Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2-2(3-7)-58/2026 30.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə Açar sözlər: borc müqaviləsinin forması; telefon danışıqları borcun verilməsinə dair sübut qismində; şahid ifadələri; sübutların qiymətləndirilməsi Hakimlər Həsənov Islam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay Ismayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Kərimova Cəmilə Əbülfət qızının katibliyi, Iddiaçı İddiaçı və cavabdeh Cavabdeh iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə ## #### 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. Işin halları
1. Cavabdeh Cavabdeh məxsus +************ mobil nömrə ilə iddiaçı İddiaçı arasında ## ###### 2025-ci il tarixdə qeydə alınmış Whatsapp sosial şəbəkə yazışmasında iddiaçı cavabdehə ünvanladığı mesajda bildirir ki, «niyə cavab vermirsən? Pulu ver, vaxt keçir, 70000 manat pulumu ver». Cavabdeh də iddiaçının bu mesajına cavab olaraq ona səsli mesaj göndərir (cavabdeh səs yazısının ona aid olduğunu qəbul edir). Həmin səs yazısında tərəflər arasındakı borc münasibətlərindən, habelə borcun qaytarılacağından bəhs edilir. Səs yazısında cavabdeh iddiaçının ünvanına maddi sıxıntıları olduğunu və borcunu qaytaracağını bildirir, möhlət verilməsini xahiş edir.
a) Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
2. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən ona əkin əkmək üçün verdiyi 70000 manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Iddia tələbi onunla əsaslandırılmışdır ki, 2024-cü ilin fevral ayında cavabdehlə razılığa gəlmişlər ki, o, pulunu verəcək, cavabdeh günəbaxan və qarğıdalı əkəcək, məhsul satanda onun pulunu və qazancını verəcəkdir. Cavabdeh onun pulunu alıb bu günə kimi nə qazancını, nə də pulunu vermişdir. O, cavabdehdən 70000 manat pulunu istəyəndə, cavabdeh ona deyir ki, pulu yoxdur. Nə vaxt pulu olsa verəcək. Cavabdeh onu aldadıb pulunu vermir, nə semiçka, nə də qarğıdalı əkir. Ona görə də cavabdehə verdiyi 70000 manat məhkəmə qaydası ilə alınıb ona qaytarılmalıdır. O, pulu 2024-cü ilin fevral ayında bir dəfəyə vermişdir. Pulu şahidlər şahid2 Səttar oğlu və X1 yanında vermişdir. Bu şəxslər məhkəmədə şahid kimi bildirəcəklər ki, o, 70000 manat vəsaiti cavabdehə vermişdir.
4. Tərtər Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli *(***)-****/**** nömrəli qərardadı ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair işin baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır
5. Məhkəmə iclasında iddiaçı İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, cavabdeh ondan əkin əkib qazancı bölüşmək üçün pul istəmiş, o da heyvanlarını satmış, satışdan əldə edilmiş 70000 manat vəsaiti cavabdehə vermişdir. Pulu cavabdehə verməyilə bağlı 2 nəfər şahidi də vardır. Cavabdeh ona bildirmişdir ki, Mobil və Afiq adlı şəxslərdən ərazi alıb əkin əkəcəkdir. Həmin adamların yanına getdikdə isə sonuncular ona əkin olmadığını bildirmişlər. Sonra Gəncədə yaşayan Yaşar adlı tanışı ona zəng edərək cavabdehin başqa 9 nəfərə qarşı da dələduzluq etdiyini söyləmişdir. Cavabdehin ona borcunun olması səs yazıları ilə də sübut olunur.
6. Məhkəmə iclasında cavabdeh Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, onun iddiaçıya heç bir borcu yoxdur. Iddiaçıya olan borcu 3 dəfə 10000 manat olmaqla, anası tərəfindən verilmişdir, geri qalan 6000 manat borc isə sonradan qaytarılmışdır. Iddiaçının təqdim etdiyi diskdə olan səs yazıları da məhz həmin 6000 manatla bağlı olmuşdur. Hazırda onun iddiaçıya heç bir borcu yoxdur, o, şahid qismində dindirilən 2 nəfəri də tanımır.
7. Məhkəmə iclasında iddiaçı tərəfindən şahid qismində dindirilmiş şahid2 ifadəsində bildirmişdir ki, Məsim müəllimlə o, Samuxa gedərkən Dünya məktəbinin yanında maşını saxlayaraq Vaqiflə görüşmüşlər. Vaqif demişdir ki, keçən il 40000 manat vermisən, bu il 100000 manat ver. Məsim müəllim də Vaqifə onun yanında 7 paçka, yəni 70000 manat vermişdir.
8. Məhkəmə iclasında iddiaçı tərəfindən şahid qismində dindirilmiş şahid1 ifadəsində bildirmişdir ki, təxminən fevral ayında Dünya məktəbinin yanında Məsim müəllimlə birlikdə onlar Vaqiflə görüşmüşlər. Məsim müəllim Vaqifə iş görmək üçün 7 paçka pul vermişdir.
9. Gəncə Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Əbülfəz Məmmədli) iddianın rədd edilməsi; Ödənilmiş 300 (üç yüz) manat məbləğində dövlət rüsumunun iddiaçı İddiaçı özünə aid edilməsi qət edilmişdir.
10. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1 maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 80, 81, 88, 106.1, 217.1, 217.3, 217.4 və 218.3-cü maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
11. Iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Iddiaçı İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı cavabdeh guya ona 10000 manat vəsaitin anası tərəfindən qaytarıldığını, 6000 manat isə sonradan özü tərəfindən qaytarıldığını bildirmişdir. Cavabdehin bildirməsinə görə, guya məhkəməyə təqdim edilmiş səs yazısı 6000 manatla bağlı olmuşdur. Məhkəmə sübut olmaması səbəbilə iddianı təmin etmir. Əgər onun tərəfindən cavabdehə pul vəsaiti verilməmişdirsə, onda nəyə görə cavabdeh ona göndərdiyi səs yazısında borcu olduğunu etiraf edir. Nə üçün məhkəmə cavabdehin bu ifadəsini subut kimi qəbul etmir, nə üçün məhkəmə cavabdehin ona pulu nə vaxt verdiyini müəyyən etmir. Əgər cavabdeh ona pul qaytarmış olsa idi, o bu barədə hər hansı bir sənəd alardı. Cavabdehin ondan borcunu qaytarması ilə bağlı sənəd almaması onu subut edir ki, cavabdeh ona pul qaytarmamış, məhkəmə də bunu düzgün qiymətləndirməmişdir. Cavabdeh pulu qaytaracağını bildirir. Bu halda, pulu nə vaxt qaytardığının subut etməlidir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlillər
13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. ##.##.2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdeh ondan əkin işləri üçün pul istəmiş, o da cavabdehə 70000 manat vermişdir. Razılaşmaları belə olmuşdur ki, cavabdeh buğda və arpa əkəcək, məhsulu satanda da onun pulunu verəcək. Pul vəsaitini cavabdehə verməyi ilə bağlı şahidləri, həmçinin cavabdehin pul borcu olduğunu etiraf etdiyi səs yazısı var. Sədrlik edənin suallarına cavab olaraq iddiaçı İddiaçı bildirmişdir ki, 2023-cü ildə də cavabdehə pul vermişdir, lakin həmin vəsaiti ödəmişdir. O da cavabdehə inanmış, növbəti əkin mövsümü üçün də ona pul vermişdir. Cavabdeh bildirmişdir ki, ondan aldığı 70000 manat vəsait hesabına guya başqa-başqa yerlərdə əkin əkmişdir. Sonradan isə Mobil və Afiq adlı şəxslər ona bildirmişlər ki, cavabdeh heç bir əkin əkməyib.
15. ##.##.2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdeh Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, onun iddiaçıya heç bir borcu qalmayıb. Səs yazısında qeyd olunan pul 6000 manat olub. Həmin vəsait də icarəyə götürdüyü yataqla bağlı olmuşdur. Həmin vəsaiti də ödəmişdir. Sədrlik edənin suallarına cavab olaraq Cavabdeh bildirmişdir ki, iddiaçı tərəfin vəsatəti əsasında dindirilmiş şahidləri tanımır. Onun anası tərəfindən iddiaçıya hissə-hissə olmaqla, ümumilikdə 30000 manat ödənilmişdir. O da 2023-cü ildə olan icarə haqqı ilə bağlı yaranmış borc olub. 2024-cü ildə heç bir iş əlaqələri olmayıb.
16. Hazırkı məhkəmə iclasında iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, 2024-cü ildə cavabdehlə razılığa gəlmişlər ki, o, pul verəcək, cavabdeh də günəbaxan və qarğıdalı əkəcək, məhsul satılanda cavabdeh onun pulunu verəcəkdir. Cavabdeh onun pulunu alıb bu günə kimi nə qazancını, nə də pulunu vermişdir. Sədrlik edənin suallarına cavab olaraq iddiaçı İddiaçı bildirmişdir ki, 2023-cü ildə şərikli iş görüb gəlir əldə etmək məqsədilə cavabdehə 40000 manat vermiş, bunun müqabilində isə cavabdeh ona 56000 manat vəsait qaytarmışdır (16000 manat qazanc olmaqla). Həmin təsərrüfat ilində günəbaxan məhsulu əkmişdilər. Cavabdeh bu hərəkəti ilə onun etibarını qazanmışdır. Növbəti əkin ili üçün cavabdehə 70000 manat versə də, lakin cavabdeh nə əkin əkmiş, nə də aldığı pulu ona qaytarmamışdır. Nə cavabdeh, nə də ki, onun anası 70000 manat vəsaitdən ona hər hansı məbləğ qaytarmamışdır. Iddiaçı İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
17. Hazırkı məhkəmə iclasında cavabdeh Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, onun iddiaçıya cəmi 9000 manat borcu vardır. Belə ki, 6000 manat icarəyə götürdüyü yatağa görə, 1500 manat da istifadə edilmiş elektrik enerjisi ilə bağlı. Iddiaçı ilə şərikli iş görməmişlər. Sədrlik edənin suallarına cavab olaraq Cavabdeh bildirmişdir ki, +************ mobil nömrə onun istifadəsindədir. Iddiaçının məhkəməyə təqdim etdiyi səs yazısı ona məxsusdur. Ancaq həmin səs yazısı 6000 manat borcla bağlı olmuşdur. 70000 manat vəsaitin ödənilməsi ilə bağlı iddiaçı tərəfindən ona mesaj göndərilməmişdir. Cavabdeh Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
18. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
19. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
20. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.
21. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.
22. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır.
23. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
24. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
25. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
26. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
27. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
28. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
29. Maddə 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir.
30. Maddə 742.2. Əgər borc müqaviləsində borcun qaytarılması üçün müddət müəyyən edilməmişdirsə, borcverən borcun qaytarılmasını istənilən vaxt tələb edə bilər. Borcverənin icra tələbini almış borcalan bir ay müddətində borcu qaytarmalı, habelə faizləri və (və ya) haqları ödəməlidir, bu şərtlə ki, tərəflərin razılaşması ilə daha uzun müddət nəzərdə tutulmasın. Azərbaycan Respublikası Konstitusiyasının 13, 29 və 60-cı maddələrinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1 və 337.1-ci maddələrinin hüquqi mahiyyəti və təyinatından irəli gələrək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsində nəzərdə tutulan borc müqaviləsinin yazılı forma tələbinin həmin Məcəllənin 329.1-ci maddəsi üzrə qanunla müəyyən edilmiş “başqa hal”a aid edilməsi üçün müvafiq dəyişikliklərin həyata keçirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviriəsaslandırıcı hissəsində ifadə olunmuş hüquqi mövqelərə əsasən məsələ qanunvericilik qaydasında həll edilənədək fiziki şəxslər (tərəflər) arasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsi üzrə borc müqaviləsi və onun şərtlərinin tərəflərin hər hansı yazılı sübutlara istinad etməklə təsdiqlənməsi imkanı istisna edilməməlidir. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının 2-ci bəndi Qərar qüvvəyə mindikdən sonra fiziki şəxslər (tərəflər) arasında yaranacaq borc münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
36. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
37. Maddə 385.1.1 Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
38. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
39. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
40. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia təmin edilməli, 70000 manat pul cavabdeh Cavabdeh alınaraq iddiaçı İddiaçı ödənilməlidir.
42. Mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” – “məhkəmə hüququ bilir” prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeləri hakim üçün heç bir halda məcburi deyil.
43. Bu prinsipə görə, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.
44. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
45. Bu kontekstdə kollegiya nəzərə alır ki, iddiaçı İddiaçı ortaq iş qurub (əkinçilik təsərrüfatı) gəlir əldə etmək məqsədilə 2024-cü ildə cavabdehə 70000 manat verdiyini, sonuncunun isə bunun müqabilində nə əkin əkdiyini, nə də bu məqsədlə ona verilmiş pul vəsaitini qaytarmadığını əsas göstərərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
46. Cavabdeh Cavabdeh isə iddiaya etiraz edərək iddiaçı ilə şərikli iş qurmadıqlarını, bu məqsədlə cavabdeh tərəfindən ona pul vəsaiti verilmədiyini, iddiaçıya əvvəllər 36000 manat borcu olduğunu, həmin borcu da qaytardığını bildirmişdir.
47. Bununla belə, iddiaçı İddiaçı tərəfindən cavabdeh Cavabdeh məxsus +************ mobil nömrə ilə aralarında ## ###### 2025-ci il tarixdə qeydə alınmış Whatsapp sosial şəbəkə yazışması məhkəməyə təqdim edilmişdir. Həmin telefon danışığı zamanı iddiaçı cavabdehə ünvanladığı mesajda bildirir ki, «niyə cavab vermirsən? Pulu ver, vaxt keçir, 70000 manat pulumu ver». Cavabdeh də iddiaçının bu mesajına cavab olaraq ona səsli mesaj göndərir (cavabdeh səs yazısının ona aid olduğunu qəbul etmişdir). Həmin səs yazısında tərəflər arasındakı borc münasibətlərindən, habelə borcun qaytarılacağından bəhs edilir. Səs yazısında cavabdeh iddiaçının ünvanına maddi sıxıntıları olduğunu və borcunu qaytaracağını bildirir, möhlət verilməsini istəyir.
48. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Məcəllənin 386.1-ci maddəsinə görə isə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
49. Bu baxımdan kollegiya vurğulayır ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından tərəflər arasında borc müqaviləsindən irəli gələn münasibətlər yaranmışdır və tərəflər arasında yaranmış hazırkı mübahisəyə də mülki qanunvericiliyin borc münasibətlərini tənzimləyən hüquq normaları çərçivəsində qiymət verilməlidir.
50. Mülki Məcəllədə nəzərdə tutulmuş borc müqaviləsinin yazılı forma tələbinə riayət edilməməsi isə tərəflər arasında faktiki yaranmış borc münasibətinin etibarsızlığına dəlalət edən hal kimi qiymətləndirilməməlidir – belə ki, Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2026-cı il tarixli qərarındakı hüquqi mövqeyə görə, fiziki şəxslər (tərəflər) arasında mövcud etimada əsaslanan münasibətlər və ya digər səbəblərdən borc müqaviləsi Mülki Məcəllənin 739.2-ci maddəsində nəzərdə tutulan sadə yazılı formada (kağız üzərində və ya həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən maddi daşıyıcıda əks olunan elektron və ya digər texniki vasitələrin köməyi ilə) bağlanılmasa belə, mübahisə zamanı yazılı və digər sübutların (telefon danışıqları, elektron yazışmalar, ödəniş qəbzi, köçürmə sənədi, borcalanın etirafı və s.) borca dair iddianın təsdiq edilməsi üçün təqdim olunması tərəflərin hüquqlarının qorunması baxımından istisna olunmamalıdır (bu qərar qəbul edilən zaman hazırkı iş məhkəmənin icraatında olduğundan, tərəflər arasındakı mübahisənin həmin qərarda ifadə olunan hüquqi mövqeyə uyğun həll edilməsi yolveriləndir).
51. Bu mənada, tərəflər arasında qeydə alınmış Whatsapp sosial şəbəkə yazışması onlar arasında borc münasibətləri yarandığı qənaətinə gəlməyə əsas verir.
52. «70000 manat vəsaitin ödənilməsi ilə bağlı iddiaçı tərəfindən ona mesaj göndərilməmişdir» barədə cavabdeh tərəfin arqumentini isə kollegiya əsaslı hesab etməmişdir. Ona görə ki, tərəflər arasında qeydə alınmış Whatsapp sosial şəbəkə yazışmasının ekran görüntüsünün işə əlavə edilmiş fotoşəklindən göründüyü kimi iddiaçı İddiaçı ##.##.2025-ci il tarixdə, saat 07:05-də cavabdehə «niyə cavab vermirsən? Pulu ver, vaxt keçir, 70000 manat pulumu ver» məzmununda mesaj ünvanlamaqla borcun ödənilməsi ilə barədə iradə ifadəsini aydın surətdə şərh olunan yazılı formada ona bəyan etmişdir. Cavabdeh də elə həmin gün, saat 10:04-də məhz həmin mesaja cavab olaraq maddi sıxıntıları olduğunu və borcunu qaytaracağını bildirmiş, bunun üçün möhlət istəmişdir.
53. «Onun iddiaçıya cəmi 9000 manat borcu olmuş, səs yazısında məhz həmin borcun ödəniləcəyini vəd etmişdir» barədə cavabdeh tərəfin arqumenti də kollegiya tərəfindən əsassız sayılmışdır. Çünki, bu arqumentinin qəbulu ağlabatan mühakimə əsasında mümkün deyildir.
54. Kollegiya bir daha göstərir ki, tərəflər arasında qeydə alınmış Whatsapp sosial şəbəkə yazışmasında iddiaçı İddiaçı ##.##.2025-ci il tarixdə, saat 07:05-də cavabdehə «niyə cavab vermirsən? Pulu ver, vaxt keçir, 70000 manat pulumu ver» məzmununda mesaj ünvanlamaqla borcun ödənilməsi ilə barədə iradə ifadəsini aydın surətdə şərh olunan yazılı formada cavabdehə bəyan etmişdir. Cavabdeh isə nə borc məbləğinə, nə də ki, həmin məbləğdə borcun ödənilməsinə hər hansı etiraz bildirməmiş, əksinə həmin borcu ödəyəcəyini vəd etməklə iddiaçıya həmin məbləğdə borclu olmasını etiraf etmişdir.
55. Xüsusən nəzərə almaq lazımdır ki, cavabdehin iddiaçı ilə aralarında qeydə alınan danışıq zamanı borclu olduğunu qəbul etdiyi 70000 manat borc məbləği ilə, sonradan məhkəmə araşdırması zamanı irəli sürdüyü arqumentindəki 9000 manat məbləğ arasında kəskin dərəcədə fərq vardır (70000 manat 9000 manatın təqribən 8 mislidir).
56. Ağlabatanlıq meyarları baxımından qeyd edilməlidir ki, əgər həqiqətən də cavabdehin bildirdiyi kimi onun iddiaçıya borcu 9000 manat məbləğdə idisə, iddiaçının «70000 manat pulumu ver» məzmununda mesajına o (cavabdeh) etiraz bildirərək həmin məbləğdə borcu olmadığını təkzib edə bilərdi və ya həmin borcun necə yaranması barədə iddiaçıya izaha ehtiyac duyulan suallar ünvanlayardı. Ancaq görünən odur ki, cavabdeh 70000 manat borcu ödəyəcəyini vəd etməklə iddiaçıya həmin məbləğdə borclu olmasını qeyd-şərtsiz qəbul etmişdir.
57. Iddiaçı İddiaçı tərəfindən cavabdeh Cavabdeh 70000 manat vəsait verilməsi birinci instansiya məhkəməsində icraat zamanı dindirilmiş şahid ifadələri ilə də bir daha öz təsdiqini tapır. Belə ki, məhkəmə iclasında dindirilmiş şahid şahid2 iddiaçı ilə Samuxa gedərkən Dünya məktəbinin yanında maşını saxlayaraq cavabdehlə görüşdüklərini, iddiaçının onun yanında cavabdehə 7 paçka, yəni 70000 manat verdiyini bildirmişdir. Eynilə digər şahid şahid1 da məhkəmə iclasında verdiyi ifadədə iddiaçı ilə birlikdə Dünya məktəbinin yanında cavabdehlə görüşdüklərini, iddiaçının Vaqifə 7 paçka (70000 manat) pul verdiyini bildirmişdir.
58. Şahid ifadələrinin obyektivliyi barədə məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, şahidlər işin həqiqi halları barədə məlumata malik şəxslərdir. Çünki, onlar iddiaçı tərəfindən cavabdehə hazırda tələb olunun pul vəsaiti verilən zaman orada olmuşlar. Digər tərəfdən, şahidlər nə iddiaçı ilə hər hansı qohumluq və ya xidməti asılılıq münasibətlərində deyillər ki, mübahisənin onun xeyrinə həllində maraqlı olsunlar, nə də ki, cavabdehə qarşı onların hər hansı formada qərəzli olmaları məhkəmə tərəfindən müəyyən edilməmişdir. Ümumiyyətlə, cavabdeh tərəfin də bu barədə hər hansı arqumenti olmamışdır. Bir sözlə, şahid ifadələrindəki məlumatların həqiqiliyini şübhə altına alacaq hər hansı hal mövcud olmadığından kollegiya həmin ifadələri mötəbər sübut olaraq qiymətləndirmişdir.
59. Mübahisənin obyektiv həlli üçün növbəti araşdırılmalı məsələ - verilmiş borc pul vəsaitinə görə cavabdeh tərəfindən iddiaçıya hər hansı vəsait qaytarılıb-qaytarılmamasıdır.
60. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, iddiaçının cavabdehə 70000 manat pul verməsi işdəki sübutların məcmusu ilə öz təsdiqini tapır; həmin puldan hər hansı məbləğin geri qaytarılmasını sübut etmək yükü isə bu dəlili irəli sürən cavabdehin üzərinə düşür və qanunvericiliyin tələblərinə görə bu hal yalnız müəyyən sübutetmə vasitələri ilə (konkret halda pulun qaytarılmasına dair müvafiq qəbzlər, müqavilə və s.) sübut olunmalıdır.
61. Lakin, cavabdeh Cavabdeh bu sübutetmə öhdəliyinin öhdəsindən gələ bilməmiş, iddiaçıya olan 70000 manat borcundan ödəniş etməsini kifayətedici aydınlıqla sübuta yetirə bilməmişdir.
62. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri sayır ki, cavabdeh Cavabdeh birinci instansiya məhkəməsində, habelə apellyasiya baxışı zamanı verdiyi izahatında onun anası tərəfindən iddiaçıya 3 dəfə 10000 manat, özü tərəfindən də 6000 manat olmaqla, ümumilikdə iddiaçıya 36000 manat qaytarıldığını bildirmişdir.
63. Iddiaçı İddiaçı da apellyasiya baxışı zamanı verdiyi izahatında 2023-cü ildə şərikli iş görüb gəlir əldə etmək məqsədilə cavabdehə 40000 manat verdiyini, bunun müqabilində isə cavabdehin ona 56000 manat vəsait qaytardığını (16000 manat qazanc olmaqla) bildirmişdir.
64. Kollegiyanın qənaətinə görə, cavabdeh tərəfindən iddiaçıya ödənilmiş 56000 manat vəsait onun iddiaçıya borclu olduğu 70000 manat borcla bağlı olmamışdır. Ona görə ki, birincisi, iddiaçı 2023-cü ildə gördükləri şərikli işdən əldə etdikləri mənfəətə görə cavabdehin ona 56000 manat (16000 manat qazanc olmaqla) vəsait verdiyini səmimi olaraq etiraf etmişdir. Ikincisi, 70000 manat borc yarandıqdan sonra 56000 manat vəsait iddiaçıya ödənilmiş olsa idi, cavabdeh iddiaçı ilə aralarında qeydə alınan danışıq zamanı borc məbləğinə etiraz edər, ödədiyini məbləğin nəzərə alınmasını tələb edərdi. Üçüncüsü isə, cavabdeh Cavabdeh 56000 manat vəsaiti 70000 manat borc yarandıqdan sonra iddiaçıya qaytarmasını təsdiq edəcək sübutu da məhkəməyə təqdim etməmişdir.
65. Birinci instansiya məhkəməsi isə mövcud sübutları düzgün qiymətləndirməmiş, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gələrək iddianı təmin etməmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia təmin edilməlidir.
66. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi tamamilə ləğv edilsin və yeni qətnamə qəbul edilsin. Iddia təmin edilsin. 70000 (yetmiş min) manat pul cavabdeh Cavabdeh alınaraq iddiaçı İddiaçı ödənilsin Qətnamədən onun surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.