Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(117)-89/2022 15.03.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və vəkili Vəkil iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X3 qarşı “19.11.2015-ci il tarixli kredit müqaviləsi üzrə 10204,50 manat əsas, 1414,05 manat faiz, 1958,29 manat cərimə, 30.11.2018-ci il tarixdən 24.09.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 %lə hesablanmış 940,40 manat əldən çıxmış fayda olmaqla cəmi 14517,24 manat borcun, 30 manat dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat rüsum və 20 manat xidmət haqqının cavabdehlərdən tutularaq ödənilməsi, tutmanın cavabdehlərin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 2 otaqlı fərdi yaşayış evinə 0,06 ha torpaq sahəsi ilə birlikdə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi, satışdan əldə olunan vəsait kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, əmlak satıldıqdan sonra cavabdehlərin əmlakdan istifadə hüquqlarının itirilmiş hesab edilməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi: Təsviri hissə: "xxxx" İKB ASC-nin Qəbələ filialı ilə (VÖEN **********) X1 arasında bağlanmış 19.11.2015-ci il tarixli 5-SKMF-1-0-416-15 nömrəli əsas kredit müqaviləsinə əsasən bank tərəfindən X1ə 72 ay müddətinə ümumilikdə 15000 manat məbləğində və yaxud kredit veriləcək gün bu məbləğin ABŞ dolları və ya avro ekvivalentində kredit limiti ayrılmış, həmin tarixli, nömrəli əlavə kredit müqaviləsinə əsasən Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə dövriyyə vəsaitinin artırılması məqsədilə istifadə müddəti 36 ay olan (12 ay güzəşt müddəti olmaqla) 12000 manat kredit verilmiş, borcalan kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada illik 6 % olmaqla faiz borcunu ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 10.2-ci bəndinə əsasən borcalan üzərinə düşən öhdəlikləri lazımınca icra etmədikdə və yaxud müəyyənləşdirilmiş müddətdə icra etmədikdə kreditin ödənilməmiş məbləğinin, vaxtında ödənilməmiş faizlərin və gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilmiş gün üçün faizlər də hesablanmaqla ümumi məbləğin 0,1 % miqdarında banka dəbbə pulu ödəyir. Əsas və əlavə kredit müqavilələri üzrə borcun və əsas borca hesablanmış faizlərin təminatı olaraq 19.11.2015-ci il tarixli ipoteka müqaviləsində göstərilmiş X6, Cavabdeh1, Cavabdeh2 və X2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 2 otaqlı fərdi yaşayış evi 0,06 ha torpaq sahəsi ilə birlikdə ipoteka predmeti kimi qəbul olunmuşdur. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, ********** VÖEN üzrə hüquqi şəxsin adı İddiaçı ASC-yə dəyişdirilmişdir. Cavabdeh X1 kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş, nəticədə ödənilməmiş borcu qalmışdır. Kreditgötürən X1 19.09.2017-ci il tarixdə ölmüş, 07.11.2019-cu ildə X11 Xidmət Mərkəzinin notariat ofisində açılmış vərəsəlik işi üzrə vərəsələri Cavabdeh1, Cavabdeh2 və X4r. İddiaçı bank cavabdehin ödənilməmiş 10204,50 manat əsas, 1414,05 manat faiz, 1958,29 manat cərimə, 30.11.2018-ci il tarixdən 24.09.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 %-lə hesablanmış 940,40 manat əldən çıxmış fayda olmaqla cəmi 14517,24 manat borcun ödənilməsi, borcun ipoteka predmeti olan fərdi yaşayış evinə və torpaq sahəsinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, satışından əldə olunan vəsait hesabına kredit borcunun ödənilməsi, satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədiyi halda qalan qətnamənin ümumi qaydada icra edilməsi, ipoteka qoyanların evdən istifadə hüquqlarının itirilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İşin məhkəmə araşdırması zamanı X9 MMC tərəfindən təqdim edilmiş hesabata əsasən ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 2 otaqlı fərdi yaşayış evinin 0,06 ha torpaq sahəsi ilə birlikdə likvid dəyəri 74210 manat müəyyən edilmişdir. İşin məhkəmə araşdırması zamanı Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 05.10.2021-ci il tarixli 9/6219 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, cavabdehlərin 24.09.2020-ci il tarixə (maliyyə arayışı tarixi) olan əsas borcu 9517,99 manat, faiz borcu 451,48 manat təşkil edir. İddiaçının nümayəndəsi məhkəmə iclasında izahatında bildirdi ki, iddiaçı ilə cavabdeh X6 arasında kredit müqaviləsi imzalanmışdır. Cavabdeh X6 2017-ci ildə rəhmətə getmiş, borcu ödəmək üçün varislərinə müraciət olunmuşdur. Kredit məbləğinin cənab Prezidentin fərmanının dairəsinə düşüb-düşməməsini bilmir. Hazırda İddiaçı ASCnin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X3 qarşı 19.11.2015-ci il tarixli kredit müqaviləsi üzrə 10204,50 manat əsas, 1414,05 manat faiz, 1958,29 manat cərimə, 30.11.2018-ci il tarixdən 24.09.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 %-lə hesablanmış 940,40 manat əldən çıxmış fayda olmaqla cəmi 14517,24 manat borcun, 30 manat dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat rüsum və 20 manat xidmət haqqının cavabdehlərdən tutularaq ödənilməsi, tutmanın cavabdehlərin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 2 otaqlı fərdi yaşayış evinə 0,06 ha torpaq sahəsi ilə birlikdə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi, satışdan əldə olunan vəsait kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, əmlak satıldıqdan sonra cavabdehlərin əmlakdan istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh2 məhkəmə iclasında izahatında bildirdi ki, mərhum atasının bank qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırmır. Atası öldükdən sonra banka müraciət edib, ölüm kağızını təqdim etmişdir ki, faiz və cərimə məbləği hesablanması dayandırılsın. Sonradan başqa ölkəyə getmişdir ki, işləyib borcları ödəsin. Müəyyən miqdar pul göndərmiş və banka keçirmişlər. Sonradan məlum olmuşdur ki, ödənilən pullar əsas məbləğdən yox faiz və cərimədən silinib. Ona görədə ödəməni dayandırmışlar. Hal-hazırda borcun olduğunu qəbul edir. Bank qrafiq versə ona uyğun aylıq ödənişlər edər. Kreditin restrukturizasiyası üçün dəfələrlə banka müraciət etmişlər, amma bank onlara bildirmişdir ki, daşınmaz əmlakların məsələlərinə hələ baxılmır. Ona görədə bank tərəfindən borc restrukturizasiya olunmamışdır. Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, yoldaşı rəhmətə gedəndən 5 gün sonra ölüm haqqında şəhadətnaməni Nikoil banka təqdim etmişdir. Bankdan demişlər ki, faizlər dondurulur. Onlarda gücləri çatan qədər ödəmişlər. Bank onlara demişdir ki, onların məsələsinə Qəbələ notariat kontorunda baxılanda xəbər edəcəklər. Çox gözləmişlər lakin bankdan xəbər çıxmamışdır. Evə bildiriş gəldi ki, məhkəməyə dəvət olunurlar. Pulu iş qurmaq məqsədilə götürmüşlər. Cavabdeh1 vəkili Vəkil Pirumud oğlu məhkəmə iclasında izahatında bildirdi ki, kredit gecikmədə olduğu üçün Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanının təsirinə düşmüşdür. Hüquqlarını müdafiə ettiyi şəxslərdə bankın rayon filialına yaxınlaşmış və kreditin restrukturizasiya olunması üçün müraciət edib yeni müqavilə imzalamağı təklif etmişdir. Məhkəmədən xahişi bu təklifi nəzərə alıb qərar qəbul etməsidir. Cavabdeh X5 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə X2 iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Kredit müqavilələri, İpoteka müqaviləsi, Bildiriş, Ölüm haqqında şəhadətnamə, Vərəsəlik işinin surəti, Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar, Ödəniş cədvəli, mütəxəssis rəyləri, ekspert rəyi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İddia tələbinin 10204,50 manat əsas borcun ödənilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 449.1, 470.1, 472.1, 739.2). Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1306.2-ci maddəsinə əsasən əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının hüquqi varisi olduğu "xxxx" İKB ASC-nin Qəbələ filialı ilə (VÖEN **********) X1 arasında bağlanmış 19.11.2015-ci il tarixli 5-SKMF-1-0-416-15 nömrəli əsas kredit müqaviləsinə əsasən bank tərəfindən X1ə 72 ay müddətinə ümumilikdə 15000 manat məbləğində və yaxud kredit veriləcək gün bu məbləğin ABŞ dolları və ya avro ekvivalentində kredit limiti ayrılmış, həmin tarixli, nömrəli əlavə kredit müqaviləsinə əsasən Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə dövriyyə vəsaitinin artırılması məqsədilə istifadə müddəti 36 ay olan (12 ay güzəşt müddəti olmaqla) 12000 manat kredit verilmiş, borcalan kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada illik 6 % olmaqla faiz borcunu ödəməyi öhdəsinə götürmüşdür. X1 kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə onun ödənilməmiş borcu qalmışdır. Eyni zamanda işin məhkəmə araşdırması zamanı Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 05.10.2021-ci il tarixli 9/6219 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, cavabdehlərin 24.09.2020-ci il tarixə (maliyyə arayışı tarixi) olan əsas borcu 9517,99 manat, faiz borcu 451,48 manat təşkil edir. X1 19.09.2017-ci il tarixdə ölmüş, 07.11.2019-cu ildə X11 Xidmət Mərkəzinin notariat ofisində açılmış vərəsəlik işi üzrə mirasqoyanın mirasının sığorta pulu, yaşayış evi və torpaq sahəsi olması və vərəsələrinin Cavabdeh1, Cavabdeh2 və X5 olması müəyyən edilmişdir. Eyni zamanda X9 MMC tərəfindən təqdim edilmiş hesabata əsasən miras əmlak olan fərdi yaşayış evi və torpaq sahəsinin 74210 manat olması müəyyən edilmişdir. Yuxarıda sadalanan qanunvericliyin tələbi baxımından məhkəmə hesab edir ki, miras əmlakların dəyəri kreditora ödəniləcək məbləğdən yüksək olduğundan ekspert rəyində qeyd olunan 9517,99 manat əsas borc cavabdehlərdən tutularaq İddiaçı ASC-yə ödənilməli, qalan hissədə iddia əsas borca münasibətdə rədd edilməlidir. Belə ki, cavabdehlər miras qoyan əsas borclunun ünvan 1 ünvanında 0,06 ha torpaq sahəsi və üzərində yerləşən 2 otaqlı fərdi yaşayış evinə münasibətdə vərəsələrdir. İddia tələbinin müqavilə müddəti üçün hesablanmış 1414,05 manat faiz, 1958,29 manat cərimə, 30.11.2018-ci il tarixdən 24.09.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 %-lə hesablanmış 940,40 manat əldən çıxmış faydanın ödənilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi bu hissələrdə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Bundan başqa kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Mülki Məcəllənin 445.7-ci maddəsi borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Mülki Məcəllənin 445.7-nə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindən olmasını, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirlərinin əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasını və sair halları nəzərə alan ölkə başçısı tərəfindən, dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixdə 551 nömrəli Fərman imzalanmışdır. Həmin Fərmana əsasən, güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi başa düşülür. Fərmanın 3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etməli, bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən edərək və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməlidir. Fərmanın 5-ci bəndinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilmişdir ki, bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini, bu Fərmandan irəli gələn digər tədbirlərin həyata keçirilməsini təmin etsin. Fərmanın 6-cı bəndinə əsasən banklara bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etmələri, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Məhkəmə həmin Fərmanın qəbul edilməsi məqsədlərini nəzərə alaraq hesab edir ki, Fərmanın tələblərinin təkcə xarici valyutada alınmış kreditlərə deyil, milli valyutada olan kredit borclarına da şamil edilir. Fərmanda problemli kreditlərlə bağlı məsələlərin həlli ilə bağlı bütün banklara müvafiq dövlət vəsaitinin ayrılmasının qeyd edilməsinə baxmayaraq, Bankın Fərmanda qeyd edilən müddəaları nəzərə almadan yenidən hazırkı vaxta kimi mövcud borcun tələbi barədə iddia ilə məhkəməyə müraciətinin tam olaraq təmin edilməsi qanuni və ədalətli hesab edilə bilməz. Belə ki, qeyd edilən Fərmanda Banklar üçün dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti nəzərə alınaraq banklar tərəfindən kredit borcu olan şəxslərlə güzəştli şərtlərlə yeni müqavilələrin bağlanması ilə bərabər, faiz və cərimə məbləğlərinin silinməsi də qeyd edilmişdir. Bu səbəbdən məhkəmə qeyd edilən Fərmanın tələblərini nəzərə almaya bilməz. Bundan əlavə, Fərmanın qəbulundan iki ildən artıq müddət keçdiyindən məhkəmə tərəfindən iddia ərizəsinə məhkəməyə qədər pretenziya qaydasına əməl edilməməsi səbəbindən baxılmasından imtina edilə bilmir. Çünki artıq Fərmanla ayrılan vəsait üzrə müvafiq maliyyə ili başa çatmış, müddət keçmişdir. Məhkəmə hesab edir ki, ölkə başçısının yuxarıda qeyd edilən Fərmanı hazırkı iş üzrə cavabdehə münasibətdə milli valyutada olan kreditinin əsas məbləğinin güzəşt edilməsi qaydasını, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən etdiyindən, restrukturizasiyaya təklif olunması üçün müəyyən edilmiş kredit məbləğinin restrukturizasiya olunmamasını nəzərə alaraq, iddia tələbini restrukturizasiya olunması təklif olunan borc məbləği həddində təmin edilməsi qanuni və ədalətli hesab edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbi müqavilə müddəti üçün hesablanmış 1414,05 manat faiz, 1958,29 manat cərimə, 30.11.2018-ci il tarixdən 24.09.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 %-lə hesablanmış 940,40 manat faiz məbləğinin (əldən çıxmış fayda) ödənilməsi hissəsində rədd edilməlidir. Belə ki, iddiaçı Fərmanın tələblərini yerinə yetirməmiş və hərəkətsizlik edərək Fərmanın icrası müddətinin bitməsini gözləyərək məhkəməyə müraciət etmişdir. Cavabdehlə restruktruzasiya tətbiq olunmaqla yeni müqavilə bağlanılsaydı, Fərmanın tələbinə müvafiq olaraq iddiaçı kredit müqaviləsi üzrə hesablanmış faiz və cərimə borcunu silməli, yeni müqaviləni əsas qalıq borca görə bağlamış olacaqdı. Çünki faizlərin silinməsi dedikdə Fərmana görə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun silinməsi başa düşülür. Banklar borclulardan Fərmanın təsiri altına düşən kreditlər üzrə faiz və cərimə borclarını deyil, yalnız əsas borclarını tələb edə bilərlər. Bundan başqa, məhkəmə iddia tələbinin tutmanın cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 2 otaqlı fərdi yaşayış evinə 0,06 ha torpaq sahəsi ilə birlikdə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satışından əldə olunan vəsait hesabına kredit borcunun ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 39.3.3-cü maddəsinə əsasən, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, əsas borclu müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən iddiaçıya borcu yaranmış və bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı tələbin ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır. Bundan başqa ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, işin məhkəmə araşdırması zamanı X9 MMC tərəfindən təqdim edilmiş hesabata əsasən ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 2 otaqlı fərdi yaşayış evinin 0,06 ha torpaq sahəsi ilə birlikdə likvid dəyəri 74210 manat müəyyən edilmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, X9 MMC tərəfindən alınmış hesabata əsasən fərdi yaşayış evinin və torpaq sahəsinin ilkin satış dəyəri 74210 manat müəyyən edilməli, satışdan əldə edilən vəsait kredit borcuna yönəldilməlidir. Bundan başqa, iddia tələbinin “satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədiyi halda qətnamənin ümumi qaydada icra edilməsi, habelə cavabdehlərin evdən istifadə hüquqlarının itirilməsi” hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia bu hissədə rədd edilməlidir. Belə ki, İpoteka haqqında Qanunun 47.5-ci maddəsinə əsasən, ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. Göründüyü kimi, satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə kifayət etməməsi halına dair qanunvericiliyin tənzimləməsi mövcuddur ki, ehtimalən belə olduğu təqdirdə icra qurumu məhkəmə qətnaməsinin pulun tutulması hissəsinə münasibətdə icra tədbirləri davam etdirilir. Məhkəmə yalnız pulun tutulması və tutulmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı mübahisəyə baxmalıdır. Digər məsələlər isə İcra Haqqında və İpoteka haqqında Qanunların tələbi baxımından icra qaydasında həllini tapan məsələlərdir. Məhkəmə qətnaməsi özündə mübahisə edilən hüquq münasibətləri ilə bağlı ehtimallara deyil mövcud vəziyyətə əsaslanmalı olduğundan məhkəmə hesab edir ki, iddia qiymət verilən hissələrdə rədd edilməlidir. Bundan başqa əmlak satıldıqdan 1 ay sonra cavabdehlərin əmlakdan istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbini irəli sürmək üçün iddiaçı subyektiv hüquqa malik deyildir. Belə ki, bu hüquq mülkiyyətçiyə məxsus olan hüquqdur ki, iddiaçı ipoteka predmetinin hazırki vəziyyətdə mülkiyyətçisi deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu səbəbdən də tutmanın ipoteka predmetinə yönəldilməsinin DƏDRXdə qeydiyyata alınması üçün ödənilmiş 30 manat tam cavabdehlərdən tutulmalı, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu isə təmin edilmiş hissəyə münasib olaraq 19,67 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 10,33 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 116.2-ci maddəsinə əsasən, məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir. 117.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Bu səbəbdən də məhkəmə hesab edir ki, ipoteka predmetinin qiymətləndirilməsi üçün məhkəmənin təşəbbüsü ilə aparılmış tədqiqatın dəyəri olan 110 manat pul, habelə iş üzrə təyin edilmiş məhkəmə ekspertizaları üzrə 100 manat və 100 manat olmaqla cəmi 200 manat ekspertiza xərcləri iddiaçı və cavabdehlərdən bərabər tutularaq müvafiq qaydada ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 9517,99 manat manat əsas borc, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat rüsum, 20 manat xidmət haqqı və 19,67 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Borc məbləği cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 2 otaqlı fərdi yaşayış evinə 0,06 ha torpaq sahəsi ilə birlikdə yönəldilsin. İpoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 2 otaqlı fərdi yaşayış evinə 0,06 ha torpaq sahəsi ilə birlikdə ilkin satış (likvid) qiyməti 74210 manat məbləğində müəyyən edilsin və həmin əmlak açıq hərraclar vasitəsi ilə satılsın. Satışdan əldə edilmiş vəsait cavabdehlərin İddiaçı ASC-yə olan borcunun ödənilməsinə yönəldilsin. İddia qalan hissələrdə rədd edilsin. Ödənilmiş 10,33 manat dövlət rüsumu iddiaçıya aid edilsin. İpoteka predmetinin qiymətləndirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 110 manat pulun 55 manatı İddiaçı ASC-dən və 55 manatı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 tutularaq “X9” MMC-nin hesabına ödənilsin. İş üzrə təyin edilmiş məhkəmə ekspertizaları üzrə 100 manat və 100 manat olmaqla cəmi 200 manat ekspertiza xərclərinin 100 manat hissəsi İddiaçı ASC-dən, qalan 100 manat hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 tutularaq dövlət büdcəsinə (keçiriləcək hesab: Büdcə təsnifatının kodu:142319, Büdcə səviyyəsinin kodu:3, SAP (XİİS) hesabı-X8, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE********************) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №2-2(117)-89/2022
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(117)-89/2022
15.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver