Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(119)-24/2021 12.03.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X2 qızının katibliyi, İddiaçı, Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “qanunsuz tikilinin sökülməsi və torpaq sahəsinə gediş-gəliş yolunun bərpa olunması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı xx xxxx 2020-ci ildə Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “qanunsuz tikilinin sökülməsi və torpaq sahəsinə gediş-gəliş yolunun bərpa olunması” tələbi barədə iddia ərizəsi ilə Şamaxı Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən tikilmiş qeyri-qanuni yardımçı binanın cavabdehin öz hesabına sökülməsi, iddiaçıya məxsus torpaq sahəsinə giriş-çıxışın bərpa olunması və əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia ərizəsində həmin iddia tələbini - Şamaxı rayonu Şəhriyar qəsəbəsi ərazisində, “Bakı-Qazax” yolunun 120-ci KM-də yerləşən özünə məxsus 0,034 ha torpaq sahəsinə giriş-çıxış yolunun üzərində qonşu ərazidə yerləşən Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən qanunsuz olaraq Nəzarət-Buraxılış Məntəqəsi tikilməsi və bununla da, sonuncu tərəfindən mülkiyyətində olan həmin torpaq sahəsinə giriş-çıxış yolunun bağlanması və giriş-çıxış yolu bağlandığı üçün sahibkarlıq fəaliyyəti ilə əlaqədar kommersiya məqsədi üçün ona verilmiş torpaq sahəsindən istifadə edə bilməməsi ilə əsaslandırmışdır. Şamaxı Rayon Məhkəməsi tərəfindən həmin iddia ərizəsi icraata qəbul edildikdən sonra xx xxxx 2020-ci il tarixli 2(074)-624/2020 nömrəli qərardada əsasən məhkəmə aidiyyatı üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. Həmin iddia tələbinə dair kommersiya işi üzrə keçirilən məhkəmə iclaslarında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və Şamaxı rayonu Şəhriyar qəsəbəsi ərazisində, “Bakı-Qazax” yolunun 120-ci KM-də yerləşən kommersiya məqsədləri üçün ona verilmiş 0,034 ha torpaq sahəsinə giriş-çıxış yolundan istifadə edilməsinə maneə yaradan Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin inşa etdiyi tikilinin, yəni Nəzarət-Buraxılış Məntəqəsinin cavabdehin öz hesabına sökülməsi və ona məxsus həmin torpaq sahəsinə giriş-çıxış yolunun bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclaslarında İddiaçı suallara cavab olaraq bildirdi ki, o, müvafiq qaydada qeydiyyatdan keçərək VÖEN əsasında hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olur və Şamaxı rayonu Şəhriyar qəsəbəsi ərazisində, “Bakı-Qazax” yolunun 120-ci KM-də yerləşən 0,034 ha torpaq sahəsi kommersiya məqsədləri üçün onun mülkiyyətinə verilmişdir. Əvvəllər həmin torpaq sahəsinin giriş-çıxış yolu olsa da, təxminən iki il olar ki, ona məxsus torpaq sahəsinin giriş-çıxış yolu qonşuluqda yerləşən Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən bağlanmışdır. Çünki, cavabdeh onun torpaq sahəsinin yolunda qanunsuz olaraq Nəzarət-Buraxılış Məntəqəsi tikərək, “şlaqbaum” quraşdırmış və buna görə də, onun torpaq sahəsinin giriş-çıxış yolu bağlanmışdır. Mülkiyyətində olan həmin torpaq sahəsinə başqa yerdən yol olmadığına görə, o, yolun açılması üçün dəfələrlə cavabdehə müraciət etsə də, cavabdeh onun müraciətlərini nəzərə almamış və yolu açmamışdır. Həmin iddia tələbinə dair kommersiya işi üzrə keçirilən məhkəmə iclaslarında Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Vəkil iddia tələbini qəbul etmədiyini bildirib, İddiaçı tərəfindən Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı verilmiş “qanunsuz tikilinin sökülməsi və torpaq sahəsinə gediş-gəliş yolunun bərpa olunması” barədə iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etdi və öz mövqeyini - Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qanuni əsaslarla məxsus torpaq sahəsinə və tikililərə aid giriş-çıxış yolunun İddiaçı məxsus torpaq sahəsinə heç bir aidiyyəti olmadığı üçün iddia tələbinin əsassız olması və Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə məxsus ərazinin giriş-çıxış yolunda Nəzarət-Buraxılış Məntəqəsi tikilmiş olsa da, həmin tikilinin iddiaçının torpaq sahəsinin yoluna aidiyyətinin olmaması ilə əsaslandırdı. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Şamaxı rayonu Şəhriyar qəsəbəsi ərazisində, “Bakı-Qazax” yolunun 120-ci KM-də yerləşən 0,034 ha torpaq sahəsi kommersiya məqsədləri üçün hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan İddiaçı (VÖEN **********) mülkiyyətinə verilmişdir (xx xxx 2006-cı il tarixli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı (JN-1326, KOD 41001004)). Şamaxı rayonu Şəhriyar qəsəbəsinin həmin ərazisində yerləşən 0,25 ha torpaq sahəsi və həmin torpaq sahəsindəki ümumi sahəsi 278,5 kv.m olan qeyri-yaşayış binası isə hüquqi şəxs olan Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin mülkiyyətindədir (RX seriyalı ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış (reyestr nömrəsi: **********60-06301)). İş üzrə məhkəmə araşdırması zamanı cavabdeh tərəfin vəsatəti əsasında keçirilmiş məhkəmə mühəndis-texniki ekspertizasının xx xxxxxx 2021-ci il tarixli 10/2761 nömrəli ekspert Rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə məxsus tikili yerləşmə yerinə görə İddiaçı məxsus 0,034 ha torpaq sahəsindən faktiki olaraq istifadə və sahiblik edilməsinə və eləcə də, həmin torpaq sahəsinin giriş-çıxış yoluna maneçilik törədir. Hər iki tərəfə məxsus torpaq sahələrinə giriş-çıxış yerinin eyni yerdən olduğu müəyyən olunur. Şamaxı rayonu Şəhriyar qəsəbəsi ərazisində, “Bakı-Qazax” yolunun 120-ci KM-də yerləşən Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə məxsus torpaq sahəsinin (tikilinin) və İddiaçı məxsus 0,034 ha torpaq sahəsinin giriş-çıxış yolları bütün hissələrdə üst-üstə düşür. Cavabdeh QSC giriş-çıxış üçün Nəzarət-Buraxılış Məntəqəsi inşa etmişdir. Lakin, həmin Nəzarət-Buraxılış Məntəqəsinin tikintialtı sahəsi tərəflərə məxsus torpaq sahələrinin üzərində yerləşmir. İnsan Hüquqlarının və X1 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının müddəalarına əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur (13-cü maddə), mülkiyyətin heç bir növünə üstünlük verilmir və mülkiyyət hüququ, o cumlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (29-cu maddə). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-ci maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 170.1-ci maddəsinə əsasən, ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən, torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Sporronq və Lonnpot İsveçə qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. “Ədalət muhakiməsinin həyata kecirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların mudafiəsi haqqında” Avropa Konvensiyası muddəalarının və İnsan Hüquqları uzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun xx xxxx 2006-cı il tarixli Qərarının 23-cü bəndində gostərilir ki, mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı tərəfindən Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı verilmiş “qanunsuz tikilinin sökülməsi və torpaq sahəsinə gediş-gəliş yolunun bərpa olunması” barədə iddia tələbi, yəni Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən tikilmiş qeyri-qanuni yardımçı binanın cavabdehin öz hesabına sökülməsi, iddiaçıya məxsus torpaq sahəsinə giriş-çıxış yolunun bərpa olunması və əvvəlki vəziyyətinə qaytarılması barədə iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli və Şamaxı rayonu Şəhriyar qəsəbəsi ərazisində, “Bakı-Qazax” yolunun 120-ci KM-də yerləşən İddiaçı (VÖEN **********) məxsus 0,034 ha torpaq sahəsinə giriş-çıxış yolundan istifadə edilməsinə maneə yaradan Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin inşa etdiyi tikili (Nəzarət- Buraxılış Məntəqəsi) cavabdehin öz hesabına sökülməli və iddiaçıya məxsus həmin torpaq sahəsinə giriş-çıxış yolu bərpa edilməlidir. Eləcə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 10 (on) manat məbləğində dövlət rüsumu Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən tutularaq iddiaçıya ödənilməli və eyni zamanda, iş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti isə Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu - iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Şamaxı rayonu Şəhriyar qəsəbəsi ərazisində, “Bakı-Qazax” yolunun 120-ci KM-də yerləşən İddiaçı (VÖEN **********) məxsus 0,034 ha torpaq sahəsinə giriş-çıxış yolundan istifadə edilməsinə maneə yaradan Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin inşa etdiyi tikili (Nəzarət-Buraxılış Məntəqəsi) öz hesabına sökülsün və iddiaçıya məxsus həmin torpaq sahəsinə giriş-çıxış yolu bərpa edilsin. Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən 10 (on) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan cəmi 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №2-2(119)-24/2021
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(119)-24/2021
12.03.2021 · Sair işlər - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver