Məhkəmə qərarları › İş №2-2(119)-458/2022

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(119)-458/2022

11.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(119)-458/2022 11.04.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlu, Sumqayıt Şəhər Məhkəməsindən aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmiş İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "borcun tutulması" tələbi barədə iddia ərizəsinə dair 2(060)-686/2022 nömrəli mülki işin materiallarına baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti 02 dekabr 2021-ci ildə Cavabdeh qarşı "borcun tutulması" tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 6873,60 manat əsas və 648,07 manat faiz borcu olmaqla, cəmi 7521,67 manat məbləğində borcun və 95,22 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və həmin iddia tələbi borcverən İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 26 aprel 2019-cu il tarixli 4-M-1-0-371-19 nömrəli Kredit müqaviləsi ilə əsaslandırılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 01 aprel 2022-ci il tarixli qərardadı ilə həmin iddia ərizəsi üzrə olan 2(060)-686/2022 nömrəli mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmiş və həmin qərardad – “Cavabdeh ticarət sektorunda, şəxsi biznes məkanında meyvə-tərəvəz ticarəti sahəsində 25 ildən artıq fəaliyyət göstərməsi, onun sahibkarlıq fəaliyyətinin kredit ayrılması məqsədilə qiymətləndirilməsinin aparılması və onun “vergi ödəyicisi olması”” ilə əsaslandırılmışdır. Məhkəmə, 2(060)-686/2022 nömrəli mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "borcun tutulması" tələbi barədə iddia ərizəsinə kommersiya mübahisələri üzrə məhkəmə icraatı qaydasında baxılması mümkün olmadığından, həmin mülki iş məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı "borcun tutulması" tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmiş və həmin iddia ərizəsində iddia tələbi borcverən İddiaçı ASC tərəfindən borcalan Cavabdeh istehlak məqsədi ilə 36 ay müddətinə, illik 28% dərəcəsi ilə 10000 (on min) manat məbləğində kreditin verildiyi 26 aprel 2019-cu il tarixli 4-M-1-0-371- 19 nömrəli Kredit müqaviləsi ilə əsaslandırılmışdır. İş materiallarında olan 26 aprel 2019-cu il tarixli 4-M-1-0-371-19 nömrəli Kredit müqaviləsinin 2.2-ci bəndi ilə müəyyən olunur ki, borcverən İddiaçı ASC (iddiaçı) tərəfindən borcalan Cavabdeh (cavabdehə) mübahisə predmeti olan borc məbləği (kredit) istehlak məqsədi ilə verilmişdir (iş vərəqi: 10-11). Həmin kreditin istehlak məqsədi ilə verilmiş olması Kreditin verilməsi haqqında qərarla da təsdiq olunur. Həmin qərarın “Kreditin təyinatı” sətrində “İstehlak məqsədi ilə” ifadəsi qeyd olunmuşdur (i/v: 55) Göründüyü kimi, İddiaçı ASC-nin Cavabdeh qarşı "borcun tutulması" tələbi barədə iddia ərizəsinə dair mülki işin məhkəmə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi Sumqayıt Şəhər Məhkəməsinin 01 aprel 2022-ci il tarixli qərardadında cavabdehin “sahibkarlıq fəaliyyəti ilə məşğul olması” və “vergi ödəyicisi olması” ilə əsaslandırılmış olsa da, hazırkı iddia tələbinin predmeti - cavabdehin sahibkarlıq fəaliyyəti ilə əlaqədar yaranan mübahisə deyil, şəxsə istehlak məqsədi ilə əlaqədar verilmiş kreditin qaytarılmaması ilə əlaqədar yaranmış mübahisədir. Çünki, iddiaçı hüquqi şəxs, cavabdeh isə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olmasına baxmayaraq, hazırkı iddia ərizəsi üzrə mübahisə cavabdehin istehlak məqsədi ilə almış olduğu kreditlə əlaqədar yaranmışdır. Yəni, iş materiallarında olan 26 aprel 2019-cu il tarixli 4-M-1-0-371-19 nömrəli Kredit müqaviləsi ilə təsdiq olunur ki, Cavabdeh hazırkı iddia ərizəsi ilə tələb olunan kredit borcu - ona sahibkarlıq fəaliyyəti ilə əlaqədar deyil, “istehlak” məqsədi ilə verilən kreditə görə yaranan borcdur və mübahisə predmeti olan borc məbləği sahibkarlıq fəaliyyəti ilə bağlı yaranmamışdır. Halbuki, Mülki-Prosessual Məcəllənin tələblərinə görə işlərin Kommersiya Məhkəmələrində baxılması üçün tərəflər arasında olan mübahisə - kommersiya mübahisəsi, yəni tərəflərin sahibkarlıq fəaliyyətini həyata keçirmələri ilə əlaqədar yaranan mübahisə olmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 1-ci maddəsinin “Qeyd” hissəsinə əsasən, bu Məcəllədə kommersiya mübahisələri dedikdə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 18 sentyabr 2020-ci il tarixli 10 saylı Qərarının 11-ci bəndində məhkəmələrə izah edilir ki, Mülki-Prosessual Məcəllənin 1-ci maddəsinin “Qeyd” hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən, onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Beləliklə də, təsvir olunanlar belə nəticəyə gəlməyə əsas verir ki, hazırkı mülki iş üzrə mübahisələndirilən borc məbləği ilə əlaqədar cavabdehin fəaliyyətinin - sahibkarlıq fəaliyyəti, həmin fəaliyyət əsasında yaranmış mübahisənin isə kommersiya mübahisəsi kimi qəbul edilməsi və eyni zamanda, həmin mübahisəyə ümumi məhkəmədə deyil, Sumqayıt Kommersiya Məhkəməsində baxılmalı olması mübahisəlidir. Ona görə də, yuxarıda qeyd edilən həmin hallar İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "borcun tutulması" tələbi barədə iddia ərizəsinə Sumqayıt Kommersiya Məhkəməsində baxılmalı olmasında fikir ayrılığı yaradır. Məhkəmələr arasında aidiyyətlə bağlı fikir ayrılığı olduğu hallarda isə kassasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verildiyinə görə, yuxarıda qeyd olunan hallara görə hazırkı iş üzrə məhkəmə aidiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 32.7-ci maddəsinə əsasən, bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 32-ci maddəsini rəhbər tutaraq, QƏRARA A L D İ: Sumqayıt Şəhər Məhkəməsindən məhkəmə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmiş İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "borcun tutulması" tələbi barədə iddia ərizəsinə dair 2(060)-686/2022 nömrəli mülki iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilsin. Hakim Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar