Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(119)-431/2023 27.03.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, Hüseynzadə Elsevər İsmayıl oğlunun katibliyi, Ərizəçi nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə1, Maraqlı şəxs qanuni təmsilçisi X2 iştirakı ilə, Ərizəçi tərəfindən xüsusi icraat qaydasında Maraqlı şəxsnə qarşı verilmiş "mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi" barədə ərizəyə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə xüsusi icraat qaydasında Maraqlı şəxsnə qarşı “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə 18 yanvar 2023-cü ildə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi zamanı bağlanmış 11 mart 2022-ci il tarixli Barışıq Sazişinin məcburi icrasının təmin olunması üçün təsdiq edilməsi, 60 manat mediasiya xərcinin və 100 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi tərəfindən “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizədə həmin tələb onunla əsaslandırılmışdır ki, “sifarişçi” qismində Maraqlı şəxs MMC ilə “icraçı” qismində Ərizəçi MMC arasında bağlanmış reklam xidmətlərinin göstərilməsinə dair 01 fevral 2021-ci il tarixli 02/21 saylı müqaviləyə, həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan 01 saylı Əlavəyə və 31 mart 2021-ci il tarixli görülmüş işlərin təhvil-təslim aktına əsasən, “İcraçı” “Sifarişçi” üçün 1 saylı Əlavədə göstərilən ünvanda reklamın hazırlanması və yerləşdirilməsi ilə bağlı bütün öhdəliklərini yerinə yetirmiş və “Sifarişçi”nin “İcraçı”ya reklamın quraşdırılması üçün 18 % ƏDV daxil cəmi 5628,60 manat məbləğində ödəniş etmək öhdəliyi yaranmışdır. “İcraçı” həmin məbləğin ödənişi üçün“Sifarişçi”yə 13 aprel 2021-ci il tarixli 131 saylı hesab, 30 aprel 2021-ci il tarixli EBBB seriyalı 026419 saylı (1180 manat) və 04 fevral 2022-ci il tarixli EBBQ seriyalı 714694 saylı (4448,60 manat) elektron qaimələr təqdim etmişdir. Lakin, “Sifarişçi” “İcraçı”ya qeyd edilən məbləğin yalnız 1180 manatını ödəmiş, qalan 4448,60 manatını isə ödəməmiş və bununla da, Müqavilənin 3.3-cü və 4.1-ci bəndləri ilə üzərinə düşən öhdəliyini pozmuşdur. “İcraçı” “Sifarişçi”yə həmin borcun 31 dekabr 2021-ci il tarixədək ödənilməsi üçün bildiriş-xəbərdarlıq göndərmiş olsa da, həmin borcun ödənilməsi təmin edilməmişdir. Bu mübahisənin həlli üçün Ərizəçi MMC Maraqlı şəxs MMC-yə mediasiya prosesinin tətbiqi barədə 21 fevral 2022-ci il tarixdə təklif göndərmiş və həmin təklifə cavab olaraq Maraqlı şəxs MMC 01 mart 2022-ci il tarixli məktubunda tələb edilən borcu etiraf edərək, borcunu qrafik üzrə 6 ay müddətində ödəmək niyyətində olduğunu bildirmişdir. Bundan sonra Ərizəçi MMC tərəfindən 03 mart 2022-ci il tarixdə mediasiya üçün 2 saylı Bakı Mediasiya Təşkilatına müraciət edilmişdir. Mediasiya zamanı tərəflər arasında 11 mart 2022-ci il tarixli Barışıq Sazişi bağlanmış və mediasiya prosesinə xitam verilmişdir. Barışıq sazişinə əsasən Maraqlı şəxs MMC saziş imzalandıqdan sonra 4448,60 manat məbləğində pulu 12 aprel 2022-ci il tarixdən başlayaraq 12 sentyabr 2022ci il tarixədək 6 ay müddətində hər ay 628,33 manat əsas borc və 113,10 manat 18 % ƏDV olmaqla, cəmi 741,43 manat məbləğində ödənişlər etməyi öhdəsinə götürmüşdür. Lakin, Maraqlı şəxs MMC Sazişdə qeyd edilən qrafik üzrə cəmi 1 ay üçün ödəniş etmiş (13 aprel 2022-ci il tarixdə 741,40 manat), qalan 5 ayın pulunu isə (3707,20 manat) dəfələrlə xəbərdarlıqlar edilməsinə və hər dəfə müxtəlif səbəblər göstərərək tezliklə ödəyəcəyinə vədlər verməsinə baxmayaraq indiyədək ödəməmiş, bununla da məlum Sazişin şərtlərini pozmuşdur. Sazişin 2.4-cü bəndinə əsasən, Saziş könüllü icra edilmədiyi təqdirdə tərəflərdən biri onun məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. Abşeron Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli e-2(012)-1428/2023 nömrəli qərardadı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı "mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi" barədə ərizəyə dair kommersiya işi məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmiş və həmin iş 16 mart 2023-cü ildə Sumqayıt Kommersiya Məhkəməsinin icraatına daxil olmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-25.1-ci maddəsinə əsasən, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi Nümayəndə1 “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizədə yazılanlara uyğun izahat verərək, ərizənin təmin olunması və Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi zamanı bağlanmış 11 mart 2022-ci il tarixli Barışıq Sazişinin məcburi icrasının təmin olunması üçün təsdiq edilməsi, 60 manat mediasiya xərcinin və 100 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs qanuni təmsilçisi X3 ərizəni qismən qəbul etdiyini bildirərək, göstərdi ki, icraçı Ərizəçi MMC ilə sifarişçi Maraqlı şəxs MMC ilə arasında bağlanmış reklam xidmətlərinin göstərilməsinə dair 01 fevral 2021-ci il tarixli 02/21 saylı müqavilə üzrə sonuncunun ərizəçiyə borcu yaranmış və yaranmış borcun ödənilməsi ilə əlaqədar tərəflər arasında 11 mart 2022-ci il tarixli Barışıq Sazişi bağlanmışdır. X6 şərtlərinə görə borclu Maraqlı şəxs MMC borcunu 12 aprel 2022-ci il tarixdən başlayaraq 12 sentyabr 2022-ci il tarixədək, yəni 6 ay müddətində hər ay 628,33 manat əsas borc və 113,10 manat ƏDV olmaqla, hər ay cəmi 741,43 manat məbləğində ödənişlər etməklə ödəməli idi. Borclu Maraqlı şəxs MMC Sazişdə qeyd edilən qrafik üzrə bir ay üçün 13 aprel 2022-ci il tarixdə 741,40 manat məbləğində ödəniş etsə də, daha sonra vergi orqanı tərəfindən borclu MMC-nin bank hesablarına maliyyə sanksiyası tətbiq olunmaqla həbs qoyulduğundan, növbəti iki ay üçün əsas borc məbləğləri nağd şəkildə Ərizəçi MMC-nin rəhbərliyinə ödənmişdir. Lakin Ərizəçi MMC-nin rəhbərliyi həmin nağd ödənişləri qəbul etməsinə baxmayaraq, hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Bununla belə, borclu Maraqlı şəxs MMC 11 mart 2022-ci il tarixli Barışıq Sazişində müəyyən edilmiş şərtlər və borclu tərəfindən edilmiş ödənişlər nəzərə alınmaqla, X6 təsdiq edilməsinə etiraz etməsə də, 60 manat mediasiya xərcinin borclu Maraqlı şəxs MMC-dən tutulmasına etiraz edir. Məhkəmə, proses iştirakçılarını dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən Ərizəçi "mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi" barədə ərizə üzrə tələbləri qismən təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, ərizəçi (kreditor) Ərizəçi ilə maraqlı şəxs (borclu) Maraqlı şəxs arasında kommersiya mübahisəsi olan “ Ərizəçi Maraqlı şəxsndən aralarında bağlanmış 01 fevral 2021-ci il tarixli 02/2021 saylı müqavilə üzrə göstərdiyi reklam xidmətlərinə görə yaranmış 4448,60 (qırx dörd min qırx səkkiz manat altmış qəpik) manat (18 faiz ƏDV daxil) məbləğində” borc tələbi ilə əlaqədar aparılan mediasiya prosesi nəticəsində 11 mart 2022-ci ildə keçirilən mediasiya sessiyasında Mediasiya Reyestrində “M-00240” nömrəsi ilə qeydiyyatdan keçmiş mediator X1 (2 saylı Bakı Mediasiya Təşkilatının mediatoru) iştirakı ilə bağlanaraq təsdiq edilmiş 11 mart 2022-ci il tarixli Barışıq Sazişinin 2.1-ci bəndinə əsasən borclu Maraqlı şəxs kreditor Ərizəçinə olan cəmi 4448,60 (dörd min dörd yüz qırx səkkiz manat 60 qəpik) manat məbləğində pulu 12 aprel 2022-ci il tarixdən başlayaraq 6 ay müddətində hər ay əsas borc 628,33 (altı yüz iyirmi səkkiz manat 33 qəpik) manat və 113,10 (yüz on üç manat 10 qəpik) manat 18 faiz ƏDV olmaqla, cəmi 741,43 (yeddi yüz qırx bir manat 43 qəpik) manat məbləğində pul vəsaiti olmaqla aşağıda qeyd edilən cədvəl üzrə ödəməyi öhdəsinə götürür: - 1) 12 aprel 2022-ci il üçün 628,33 manat əsas məbləğ, 113,10 manat ƏDV olmaqla, cəmi 741,43 manat; 2) 12 may 2022-ci il üçün 628,33 manat əsas məbləğ, 113,10 manat ƏDV olmaqla, cəmi 741,43 manat; 3) 13 iyun 2022-ci il üçün 628,33 manat əsas məbləğ, 113,10 manat ƏDV olmaqla, cəmi 741,43 manat; 4) 12 iyul 2022-ci il üçün 628,33 manat əsas məbləğ, 113,10 manat ƏDV olmaqla, cəmi 741,43 manat; 5) 12 avqust 2022-ci il üçün 628,33 manat əsas məbləğ, 113,10 manat ƏDV olmaqla, cəmi 741,43 manat; 6) 12 sentyabr 2022-ci il üçün 628,33 manat əsas məbləğ, 113,10 manat ƏDV olmaqla, cəmi 741,43 manat. İş materiallarında olan, "xxxx" Açıq Səhmdar Cəmiyyəti vasitəsilə həyata keçirilən 13 aprel 2022-ci il tarixli 000İPX********** nömrəli Ödəniş Qəbzindən və 13 aprel 2022-ci il tarixli Ödəniş Tapşırığından görünür ki, Maraqlı şəxs tərəfindən EBBQ 714694 nömrəli Qaimə üzrə Ərizəçi hesabına 13 aprel 2022-ci ildə 628,30 (altı yüz iyirmi səkkiz manat 30 qəpik) manat məbləğində, "xxxx" MMC-nin “ƏDV sub-uçot” hesabına isə 13 aprel 2022-ci ildə 113,10 (yüz on üç manat 10 qəpik) manat məbləğində olmaqla, cəmi 741,40 (yeddi yüz qırx bir manat 40 qəpik) manat məbləğində pul vəsaiti ödənilmişdir. İş üzrə aparılan məhkəmə araşdırması zamanı proses iştirakçılarının izahatları, "mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi" barədə ərizənin məzmunu və məhkəməyə təqdim olunmuş sənədlərlə müəyyən edilir ki, Maraqlı şəxs ilə Ərizəçi arasında bağlanmış 11 mart 2022-ci il tarixli Barışıq Sazişi üzrə 12 sentyabr 2022-ci il tarixinədək ödənilməsi nəzərdə tutulan cəmi 4448,58 (dörd min dörd yüz qırx səkkiz manat 58 qəpik) manat məbləğində borcun 741,40 (yeddi yüz qırx bir manat 40 qəpik) manat hissəsi ödənilmiş olsa da, Sazişlə təyin edilmiş müddətlərin keçməsinə baxmayaraq, həmin borcun 3707,18 (üç min yeddi yüz yeddi manat 18 qəpik) manat hissəsi ödənilməmişdir. Qeyd etmək lazımdır ki, ərizəçi tərəfindən hazırkı ərizənin məzmununda məlum Barışıq Sazişi üzrə 3707,20 manat borcun ödənilmədiyi göstərilsə də, 11 mart 2022-ci il tarixli Barışıq Sazişində cəmi 6 ay üzrə ödənilməsi nəzərdə tutulan 4448,58 manat məbləğində (741,43 manat x 6 ay = 4448,58 manat) borcdan 741,30 manat məbləğində pul vəsaiti rəsmi qaydada ödənmiş olduğundan, qalan borcun məbləği 3707,18 (üç min yeddi yüz yeddi manat 18 qəpik) manat təşkil edir (4448,58 - 741,30 = 3707,18 manat). “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə görə barışıq sazişi – tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır (maddə 1.0.7.), tərəflər barışıq sazişinin icrasını təmin etməlidirlər (maddə 9.3.1.), barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır (maddə 33.1.) və barışıq sazişi tərəflər və mediator (mediatorlar) tərəfindən imzalanır (maddə 33.2.). “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 34.1-ci maddəsinə əsasən, barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə, barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.2-cü maddəsinə əsasən, barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən, barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur. Göründüyü kimi, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ərizəçi "xxxx" MMC ilə Maraqlı şəxs MMC arasında başlanmış mediasiya prosesi nəticəsində 11 mart 2022-ci il tarixdə Barışıq Sazişi imzalanmış olsa da, sonuncu həmin Sazişlə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməyərək, yəni cəmi 4448,58 (dörd min dörd yüz qırx səkkiz manat 58 qəpik) manat məbləğində borcun “741,43 (yeddi yüz qırx bir manat 43 qəpik) manatını 12 aprel 2022-ci ildə”, qalan hissəsini isə hər ay “cəmi 741,43 manat” məbləğində olmaqla, 12 sentyabr 2022-ci il tarixinədək ödəməli olduğu halda, həmin borcdan 13 aprel 2022-ci ildə cəmi 741,40 (yeddi yüz qırx bir manat 40 qəpik) manat məbləğində pul vəsaitini rəsmi qaydada ödəmiş və buna görə də, ərizəçi "xxxx" MMC qalan borcun məcburi qaydada alınması üçün məlum Barışıq Sazişinin təsdiq edilməsi üçün məhkəməyə müraciət etmişdir. Çünki, Maraqlı şəxs 11 mart 2022-ci il tarixli Barışıq Sazişindən irəli gələn öhdəliklərini lazımi qaydada yerinə yetirməyərək, Sazişdə nəzərdə tutulan müddətdə borcun ödənilməsini təmin etməmiş və bu səbəbdən də, ərizəçi "xxxx" MMC-nin mediasiya prosesi nəticəsində bağlanılmış X6 təsdiq edilməsi barədə məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 306.1-ci maddəsinə əsasən, məhkəmələr tərəfindən xüsusi icraat işlərinə bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Həmin Məcəllənin 306.2-ci maddəsinə əsasən, xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən Mülki-Prosessual Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26.1-ci maddəsinə əsasən, barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda (355-26.1.1) və yaxud barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda (355-26.1.2) - məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Beləliklə də, məhkəmə, yuxarıda təsvir olunanlara əsasən hesab edir ki, ərizəçi "xxxx" MMC ilə Maraqlı şəxs arasında bağlanmış 11 mart 2022-ci il tarixli Barışıq Sazişi üzrə 3707,18 manat məbləğində pul vəsaiti ödənilmədiyinə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-26-cı maddəsində sadalanan hallar mövcud olmadığına görə, X6 təsdiq edilməsi üçün verilmiş ərizə əsaslıdır və təmin olunmalıdır. Lakin, ərizə - “mediasiya sessiyası ilə bağlı ödənilmiş 60 manat pulun tutulması” hissəsində isə işin halları, 11 mart 2022-ci il tarixli Barışıq Sazişinin şərtləri, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın və “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun tələbləri nəzərə alınmaqla, əsaslılığı müəyyən olunmadığına görə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilərək, Ərizəçi ilə Maraqlı şəxs arasında 11 mart 2022-ci il tarixdə mediator X1 iştirakı ilə bağlanmış Barışıq Sazişi təsdiq edilməli və həmin Barışıq Sazişi üzrə ödənilməmiş cəmi 3707,18 (üç min yeddi yüz yeddi manat 18 qəpik) manat məbləğində pul vəsaitinin məcburi icrası üçün icra sənədi verilməlidir. Ərizə qalan hissədə təmin edilməməlidir. Eləcə də, hazırkı ərizə verilərkən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun əvəzi Maraqlı şəxsndən tutularaq Ərizəçinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.1 və 108.1.3-cü maddəsinə əsasən, mülki məhkəmə icraatında xüsusi icraat qaydasında baxılan işlər üzrə ərizə verildikdə dövlət rüsumu ödənilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 305, 355-23, 355-24, 355-25, 355-26, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında 11 mart 2022-ci il tarixdə mediator X1 iştirakı ilə bağlanmış Barışıq Sazişi təsdiq edilsin və həmin Barışıq Sazişi üzrə ödənilməmiş cəmi 3707,18 (üç min yeddi yüz yeddi manat 18 qəpik) manat məbləğində pul vəsaitinin məcburi icrası üçün icra sənədi verilsin. Ərizə verilərkən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun əvəzi Maraqlı şəxsndən tutularaq Ərizəçinə ödənilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №2-2(119)-431/2023
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(119)-431/2023
27.03.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver