Məhkəmə qərarları › İş №2(3-1)-23/2026

Ali Məhkəmə Qərardad — İş №2(3-1)-23/2026

30.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(3-1)-23/2026 30.01.2026 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki üzrə Babək Rayon Məhkəməsinin 25 dekabr 2025-ci il tarixli, 2(079)-878/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət (Açar sözlər: qərardaddan şikayət) Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), Əliyev Zamiq Xudaverdi oğlu və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki üzrə Babək Rayon Məhkəməsinin 25 dekabr 2025-ci il tarixli, 2(079)-878/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilən şikayətə Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İ. Birinci instansiya məhkəməsində icraat və məhkəmə aktı

1. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək Babək Rayon Məhkəməsinin 2(079)-608/2024 nömrəli, 18 sentyabr 2024cü il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək, Cavabdeh 01 noyabr 2010-cu il təvəllüdlü X1 üçün hər ay sabit məbləğində 246 (iki yüz qırx altı) manat miqdarında (ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən edilməklə) alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Babək Rayon Məhkəməsinin 25 dekabr 2025-ci il tarixli, 2(079)-878/2025 nömrəli qərardadı ilə iddia ərizəsinin icraata qəbul edilməsindən onun yolverilməzliyinə görə imtina olunmuş və iddia ərizəsi ona əla və edilmiş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılmış, iddiaçıya Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş əsasların olduğu halda, alimentin miqdarının dəyişdirilməsinə dair yeni iddia tələbi ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilmişdir.

3. Birinci instansiya məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, iddia ərizəsinə əlavə olunmuş yazılı sübutlarla müəyyən olunur ki, Babək Rayon Məhkəməsinin 2(079)-608/2024 nömrəli, 18 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2021-ci il tarixli barışıq sazişinin X3 və X2 yetkinlik yaşlarına çatanadək saxlanılmasına dair hissədə təsdiq edilməsi, barışıq sazişinin şərtlərinə uyğun olaraq Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2010 -cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanması üçün hər ay bir uşaq üçün 100 (bir yüz) manat olmaqla, iki uşaq üçün 200 (iki yüz) manat miqdarında sabit pul məbləğində alimentin xx.xx.2024-cü il tarixdən tutularaq uşaqların anası İddiaçı ödənilməsi və qətnamənin alimentə dair hissədə dərhal icraya yönəldilməsi qət edilmişdir. Məhkəmə qeyd etmişdir ki, sözügedən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişi ilə tərəflər xx.xx.2021-ci il tarixdə razılığa gələrək övladları xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X1 üçün ikinci tərəf Cavabdeh hər ayın sonu iki uşaq üçün ümumilikdə 200 (iki yüz) manat aliment pulunu birinci tərəf İddiaçı ödəməyi öhdəsinə götürməsinə dair razılığa gəlmiş və artırılmış aliment məbləğinin indeksasiyası şərtinə dair raz ılığa gəlməmişlər. Hazırda isə İddiaçı məhkəməyə aliment miqdarının artırılması ilə bağlı müraciət etsə də, iddianın mahiyyəti indeksasiya xarakteri daşımaqla uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumunun məbləğinə və uşağın tələbatlarının artmasına istinad olunmuşdur. Bununla yanaşı, məhkəmə qeyd etmişdir ki, konkret rəqəmlə ifadə olunan alimentin tutulmasına dair qanuni qüvvəsini almış məhkəmə qətnamələrindən fərqli olaraq, bu məzmunda mediasiya sazişi daxil olmaqla, barışıq sazişlərinin təsdiq edilməsi barədə məhkəmə aktları (qətnamə, qərardad) üzrə müəyyən edilmiş alimentin indeksasiyası da buna dair barışıq sazişində müvafiq bəndin olmadığı halda istisna edilir. Bu zaman, tərəflərə Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş əsasların olduğu halda, alimentin miqdarının d əyişdirilməsinə dair yeni iddia tələbi ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. Tərəflər belə bir tələblə məhkəməyə müraciət etdikləri halda isə, qəbul olunacaq qətnamədə müəyyən edilən alimentin məbləği minimum əmək haqqının misli ilə göstərilməlidir. Hazırki iddia ərizəsi cavabdehin ailə və ya maddi vəziyyətində dəyişikliyin olması ilə əsaslandırılmamış, buna dair sübutlar ərizəyə əlavə edilməmiş, iddia ərizəsi Babək Rayon Məhkəməsinin 2(079)-608/2024 nömrəli, 18 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının uşağın saxlanılmasına kifayət etməməsi, uşağın maddi, təhsil və digər xərclərinin artması və 2025-ci il üzrə uşaqlar üçün yaşayış minimumunun 246 (iki yüz qırx altı) manat təyin edilməsi ilə əsaslandırılmışdır. Məhkəmə sözüge dən halları nəzərə alaraq belə nəticəyə gəlmişdir ki, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair ərizəsinin iddia icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilməli, ərizəçiyə Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş əsasların olduğu halda, alimentin miqdarının dəyişdirilməsinə dair yeni iddia tələbi ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir.

4. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının yeni 8.4-3-cü yarımbəndinə istinad etmişdir. İİ. Şikayət və ona etirazın dəlilləri a) Şikayətinin dəlilləri

5. Qərardaddan narazı qalan iş üzrə İddiaçı xx.xx.2026-cı il tarixdə apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək Babək Rayon Məhkəməsinin 25 dekabr 2025-ci il tarixli, 2 (079)-878/2025 nömrəli qərardadının ləğv olunmaqla, iddia tələbinin icraata qəbul edilərək baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Şikаyət оnunlа əsаslаndırılmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 yanvar 2025-ci il, 1-8-16-1/2- 57/2025 nömrəli, Azərbaycan Respublikasının rayon (şəhər) və apellyasiya məhkəmələrinə göndərilmiş icmal mək tubunun 4-cu bəndində mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişində sabit pul məbləğində alimentin tutulması ilə bağlı şərt tərəflərin razılığından asılı olaraq konkret rəqəmlə və ya minimum əmək haqqının müəyyən misli ilə ifadə edilə bilər. Tərəflər sazişdə tutulan alimentin məbləğini konkret rəqəmlə ifadə etdikləri və bu məbləğin sonrakı indeksasiyasını nəzərdə tutmadıqları halda, məhkəmə tərəfindən bu sazişin təsdiqi zamanı həmin məbləğin minimum əmək haqqının mislinə çevrilməsi tərəflərin iradə ifadəsinə zidd olduğundan yolverilməzdir. Eyni mövqe, iddia icraatının gedişatında analoji barışıq sazişlərinin təsdiqi zamanı da nəzərə alınmalıdır. Bununla yanaşı, konkret rəqəmlə ifadə olunan alimentin tutulmasına dair qanuni qüvvəsini almış məhkəmə qətnamələrindən fərqli olar aq, bu məzmunda mediasiya sazişi daxil olmaqla, barışıq sazişlərinin təsdiq edilməsi barədə məhkəmə aktları (qətnamə, qərardad) üzrə müəyyən edilmiş alimentin indeksasiyası da buna dair barışıq sazişində müvafiq bəndin olmadığı halda istisna edilir. Bu zaman, tərəflərə Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş əsasların olduğu halda, alimentin miqdarının dəyişdirilməsinə dair yeni iddia tələbi ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. Görünür ki, tərəflər arasında olan barışıq sazişinə məhkəmə tərəfindən münasibət bildirilərək həmin barışıq sazişi məhkəmə qaydasında təsdiq olunmuş və məcburi icrası olan qətnamə qəbul edilmişdir. Yəni alimentin miqdarı məhkəmə tərəfindən müəyyən olunmamışdır. Həmin sazişin indeksasyası nəzərdə tutulmur və hətta məhkəmə tə rəfindən saziş təsdiqləndiyi halda belə onun indeksasiya olunaraq minimum əmək haqqına çevrilməsi tərəflərin iradəsinə zidd olduğundan yolverilməzdir. Babək Rayon Məhkəməsinin qərardadında isə göstərilənlərdən belə aydın olur ki, cavabdehin ailə və maddi vəziyyəti ilə bağlı dəyişiklik olduğu halda alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi ilə bağlı məhkəməyə müraciət oluna bilərdi. İlk növbədə qeyd edir ki, alimentin artırılması və ya sabit məbləğdən hissəviyə, hissəvidən sabit məbləğə keçirilməsi yalnız alimentin miqdarı məhkəmə tərəfindən müəyyən olunduqdan sonra mümkündür. Hazırki, aliment miqdarının məbləği məhkəmə tərəfindən müəyyən olunmayıb, sadəcə tərəflər arasında bağlanılmış barışıq sazişinə olan münasibətdir. Hətta məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunubsa bunun artırılması icra icraatı indeksasiya qaydasında və ya aliment miqdarının dəyişdirilməsi (hissəvidən sabitə və ya əksinə) ilə bağlı mediasiyadan keçməklə iddia icraatı qaydasında məhkəməyə müraciət olunmalıdır. Yəni mediasiya prosesi əsasında təsdiq olunmuş barışıq sazişi üzrə qətnamə qəbul edilərkən “alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi” ilə bağlı yeni iddia tələbi ilə bağlı məhkəməyə müraciət olunmalıdır, ya da yenidən mediasiyadan keçməklə yeni “aliment tələbi” barədə iddia qaldırılmalıdır. Lakin Babək Rayon Məhkəməsinin qətnaməsində qeyd olunan tərəflərin ailə və maddi vəziyyətində dəyişiklik olmasının hazırki, iddia tələbi üzrə heç bir əlaqəsi yoxdur, çünki əgər tərəf barışıq sazişi üzrə qətnamədə bir uşaq üçün 100 (bir yüz) manat miqdarında aliment alırsa, yaşayış minimumuna uyğun olaraq tərəfin alimentin miqdarının artırılması və ya dəyişdirilməsi üçün mütləq ki, cavabdehin gəlirinin artmasını müəyyən etməsi məqsədə müvafiq deyil. Çünki məhkəmə qətnaməsi üzrə aliment müəyyən olunarsa bu zaman Ali Məhkəmənin 20 dekabr 2024-cü il tarixli Plenum qərarına uyğun minimum əmək haqqına indeksasiya olunur, cavabdehin gəliri haqqında sübut tələb olunmur, həmin plenum qərarı qəbul edilənə qədər isə iddia icraatı qaydasında mediasiyaya təşkilatından keçməklə uşaqlar üçün yaşayış minimumuna uyğun alimentin artırılması üçün iddia tələbi ilə bağlı məhkəməyə müraciət olunurdu. Burda belə bir sual yaranır, əgər barışıq sazişi üzrə qətnamədə bur uşaq üçün 100 (bir yüz) manat aliment müəyyən olunubsa, tərəf yaşayış minimumuna uyğun alimentin miqdarının dəyişdirilməs i üçün məhkəməyə hansı qaydada müraciət etməlidir? İddiaçı cavabdehin gəlirini müəyyən edə bilmirsə bir uşaq üçün 100 (bir yüz) manat aliment miqdarı ilə razılaşmalıdırmı? Yoxsa yenidən aliment tələbi ilə bağlı yeni iddia qaldırılmalıdır? Babək Rayon Məhkəməsinin qərardadında göstərildiyi kimi, cavabdehin gəlirinin artması barədə sübut təqdim edildikdə, barışıq sazişi əsasında təsdiq olunmuş məhkəmə qətnaməsini, yəni məhkəmə tərəfindən müəyyən olunmamış aliment miqdarının dəyişdirilməsi və ya artması ilə bağlı məhkəməyə müraciət olunması mümkündürmü? Babək Rayon Məhkəməsinin 25 dekabr 2025-ci il tarixli, 2 (079)-878/2025 nömrəli qərardadında məhkəmə tamamilə fərqli mövqedən çıxış edib.

7. Babək Rayon Məhkəməsinin 07 yanvar 2026-cı il tarixli, 2(079)-878/2025 nömrəli qərardadı ilə şikаyət əsаslı hesab edilməyərək, şikаyətin mülki işlə birlikdə bаxılmаsı üçün Naxçıvan MR Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

8. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır. İİİ. Tətbiq edilən hüquq a) Azərbaycan Respublikası Ailə Məcəlləsi

9. Maddə 112.1 Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. b) Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın p ozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının yeni 8.4-3-cü yarımbəndi

10. Alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəl ləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPMin 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. c) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

11. Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır.

12. Maddə 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində ya zılı icraat qaydasında baxır.

13. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.

14. Maddə

400. Apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. İV. Məhkəmə kollegiyasının mövqeyi

15. Kollegiya iş materiallarını, şikayət dəlillərini və birinci instansiya məhkəməsinin qərardadının əsaslılığını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmal ı, şikayət təmin edilməməlidir.

16. Belə ki, iş materiallarından görünür ki, Babək Rayon Məhkəməsinin 2(079)608/2024 nömrəli, 18 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2021-ci il tarixli barışıq sazişinin X3 və X2 yetkinlik yaşlarına çatanadək saxlanılmasına dair hissədə təsdiq edilməsi, barışıq sazişinin şərtlərinə uyğun olaraq Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanması üçün hər ay bir uşaq üçün 100 (bir yüz) manat olmaqla, iki uşaq üçün 200 (iki yüz) manat miqdarında sabit pul məbləğində alimentin xx.xx.2024-cü il tarixdən tutularaq uşaqların anası İddiaçı ödənilməsi və qətnamənin alimentə dair hissədə dərhal icraya yönəldilməsi qət edil mişdir.

17. Sözügedən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişi ilə tərəflər xx.xx.2021-ci il tarixdə razılığa gələrək övladları xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X1 üçün ikinci tərəf Cavabdeh hər ayın sonu iki uşaq üçün ümumilikdə 200 (iki yüz) manat aliment pulunu birinci tərəf İddiaçı ödəməyi öhdəsinə götürməsinə dair razılığa gəlmiş və artırılmış aliment məbləğinin indeksasiyası şərtinə dair razılığa gəlməmişlər.

18. Hazırda isə İddiaçı məhkəməyə aliment miqdarının artırılması ilə bağlı iddia ərizəsi ilə müraciət edərək Babək Rayon Məhkəməsinin 2(079)-608/2024 nömrəli, 18 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək, Cavabdeh 01 noyabr 2010-cu il təvəllüdlü X1 üçün hər ay sabit məbləğində 246 (iki yüz qırx altı) manat miqdarında (ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən edilməklə) alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş (bax bənd 1), həmin nəhkəmənin 25 dekabr 2025-ci il tarixli, 2(079)-878/2025 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən onun yolverilməzliyinə görə imtina olunmuş və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılmış, iddiaçıya Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş əsasların olduğu halda, alimentin miqdarının dəyişdirilməsinə dair yeni iddia tələbi ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilmişdir (bax bənd 2).

19. Kollegiya birinci instansiya məhkəməsinin gəld iyi nəticə ilə razılaşaraq qeyd edir ki, iş materiallarından müəyyən olunur ki, tərəflər arasında aliment münasibətləri məhkəmə tərəfindən birtərəfli qaydada müəyyən edilməmiş, əksinə, mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2021-ci il tarixli barışıq sazişi əsasında formalaşmışdır. Həmin barışıq sazişi Babək Rayon Məhkəməsi tərəfindən təsdiq edilmiş, lakin bu zaman alimentin miqdarı məhkəmənin iradəsi ilə deyil, tərəflərin qarşılıqlı razılığı ilə konkret pul məbləği şəklində (sabit məbləğlə) ifadə olunmuşdur. Beləliklə, təsdiq edilmiş barışıq sazişi məhkəmə aktı formasında rəsmiləşdirilsə də, alimentin məbləği mahiyyət etibarilə məhkəmə tərəfindən müəyyən edilmiş aliment hesab edilə bilməz.

20. Birinci instansiyası məhkəməsi iddia ərizəsinin icraata qəbul edilməsindən onun yolve rilməzliyinə görə imtina olunması nəticəsinə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Qərarının 8.4-3-cü yarımbəndinə istinad edərək qərar qəbul etmişdir ki, kollegiya məhkəmənin bu mövqeyi ilə razılaşır.

21. Belə ki, həmin yarımbənddə açıq şəkildə göstərilmişdir ki, əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanır və iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələ məhkəmə qaydasında deyil, icra icraatı qaydasında, yəni Ailə Məcəlləsinin 110-cu və Mülki Pro sessual Məcəllənin 232-ci maddələrinə uyğun olaraq həll edilməlidir. Belə olan halda, Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən iddia ərizəsi yolverilməz olduğuna görə icraata qəbul edilə bilməz, iddia ərizəsi artıq icraata qəbul edilmişdirsə isə Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə uyğun olaraq mülki iş üzrə icraata xitam verilməlidir.

22. Bu baxımdan, birinci instansiya məhkəməsinin qeyd olunan Plenum Qərarına istinad etməklə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina etməsi prosessual qanunvericiliyin tələblərinə uyğun olmaqla əsaslı və qanunauyğun olmuşdur.

23. İddiaçı şikayətində Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 yanvar 2025ci il 1-8-16-1/2-57/2025 nömrəli, Azərbaycan Respublikasının rayon (şəhər) və apellyasiya məhkəmələrinə göndərilmiş icm al məktubuna istinad etmişdir ki, apellyasiya instansiyası hesab edir ki, göstərilən icmal məktubunun 4-cü bəndində əks olunan hüquqi mövqe birinci instansiya məhkəməsinin qərardadını təkzib etmir, əksinə onu təsdiq edir. Həmin bəndə əsasən, tərəflər alimenti konkret məbləğlə müəyyən etdikləri halda, bu məbləğin məhkəmə tərəfindən minimum əmək haqqının mislinə çevrilməsi və ya indeksasiyası yolverilməz hesab edilir və tərəflərə yalnız Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud olduqda yeni iddia tələbi ilə müraciət etmək hüququ izah edilməlidir. Birinci instansiya məhkəməsi də məhz bu hüquqi mövqedən çıxış etmişdir.

24. Yuxarıda qeyd olunan icmal məktubunun 4-cü bəndində də açıq şəkildə göstərilmişdir ki, mediasiya nəticəsində bağlanılmış barışıq sazişində alimenti n konkret rəqəmlə müəyyən edilməsi tərəflərin iradəsindən asılıdır və bu halda, həmin məbləğin sonradan məhkəmə tərəfindən minimum əmək haqqının mislinə çevrilməsi və ya indeksasiya edilməsi tərəflərin iradəsinə zidd olduğundan yolverilməzdir. Bununla yanaşı, konkret rəqəmlə ifadə olunan alimentin tutulmasına dair qanuni qüvvəsini almış məhkəmə qətnamələrindən fərqli olaraq, bu məzmunda mediasiya sazişi daxil olmaqla, barışıq sazişlərinin təsdiq edilməsi barədə məhkəmə aktları (qətnamə, qərardad) üzrə müəyyən edilmiş alimentin indeksasiyası da buna dair barışıq sazişində müvafiq bəndin olmadığı halda istisna edilir.

25. Hazırkı iş üzrə barışıq sazişində alimentin indeksasiyası ilə bağlı hər hansı müddəa nəzərdə tutulmamışdır. Buna görə də iddiaçının faktiki olaraq yaşayış minimumunun artma sına və uşaqların ehtiyaclarının çoxalmasına istinad etməklə alimentin artırılmasını tələb etməsi yolverilməzdir.

26. Bundan başqa, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi yalnız tərəflərin ailə və ya maddi vəziyyətində əhəmiyyətli dəyişiklik olduqda mümkündür. Birinci instansiya məhkəməsi tərəfindən haqlı olaraq müəyyən edilmişdir ki, iddia ərizəsində cavabdehin ailə və ya maddi vəziyyətində baş vermiş hər hansı dəyişiklik göstərilməmiş, bu halları təsdiq edən sübutlar təqdim olunmamışdır. İddia tələbi yalnız uşağın saxlanma xərclərinin artması və yaşayış minimumu ilə əsaslandırılmışdır ki, bu hallar Ailə Məcəlləsinin 112-ci maddəsi baxımından alimentin dəyişdirilməsi üçün yetərli hüquqi əsas hesab edilə bilməz.

27. Şikayətdə göstərilən “yaşayış minimumunun artması və uşaqların ehtiyaclarının çoxalması alimentin artırılması üçün müstəqil əsas kimi çıxış etməlidir” fikrinə gəlincə məhkəmə kollegiyası qeyd edir ki, yaşayış minimumunun dəyişməsi alimentin məhkəmə qətnaməsi ilə minimum əmək haqqının misli şəklində müəyyən edildiyi hallarda indeksasiya mexanizmi vasitəsilə nəzərə alınır. Lakin hazırkı iş üzrə aliment konkret rəqəmlə ifadə edilmiş və barışıq sazişində indeksasiya barədə müddəa nəzərdə tutulmamışdır. Buna görə də yaşayış minimumunun artması alimentin avtomatik artırılmasına hüquqi əsas yaratmır.

28. Apellyasiya şikayətində iddiaçı tərəfindən irəli sürülən arqumentlərdən biri də ondan ibarətdir ki, alimentin artırılması yalnız cavabdehin gəlirinin artması ilə bağlı olmamalı və iddiaçı cavabdehin gəlir i barədə məlumat əldə edə bilmədikdə mövcud məbləğlə razılaşmağa məcbur qalmamalıdır. Apellyasiya instansiyası bu arqumenti də əsassız hesab edir. Belə ki, alimentin dəyişdirilməsi tələbi irəli sürülərkən bu tələbin hüquqi əsaslarının və faktiki halların sübut edilməsi iddiaçının üzərinə düşür. Cavabdehin gəliri barədə məlumatın əldə olunmaması iddia tələbinin hüquqi əsaslardan məhrum olması nəticəsini aradan qaldırmır.

29. Məhkəmə kollegiyası iddiaçının diqqətinə çatdırır ki, birinci instansiya məhkəməsi Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud olduqda yeni iddia tələbi ilə müraciət etmək hüququnun olduğunu bildirməklə onun məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmamışdır. Belə ki, qeyd olunduğu kimi, iddia tələbinin predmetindən də göründüyü kimi, İddiaçı iddia ərizəsi ilə hazırki tələblə məhkəməyə müraciət edərkən Babək Rayon Məhkəməsinin 2(079)-608/2024 nömrəli, 18 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək aliment məbləğinin artırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Halbuki həmin qətnamənin məzmunundan məlum olur ki, sözügedən qətnamə ilə İddiaçı ilə Cavabdeh arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2021-ci il tarixli barışıq sazişinin X3 və X2 yetkinlik yaşlarına çatanadək saxlanılmasına dair hissədə təsdiq edilməsi qət edilmişdir. Yəni hazırkı aliment məbləği məhkəmə qətnaməsi ilə deyil, tərəflərin barışıq sazişi əsasında müəyyən olunmuşdur. Belə olan halda isə İddiaçı aliment tələbi ilə bağlı qanunvericiliyin tələbinə uyğun olaraq mediasiya təşkilatı na müraciət hüququ, tərəflər arasında mediasiya sessiyasında alimentə dair razılıq əldə olmazsa və Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş əsaslar olarsa məhkəməyə müstəqil iddia tələbi şəklində müraciət edə bilmə hüququ izah olunur.

30. Beləliklə məhkəmə kollegiyası iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas ola bilməz. Birinci instаnsiyа məhkəməsi qərardad qəbul edərkən düzgün nəticəyə gəldiyindən verilmiş şikayət təmin edilməməli, Babək Rayon Məhkəməsinin 25 dekabr 2025-ci il tarixli, 2(079)-878/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 400, 401 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Babək Rayon Məhkəməsinin 25 dekabr 2025-ci il tarixli, 2(079)-878/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar