxtəlif yerdən ETSN-nin müvafiq icazə sənədləri olmadan yerin təkindən qanunsuz istifadə edərək qarışıq süxur götürülməsi ilə bağlı 22.05.2020-ci il tarixli N 61296 saylı akt tərtib edilmişdir. Nəticədə Cavabdeh “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabietinin 29 mart 2020-ci il tarixli, 119 saylı qərarına əsasən təbiətə dəymiş hesablanaraq 73 800 manat təşkil etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında izahat verərək iddia tələbini müdafiə etdiyini bildirmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən etiraf edərək bildirmişdir ki, ona həmin ərazidən qum-çınqıl istehsal olunmuş, lakin aktda isə qarışıq suxur qeyd edilmiş, qarışıq suxurun kubu 18 manat, qum-çınqıl isə 5,0 manatdan hesablanır, Həmin ərazidən yalnız qum-çınqıl istehsalı üçün istifadə olunmuş, həmçinin ərazinin maillik vəziyyəti nəzərə alınmaqla oradan təqibən 1200 kub metr qum-çınqıl hasil etmişdir ki, bunun isə dəyəri 6.000 manat təşkil edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını və məhkəmə iclasında tədqiq edilən sübutlara hərətəfli, tam, obyektiv və qərərsiz baxaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki iş materiallarında olan: AR ETSN 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 22 may 2020-ci il tarixli, 61296 nömrəli aktda qeyd olunur ki, inzibati orqanın əməkdaşları tərəfindən Cavabdeh məxsus qum-çınqıl istehsalı karxananın yaxılığına baxış keçirilmiş, baxış zamanı karxananın sol və sağ yanlarından 2 müxtəlif yerdən yerin təkindən istifadə olunduğu müəyyən olunmuş, karxananın sağ hissəsindəki ərazidən 200 kub metr, sol hissəsindəki ərazidən 3900 kub metr həcmində qarışıq suxur götürməsi müəyyən olunmuşdur. İnzibati tənbeh vermə haqqında MN ******* seriya və nömrəli 08 iyun 2020-ci il tarixli qərarda qeyd olunur ki, sahibkar Cavabdeh barəsində AR İXM-nin 243.0.1, 114, 115-ci maddələri rəhbər tutularaq onun sahibkarlıq fəaliyyəti nəticəsində Göygöl rayonu Mollacəlili kəndi yaxınlığında torpaq sahəsində (dövlət mülkiyyətində olan ərazi) 2 müxtəlif yerdən ETSN-nin müvafiq icazə sənədləri olmadan yerin təkindən istifadə edərək ərazidən qarışıq suxur götürərək karxanaya daşınması faktı barədə müvafiq qərar qəbul edilmişdir. 08 iyun 2020-ci il tarixli 672 nömrəli məktubla cavabdeh yaranmış mübahisə ilə bağlı xəbərdar edilmişdir. Göygöl RİHB-nın müvafiq olaraq 12 noyabr 2013-cü il taixli 282 nömrəli və 25 oktyabr 2013-cü il tarixli 264 nömrəli sərəncamları ilə Göygöl rayonu dövlət mülkiyyətində olan Mollacəlili kəndinin yaxınlığında olan torpaq sahəsindən 3,5 ha torpaq sahəsi 15 il müddətə və 0,30 ha torpaq sahəsi 99 il müddətə qum-çınqıl istehsal etmək məqsədi ilə Cavabdeh icarəyə verilmişdir. Sərəncamlara əsasən 12 noyabr 2013-cü il tarixli və 25 oktyabr 2013-cü il tarixli Göygöl rayon İcra Hakimiyyəti ilə sahibkar Cavabdeh arasında icarə müqavilələr bağlanmışdır. Azərbaycan Respunlikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin 28 sentyabr 2021-ci il tarixli 18/H-184 nömrəli məktubunda görünür ki, mübahisə predmeti olan ərazidə yayılmış suxurların qum-çınqıl qarışığından ibarət olması qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbinin əsasını təşkil edən ziyanın həcminin qarışıq suxurun istismarına görə hesablanması halı iddiaçının təqdim etdiyi sənədlərə əsasən öz təsdiqini tapmamışdır. Göründüyü kimi iddiaçı orqan tərəfindən cavabdehə məxsus karxananın sol hissəsindən 200 kub metr, sağ hissəsindən 3900 kub metr qarışıq suxur hasil edilməsi barədə akt tərtib edilmiş olsa da, müvafiq ölçmə işləri aparılmadan, ərazinin relyefini, faydalı qazıntının növünü və həcmini müəyyən edən ekspert və ya mütəxəssis rəyləri əldə olunmadan borc məbləği hesablanmışdır. Halbuki, “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 41-ci maddəsinə əsasən yoxlanılmalı məsələlər barədə inzibati orqan ekspertiza təyin edə bilər. Odur ki,10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 22 may 2020-ci il tarixli, 61296 nömrəli akt vurulmuş zərərin həcminin təsdiqi üçün sübut kimi yetərli deyildir. Sübutetmə hüququnun prinsiplərinə görə iddiaçının təqdim etdiyi hallar və sübutlar tam deyildirsə, bu çatışmazlıq iddia tələbinin təmin edilməməsi üçün əsasdır. Bununla belə cavabdeh məhkəmə iclasında iddia tələbini 6.000 manat hissədə etiraf etmişdir. Həmin etiraf məhkəmə tərəfindən qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. “Azərbaycan Respublikasında yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə normatıvlərin təqdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 mart 2020-ci il tarixli qərarında qeyd olunur ki, qum-çınqıl faydalı yataqlarının qanunsuz işləməsinə görə 1 kub metr üçün 5 manat olmaqla dəymiş ziyan hesablanır. “Yerin təki haqqında” 13 fevral 1998-ci il tarixli Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən Azərbaycan Respublikasının, habelə xarici ölkələrin hüquqi və fiziki şəxsləri qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında yer təkinin istifadəçiləri ola bilərlər. Həmin Qanunun 46-cı maddəsinə əsasən bu Qanunun pozulmasına görə hüquqi və fiziki şəxslər bu hallarda məsuliyyət daşıyırlar: yerin təkindən istifadənin qanunvericiliklə müəyyən olunmuş qaydaları pozularsa, yerin təkindən özbaşına istifadə edilərsə, yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz aparılması, yer təkinin və ətraf mühitin mühafizəsi üzrə standartların (normaların, qaydaların) tələbləri pozularsa, yer təkinin çirklənməsinə və faydalı qazıntı yatağının istismar üçün yararsız hala düşməsinə yol verilərsə,geoloji və digər məlumatlara mülkiyyət hüququ və bu məlumatların məxfiliyi pozularsa, faydalı qazıntı yayılan sahələrdə özbaşına tikinti işləri aparılarsa,yerin təkindən istifadə edilərkən bina və qurğuların, eləcə də xüsusi mühafizə olunan ərazilərin və ətraf mühit obyektlərinin toxunulmazlığı təmin edilməzsə, yeraltı suların müşahidə quyuları, markşeyder və geodeziya nişanları məhv edilərsə və zədələnərsə,yerin təkindən istifadə edərkən ödəmə qaydaları müntəzəm olaraq pozularsa, ləğv edilən və konservasiya olunan dağ-qazmalarının və buruq quyularının əhalinin və ətraf mühitin təhlükəsizliyini təmin edən vəziyyətə gətirilməsi, habelə konservasiya müddəti ərzində faydalı qazıntı yataqlarının, dağ-qazmaların və buruq quyularının qorunması tələblərinə əməl edilməzsə,yerin təkindən istifadə edilərkən yararsız hala salınmış torpaq sahələri və digər təbiət obyektləri onların gələcək istifadəsi üçün yararlı vəziyyətə gətirilməzsə,yerin təkindən istifadə zamanı elm və mədəniyyət üçün maraq doğuran obyektlər aşkar edilərkən həmin sahədə işlər dayandırılmazsa və xüsusi razılıq və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verilməzsə. Yerin təkindən istifadə sahəsində bu Qanuna zidd olan hər hansı fəaliyyət qadağandır. Həmin Qanunun 47-ci maddəsinə əsasən yerin təkindən istifadə ilə əlaqədar mübahisələr inzibati qaydada və məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 48-ci maddəsinə əsasən yer təkinin təbii xassələrini pozmaqda təqsiri olan, yaxud yerin təkindən istifadə imkanlarını qismən və ya tamamilə istisna edən şəraiti yaradan müəssisələrin, təşkilatların, vəzifəli şəxslərin və vətəndaşların fəaliyyəti nəticəsində yer təki istifadəsinə vurulmuş ziyan onların vəsaiti hesabına ödənilir. Faydalı qazıntı yataqlarının zəngin sahələrinin seçmə üsulla hasilatını aparan, eləcə də yerin təkindən istifadə imkanlarını qismən və ya tamamilə istisna edən şəraiti yaradan, yaxud yatağın korlanmasına səbəb olan hərəkətlərdə təqsiri olan yer təki istifadəçisinin fəaliyyəti nəticəsində dövlətə vurulmuş ziyan istifadəçinin vəsaiti hesabına ödənilir. Vurulmuş ziyanın miqdarını və ödənilməsi qaydasını məhkəmə müəyyənləşdirir. Ziyanın ödənilməsi tərəflərin razılığı ilə yer təkinin pozulmuş təbii xassələrinin bərpası üzrə işlərin görülməsi ilə əvəz edilə bilər. Özbaşına yerin təkindən istifadə və faydalı qazıntı yataqları yerləşən sahələrdə aparılmış tikinti işləri çəkilmiş məsrəflər ödənilmədən dayandırılır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Əsasnaməsinə əsasən İdarə xidməti ərazisində təbii sərvətlərin, faunanın (balıqlar istisna olmaqla), floranın, xüsusi mühafizə olunan təbiət ərazilərinin mühafizəsi, istifadəsi sahəsində qanunvericiliyinin tələblərinə riayət olunmasına nəzarəti, eləcə də ətraf mühitin ekoloji vəziyyətin, təbii və antropogen təsirlər nəticəsində gedən proseslərin monitorinqini, qiymətləndirilməsini, proqnozlaşdırılmasını, eləcə də ekoloji maarifləndirməni həyata keçirən dövlət orqanıdır. Həmin Əsasnamənin 4.1.16-cı bəndində göstərilir ki, idarənin vurulmuş ziyanının ödənilməsi barədə məhkəmədə iddia qaldırmaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrinin rəhbər tutub qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh vurulmuş ziyana görə 6000 (altı min) manat vəsait tutularaq 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin bank hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №2-2(115)-979/2021
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-979/2021
14.10.2021 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver