Məhkəmə qərarları › İş №2-2(119)-775/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(119)-775/2025

22.07.2025 · Sair işlər - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(119)-775/2025 22.07.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi, İddiaçı Heydər Əliyev adına X11 nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Heydər Əliyev adına X14 tərəfindən cavabdehlər Cavabdeh2nə və X3 qarşı (Abşeron rayon İcra Hakimiyyəti və X8 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) verilmiş “çoxmərtəbəli yaşayış binasının özbaşına tikili hesab edilməsi və tikilinin sökülərək mühafizə zonasından çıxarılması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Heydər Əliyev adına X14 21 dekabr 2023-cü il tarixində cavabdeh X3 qarşı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək Abşeron rayonu, Xırdalan şəhəri, Həsən Əliyev küçəsində Cavabdeh2 MMC-nin direktoru Cavabdeh1 tərəfindən 27x18 metr ölçüdə inşa edilmiş çoxmərtəbəli yaşayış binasının özbaşına (qanunsuz) tikili hesab edilməsi və tikilinin sökülərək mühafizə zonasından çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus neft məhsulu nəql olunan Dş-300 mm neft boru kəmərinin mühafizə zonasının 35 metrliyində, Abşeron rayonu Xırdalan şəhəri, Həsən Əliyev küçəsində Cavabdeh2 MMC tərəfindən 27x18 metr ölçüdə çoxmərtəbəli yaşayış binasının inşa olunması aşkar edilmişdir. Bundan başqa, həmin ərazidən iddiaçıya məxsus Dş-250 mm neft boru kəməri də keçir. Boru kəmərlərinin mühafizə zonasında hər hansı tikintinin aparılmasının qanunla yol verilməməsi həmin şirkətin direktoru Cavabdeh1 nəzərinə çatdırılmış, ondan tikintinin dayandırılması və sökülməsi tələb edilmişdir. Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 02 noyabr 2004cü il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “İstismar olunan X15 kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları”na əsasən X15 kəmərlərinin marşrutu boyunca - boru kəmərinin oxunun hər tərəfindən 50 metrlik məsafə mühafizə zonasına aid edilir. İddiaçıya məxsus neft boru kəmərinin mühafizə zonasında yerləşən torpaq sahəsi faktiki olaraq cavabdeh tərəfindən zəbt edilmişdir ki, bu da həmin kəmərə qulluq edilməsinə, onun istismar edilməsinə maneçilik yaratmaqla yanaşı, insanların həyatı üçün də təhlükə yaradır. Zavodun fəaliyyətinin təmin edilməsi üçün müxtəlif istehsalat və sahələrdə ayrı-ayrı texnoloji əməliyyatlar həyata keçirildiyindən, həmin istehsalat və sahələrin bir-birindən xeyli aralı məsafədə yerləşdiyini nəzərə alaraq, aralarında boru kəmərləri çəkilmişdir. Həmçinin hazır məhsulların anbarlara yığılması üçün boru kəmərləri çəkilmişdir. Bu neft boru kəmərləri qanunvericiliyə əsasən, magistral boru kəmərləri hesab olunur. Normativ sənədlərə əsasən, boru kəmərinin təyinatı, diametri və kəmərdə olan təzyiqə görə boru kəmərləri ətrafında mühafizə zonası müəyyən olunmuşdur. Mühafizə zonalarının müəyyən edilməsi bir neçə amillə bağlıdır. İlk olaraq, boru kəmərləri və neft məhsulları anbarları dövlət əhəmiyyətli obyektlər hesab edilir. Bu obyektlərdə hər hansı bir qəza nəticəsində yanğın və partlayış baş verdiyi halda ətrafda olan şəxslər üçün böyük təhlükə yarada bilər. Digər tərəfdən, bu obyektlərin mühafizəsinin effektli təşkilinə həmin ərazidə inşa edilmiş tikililər maneəçilik törədir. İddiaçının nümayəndəsi iddia ərizəsində dəyişiklik edilməsi barədə 25 yanvar 2024cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin “cavabdeh” hissəsində “Cavabdeh1” sözlərinin “Cavabdeh2 MMC-nin direktoru Cavabdeh1” sözləri ilə əvəz edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 01 mart 2024-cü il tarixində keçirilən məhkəmə iclasında Abşeron rayon İcra Hakimiyyətinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməsi qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin 12 mart 2025-ci il tarixli 2(102)-107/2025 nömrəli qərardadı ilə iddiaçı Heydər Əliyev adına X11 Cavabdeh2 MMC-nin direktoru Cavabdeh1 qarşı (Abşeron Rayon İcra Hakimiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “inşa edilmiş çoxmərtəbəli yaşayış binasının özbaşına tikili hesab edilməsi və tikilinin sökülərək mühafizə zonasından çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işin baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçının nümayəndəsi 26 may 2025-ci il tarixində Sumqayıt Kommersiya Məhkəməsinə ərizə ilə müraciət edərək X4 ilə yanaşı, Cavabdeh2 MMC-nin cavabdeh qismində işə cəlb edilməsini xahiş etmişdir. Məhkəmənin 30 iyun 2025-ci il tarixdə keçirilmiş iclasında X6 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməsi qərara alınmışdır. Məhkəmə iclaslarında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahatlar verərək, həmçinin bildirmişdir ki, hazırkı iş üzrə əsl Cavabdeh2 MMC-dir. Məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, Cavabdeh1 Cavabdeh2 MMC-nin icra orqanının rəhbəridir. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının nəticəsi olaraq təqdim edilmiş 23 dekabr 2024-cü il tarixli ekspert rəyi ilə razıdır, hər hansı etirazı yoxdur. İddiaçının nümayəndəsi göstərilənlərin nəzərə alınaraq iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə cavabdehlərin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan 25 sentyabr 2020-ci il tarixli arayışın məzmununa əsasən, Heydər Əliyev adına X9 10 saylı sahəyə (Güzdək) neft məhsulları nəql olunan Dş-500 mm. (dizel yanacağı) və Dş-300 mm. (reaktiv mühərrik yanacağı) neft boru kəmərləri 1993-cü ildə, “Azərikimya” İB-nin Etilen-Polietilen Zavoduna neft məhsulları nəql olunan Dş-200 mm. (quru qaz), Dş-250 mm. (nafta) neft boru kəmərləri isə 2011-ci ildə çəkilmiş və zavodun balansındadır. Arayışa neft borcu kəmərlərinin texniki parametrlərini əks etdirən cədvəl əlavə edilmişdir. İş materiallarında olan iddiaçı təşkilatın Təhlükəsizlik İdarəsinin 30 saylı komandasının əməkdaşları tərəfindən tərtib edilərək imzalanmış 07 noyabr 2023-cü il tarixli aktın məzmununda qeyd edilmişdir ki, 07.11 2023-ci il tarixdə saat 12:50-də 19 saylı postun ərazisində keçirilən baxış (H.Əliyev adına NEZ-ə məxsus boru kəmərləri üzrə (saat 08:00-dan 20:00-a kimi) müşahidə) zamanı Abşeron rayonu. Xırdalan şəhəri, R.Bağırov küçəsində yerləşən NEZ-ə məxsus Dş-300 mm yer üstü nafta xəttinin 26.5 km-də xətdən təqribən 35 metr aralı məsafədə Cavabdeh2 MMC tərəfindən təqribən 27x18 metr ölçülərdə çoxmərtəbəli yaşayış binası üçün tikinti işlərinin aparılması aşkarlandı. Sözügedən ərazidə tikinti işlərini aparan “Fatimə B“ MMC-nin direktoru Cavabdeh1 aparılan tikinti işlərinin mühafizə ərazisinə düşdüyü üçün qanunazidd olduğu bildirilmiş və əlavə işlərin aparılmaması üçün şifahi xəbərdarlıq olunsa da, həmin şəxs ******* nömrəli çıxarışı və tikinti ilə bağlı digər sənədləri təqdim edərək aparılan işlərin qanuni olduğunu bildirərək tikinti işlərini dayandırmayacağını bildirmişdir. Tikinti ilə bağlı təqdim olunmuş çıxarış X5 adınadır. Faktla bağlı Tİ XTŞ-nin növbə rəisinə və NEZ-in (SDM-in) rəhbərliyinə məlumat verilmişdir. Bu barədə NEZ-in MP-nin rəis müavini Rəşid Nəcəfovla əlaqə saxlanılmış, onun verdiyi məlumata əsasən müvafiq sənədləşdirmə aparılaraq ərazini nəzarətdə saxlayacaqlar. İş materiallarında olan "xxxx" MMC-nin əməkdaşları tərəfindən tərtib edilərək imzalanmış 01 dekabr 2023-cü il tarixli 22/021 nömrəli akta əsasən, ünvan 1 ünvanına baxış keçirilərkən mühafizə zolağında 27x18 metr ölçüdə çoxmərtəbəli yaşayış binasının tikintisi aşkar olunmuşdur. Aktda, həmçinin qeyd edilmişdir ki, tikinti işləri “Fatimə B“ MMC tərəfindən aparılır və həmin ərazidən Dş-300 mm neft boru kəmərinə paralel Dş-250 mm neft boru kəməri keçir. İş materiallarında olan Abşeron Rayon İcra Hakimiyyətinin Başçısının 08 iyun 2015-ci il tarixli 175 nömrəli sərəncamından görünür ki, Cavabdeh2 MMC-yə mülkiyyətində olan, Xırdalan şəhəri, Həsən Əliyev küçəsində yerləşən 1,0186 ha torpaq sahəsində 7 girişli, 15-16 mərtəbəli yaşayış binasının layihələndirilməsinə və tikintisinə icazə verilmiş, tikiləcək çoxmərtəbəli yaşayış binasının layihə sənədlərinə X2 Baş idarəsindən müsbət rəy alınmasının təmin edilməsi, layihə-smeta sənədlərinin memarlıq və tikinti şöbəsi ilə razılaşdırılması, eskiz layihə-smeta sənədlərinin tam tərkibdə qeydiyyata alınmaq üçün memarlıq və tikinti şöbəsinə təqdim edilməsi, tikinti nəzərdə tutulan ərazinin rayonun müvafiq təşkilatları ilə razılaşdırılması, tikinti quraşdırma işlərinin Azərbaycan Respublikasının müvafiq qanunlarına və normativ sənədlərinə uyğun aparılması, layihə sənədlərinin mərhələsindən asılı olmayaraq, memarlıq fəaliyyəti ilə lisenziya əsasında məşğul olan hüquqi və ya fiziki şəxslər tərəfindən işlədilməsi, tikinti müddətində və gələcək istismar dövründə ərazinin sanitar vəziyyətinin normalara uyğunluğunu qoruyub saxlaması və tikinti-quraşdırma işləri başa çatdırıldıqdan sonra işçi layihə-smeta sənədlərinin İHB yanında tikintisi başa çatmış obyektlərin istismara qəbulu komissiyasına təqdim edilməsi sifarişçiyə tapşırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX, ******* nömrəli, 01 may 2015-ci il qeydiyyat tarixli çıxarışdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhərində 0,396 ha ehtiyyat fondu torpaq sahəsi X6 xüsusi mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən təqdim edilmiş 19 oktyabr 2024cü il tarixli 3-21-3-32/2-15382/2024 nömrəli məktuba əlavə edilmiş mütəxəssis rəyində “1. Heydər Əliyev adına X13 məxsus neft məhsulu nəql olunan Dş-300 mm neft boru kəmərinin və Dş-300 mm neft boru kəmərinə paralel X13 məxsus DŞ-250 mm neft boru kəmərinin mühafizə zonasının 37-metrlə 42 metr artan məsafədən Abşeron rayonu, Xırdalan şəhəri, Həsən Əliyev küçəsində “Fatimə B" MMC tərəfindən tikilən 27x18 metr ölçüdə yarımçıq tikili mövcuddur.

2. Heydər Əliyev adına X13 məxsus neft məhsulu nəql olunan DŞ-300 mm neft boru kəmərinin və Dş-300 mm neft boru kəmərinə paralel X13 məxsus Dş-250 mm neft boru kəmərinin mühafizə zonasının 37-metrlə 42 metr artan məsafədən Abşeron rayonu, Xırdalan şəhəri, Həsən Əliyev küçəsində Cavabdeh2 MMC tərəfindən tikilən 27x18 metr ölçüdə yarımçıq tikilinin 0.011 ha hissəsi **********55 reyestr nömrəli çıxarışla X1 üzrə mülkiyyətinə verilmiş torpaq sahəsindən kənarda yerləşir” qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən məhkəməyə təqdim edilmiş 23 dekabr 2024-cü il tarixli 10/9598 nömrəli ekspert rəyinin nəticə hissəsində “Qərardadın birinci sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 19 oktyabr 2024-cü il tarixli 3-21-3-32/2-15382/2024 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Heydər Əliyev adına X13 məxsus neft məhsulu nəql olunan Dş-300 mm neft boru kəmərinin və Dş-300 mm neft boru kəmərinə paralel X13 məxsus Dş-250 mm neft boru kəmərinn “Mühafizə Zonasf’nın 37 metrlə 42 metr artan məsafədən Abşeron rayonu, Xırdalan şəhəri, Həsən Əliyev küçəsində Cavabdeh2 MMC tərəfindən tikilən 27x18 metr ölçüdə yarımçıq tikili mövcuddur. Qərardadın ikinci sualı üzrə: mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Heydər Əliyev adma X13 məxsus neft məhsulu nəql olunan Dş-300 mm neft boru kəmərinin və Dş-300 mm neft boru kəmərinə paralel X13 məxsus Dş-250 mm neft boru kəmərinn mühafizə zonasının 37 metrlə 42 metr artan məsafədən Abşeron rayonu, Xırdalan şəhəri, Həsən Əliyev küçəsində Cavabdeh2 MMC tərəfindən tikilən 27x18 metr ölçüdə yarımçıq tikilinin 0.011 ha hissəsi **********55 reyestr nömrəli çıxarışla X1 üzrə mülkiyyətinə verilmiş torpaq sahəsindən kənarda yerləşir” qeyd edilmişdir.

Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin 5-ci hissəsinə əsasən, xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 64.1-ci maddəsinə əsasən, işə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə əsasən, əhali və ətraf mühit üçün təhlükə yaradan (Əlavə 1-də göstərilən) təhlükəli maddələrin əldə olunması, hazırlanması, emalı, daşınması, istifadəsi və ləğvi ilə məşğul olan, həmçinin radioaktiv və ionlaşdırıcı şüa mənbələrinə, partlayış və digər qəza təhlükəli tikililərə, qurğulara və avadanlıqlara malik istehsal, təchizat, nəqliyyat və sosial təyinatlı obyektlər təhlükə potensiallı obyektlər hesab edilir. Həmin Qanuna əlavə edilmiş “Əlavə 1”in 6-cı bəndinə əsasən, neftqazçıxarma sənayesi (magistral neft-qaz boru kəmərlərini daxil etməklə) və geoloji kəşfiyyat işləri təhlükə potensiallı istehsal obyektləri kateqoriyasına aiddir. Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 02 noyabr 2004-cü il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “İstismar olunan X15 kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları”nın 1.1-ci bəndinə əsasən, bu Qaydalar Azərbaycan Respublikasının ərazisində Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz boru kəmərləri istisna olmaqla, istismar olunan neft ixrac boru kəmərlərinin qorunması, onların təhlükəsiz və etibarlı istismarı üçün normal şəraitin yaradılması və baş verə biləcək hadisələrin qarşısının alınması məqsədilə hazırlanmışdır. Həmin Qaydaların 1.2-ci bəndinə əsasən, X15 kəmərləri yeraltı, yer üzərində, tökmə torpaq altında, yerüstü dayaqlarda, sualtı boru kəmərləri və onlarla bağlı neftin istehlakçıya nəqlini, qəbulunu, təhvilini, boşaldılıb-yüklənməsini təmin edən nasos stansiyaları, neft anbarları və digər texnoloji obyektlərdən ibarət mühəndis qurğularıdır. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən, X15 Kəmərlərinin marşrutu boyunca - boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası boru kəməri oxunun hər tərəfindən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır.

Məhkəmənin mövqeyi: Yuxarıda qeyd olunanlara əsasən müəyyən edilir ki, iddiaçı Heydər Əliyev adına X11 balansında olan, neft məhsulunun nəql olunduğu Dş-300 mm-lik və ona paralel Dş-250 mm-lik neft boru kəmərlərindən 37 metrdən 42 metrədək artan məsafədə Cavabdeh2 MMC tərəfindən 27 x 18 metr ölçülərdə yarımçıq tikili inşa edilmişdir. Həmin tikili inşa edilərkən Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 02 noyabr 2004-cü il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “İstismar olunan X15 kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları”nın 4.1-ci bəndində nəzərdə tutulmuş məsafəyə, yəni boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafənin mühafizə zonası hesab edilməsi barədə tələbə riayət edilməmişdir. Qeyd edilməlidir ki, “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə və həmin qanunun 1 nömrəli Əlavəsinin 6-cı bəndinə əsasən, neftqazçıxarma sənayesi (magistral neft-qaz boru kəmərləri daxil olmaqla) əhali və ətraf mühit üçün təhlükə yaradan təhlükə potensiallı obyektlər hesab edilir. Digər tərəfdən, xüsusi mülkiyyətin sosial öhdəliklərə səbəb olması bilavasitə konstitusion normadır. Eyni zamanda, mülkiyyətçinin, digər qanuni sahibin özünün əmlakından qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə sahib ola bilmək, ondan istifadə edə bilmək və ona dair sərəncam verə bilmək hüquqları vardır (Mülki Məcəllə, 152.5). Belə olduğu halda, Cavabdeh2 MMC Abşeron rayonu, Xırdalan şəhəri, Həsən Əliyev küçəsində yerləşən torpaq sahəsində tikili inşa edərkən qanunvericilikdə müəyyən edilmiş məhdudiyyəti nəzərə almamış, əhali və ətraf mühit üçün təhlükə yaradan təhlükə potensiallı obyekt hesab edilən iddiaçının balansında olan, neft məhsulunun nəql olunduğu Dş-300 mm-lik və ona paralel Dş-250 mm-lik neft boru kəmərlərinin oxlarının hər tərəfindən mühafizə zonası kimi müəyyən edilmiş 50 metrlik məsafəni pozaraq 37 metrdən 42 metrədək artan məsafədə yarımçıq tikili inşa etməklə qanunvericiliyin istinad edilən normalarını pozmuşdur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Abşeron rayonu, Xırdalan şəhəri Həsən Əliyev küçəsində iddiaçının balansında olan, neft məhsulu nəql olunan Dş-300 mm-lik və Dş-250 mm-lik neft boru kəmərlərindən 37 metrlə 42 metr artan məsafədə Cavabdeh2 MMC tərəfindən tikilmiş 27x18 metr ölçülərdə yarımçıq tikili sökülməlidir. İddia tələbinin inşa edilmiş tikilinin özbaşına (qanunsuz) tikili hesab edilməsi barədə hissəsi ilə bağlı məhkəmə bildirir ki, özbaşına tikinti bu məqsədlə ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak hesab edilir (Mülki Məcəllə, 180.1). İş materiallarında olan Abşeron Rayon İcra Hakimiyyətinin başçısının 08 iyun 2015-ci il tarixli 175 nömrəli sərəncamına əsasən, Cavabdeh2 MMC-yə mülkiyyətində olan, Abşeron rayonu, Xırdalan şəhəri, Həsən Əliyev küçəsində yerləşən 1,0186 ha torpaq sahəsində yaşayış binasının layihələndirilməsinə və tikintisinə icazə verildiyindən, iddia tələbi həmin hissədə əsaslı hesab edilə bilməz. Digər tərəfdən, iddia ərizəsində cavabdeh kimi qeyd edilmiş Cavabdeh1 özünə qarşı bilavasitə hansısa iddia tələbi irəli sürülməmişdir. Belə ki, iddia ərizəsinin məzmununda tikinti işlərinin Cavabdeh2 MMC tərəfindən aparıldığı, “Nəticə” (“Xahiş”) hissəsində Cavabdeh1 bilavasitə Cavabdeh2 MMC-nin direktoru olaraq qeyd edilmiş, iş materiallarında olan 25 sentyabr 2020-ci il tarixli arayışda, 07 noyabr 2023-cü il tarixli və 01 dekabr 2023-cü il tarixli 22/021 nömrəli aktlarda tikinti işlərinin bilavasitə Cavabdeh2 MMC tərəfindən görüldüyü göstərilmişdir. Həmçinin yuxarıda istinad edilən Abşeron Rayon İcra Hakimiyyətinin başçısının 08 iyun 2015-ci il tarixli sərəncamına əsasən də tikinti işlərinə icazə bilavasitə adıçəkilən hüquqi şəxsə verilmişdir. Göstərilənlərdən savayı, məhkəmə araşdırması zamanı da bilavasitə Cavabdeh1 tərəfindən sözügedən ərazidə hansısa tikinti işlərinin aparılması öz təsdiqini tapmadığından, məhkəmənin gəldiyi nəticəyə əsasən, hazırkı iş üzrə Cavabdeh2 MMC hesab edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda istinad edilən normalar nəzərə alınaraq, hazırkı iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində pul vəsaiti Cavabdeh2 MMC-dən iddiaçının xeyrinə tutulmalıdır. Hazırkı iddia qismən təmin edildiyindən yuxarıda istinad edilən Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələrinin, həmçinin aşağıda istinad olunan qanunvericilik normalarının tələblərinə əsasən, mütəxəssis rəyinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 95 manat məbləğində pul vəsaiti Cavabdeh2 MMC-dən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə aiddir. Bunlardan əlavə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 23 dekabr 2024-cü il tarixli 10/9598 nömrəli ekspert rəyinə əlavə olunmuş ekspertiza xərclərinə dair bildiriş üzrə aparılan ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində təşkil etmişdir. Hazırkı iddia ərizəsi qismən təmin edildiyindən iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat məbləğində pul vəsaiti Cavabdeh2 MMC-dən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, Abşeron rayonu, Xırdalan şəhəri Həsən Əliyev küçəsində iddiaçıya məxsus neft məhsulu nəql olunan Dş-300 mm-lik və ona paralel Dş-250 mm-lik neft boru kəmərlərindən 37 metrdən 42 metrədək artan məsafədə Cavabdeh2 MMC tərəfindən inşa edilən 27x18 metr ölçüdə yarımçıq tikili sökülməli, cavabdehdən 100 manat məbləğində dövlət rüsumunun, 95 manat məbləğində mütəxəssis rəyinin verilməsi ilə əlaqədar çəkilmiş xərclərin əvəzi olmaqla, cəmi 195 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT E T D İ:

İddia qismən təmin edilsin. Abşeron rayonu, Xırdalan şəhəri Həsən Əliyev küçəsində iddiaçı Heydər Əliyev adına X11 balansında olan və neft məhsulu nəql olunan Dş-300 mm-lik və ona paralel Dş- 250 mm-lik neft boru kəmərlərindən 37 metrdən 42 metrədək artan məsafədə Cavabdeh2 tərəfindən inşa edilmiş 27x18 metr ölçülərdə yarımçıq tikili sökülsün. Cavabdeh2ndən 100 (yüz) manat məbləğində dövlət rüsumunun, 95 (doxsan beş) manat məbləğində mütəxəssis rəyinin verilməsi ilə əlaqədar çəkilmiş xərclərin əvəzi olmaqla, cəmi 195 (yüz doxsan beş) manat məbləğində pul vəsaiti iddiaçı Heydər Əliyev adına X11 xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh2ndən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar