Məhkəmə qərarları › İş №2-2(117)-229/2022

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(117)-229/2022

05.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(117)-229/2022 05.07.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “xx.xx.2016-cı il tarixli **********94716 nömrəli kredit xətti müqaviləsi üzrə 34000 ABŞ dolları məbləğində əsas borc, kreditin qaytarılma müddətinə - xx.xx.2019-cu il tarixinə qədər 10870,16 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər, xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5% (beş faiz) dərəcəsi ilə hesablanmış 12394,11 ABŞ dolları məbləğində zərər (əldən çıxmış fayda) əvəzi, xx.xx.2022-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə 35954,97 ABŞ dolları məbləğində penya olmaqla cəmi 93219,25 ABŞ dolları və xx.xx.2022-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 5 % (beş faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15 % (on beş) faiz dərəcəsi ilə hesablanan penya, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 (otuz) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 30 (otuz) manat məbləğində çəkilmiş xərclərin cavabdehdən tutulması, tutmanın xx.xx.2016-cı il tarixli **********94716/İM nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh mülkiyyət hüququ ilə məxsus olan Qəbələ rayonu, Hacallı kəndində yerləşən 0,0823 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki 917,6 kv.m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və ipoteka predmetinin dəyərindən borcların ödənilməsi, 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi və ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka müqaviləsinin 3.5-ci bəndinə əsasən 375000 manat məbləğində təyin edilməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “xx.xx.2016-cı il tarixli **********94716/İM nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh mülkiyyət hüququ ilə məxsus olan Qəbələ rayonu, Hacallı kəndində yerləşən 0,0823 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki 917,6 kv.m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və ipoteka predmetinin dəyərindən borcların ödənilməsi, xx.xx.2016-cı il tarixli **********94716 nömrəli kredit xətti müqaviləsi üzrə 49936,51 ABŞ dolları məbləğində əsas borc, kreditin qaytarılma müddətinə - xx.xx.2019-cu il tarixinə qədər 18933,65 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər, xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5% (beş faiz) dərəcəsi ilə hesablanmış 9636,81 ABŞ dolları məbləğində zərər (əldən çıxmış fayda) əvəzi, xx.xx.2022-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə 37457,35 ABŞ dolları məbləğində penya olmaqla cəmi 115 964,33 ABŞ dolları və xx.xx.2022-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 5 % (beş faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15 % (on beş) faiz dərəcəsi ilə hesablanan penya, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 (otuz) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 30 (otuz) manat məbləğində çəkilmiş xərclərin cavabdehdən tutulması” tələbinə dair iddia ərizəsi ilə Qəbələ Rayon Məhkəməsinə müraciət etmiş, sonuncu məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə “iddia tələbinin həcminin artırılması barədə” ərizə ilə müraciət edərək “xx.xx.2016-cı il tarixli **********94716 nömrəli kredit xətti müqaviləsi üzrə 34000 ABŞ dolları məbləğində əsas borc, kreditin qaytarılma müddətinə - xx.xx.2019-cu il tarixinə qədər 10870,16 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər, xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5% (beş faiz) dərəcəsi ilə hesablanmış 12394,11 ABŞ dolları məbləğində zərər (əldən çıxmış fayda) əvəzi, xx.xx.2022-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə 35954,97 ABŞ dolları məbləğində penya olmaqla cəmi 93219,25 ABŞ dolları və xx.xx.2022-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 5 % (beş faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15 % (on beş) faiz dərəcəsi ilə hesablanan penya, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 (otuz) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 30 (otuz) manat məbləğində çəkilmiş xərclərin cavabdehdən tutulması, tutmanın xx.xx.2016-cı il tarixli **********94716/İM nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh mülkiyyət hüququ ilə məxsus olan Qəbələ rayonu, Hacallı kəndində yerləşən 0,0823 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki 917,6 kv.m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və ipoteka predmetinin dəyərindən borcların ödənilməsi, 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi və ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka müqaviləsinin 3.5-ci bəndinə əsasən 375000 manat məbləğində təyin edilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2016-cı il tarixli **********4716 nömrəli kredit xətti müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh istifadə müddəti 36 ay olan 165 000 ABŞ dolları kredit verilmiş, borcalan Cavabdeh kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada illik 12% olmaqla faiz borcunu müqaviləyə əlavə edilmiş qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2017-ci il tarixli **********4716 nömrəli kredit müqaviləsinə 01 nömrəli Əlavə Sazişə əsasən xx.xx.2016-cı il tarixli **********4716 nömrəli kredit xətti müqaviləsində dəyişikliklər edilərək əsas borc məbləğinin 163250 ABŞ dolları təşkil etməsi, eyni zamanda kredit üzrə güzəşt müddətinin 07 ay uzadılaraq xx.xx.2017-ci il tarixədək müəyyən edilməsi qeyd edilmişdir. xx.xx.2016-cı il tarixli **********94716/İM nömrəli ipoteka müqaviləsindən görünür ki, xx.xx.2016-cı il tarixli **********4716 nömrəli kredit müqaviləsi üzrə öhdəliyin təminatı kimi ipoteka predmeti olaraq Qəbələ rayonu, Hacallı kəndində yerləşən əmlak kompleksi kimi müəssisə (0,0823 ha torpaq sahəsi ilə birlikdə) qəbul olunmuşdur. RX seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarışdan görünür ki, Qəbələ rayonu, Hacallı kəndində yerləşən əmlak kompleksi kimi müəssisə (0,0823 ha torpaq sahəsi ilə birlikdə) Cavabdeh məxsusdur və həmin daşınmaz əmlak "xxxx" ASC-nin Baş filialının xeyrinə yüklü edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin "xxxx"ASC-yə ünvanlanmış xx.xx.2018-ci il tarixli **********15 nömrəli məktubu ilə müəyyən edilir ki, xx.xx.2018-ci il tarixli 2522 nömrəli ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı bildirilir. Tərəflər arasında imzalanmış kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyindən kredit müqaviləsində müəyyən edilmiş kreditin qaytarılması müddətində xeyli vaxt keçdiyindən iddiaçı məhkəməyə müraciət edərək borcun tutularaq ipoteka predmetinə yönəldilməsini xahiş etmişdir. X1 Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2021-ci il tarixli təqdim edilmiş Daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabata əsasən ipoteka predmeti olan İsmayıllı şəhəri, Qəbələ rayonu, Hacallı kəndində yerləşən əmlak kompleksi kimi müəssisənin (0,0823 ha torpaq sahəsi ilə birlikdə) xx.xx.2021-ci il tarixə likvid dəyəri 467 976 manat müəyyən edilmişdir. xx.xx.2016-xx.xx.2021-ci illəri əhatə edən hesabdan çıxarışdan görünür ki, Cavabdeh tərəfindən müxtəlif tarixlərdə ödənişlər edilmiş, həmin hesabat üzrə son tarixə 49936,51 ABŞ dolları əsas borcu, 18933,65 ABŞ dolları məbləğində faiz borcu qalmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 9/4614 nömrəli ekspert rəyinə əsasən, xx.xx.2021-ci il tarixə Cavabdeh əsas borcu 49936,45 ABŞ dolları, faiz borcu 25509,87 ABŞ dolları, xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək illik 5% dərəcəsi ilə hesablanan faiz borcu 10052,95 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/3583 nömrəli ekspert rəyinə əsasən, Cavabdeh xx.xx.2022-ci il tarixə olan əsas borcu 33999,94 ABŞ dolları, faiz borcu 7393,43 ABŞ dolları, xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək illik 5% dərəcəsi ilə hesablanan faiz borcu 12394,1 ABŞ dolları təşkil edir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etsə də etibarnamə təqdim etməmiş, cavabdeh iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxmışdır. İddiaçı tərəfindən aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: xx.xx.2016-cı il tarixli **********4716 nömrəli kredit və xx.xx.2016-cı il tarixli **********94716/İM nömrəli ipoteka müqavilələri, DƏDRX-in çıxarışları, ödəniş cədvəli, hesabdan çıxarışlar, ekspertiza rəyləri və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verib hesab edir ki, iddia qismən təmin edilməlidir. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2016-cı il tarixli **********4716 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh istifadə müddəti 36 ay olan 165 000 ABŞ dolları kredit verilmiş, borcalan Cavabdeh kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada illik 12% olmaqla faiz borcunu müqaviləyə əlavə edilmiş qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2016-cı il tarixli **********94716/İM nömrəli ipoteka müqaviləsi ilə xx.xx.2016-cı il tarixli **********4716 nömrəli kredit müqaviləsi üzrə öhdəliyin təminatı kimi ipoteka predmeti olaraq Qəbələ rayonu, Hacallı kəndində yerləşən əmlak kompleksi kimi müəssisə (0,0823 ha torpaq sahəsi ilə birlikdə) qəbul olunmuş və X1 Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2021-ci il tarixli təqdim edilmiş Daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabata əsasən həmin əmlakın xx.xx.2021-ci il tarixə likvid dəyəri 467 976 manat müəyyən edilmişdir. Məhkəmənin təşəbbüşü ilə ekspertiza keçirilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/3583 nömrəli ekspert rəyinə əsasən, Cavabdeh xx.xx.2022-ci il tarixə olan əsas borcu 33999,94 ABŞ dolları, faiz borcu 7393,43 ABŞ dolları, illik 5% dərəcəsi ilə hesablanan faiz borcu 12394,1 ABŞ dolları təşkil edir. Məhkəmə ekspertiza rəylərinin ən son tarixə edilən ödənişlər nəzərə alınmaqla verilmiş tarix baxımından sonuncu rəyini daha mötəbər və əsaslı hesab etmişdir. İddia tələbinin “xx.xx.2016-cı il tarixli **********94716 nömrəli kredit xətti müqaviləsi üzrə 34000 ABŞ dolları məbləğində əsas borc, kreditin qaytarılma müddətinə - xx.xx.2019cu il tarixinə qədər 10870,16 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər, xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5% (beş faiz) dərəcəsi ilə hesablanmış 12394,11 ABŞ dolları məbləğində zərər (əldən çıxmış fayda) əvəzinin tutulması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində borc pul verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi (bundan sonra MM) maddə - 385.1, 386.1, 449.1, 470.1, 472.1, 739.2). Məhkəmə cavabdeh tərəfindən edilmiş ödənişlər nəzərə alınmaqla həmçinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli rəyini daha əsaslı və mötəbər sübut olaraq qəbul edərək Cavabdeh xx.xx.2016-cı il tarixli **********94716 nömrəli kredit xətti müqaviləsi üzrə 33999,94 ABŞ dolları məbləğində əsas borc, 7393,43 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış müqavilə üzrə faiz, xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış 12394,1 ABŞ dolları məbləğində pul vəsaitinin tutularaq "xxxx" ASC-yə ödənilməsini tələb etməkdə haqlı olduğundan, iddia tələbi bu hissədə təmin edilməlidir. İddia tələbinin “xx.xx.2022-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə 35954,97 ABŞ dolları məbləğində pensya məbləğinin tutulması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış kredit xətti müqaviləsinin 5.2-ci bəndində Barc alan tərəfindən əsas borcun tam məbləğinin və ya müvafiq hissəsinin qaytarılması müddətləri pozulduqda Borc alan Banka ödəniş vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün illik 15% dərəcəsi ilə hesablanan penya ödəyir. Məhkəmə tərəflər arasında bağlanmış kredit müqaviləsinin Azərbaycan Respublikası ərazisində bağlanmasını, həmin ərazidə istifadə edilməsini, xarici valyutada kredit məbləğinin Bank tərəfindən sahibkara verilməsinin qanunvericilikdə nəzərdə tutulmuş əsaslarını nəzərdən keçirib hesab edir ki, həddən artıq yüksək məbləğdə cərimə məbləğlərinin təyin edilməsini, xarici valyutanın milli valyutaya nisbətən dəyərinin artmasından az bir müddət sonra hazırkı müqavilənin bağlanmasını, həmçinin cavabdeh tərəfindən xeyli ödənişlər edilməsini və hazırkı mübahisənin məhkəmə icraatında olduğu dövrdə də ödənişlər edilməsini nəzərə alınaraq həmçinin tərəflərin əmlak mənafeləri və qanuni maraqlarının təmin edilməsi baxımından penya tələbi hissəsində iddia tələbinin 1500 ABŞ dolları məbəğində təmin edilməsi ədalətli və qanuni hesab edir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467). Hazırki iş üzrə tərəflər arasında bağlanmış müqavilənin ödəniş planından göründüyü kimi, kredit üzrə vaxtaşırı ödənişlər edilmişdir. Eyni zamanda, iddiaçı məhkəməyə vaxtında müraciət etməməklə cərimə məbləğinin artırılmasına şərait yaratmışdır. Bütün bunlar məhkəmənin hazırkı qənaətə gəlməsini şərtləndirən əsaslardır. Məhkəmə iddia tələbinin “tutmanın Cavabdeh məxsus İsmayıllı şəhəri, Qəbələ rayonu, Hacallı kəndində yerləşən əmlak kompleksi kimi müəssisənin (0,0823 ha torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, açıq hərracda satılması, satışından əldə olunan vəsait hesabına kredit borcunun ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 39.3.3-cü maddəsinə əsasən, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən iddaçıya borcu yaranmışdır və bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı tələbin ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır. Bundan başqa ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, işin məhkəmə araşdırması zamanı X1 Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2021-ci il tarixli təqdim edilmiş Daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatına əsasən ipoteka predmeti olan Cavabdeh məxsus İsmayıllı şəhəri, Qəbələ rayonu, Hacallı kəndində yerləşən əmlak kompleksi kimi müəssisənin (0,0823 ha torpaq sahəsi ilə birlikdə) likvid dəyəri 467 976 manat müəyyən edilmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçının qeyd etdiyi kredit və ipoteka müqaviləsinin bağlandığı dövrdə tərəflərin razılaşdıqları ipoteka predmetinin likvid dəyərinin müəyyən edilməsi mümkün deyildir, belə ki, tərəflər arasınad müqavilənin bağlandığı 2016-cı ilin 09 mart tarixindən hazırkı dövrədək xeyli müddət ötmüş və ipoteka predmetinin dəyərinin artması şübhəsizdir. Ona görə də X1 Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2021-ci il tarixli təqdim edilmiş Daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabataına əsasən ipoteka predmetinin likvid dəyəri olan 467 976 manat müəyyən edilməli, əmlak açıq hərracda satılmalı və satışdan əldə edilən vəsait kredit borcuna yönəldilməlidir. İddia tələbinin “xx.xx.2022-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 5 % (beş faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15 % (on beş) faiz dərəcəsi ilə hesablanan penyanın hesablanması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi bu hissədə qeyri-müəyyən olduğundan, əsaslandırılmadığıdan, həmçinin qətnamənin icrası dövründə ortaya çıxan məsələ olduğundan, iddiaçı konkret olmayan və qeyri-müəyyən tələblə çıxış etdiyindən həmin hissədə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən Cavabdeh 30 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 116.2-ci maddəsinə əsasən, məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir. 117.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Bu səbəbdən də məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri olan 400 manat məbləğində ekspertiza xərcinin 200 manatı iddiaçıdan, 200 manatı cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Nəticəvi hissə: İddia qismən təmin edilsin. xx.xx.2016-cı il tarixli **********94716 nömrəli kredit xətti müqaviləsi üzrə 33999,94 ABŞ dolları məbləğində əsas borc, 7393,43 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış müqavilə üzrə faiz, xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış 12394,1 ABŞ dolları məbləğində pul vəsaiti, kredit müqaviləsinin qüvvədə olduğu dövr üçün 1500 ABŞ dolları məbləğində penya olmaqla, cəmi 55 287,47 (əlli beş min iki yüz səksən yeddi ABŞ dolları, qırx yeddi sent) ABŞ dolları ödəniş gününə Azərbaycan manatına olan məzənnə ilə, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 30 manat məbləğində vəsait, iddia ərizəsinə görə ödənilmiş 30 manat məbəğində dövlət rüsumu Cavabdeh tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tutma Cavabdeh mülkiyyətində olan Qəbələ rayonu, Hacallı kəndində yerləşən 0,0823 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki 917,6 kv.m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəsissəyə yönəldilsin. Həmin əmlak kompleksi açıq hərracda satılsın. İpoteka predmetinin satışı üçün likvid dəyəri 467976 (dörd yüz altmış yeddi min doqquz yüz yetmiş altı) manat müəyyən edilsin. İpoteka predmetinin satışından əldə edilən vəsait hesabına Cavabdeh "xxxx" ASCyə olan hazırkı qətnamə üzrə olan borcu ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 400 manat məbləğində ekspertiza xərcinin 200 manatı iddiaçıdan, 200 manatı cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar