Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(121)-1963/2024 16.09.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1, vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi Nümayəndə2, Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı payların müəyyən edilməsi və əmlakın naturada bölünməsi tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı payların müəyyən edilməsi və əmlakın naturada bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Xarxatan Kərpic" İstehsal Kooperativi üzərində nizamnamə kapitalına uyğun olaraq onun 4/10, cavabdehlər X1 və Cavabdeh2 hər birinin isə 3/10 hissədə paylarının müəyyən edilməsi və həmin əmlakın naturada bölünməsi barədə (50.000 manat dəyərində əmlakın cavabdehlər tərəfindən götürülüb özgəninkiləşdirilməsi xüsusatı nəzərə alınmaqla) qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Lənkəran rayonunun Xarxatan kəndində qeydiyyatda olmaqla orada yaşayır. Həmin kənddə yerləşən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X4 Qeydiyyatı üzrə Lənkəran Bölgə şöbəsində 30 mart 1999-cu ildə U-5/275 saylı arayışla "Göyərçin” Kooperativi uçota alınmışdır. 30 dekabr 2004-cü ildə “Göyərçin" Kooperativinin adı dəyişdirilərək “Xarxatan Kərpic” İstehsal Kooperativi adlandırılmış və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi HŞDQ üzrə Lənkəran Bölgə şöbəsində onun və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 adlarına ümumi mülkiyyət hüququ ilə uçota alınmışdır. “Xarxatan Kərpic” İstehsal Kooperativi kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, tədarükü və satışı, o cümlədən heyvandarlıq, qoyunçuluq, quşçuluq, əkinçilik, çayçılıq, arıçılıq, bitkiçilik təsərrüfatlarının təşkili, kənd təsərrüfatı təyinatlı müxtəlif xidmətlərin göstərilməsi, kərpic istehsalı və alqı-satqısı məqsədi ilə təsis edilmişdir və 1999-cu ildənhazırki vaxtadək fəaliyyət göstərir. Son dövrlərədək Kooperativin digər payçıları (cavabdehlər) ilə onun arasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı problem olmasa da, 30 aprel 2022-ci ildə ona məxsus kərpic sexindən 50.000 manat dəyərində avadanlıqların oğurlanmasından sonra öz payının məhkəmə qaydasında müəyyən edilərək naturada ayrılması qərarına gəlmişdir (oğurluq hadisəsinin törədilməsi ilə bağlı tərəfindən müvafiq qurumlara şikayətlərlə müraciət edilmişdir). “Xarxatan Kərpic" İstehsal Kooperativinin nizamnaməsində hər bir təsisçinin payı müəyyən edilmişdir. Belə ki, nizamnamənin 5.4-cü bəndinə əsasən Kooperativin nizamnamə kapitalı 10 paydan ibarətdir və təsisçilər arasında onun 4 payı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər birinin isə 3 payı müəyyən olunmuşdur. 30 aprel 2022-ci ildə ona məxsus kərpic sexindən 50.000 manat dəyərində avadanlıqların oğurlanmasından sonra müraciəti əsasında Lənkəran ŞRPŞ-nin İB-də araşdırma aparılmış və 30 may 2022- ci il tarixdə "cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Aparılan araşdırma zamanı qaynı Nümayəndə2 izahatında göstərmişdir ki, “... Zavodun 12-13 min civarında Qaz idarəsinə, 1.400 manat İşıq idarəsinə, 4.000 manat Vergilər Nazirliyinə, 3.600 manat isə fəhlələrə borcu vardır. Həmin bu borcları ödəmək məqsədilə zavoddakı köhnə dəmir materialları satmaq qərarına gəlmişlər. Anası və ortancıl qardaşı Cavabdeh1 razılığı ilə dəmir materialları satın alan şəxslərə 1.600 manata satmışlar. Həmin pulla zavodun xərclərini ödəmişlər. Hazırda kərpic zavodu anası Cavabdeh2 məxsusdur. Özünün zavodda heç bir payı yoxdur. Lakin anasının vardır. O, da anasının istəyi ilə zavodda olan dəmir materialları satmışdır.” Göründüyü kimi, qaynını Nümayəndə2 polis şöbəsində aparılan araşdırma zamanı “Xarxatan Kərpic” zavodundan avadanlıqların aparıldığını etiraf etmiş və bunu ona cavabdehlərin tapşırdığını bildirmişdir. Məhz bu baxımdan hesab edir ki, cavabdehlərə məxsus ümumilikdə 6/10 hissə paydan aparılan avadanlıqların dəyəri çıxılmalıdır. Çünki onların qanunsuz hərəkətləri ilə ona maddi ziyan vurulmuşdur. Qaynı Nümayəndə2 izahatında satılan dəmir materiallarının zavodun borclarına xərcləndiyini bildirsə də, bu pul zavodun ehtiyacları üçün xərclənməmişdir. Həmçinin qeyd edir ki, izahatda satılan avadanlıqlar və onların dəyəri düzgün göstərilməmişdir. elə ki, satılan avadanlıqların ümumi dəyəri 50.000 manatdan çoxdur. Cavabdehlərin qanunsuz hərəkətlərinə görə qiyməti təxminən 10.000 manat olan bir ədəd komplekt kolxoz presi, bir ədəd 30 000 manat dəyərində 535 markalı kərpic presləyən komplekt lent elevatoru, bir ədəd 8000 manat dəyərində kərpic kəsən aparat və 2000 manat dəyərində elevator rolikləri və elektro matorlar götürülmüşdür. Lakin törədilən əməlin cinayət olmadığı qənaətinə gəlindiyi üçün polis şöbəsində cinayət işinin başlanması rədd edilmişdir. Əməldə cinayət tərkibi olmasa belə hesab edir ki, götürülmüş malların qiyməti cavabdehlərin ziyanına nəzərə alınmalıdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə o, və ailə üzvləri arasında hazırki işdən əlavə də əmlakla əlaqədar mübahisələr olmuşdur. Hazırda Lənkəran Rayon Məhkəməsində hakim Rəşad Məmmədovun icraatında əri Nümayəndə1 və oğlu X2 cavabdehlərə qarşı ümumi birgə mülkiyyətlərində olan torpaq sahələri üzərində payların müəyyən edilməsi və bu torpaq sahələrinin naturada bölünməsi ilə bağlı məhkəmə mübahisəsi davam etməkdədir. Cavabdehlərlə birlikdə ümumi əmlaka sahiblik və ondan istifadə olunması, həmçinin bu əmlaka sərəncam verilməsi ilə bağlı hüquqlarının həyata keçirilməsində ciddi maneələr yarandığından “Xarxatan Kərpic" İstehsal Kooperativi üzərində X4 Qeydiyyatı üzrə Lənkəran bölgə şöbəsində qeydiyyata alınmaqla təsdiq edilmiş nizamnamə üzrə payların müəyyən edilməsi və nizamnamə kapitalında göstərildiyi kimi 4/10 hissə payımın (40 %) müəyyən edilərək ayrılması, həmçinin cavabdehlər tərəfindən götürülmüş malların qiymətinin nəzərə alınması zəruridir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. “Xarxatan Kərpic” İstehsal Kooperativi ilə bağlı mübahisənin həll edilməsi üçün onun üzərində nizamnamə kapitalına uyğun olaraq payların müəyyən edilməsi və tərəflər arasında naturada bölünməsi zəruridir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, “Xarxatan-kərpic” İstehsalat kooperativi Lənkəran rayonu, Xarxatan kəndində yerləşir, həmin kooperativin yerləşdiyi torpaq sahəsinə və üzərində olan tikililərə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı iddiaçı hazıradək müəyyən səbəblərdən əldə edə bilməmişdir və onda bu barədə hüquqmüəyyənedici sənədlər yoxdur. Sonda iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 çıxışında iddia tələbini müdafiə edərək, bildirdi ki, iş materiallarına əlavə edilmiş “Xarxatan Kərpic” İstehsalat kooperativinin nizamnaməsində kooperativin payçılarının payı dəqiq müəyyən edilmişdir. Həmçinin Lənkəran rayonu, Şağlaser bələdiyyəsindən məhkəməyə təqdim edilmiş arayışdan da müəyyən edilir ki, “Xarxatan-kərpic” zavodu Lənkəran rayonu, Xarxatan kəndində yerləşir və ərazisi 0,66 hektardır. Lakin həmin torpaq sahəsinə və kooperativin digər əmlakına dair İddiaçı hazıradək müəyyən problemlər səbəbindən mülkiyyət hüququnu müəyyən sənədləri əldə edə bilməmişdir. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi Nümayəndə2 izahatında iddia tələbinin əsassız olduğunu bildirdi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2 iddia tələbinin əsassız olduğunu bildirdi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarına, iş materiallarında olan sənədlərə, tərəflərin məhkəmə iclaslarında verdikləri izahatlarına və məhkəmə iclasında tədqiq olunmuş digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsassız olduğuna görə təmin edilməməlidir. Belə ki iş materiallarında olan, Azərbaycan Respubliksı Ədliyyə Nazirliyi X4 Qeydiyyatı üzrə Lənkəran bölgə şöbəsi tərəfindən xx.xx.2004-cü il tarixdə təsdiqlənmiş “Xarxatan Kərpic” İstehsalat kooperativinin nizamnaməsindən görünür ki, həmin nizamnamənin 5.4-cü maddəsində kooperativin nizamnamə kapitalının 600.000 manat təşkil etdiyi və həmin kapitalın 10 paydan ibarət olaraq, təsisçilər arasında İddiaçı – 4 pay, Cavabdeh1 – 3 pay və Cavabdeh2 – 3 pay olduğu qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran ərazi idarəsindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli 3-21-3-43/2-3634/2023 mütəxəssis rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, “Lənkəran rayonunun Xarxatan kəndində yerləşən “Xarxatan Kərpic” İstehsal Kooperativinin istifadəsində olan torpaq sahəsinə və üzərində tikililərə dair hüquqmüəyyənedici və texniki sənədlər təqdim edilmədiyindən, eləcə də mövcud baza məlumatlarında “Xarxatan Kərpic” istehsal Kooperativinin istifadəsində olan torpaq sahəsinə və üzərində tikililərə dair məlumatlar mövcud olmadığından, həmin torpaq sahəsinin və üzərində tikililərin sənəd üzrə konkret yerləşmə yerini və sərhədlərini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan Lənkəran rayonu, Şağlaser bələdiyyəsindən təqdim edilmiş 107 saylı xx.xx.2023-cü il tarixli arayışda qeyd edilmişdir ki, Lənkəran rayonunun Xarxatan kənd sakini X3 həmin kənddə yerləşən “Xarxatan-kərpic” zavodunun səhmdarlarından biridir və həmin zavodun ərazisi 0,66 hektardır. İş materiallarından görünür ki, mütəxəssis rəyinin alınması üçün iddiaçı tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin hesablaşma hesabına 95 manat məbləğində pul vəsaiti ödənilmişdir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə müəyyən edir ki, baxılan iş üzrə mübahisənin predmetini, iddiaçının təsisçisi olduğu kooperativdə özünün və digər təsisçilərin (cavabdehlərin) nizamnamə kapitalına uyğun paylarının müəyyən edilməsi və kooperativin əmlakının təsis paylarına uyğun naturada bölünməsi barədə iddiaçının tələbi təşkil edir. Məhkəmə hesab edir ki, mübahisənin predmeti kommersiya hüquqi şəxsin təsisçiləri (payçıları) arasında payların müəyyən edilməsi və həmin hüquqi şəxsə məxsus olan əmlakın paylarına uyğun şəkildə təsisçilər (payçılar) arasında bölüşdürülməsinə dair korporativ tələb olduğuna görə, mübahisəyə mülki qanunvericiliyin kommersiya hüquqi şəxslərin üzvləri arasında əmlak bölgüsünə dair münasibətləri tənzimləyən müddəaları, həmçinin əmlakın və ya ayrı-ayrı əşyanın mülkiyyət və ya digər hüquqla hüquqi şəxsə mənsubiyyəti ilə əlaqədar, eləcə də paylı mülkiyyətdə olan əşyanın payçılar arasında bölüşdürülməsini nəzərdə tutan müvafiq normaları tətbiq edilməklə həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 109.1-ci maddəsinə əsasən, kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır. 109.4-cü maddəsinə əsasən, kooperativ üzvünün əmlak pay haqqı nizamnamə ilə müəyyənləşdirilən qaydada və həcmdə üzvlər tərəfindən ödənilən daşınar və (və ya) daşınmaz əmlakdan, habelə pulla qiymətləndirilən əmlak hüquqlarından ibarət olan pay haqqıdır. Əmlak pay haqqı mütləq və əlavə ola bilər. 109-4.1-ci maddəsinə əsasən, kooperativin üzvlərinin aşağıda göstərilən hüquqları vardır: 109-4.1.1. kooperativə daxil olmaq və könüllü qaydada kooperativdən çıxmaq; 109-4.1.6. kooperativ ləğv edildikdə kreditorlarla hesablaşmalardan sonra əmlakın onun payına düşən hissəsini və ya bu hissənin dəyərini almaq. 110.1-ci maddəsinə əsasən, kooperativin mülkiyyətində olan əmlak kooperativin nizamnaməsinə müvafiq surətdə onun üzvlərinin paylarına bölünür. Kooperativin əmlakı (vəsaitləri) onun əsas fondlarından, dövriyyə vəsaitindən və balansında göstərilən digər maddi dəyərlərdən ibarətdir. Kooperativin əmlakının formalaşdırılması mənbələri onun öz vəsaiti və cəlb edilmiş vəsait ola bilər. Kooperativin öz vəsaitini onun nizamnaməsində nəzərdə tutulmuş əmlak pay haqları, sahibkarlıq fəaliyyətindən, öz vəsaitlərinin banklarda və digər kredit təşkilatlarında, qiymətli kağızlarda yerləşdirilməsindən daxil olan gəlirlər, kreditlər, fiziki və hüquqi şəxslərin ianələri və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırır. Kooperativ tərəfindən qanunvericiliklə müəyyənləşdirilmiş qaydada cəlb edilən vəsaitin həcmi kooperativin ümumi vəsaitlərinin (əmlakının) 50 faizindən çox olmamalıdır. Kooperativin əmlakı onun xüsusi mülkiyyətindədir. Kooperativin üzvü onun mülkiyyətində olan əmlakı müqavilə əsasında istifadə edilmək üçün kooperativə verə bilər. Kooperativ ittifaqı onun mülkiyyətində olan əmlakı müqavilə əsasında istifadə edilmək üçün onun üzvü olan kooperativə verə və ittifaqın nizamnaməsində müəyyənləşdirilmiş digər məqsədlər üçün istifadə edə bilər. 110.5-ci maddəsinə əsasən, kooperativin ləğvindən sonra qalan əmlak kooperativin üzvləri arasında onun nizamnaməsinə uyğun olaraq bölüşdürülür. 111.1-ci maddəsinə əsasən, kooperativin ali idarəetmə orqanı onun üzvlərinin ümumi yığıncağıdır. 111.3 və 111.3.3-cü maddələrinə əsasən, kooperativ üzvlərini qəbul etmək və çıxarmaq kooperativ üzvlərinin ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. 112.1-ci maddəsinə əsasən, kooperativ üzvünün kooperativdən çıxmaq ixtiyarı vardır. Bu halda ona payının dəyəri ödənilməli və ya payına uyğun əmlak verilməli, habelə kooperativin nizamnaməsində nəzərdə tutulan digər ödənişlər verilməlidir. Kooperativin çıxan üzvünə payın dəyərinin ödənilməsi və ya başqa əmlakın verilməsi, əgər kooperativin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, maliyyə ili qurtardıqdan və kooperativin maliyyə hesabatları təsdiq edildikdən sonra həyata keçirilir. Qeyd olunan qanunvericilik normalarından görünür ki, kooperativ iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılan onun işirakçılarının könüllü birliyidir və kooperativin əmlakı onun xüsusi mülkiyyətindədir. Kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olduğundan, qanunvericilikdə onun üzvlərinin də kooperativdən azad şəkildə çıxa biləcəyi nəzərdə tutulmuşdur. Kooperativ üzvlü kooperativdən azad şəkildə çıxmaq hüququna malikdir və bu halda ona payının dəyəri ödənilməli və ya payına uyğun əmlak verilməli, habelə kooperativin nizamnaməsində nəzərdə tutulan digər ödənişlər verilməlidir. Kooperativin çıxan üzvünə payın dəyərinin ödənilməsi və ya başqa əmlakın verilməsi, əgər kooperativin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, maliyyə ili qurtardıqdan və kooperativin maliyyə hesabatları təsdiq edildikdən sonra həyata keçirilir. Beləliklə məhkəmə müəyyən edir ki, mülki qanunvericilikdə kooperativin əmlakının onun iştirakçıları arasında onların təsis paylarına uyğun naturada bölünməsi imkanı və qaydası nəzərdə tutulmamışdır. Bununla yanaşı, kooperativlər haqqında qanunvericilik normalarında üzvün kooperativdən çıxmaq hüququnun olması və bu zaman ona payının dəyərinin ödənilməli və ya payına uyğun əmlakın verilməli, habelə kooperativin nizamnaməsində nəzərdə tutulan digər ödənişlərin verilməli olması normativ qaydada tənzimlənmişdir. Məhkəmə qeyd edir ki, digər bir hal kooperativin ləğvi halıdır ki, bu halda ilk növbədə ləğv edilən kooperativin kreditorları təmin edilkdikdən sonra qalan əmlak və ya əmlak hüquqları onun işitrakçıları arasında onların paylarına mütənasib qaydada bölünə bilər. Məhkəmə, kooperativ üzvünün kooperativdən çıxması və ya onun üzvlüyünə xitam verilməsi ilə bağlı yarana biləcək mübahisələrin həlli qaydası ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 109-1.1-ci maddəsinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 110.1 və 110.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 21 dekabr tarixli qərarında göstərilmişdir ki, “Beləliklə, yuxarıda istinad edilən mülki qanunvericiliyin müddəaları ilə kooperativin üzvlüyünə xitam verilməsinin səbəblərindən asılı olmayaraq, belə xitamın verilməsi kooperativin idarəetmə orqanlarının (idarə heyəti və s.) deyil, kooperativ üzvlərinin ümumi yığıncağının səlahiyyətlərinə aid edilmişdir (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 2011-ci il 28 dekabr tarixli Qərarı). Kooperativ üzvü isə kooperativdən çıxmaq niyyətini təsisçilərə deyil, kooperativ üzvlərinin ümumi yığıncağına bildirməlidir. Ümumi yığıncağın diskresion səlahiyyəti olaraq “kooperativ üzvlərini qəbul etmək və çıxarmaq” səlahiyyəti həm kooperativ üzvünün ona həvalə olunmuş vəzifələri icra etmədikdə və ya lazımınca icra etmədikdə çıxarılmasını, həm də kooperativ üzvünün könüllü iradəsi olduğu təqdirdə onun çıxarılmasını ehtiva edir... Bununla belə, kooperativ üzvünün kooperativdən çıxma barədə ərizəsinə kooperativdə ağlabatan müddətdə baxılmadığı təqdirdə o, məhkəməyə müraciət edə bilər. Bu halda cavabdeh qismində digər kooperativ üzvləri deyil, birbaşa hüquqi şəxs olaraq kooperativin özü göstərilməlidir.” Həmin qərarında Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlmişdir: “- Konstitusiyanın 58-ci maddəsinə, Mülki Məcəllənin 109-4.1.1 və 112.1-ci maddələrinə uyğun olaraq, hər kəs könüllülük prinsipi əsasında, qanunvericilikdə nəzərdə tutulmuş qaydada kooperativə daxil olmaq və kooperativdən çıxmaq hüququna malikdir; - Mülki Məcəllənin 109-1.1-ci maddəsinin "kooperativ beşdən az olmayan fiziki və (və ya) hüquqi şəxslər tərəfindən yaradılır” və Mənzil Məcəlləsinin 110.1-ci maddəsinin “mənzil-tikinti kooperativinin üzvlərinin sayı beşdən az ola bilməz” müddəaları təşkilatihüquqi formasına görə kooperativin yaradılmasına və fəaliyyət göstərməsinə yönələn ümumi tələbdir. Beşdən az üzvü olan hüquqi şəxs mənzil-tikinti kooperativi formasında yaradıla və ya fəaliyyətini davam etdirə bilməz; - Mülki Məcəllənin 111.3.3-cü maddəsinə müvafiq olaraq, kooperativ üzvlərini kooperativə qəbul etmək və çıxarmaq kooperativ üzvlərinin ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. Bu səlahiyyət kooperativ üzvünün könüllü qaydada kooperativdən çıxarılmasını da ehtiva edir.” Məhkəmə, paylı mülkiyyətdə olan əmlakın mülkiyyətçisinin öz payının ayrılmasını tələb etməsi ilə bağlı subyektiv hüququnun yaranması üçün tələb olunan normativ şərtlərin qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 214.1-ci maddəsinə əsasən, əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. 223.4-cü maddəsinə əsasən, ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 154.1-ci maddəsinə əsasən, qanunvericiliyə uyğun olaraq fiziki və ya hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrı-ayrı növləri istisna edilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində istənilən əmlak ola bilər. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139.4-cü maddəsinə əsasən, məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsini və onların fərdiləşdirilməsini təmin edən məlumat bazası olan ünvan reyestri aparılır. Daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən ünvan verilir. Ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1 maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarına əsasən Mülki Məcəllənin 220.6-ci maddəsində ümumi əmlakın bölünməsi ilə bağlı məhkəmənin həmin əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edilməsi səlahiyyəti nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən belə qərarın qəbul edilməsi bütün paylı mülkiyyətçilərin razılığının alınması ilə şərtləndirilməmişdır. Həmin maddənin mənasına görə belə qərar paylı mülkiyyətçilərin birinin iddiası əsasında da qəbul edilə bilər. Mülkiyyətçilərin razılığı olmadan əmlakın hərracdan satılması barədə məhkəmənin qərar qəbul etməsi mülkiyyət hüququnun məhdudlaşdırılması (mülkiyyət hüququna müdaxilə) baxımından təhlil olunmalıdır. Məhkəmənin, iş materiallarında olan sənədlərə, tərəflərin izahatlarına, məhkəmə iclasında tədqiq olunmuş digər dəlillərə əsasən müəyyən dir ki, iddiaçı kooperativin əmlakında olan öz payının müəyyən edilərək naturada ayrılmasını tələb etsə də, sözügedən kooperativə məxsus hər hansı bir əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına dair hüquqmüəyyənedici sənədi məhkəməyə təqdim etməmişdir. Həmçinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində də “mövcud baza məlumatlarında “Xarxatan Kərpic” İstehsal Kooperativinin istifadəsində olan torpaq sahəsinə və üzərində tikililərə dair məlumatların mövcud olmadığı” qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, yuxarıda sadadalanan qanunvericilik aktlarının tələblərindən də göründüyü kimi, yalnız mülkiyyət hüququ əsasında, yəni daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqları dövlət qeydiyyatına alındığı təqdirdə əmlakın mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmçinin daşınmaz əmlakın paylı və ya birgə mülkiyyətdə olması barədə qanunamüvafiq qaydada dövlət qeydiyyatı aparılmalıdır. Lakin hazırki iş üzrə məhkəmə baxışı nəticəsində iddia predmetini təşkil edən “Xarxatan Kərpic” İstehsal Kooperativinə məxsus əmlakın dövlət qeydiyyatına alındığı müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə yekun vuraraq bu nəticəyə gəlir ki, İddiaçı cavabdelər Cavabdeh1 və Cavabdeh2 qarşı “payların müəyyən edilməsi və əmlakın naturada bölünməsi”nə dair iddia tələbi təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edilmədiyindən mütəxəssis rəyi üçün ödənilmiş 95 manat xərc və ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia ərizəsi təmin edilməsin. İş üzrə mütəxəssis rəyi üçün ödənilmiş 95 manat mələğində xərc və 100 manat mələğində dövlət rüsumu İddiaçı aid edilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №2-2(121)-1963/2024
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(121)-1963/2024
16.09.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver