Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(117)-49/2020 31.01.2020 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, iddiaçı Azərbaycan Respublikası Əlil Qadınlar Cəmiyyəti İctimai Birliyinin Cavabdeh qarşı “birliyin qanuni istifadəsində (icarəsində) olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 121 kv.m təşkil edən qeyri-yaşayış sahəsinin boşaldılması” barədə iş materiallarına baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Əlil Qadınlar Cəmiyyəti İctimai Birliyi Cavabdeh qarşı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, “ünvan 1 ünvanında yerləşən 121 kv.m sahəsi olan ofisdə cəmiyyətin fəaliyyətinə və ofis otaqlarından istifadə edilməsinə törədilən maneçiliklərə son qoyulması, ofis binasında hər hansı sahibkarlıq-kommersiya fəaliyyətinə qadağa qoyulması və cavabdehdən birliyin Mingəçevir şəhər şöbəsinin dəyirmi möhürü, künc ştampı, təşkilata aid olan bütün sənədlərin alınaraq cəmiyyətə verilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Əlil Qadınlar Cəmiyyəti İctimai Birliyinin nümayəndəsi X1 xx.xx.2019-cu il tarixli məhkəmə iclasında ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin həcmini azaltmış və birliyin qanuni istifadəsində (icarəsində) olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 121 kv.m təşkil edən qeyri-yaşayış sahəsinin boşaldılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsi cavabdehin sədrlik etdiyi şöbənin fərdi sahibkar statusuna malik olması və tərəflərin sözügedən qeyri-yaşayış sahəsi ilə bağlı bağlanmış müqaviləni mübahisələndirmələrini əsas gətirərək hazırkı mübahisənin iqtisadi mübahisə olduğu qənaətinə gəlmiş və xx.xx.2019-cu il tarixli 2(051)-2280/2019 nömrəli qərardadla işi baxılması üçün aidiyyəti üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinə göndərmişdir. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, Mingəçevir Şəhər Məhkəməsi mülki işi baxılması üçün aidiyyəti üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinə göndərməkdə haqlı olmamışdır. Buna görə də məhkəmə aidiyyəti məsələsinin həll edilməsi üçün iş Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməlidir. Belə ki, Mingəçevir Şəhər Məhkəməsi işin aidiyyatı üzrə göndərilməsi barədə qərardadını onunla əsaslandırmışdır ki, cavabdehin sədrlik etdiyi şöbə fərdi sahibkar statusuna malik olduğundan və tərəflər sözügedən qeyri-yaşayış sahəsi ilə bağlı bağlanmış müqaviləni mübahisələndirdiklərindən yaranmış mübahisəyə ümumi məhkəmədə deyil, Şəki İnzibati-İqtisadi Məhkəməsində baxılmalıdır. Mingəçevir Şəhər Məhkəməsinin qərardadı ilə razılaşmayan məhkəmə qeyd edir ki, hazırkı tələbə ümumi məhkəmədə baxılmalıdır. İlk öncə məhkəmə qeyd edir ki, kommersiya mübahisələri dedikdə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Göründüyü kimi qanunvericiliklə mübahisənin məhkəmə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri görə müəyyən edilir ki, hazırkı mübahisədə tərəflərin subyektiv tərkibi mübahisəyə kommersiya məhkəmələri tərəfindən baxılmasını istisna edir. Belə ki, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan qeyri-kommersiya hüquqi şəxsdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.5-ci maddəsinə əsasən hüquqi şəxslər fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan (kommersiya hüquqi şəxsləri) və ya əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən (qeyri-kommersiya hüquqi şəxsləri), habelə ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan (publik hüquqi şəxslər) qurumlar ola bilər. 43.6-cı maddəsinə əsasən qeyri-kommersiya qurumları olan hüquqi şəxslər ictimai birliklər, fondlar, hüquqi şəxslərin ittifaqları formasında, habelə qanunvericilikdə nəzərdə tutulan digər formalarda yaradıla bilər. Qeyri-kommersiya hüquqi şəxsləri sahibkarlıq fəaliyyəti ilə yalnız o hallarda məşğul ola bilərlər ki, bu fəaliyyət onların yaradılması zamanı qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət etsin və bu məqsədlərə uyğun gəlsin. Sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün qeyri-kommersiya hüquqi şəxsləri təsərrüfat cəmiyyətləri yarada bilər və ya onlarda iştirak edə bilərlər. Hazırkı iş üzrə iddiaçı Əlil Qadınlar Cəmiyyəti İctimai Birliyi qeyri-kommersiya hüquqi şəxs olmaqla xx.xx.1997-ci il tarixdə ictimai birlik formasında qeydə alınmış, nizamnaməsində kommersiya fəaliyyətinin həyata keçirilməsi nəzərdə tutulmamış və fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət deyildir. Cavabdehə münasibətdə iş materiallarından müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.1999-cu il tarixdən Azərbaycan Respublikası Əlil Qadınlar Cəmiyyəti İctimai Birliyinin Mingəçevir şəhər şöbəsinin sədri vəzifəsində işləmiş və xx.xx.2019-cu il tarixdən işdən azad edilmişdir. X3 əldə edilmiş məlumatdan müəyyən edilir ki, o, fərdi sahibkar statusuna malik deyildir. Göründüyü kimi iddiaçı kommersiya hüquqi şəxs olmadığından və cavabdeh fiziki şəxs olduğundan tərəflərin subyektiv tərkibinə görə onların iştirakçısı olduğu mübahisilərə baxılması kommersiya məhkəmələrinin səlahiyyətinə aid deyildir. Bundan başqa mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterinə münasibətdə məhkəmə qeyd edir ki, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.37-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir. İş materiallarından müəyyən edildiyi kimi, tərəflər arasında yaranmış mübahisə iddiaçı cəmiyyət tərəfindən icarəyə götürülmüş qeyri-yaşayış sahənin boşaldılmasından ibarətdir. Yəni, başqa sözlə desək iddiaçı cəmiyyətin icarəyə götürdüyü qeyri-yaşayış sahəsindən cavabdehin çıxarılmasından ibarətdir. Belə olan halda tərəflər arasında yaranmış mübahisə icarəyə götürülmüş əmlakın başqasının qeyri-qanuni sahibliyindən geri alınmasından ibaətdir ki, bu növ mübahsə də mülki xarakterlidir və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Beləliklə şərh olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı mübahisə istər tərəflərlərin subyektiv tərkibi, istərsə də mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterinə görə mülki mübahisə olduğundan hazırkı mübahisəyə kommersiya məhkəmələri tərəfindən deyil ümumi məhkəmələr tərəfindən baxılmalıdır. Bu səbəbdən də məhkəmə aidiyyəti məsələsinin həll edilməsi üçün iş materialları Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.7-ci maddəsinə əsasən, bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda kasasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Azərbaycan Respublikası Əlil Qadınlar Cəmiyyəti İctimai Birliyinin Cavabdeh qarşı “birliyin qanuni istifadəsində (icarəsində) olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 121 kv.m təşkil edən qeyri-yaşayış sahəsinin boşaldılması” barədə iş məhkəmə aidiyyəti məsələsinin həll edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №2-2(117)-49/2020
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(117)-49/2020
31.01.2020 · Aidiyyəti üzrə daxil olan işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver