Azərbaycan Respublikası adından Qərardad Naxçıvan şəhəri İş № 2(3-1)-57/2026 15.04.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Mülki kollegiya İddiaçı Cavabdeh Sədi oğluna qarşı əmlak tələbi (Açar sözlər: iddia ərizəsinin məzmununa əməl edilməməsi, qızıl-zinət əşyasının fərdi əlamətləri və icraolunmazlıq) Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimləri Əliyev Zamiq Xudaverdi oğlu (sədrlik edən və məruzəçi), Allahverdiyev Mehman Dünyamalı oğlu və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, iddiaçı İddiaçı nümayəndəsi nümayəndə1 Şəmil oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh Sədi oğluna qarşı əmlak tələbinə dair mülki iş üzrə çıxarılmış Şərur Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən cavabdehin vəkili-nümayəndəsi X1 tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İ. Birinci instansiya məhkəməsində icraat. a) Məhkəməyə müraciət.
1. İddiaçı İddiaçı “22” avqust 2025-ci ildə Şərur Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh Cavabdeh Sədi oğlundan qızıl-zinət və cehiz əşyalarının, həmin əşyalar olmadıqda isə qızıl-zinət əşyalarının dəyəri olan 10500 (on min beş yüz) manat və cehiz əşyalarının dəyəri olan 500 (beş yüz) manat olmaqla, ümumilikdə 11000 (on bir min) manat pulun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iş vərəqə 01-02).
b) İddia tələbinin həcminin artırılması.
2. İddiaçı İddiaçı “03” oktyabr 2025-ci ildə Şərur Rayon Məhkəməsinə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, qızıl-zinət əşyaları olmadıqda onların dəyəri olan 10500 (on min beş yüz) manat pulun, iddia ərizəsində adları qeyd olunan cehiz əşyaları ilə birlikdə yataq mebeli dəstinin, onlar olmadıqda isə dəyəri olan 4500 (dörd min beş yüz) manat pulun cavabdeh Cavabdeh Sədi oğlundan alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iş vərəqə 41-42).
3. Şərur Rayon Məhkəməsi sözügedən ərizənin icraata qəbul edilib-edilməməsi barədə məhkəmə aktı qəbul etməsə də, Məhkəmənin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsində iddia tələbinin həcminin artırılması ilə bağlı ərizənin mümkün hesab edilməsi qeyd edilmişdi.
c) Tələb üzrə qəbul edilən məhkəmə aktı.
4. Şərur Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddia ərizəsində göstərilən bir dəst sarı qızıl sep, üzük, sırğa və qolbaq, sadə qaşlı, bir dəst ağ qızıl sep, üzük, sırğa, qolbaq, bir ədəd nişan üzüyü, göstərilən qızıl-zinət əşyaları, olmadıqda isə onların ümumi dəyəri olan 5600 (beş min altı yüz) manat pul məbləğinin cavabdeh Cavabdeh Sədi oğlundan alınaraq iddiaçı İddiaçı verilməsi, bir ədəd yataq mebel dəstinin və cehiz əşyalarının-mikser, çəngəl-bıçaq dəsti, pərdə, iki ədəd çilçırağın cavabdeh tərəfindən məhkəmə prosesinin gedişində iddiaçıya qaytarılmasının nəzərə alınması qət edilmişdi (iş vərəqə 108-117).
II. Apellyasiya icraatı. a) Məhkəmə aktından verilən apellyasiya şikayəti.
5. Cavabdehin vəkili-nümayəndəsi X1 ## ###### 2026-cı il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək Şərur Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir (iş vərəqə 123-128).
b) Apellyasiya şikayətinin əsaslandırılması.
6. Cavabdehin vəkili-nümayəndəsi X1 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmə qətnaməsi ilə razı deyillər və qənaətlərinə görə qəbul edilmiş qətnamə maddi və prosessual qanunvericiliyin tələbləri pozulmaqla qəbul edilmişdir.
7. İş üzrə müəyyən edilir ki, tərəflər ## #### 2025-ci il tarixdə el adət-ənənələrinə uyğun olaraq nikah bağlayaraq ailə qurmuş, ## #### 2025-ci il tarixdə isə ayrılmışlar ki, onlar arasındakı nikah formal xarakterli olmuş və dövlət qeydiyyatına alınmamışdı. İstinad edilən ailə qanunvericiliyinin tələbinə əsasən yalnız dövlət qeydiyyatına alınmış nikahın qanuniliyi tanınır və yalnız bu halda yəni nikaha daxil olduqları təqdirdə şəxslərin biri digərinə qarşı əmlak tələbi ilə çıxış edə bilər.
8. Digər tərəfdən məhkəmənin hazırkı iş üzrə Mülki Məcəllənin 157-ci maddəsinə istinad etməsi ilə bağlı mövqeyi ilə də razı deyillər, belə ki mülki işin araşdırılan hallarından da görünür ki, tərəflər az müddət ərzində faktiki nikah münasibətlərində olmuş və cavabdeh az müddət sonra iddia ərizəsində qeyd edildiyi kimi Rusiya Federasiyasına getmişdir. Bundan sonra ailədaxili mübahisə zəminində iddiaçı valideynlərinin yanına qayıtmağa məcbur olmaqla, cavabdehdə qalmış qızıl-zinət əşyalarının geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Hansı ki, tələb edilən qızıl-zinət əşyaları bilavasitə iddiaçının istifadəsində və sərəncamında olmuş, iddia ərizəsinə əsasən aralarında baş vermiş mübahisədən sonra birgə yaşadığı evdə ona məxsus otaq qapısının kilidi sındırılaraq baldızı və digər şəxslər tərəfindən iddiaçıya məxsus qızıl-zinət əşyaları götürülmüşdür. Belə olan təqdirdə də qənaətlərinə görə iddiaçının cavabdehə qarşı hazırkı iddia ilə müraciət etməyə subyektiv hüququ olmamışdır ki, məhkəmə tərəfindən də istinad edilən maddi hüquq normalarının pozulması ilə müşayiət olunan qətnamə qəbul olunmuşdur.
9. Hazırkı iddia tələbinə əsasən iddiaçı cavabdehdən bir sıra cehiz və qızıl-zinət əşyaları tələb edir ki, məhkəmə icraatı dövründə iddiaçı tərəf iddia tələbinə əlavə olaraq yataq dəsti mebeli və ya onun dəyərinin də cavabdehdən alınıb ona verilməsi ilə bağlı iddia tələbinin artırılması barədə məhkəməyə əlavə bir ərizə də təqdim etmişdir. İcraat zamanı isə məlum olur ki, iddiaçı cavabdeh ilə birgə yaşadığı evi tərk edərkən valideynləri ilə birgə ## #### 2025-ci il tarixdə həmin evə getmiş, özünə məxsus bir sıra əşyaları götürmüşdür. Bundan sonra isə iki dəfə təkrar yaxınları ilə yenə həmin evə getmiş, özünə məxsus bir sıra əşyaları götürmüş sadəcə böyük həcmli əşyalar cavabdehin valideyninə məxsus evdə qalmışdır. Hansı ki, həmin əşyalar da məhkəmə dövrü cavabdehin valideynləri tərəfindən iddiaçıya geri qaytarılmışdı. Qeyd edildiyi kimi həmin vaxt artıq cavabdeh ölkə ərazisində deyildi və tələb edilən qızıl-zinət əşyaları bilavasitə iddiaçının istifadəsində və sahibliyində idi. Mübahisə baş verən günü isə iddiaçı özünün qeyd etdiyi kimi son saata qədər münasibətləri normal olmuşdur, lakin mübahisə olandan sonra o, yaşadığı evə getmiş və ona məxsus qızıl-zinət əşyalarının guya oğurlandığını görmüşdür. Belə olan təqdirdə də hesab edir ki, qeyd edilən prosessual normalar işə baxan məhkəmə tərəfindən pozulmuşdur. Qızıl-zinət əşyalarının oğurlanmasını və konkret kim tərəfindən oğurlanmasını isbat etmək tərəfin öz üzərinə düşür. Digər tərəfdən də qeyd edilən xüsusatlar görə məhkəmə tərəfindən yetərli araşdırılmamışdı. Eyni zamanda əgər cavabdehin burda olmadığı, qızıl-zinət əşyalarının isə iddiaçının sahibliyində olduğu təqdirdə cavabdehə qarşı müvafiq tələblə iddia qaldırılması nə dərəcədə qanunauyğundur? Qənaətlərinə görə iddia tələbinin də cavabdeh olaraq Cavabdeh qarşı irəli sürülməsi düzgün deyildir. Nə qədər ki, qızıl-zinət əşyalarının iddiaçıya hədiyyə edilməsi və son vaxtadək həmin əşyaların iddiaçının sahibliyində olması mübahisə doğurmur. Bu səbəbdən də iş üzrə çıxarılmış məhkəmə qətnaməsinin istinad edilən prosessual normaların pozulması şərti ilə qəbul edilməsi qənaətindədirlər.
10. Qeyd edildiyi kimi, tərəflər arasında faktiki nikahın dövrü cəmi 53 gün olmuşdur. Bu müddət ərzində də münasibətlər elə də isti olmamış, əsasən iddiaçının cavabdehi aldatması səbəbindən onların nikahı baş tutmamışdı. Birgə yaşadıqları az müddət ərzində bilavasitə iddiaçının qeyd etdiyi kimi otağın iki açarından biri özündə olmuş və bu nikah münasibətilə ona hədiyyə edilmiş qızıl-zinət əşyaları iddiaçının sahibliyində olmuşdur. Baş vermiş hadisələr səbəbindən artıq nikahlarının da rəsmiləşdirilməməsi və bu səbəbdən də münasibətlərinin uzun çəkməyəcəyi iddiaçıya bəlli idi. Sonuncu mübahisə günü yaşadığı evdən şəxsi əşyalarını, ondan sonrakı günlərdə isə iki dəfə təkrarən gəlib həmin evdən yenə özünə məxsus əşyalarını götürməsi bilavasitə sahibliyində olan qızıl-zinət əşyalarının da iddiaçı tərəfindən götürülməsini istisna etmir. Çünki, cavabdeh özü ölkə ərazisi xaricində olsa da onun valideynləri iddiaçının bu hərəkətlərinə heç bir maneçilik törətməmişlər. Bu baxımdan da hazırkı mübahisə üzrə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması qənaətindədirlər.
11. Baxılan iş üzrə aparılmış məhkəmə tədqiqatına əsasən, bir dəst sarı qızıl sep, üzük, sırğa və qolbaq, sadə qaşlı, bir dəst ağ qızıl sep, üzük, sırğa, qolbaq, bir ədəd nişan üzüyü, göstərilən qızıl-zinət əşyaları, olmadıqda onların ümumi dəyəri olan 5600 (beş min altı yüz) manat pulun cavabdeh Cavabdeh alınaraq iddiaçı İddiaçı ödənilməsi qənaətinə gəlmişdir. Halbuki, tələb edilən əşyaların cavabdeh tərəfindən götürülməsi və ya iddiaçıya verilməməsindən imtina edilməsi barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Baxmayaraq ki, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş və məhkəmə iclasında tədqiq edilmiş cavabdehin atasına məxsus olduğu bildirilən səs yazısı da qənaətlərinə görə sübut əhəmiyyəti daşımır. Digər tərəfdən məhkəmə qətnaməsində həmin sübutun cavabdeh tərəfindən təkzib olunmayan kimi qeyd edilməsi də ümumiyyətlə cavabdeh tərəfin mənafeyinə uyğun deyildir. Bu səbəbdən də məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların tam və hərtərəfli araşdırılmaması eyni zamanda sübut edilməməsi qənaətindədirlər.
12. Digər tərəfdən iddiaçı tərəf məhkəmə iclası zamanı ona hədiyyə edilmiş qızıl-zinət əşyalarından bir ədəd qolbaq və bir ədəd üzüyü şəxsən özü tərəfindən itirildiyini bildirsə də həmin əşyaların dəyərinin nəticədə cavabdehdən təkrarən iddiaçının xeyrinə ödənilməsi qət olunmuşdur. Bu səbəbdən məhkəmənin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun olmaması qənaətindədirlər.
13. Şikayət edən birinci instansiya məhkəməsinin maddi hüquq normalarını pozması və ya düzgün tətbiq etməməsinin əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2ci və 225.2-ci maddələrinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci və 34.2-ci maddələrinə, prosessual hüquq normalarını pozması və ya düzgün tətbiq etməməsinin əsası kimi isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.1, 77.1-ci və 88-ci maddələrinə istinad etmişdi.
c) Apellyasiya şikayətinin icraata qəbul edilməsi.
14. Apellyasiya şikayəti Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının icraatına “11” mart 2026-cı ildə daxil olmuş və kollegiyanın “12” mart 2026-cı il tarixli qərardadı ilə icraata qəbul edilmişdi.
ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri.
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
III. Apellyasiya instansiyası məhkəməsində izahatlar və prosesin gedişi.
16. Apellyasiya şikayətinə baxılması ilə bağlı keçirilmiş məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi nümayəndə1 Şəmil oğlu apellyasiya şikayətini qəbul etməyərək verdiyi izahatında bildirmişdi ki, övladı İddiaçı ona zəng edərək yaşadığı cavabdehlərə məxsus evdən götürülməsini istəmişdir. Övladı gözəllik salonunda işləyirdi, həyat yoldaşı isə Rusiya Federasiyasının Moskva şəhərinə getmişdi. Qızını götürmək üçün cavabdeh tərəfin evinə gedən zaman o, baldızı ilə mübahisə etdikləri üçün orada qalmaq istəmədiyini bildirmişdir. Eyni zamanda qızının baldızının həyat yoldaşı Türkiyə Respublikası vətəndaşı olduğundan, baldızı işləmək üçün Bakı şəhərinə getdiyindən və qızının həyat yoldaşı xaricdə olduğundan o, cavabdeh tərəfə məxsus evdə yaşamaq istəmədiyini ifadə etmişdir. Qızı həyat yoldaşına ya özlərinin köçməsini, ya da baldızıgilin köçməli olduğunu bildirmişdi, buna görə də baldızı ilə onun arasında mübahisə olmuşdu. Evdən çıxmazdan öncə qızına qızıl-zinət əşyalarını götürməsini bildirmişdi. İçəri daxil olan zaman otağın qapısının açıq olduğunu görmüşdülər. Qapıda problem olduğundan açarı daxil etmədən açılmırdı, çünki kilid işləmirdi. Cavabdeh tərəfə məxsus olan evdəki qızım və həyat yoldaşının otağına sıra ilə qızı, özü, qızının qayınanası və qızının baldızının həyat yoldaşı daxil olmuşdular. Qızı otaqdakı çəkməni açan zaman qızıl-zinət əşyalarının orada olmadığını və onları kiminsə götürdüyünü demişdir. Özü isə ona qızıl-zinət əşyalarını götürüblərsə onları istəmədiklərini bildirmişdir. Növbəti gün kiçik əşyaları götürmək üçün həmin evə həyat yoldaşı və qardaşının həyat yoldaşı ilə getmişdilər. Qardaşının həyat yoldaşı qızının qayınatasına qızıl-zinət əşyalarını onların götürdüklərini və vermələrini dedikdə, o, qızıl çatmadığını bildirmişdir. Bununla bağlı səs qeydi də mövcuddur. Hal-hazırda isə onlar qızıl-zinət əşyalarını iddiaçı tərəfin götürdüyünü deyirlər, lakin bununla bağlı hər hansı sübutları yoxdur.
17. İddiaçının nümayəndəsi ona verilmiş suallara cavab olaraq bildirmişdi ki, iddianı qızının həyat yoldaşına qarşı qaldırmışlar. Cavabdeh Moskva şəhərində yaşayır, ## #### 2025-ci il tarixdə qız toyu, ## #### 2025-ci il tarixdə isə oğlan toyu olmuş və o, toydan bir ay keçdikdən sonra Moskva şəhərinə qayıtmışdır. Cavabdeh xaricə getdikdən sonra qızı ilə 23 gün evli qalmışlar. Cavabdeh Rusiya Federasiyasına gedən zaman qızıl-zinət əşyalarını özü ilə aparmamışdır. Qızına məxsus qızıl-zinət əşyalarını onun baldızı və baldızının həyat yoldaşı götürmüşlər. Şərur Rayon Vəkil Bürosuna iddia ərizəsinin yazılması ilə bağlı müraciət edən zaman cavabdeh qismində qızının qayınatasının qeyd edilməsini bildirsə də, cavabdeh kimi onun həyat yoldaşı qeyd edilmişdi. Qızının qayınatasının səsini cavabdehin atası olduğu üçün yazmışlar. Qızı cavabdehlərə məxsus olan evdən çıxan zaman qızıl-zinət əşyaları həmin evdə idi. Mübahisə predmeti olan qızıl-zinət əşyalarını qarşı tərəf toydan əvvəl qızına almışdı. Qızı ilə cavabdeh bir il müddətində nişanlı olmuşlar, mübahisə predmeti olan qızıl-zinət əşyaları isə toy ərəfəsində alınmışdır. Qızının qızıl-zinət əşyaları hazırda onun baldızında və onun həyat yoldaşındadır.
18. Apellyasiya şikayətinə baxılması ilə bağlı təyin edilmiş məhkəmə baxışı iclasının vaxtı və yeri barədə iddiaçı İddiaçı, onun nümayəndəsi nümayəndə2 Rafiq qızına, cavabdeh Cavabdeh Sədi oğluna və onun vəkili-nümayəndəsi X1 mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişdi.
19. Kollegiya Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376-cı maddəsinin tələbinə əsaslanmaqla apellyasiya şikayətinə qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdi.
IV. Apellyasiya instansiyası məhkəməsində işə baxılmasının hədləri
20. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372-ci maddəsi ilə “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri” tənzimlənir ki, sözügedən prosessual normaya görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsınlar. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır (372.1, 372.2, 372.6 və 372.7ci maddələr).
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.
22. Kollegiya verilmiş apellyasiya şikayətini yuxarıda qeyd edilən prosessual normaların tələbləri ilə qarşılıqlı şəkildə yoxlayaraq bildirir ki, Şərur Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsini cavabdeh tərəf mübahisələndirir. Bu isə o deməkdir ki, apellyasiya şikayətinin obyektini həmin məhkəmə aktının cavabdeh tərəfindən mübahisələndirilən hissəsi təşkil edir.
23. Kollegiya verilmiş apellyasiya şikayətini yuxarıda qeyd edilən normanın tələbləri ilə qarşılıqlı şəkildə yoxlayaraq bildirir ki, cavabdehin vəkili-nümayəndəsi X1 müraciəti mübahisələndirilən məhkəmə aktının tam ləğv edilməsinə yönəlsə də, apellyasiya şikayətinin məzmunundan və əsaslandırılmasından aydın olur ki, cavabdeh tərəf birinci instansiya məhkəməsinin mübahisə üzrə gəldiyi nəticənin cehiz əşyalarına dair hissəsini (hansı ki, həmin əşyaların qaytarılması faktı qətnamədə nəzərə alınmışdır) deyil, yalnız qızılzinət əşyalarının tutulmasına dair hissəsini mübahisələndirir. Bu səbəbdən də, Mülki- Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə uyğun olaraq, birinci instansiya məhkəməsinin qətnaməsi yalnız qızıl-zinət əşyalarına dair mübahisələndirilən hissədə və bu hissə ilə bağlı maddi və prosessual hüquq normalarının tətbiqi həcmində yoxlanılmalıdır.
V. Apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayətini qiymətləndirməsi və onun həllinə dair mövqeyi.
24. Kollegiya mülki iş materiallarını nəzərdən keçirərək belə hesab edir ki, mülki prosessual qanunvericilik birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlanılmasını müəyyən etdiyindən, ilkin olaraq mübahisə predmeti olan məhkəmə aktının bu meyar əsasında yoxlanılması həyata keçirilməli, müsbət nəticə əldə edildiyi halda apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq onun maddi hüquq normalarına uyğunluğu yoxlanılmalıdır.
25. Buna müvafiq olaraq kollegiya bildirir ki, kər bir şəxs məhkəmə müdafiəsi hüququnun tam həcmdə həyata keçirilməsi və özünün qanunla qorunan hüquq və mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Bu hüquq Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, həmçinin mülki məhkəmə icraatı üzrə Mülki-Prosessual Məcəllənin 4-cü maddəsindən irəli gəlir.
26. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ bəndinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
27. Mülki-Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
28. Sonuncu qeyd edilən prosessual normanın tələbindən də görünür ki, məhkəməyə müraciət etmək hüququ mütləq hüquq deyil, yəni bu hüququn məhdudiyyətə məruz qalması istisna edilmir.
29. Bu hüququn mütləq olmamasını Mülki-Prosessual Məcəllənin 151.1-ci maddəsinin məzmunundan da müəyyən etmək mümkündür ki, sözügedən prosessual normaya görə icraatın başlanmasına əsas olan iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür.
30. Göründüyü kimi bu hüquqa olan məhdudiyyətlərin əsasını şəxsin qanunvericiliyin tələblərinə əməl etməklə məhkəməyə müraciət etməsi təşkil edir.
31. İddia ərizəsinin qanunvericiliyin tələblərinə əməl edilməklə verilməsi şərtlərini mülki prosessual qanunvericiliyin normaları əsasında qruplaşdırdıqda isə bunlara iddia ərizəsinin aidiyyətinin düzgün seçilməsi, icraatın başlanmasına səbəb olan prosessual sənədin (ərizənin, iddia ərizəsinin, apellyasiya və kassasiya şikayətlərinin) mülki prosessual qanunvericiliklə müəyyən edilmiş formada və məzmunda tərtibi, həmçinin ona əlavə olunması zəruri olan sənədlərin iddia ərizəsinə əlavə edilməsini aid etmək olar.
32. İddia ərizəsinin verilməsinin qanunauyğun qaydada həyata keçirilməsinin yoxlanılması məqsədi ilə mülki prosessual qanunvericilik birinci instansiya məhkəməsi üçün 5 günlük müddət müəyyən edir (MPM maddə 151.3).
33. Qeyd edilənlərin mahiyyətindən aydın olur ki, məhkəməyə iddia ərizəsi və ya hər hansı icraat növü üzrə ərizə daxil olduqda hakim onun verilməsi zamanı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilibverilməməsini yoxlayır.
34. İddiaçı Cavabdeh Sədi oğluna qarşı əmlak tələbinə dair iddia ərizəsini prosessual qanunvericiliyin tələbləri ilə qarşılıqlı şəkildə tədqiq etdikdə aydın olur ki, icraatın başlanmasına səbəb olan prosessual sənədin məzmunu Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələbinə cavab vermir.
35. Belə ki, həmin maddəyə əsasən iddia ərizəsində onun verildiyi məhkəmənin adı, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları), iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat, ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir.
36. Qeyd edilən prosessual normanın tələbindən görünür ki, həmin maddədə olan məlumatların qeyd edilməsini qanunvericilik imperativ qaydada müəyyən edib. Yəni iddia ərizəsi mülki işin başlanmasına səbəb olan prosessual sənədlərdən biri sayılmaqla, yuxarıda qeyd edilən məlumatları mütləq özündə əks etdirməlidir.
37. Hazırkı iş üzrə iddiaçı İddiaçı iddia tələbindən aydın olur ki, o, cavabdeh Cavabdeh Sədi oğlundan özünə məxsus olan qızıl-zinət əşyalarının natura şəklində qaytarılmasını, bu mümkün olmadıqda isə həmin əşyaların dəyəri olan 10.500 manat pulun tutulmasını tələb etmişdir.
38. Şərur Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsi ilə bir dəst sarı qızıl sep, üzük, sırğa və qolbaq, bir dəst ağ qızıl sep, üzük, sırğa, qolbaq və bir ədəd nişan üzüyünün cavabdehdən alınaraq iddiaçıya verilməsi, həmin əşyalar natura şəklində olmadıqda isə onların ümumi dəyəri olan 5600 manat pul məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
39. Mülki prosessual hüquq nəzəriyyəsinə və Mülki-Prosessual Məcəllənin 149.2.3-cü maddəsinə əsasən, iddianın predmeti iddiaçının cavabdehə qarşı yönəlmiş konkret maddihüquqi tələbidir. Əmlakın natura şəklində qaytarılması tələb edildikdə, bu tələb birmənalı və icra oluna biləcək dərəcədə müəyyən olmalıdır.
40. Həmin Məcəllənin 222.1-ci maddəsinin tələbinə görə, məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə, qətnamənin nəticə hissəsində əmlakın adını göstərməli və yalnız həmin əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı olan dəyəri müəyyən etməlidir. Sözügedən maddənin imperativ tələbindən görünür ki, əşyanın natura şəklində qaytarılması və dəyərinin tutulması alternativ (iddiaçının və ya cavabdehin seçiminə bağlı) öhdəlik olmayıb, ardıcıl tətbiq edilən (əşya yoxdursa dəyəri ödənilən) bir mexanizmdir.
41. Kollegiya bildirir ki, qızıl-zinət məmulatları (hazır zərgərlik məmulatları) öz mahiyyəti etibarilə növ əlamətlərinə görə digər eynicinsli əşyalardan fərqlənən əşyalardır. Çünki hər bir zərgərlik məmulatı müəyyən bir dizayna, çəkiyə, əyara və istehsal xüsusiyyətlərinə malikdir.
42. İddia ərizəsində göstərilən qızıl əşyasının digər eyni növlü əşyalardan fərqləndirilməsi və icra prosesində mübahisə yaranmaması üçün onun eyniləşdirilməsi mütləqdir. Bunun üçün həmin əşyaların dəqiq çəkisi (qramı), əyarı, istehsal yeri və ya zavod damğası və xüsusi fərqləndirici əlamətləri (forması, üzərindəki daşlar və s.) iddia ərizəsində dəqiq göstərilməlidir.
43. İş materiallarının tədqiqindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsində qeyd olunan qızıl-zinət əşyalarının nə çəkisi, nə əyarı, nə də digər fərdi xüsusiyyətləri göstərilməmişdir. Birinci instansiya məhkəməsi isə Mülki-Prosessual Məcəllənin 152.1.1-ci maddəsinin tələblərinə zidd olaraq, iddia ərizəsindəki bu ciddi çatışmazlıqlara münasibət bildirməmiş, iddia ərizəsini icraata qəbul etmiş və mahiyyəti üzrə baxaraq natamam qətnamə çıxarmışdır.
44. Xüsusilə vurğulanmalıdır ki, birinci instansiya məhkəməsi tərəfindən işə cəlb edilmiş mütəxəssis X4 iştirakına baxmayaraq, sözügedən qızıl əşyalarının fərdi əlamətləri, istehsal yeri və əyarı müəyyən edilməmişdir. Mütəxəssis rəyi və ya izahı əşyanın dəyərini müəyyən etmək üçün əsas olsa da, natura şəklində tələb olunan əşyanın fərdi xüsusiyyətlərini (hansı ki, icra üçün zəruridir) aydınlaşdırmamışdır.
45. Kollegiya hesab edir ki, mütəxəssisin cəlb edilməsi məqsədi məhz mübahisəli əşyaların dəqiq xüsusiyyətlərini və dəyərini elmi-texniki baxımdan əsaslandırmaq olduğu halda, nə iddiaçı, nə də məhkəmə tərəfindən bu halların aydınlaşdırılmaması işin hallarının tam araşdırılmaması ilə nəticələnmişdir. Bu isə Mülki-Prosessual Məcəllənin 222.1-ci maddəsində nəzərdə tutulan "əşyanın adının göstərilməsi" tələbinin sadəcə formal deyil, həm də maddi xüsusiyyətləri ilə birgə müəyyən olunması vəzifəsinin icra edilməməsi deməkdir.
46. Müəyyən edilir ki, iddiaçı tərəfindən nə iddia ərizəsində, nə də məhkəmə baxışı zamanı tələb olunan qızıl-zinət əşyalarının əyarı (məsələn: 585, 750 və s.) və istehsal yeri (məsələn: Rusiya, İtaliya, Türkiyə və ya yerli istehsal zavodunun damğası) barədə hər hansı məlumat verilməmişdir. Halbuki, zərgərlik məmulatının bazar dəyərini və fərdi xüsusiyyətlərini müəyyən edən əsas meyarlar məhz onun tərkibindəki qızılın saflıq dərəcəsini göstərən əyarı və keyfiyyət standartını təsdiqləyən istehsal mənşəyidir.
47. Birinci instansiya məhkəməsi tərəfindən rəyi tədqiq edilmiş mütəxəssis X4 da qızıl əşyalarının dəyərini müəyyən edərkən bu fundamental göstəriciləri (əyar və istehsal yeri) dəqiq aydınlaşdırmamış, ümumi mülahizələr əsasında qiymətləndirmə aparmışdır. Bu isə o deməkdir ki, məhkəmənin qətnamədə göstərdiyi "sarı qızıl sep" və ya "ağ qızıl sep" ifadələri heç bir texniki və hüquqi eyniləşdirmə yükü daşımır.
48. Kollegiya vurğulayır ki, əşyanın əyarı və istehsal yerinin qətnamədə əks olunmaması, gələcəkdə qətnamənin icrası mərhələsində cavabdehin iddiaçıya eyni adda, lakin tamamilə fərqli keyfiyyətdə, aşağı əyarlı və ya fərqli mənşəli əşya təqdim etməsinə şərait yaradır. Bu isə həm iddiaçının mülkiyyət hüquqlarının real bərpasına mane olur, həm də məhkəmə aktının birmənalılığı prinsipini pozur.
49. Beləliklə, iddiaçının qızıl əşyalarını sadəcə növlərinə görə (üzük, sırğa və s.) sadalaması və onların əsas fərqləndirici əlamətləri olan əyarı və istehsal yerini qeyd etməməsi Mülki-Prosessual Məcəllənin 149.2.3-cü maddəsinin (tələbin müəyyənliyi) tələblərinin pozulmasıdır. Məhkəmə tərəfindən bu çatışmazlığın mütəxəssis vasitəsilə belə aradan qaldırılmaması işin faktiki hallarının hüquqi baxımdan həll edilmədiyini sübut edir. Kollegiya bildirir ki, iddia ərizəsinin məzmununun Azərbaycan Respublikası Mülki- 50. Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələbinə cavab verməməsi icraata qəbul ərəfəsində onun geri qaytarılması, məhkəmənin icraatına qəbul edildikdən sonra onun baxılmamış saxlanılması üçün əsasdır.
51. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:
52. - 152.1 və 152.1.1-ci maddələrinə əsasən iddia ərizəsinin həmin Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır;
53. - 259.0 və 259.0.12-ci maddələrinə görə ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır.
54. İşə baxan birinci instansiya məhkəməsi isə göstərilən prosessual normaların tələbini pozaraq iddia ərizəsini icraatına qəbul etsə də, sonradan bunun aradan qaldırılması üçün iddiaçıya müddət təyin etməmiş və yekunda mübahisənin hüquqi həlli üzrə qətnamə qəbul etmişdi.
55. Məhkəmə kollegiyası bildirir ki, qanunların aliliyi prinsipi hüquqi dövlətin ən mühüm prinsipidir. Belə ki, hüquqi dövlətdə bütün münasibətlər, hakimiyyət növlərinin sərhədləri, davranışları qanunla tənzimlənməlidir. Sözügedən prinsipin mahiyyətinə görə hər bir kəs vəzifəsindən, səlahiyyətindən, cəmiyyətdə tutduğu mövqeyindən asılı olmayaraq qanunun müəyyənləşdirdiyi norma və tələblərə əməl etməlidir, heç bir kəs özünü qanunlardan yüksəkdə tutmamalıdır. Qanunun aliliyi prinsipi həmçinin mövcud qanunların pozulmasını qadağan edir. Bu prinsip hamının qeyd-şərtsiz qanunlara əməl etməsini tələb edir. Həmin prinsipə görə qanunlar icra edilməsə, ona tabe olunmasa hüquqi dövlətin strukturları formalaşmaz, onun varlığı hiss edilməz. Buna görə də hüquqi dövlətin formalaşması üçün qanunların aliliyini təmin etmək olduqca əhəmiyyətlidir.
56. Azərbaycan Respublikası Konstitusiyasının preambulasında elan edilən Azərbaycan xalqının ülvi niyyətlərindən biri də qanunların aliliyini təmin edən hüquqi dövlət qurmaqdır.
57. Bundan başqa qanunçuluq hər kəs tərəfindən normativ-hüquqi aktların dəqiq və dönmədən əməl olunmasında və həyata keçirilməsində ifadə olunan hüquqi rejimdir. Qanunçuluq, əsasən özündə qanunların və digər normativ-hüquqi aktların qəbul edilməsini, qanunların icra edilməsi və onlara əməl olunmasını və qanunların icrasına nəzarətin həyata keçirilməsini ehtiva edir.
58. Mülki iş materiallarını qanunvericiliyin yuxarıda qeyd olunan prosessual normaların tələbləri ilə qarşılıqlı şəkildə yoxlayan kollegiya bildirir ki, iddia ərizəsinin məzmunu mülki prosessual qanunvericiliyə uyğun olmadığı halda onun icraata qəbul edilməsi, sonradan bunun aradan qaldırılması üçün iddiaçıya müddət müəyyən edilmədən birinci instansiya məhkəməsinin işə baxaraq qətnamə qəbul etməsi mülki prosessual qanunvericiliyin tələblərinə ziddir. Belə ki, birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə baxılmalı olmadığı halda (yəni iddianın baxılmamış saxlanılması üçün əsas olduğu üçün) tələbə baxıb, qətnamə çıxarmaqla prosessual hüquq normaları pozulmuşdur. İddia ərizəsinin məzmununun Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələbinə cavab verməməsi, həmçinin bu nöqsanların birinci instansiya məhkəməsi tərəfindən aradan qaldırılmaması qətnamənin ləğvi üçün əsasdır.
59. Yuxarıda göstərilənlərin nəticəsi olaraq kollegiya belə hesab edir ki, Şərur Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi qismən-qızıl əşyalarının tələb edilməsinə dair hissədə ləğv edilməli və İddiaçı Cavabdeh Sədi oğluna qarşı əmlak tələbinə dair iddia ərizəsi həmin hissədə baxılmamış saxlanılmalıdır. Çünki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:
60. - 384.0 və 384.0.5-ci maddələrinin mahiyyətinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddəsinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir;
61. - 385.1 və 385.1.1-ci maddələrinin mahiyyətindən görünür ki, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir;
62. - 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun;
63. - 387.2 və 387.2.8-ci maddələrindən müəyyən edilir ki, iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir.
64. Qeyd edilənlərin ümumi nəticəsi olaraq kollegiya cavabdeh Cavabdeh Sədi oğlunun vəkili-nümayəndəsi X1 Şərur Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətini qismən, yəni məhkəmə aktının ləğv edilməsinə dair hissədə əsaslı hesab edir.
65. Apellyasiya şikayətinin qalan hissəsinə, yəni iddianın rədd edilməsinə münasibətdə kollegiya bildirir ki, apellyasiya məhkəməsi prosessual normanın pozuntusunu əsas tutaraq qətnamənin ləğv olunması, eyni zamanda iddiaçının ərizəsinin baxılmamış saxlanılması nəticəsinə gəlir, yəni işə mahiyyəti üzrə baxmır. İddianın rədd edilməsi mahiyyət üzrə həll sayıldığından kollegiya hazırda iddianın əsaslı olub-olmaması barədə heç bir qərar qəbul edə bilməz.
66. Kollegiya İddiaçı Cavabdeh Sədi oğluna qarşı əmlak tələbinin qismən baxılmamış saxlanılması nəticəsinə gəldiyindən bildirir ki, Mülki-Prosessual Məcəllənin 260.2-ci maddəsinə əsasən ərizənin baxılmamış saxlanılmasına dair qərardadda həmin Məcəllənin 259-cu maddəsində qeyd edilən işin baxılmasına mane olan halların necə aradan qaldırılması göstərilməlidir.
67. Həmçinin Həmin Məcəllənin 260.4-cü maddəsinə görə isə iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır.
68. Bu prosessual normalar iddianın baxılmamış saxlanılmasından sonra iddiaçının yenidən iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmək hüququnu itirməməsini ifadə edir. Yəni İddiaçı bu qərardadda göstərilən halları aradan qaldıraraq təkrar məhkəməyə müraciət edə bilər.
69. Yekunda kollegiya bildirir ki, Mülki-Prosessual Məcəllənin 114.1, 114.1.5 və 260.3-cü maddələrinin ümumi məzmunundan aydın olur ki, ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır.
70. Bu səbəbdən də kollegiya belə nəticəyə gəlir ki, iddia ərizəsinin verilməsi ilə bağlı olaraq İddiaçı tərəfindən ümumilikdə ödənilmiş 85 (səksən beş) manat məbləğində dövlət rüsumunun iddia tələbinin ləğv edilmiş və baxılmamış saxlanılmış hissəsinə (qızıl-zinət əşyaları üzrə olan tələbə) mütənasib olan miqdarı, yəni 59,5 (əlli doqquz manat, əlli qəpik) manatı iddiaçıya və apellyasiya şikayəti verilməsi ilə əlaqədar olaraq Cavabdeh Sədi oğlu tərəfindən ödənilmiş 68 (altmış səkkiz) manat məbləğində dövlət rüsumu isə cavabdehə geri qaytarılmalıdır.
71. Göstərilənləri nəzərə alaraq kollegiya yekunda aşağıdakı nəticəyə gəlir:
72. - cavabdeh Cavabdeh Sədi oğlunun vəkili-nümayəndəsi X1 verdiyi apellyasiya şikayəti qismən təmin edilməli;
73. - Şərur Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi qismən - apellyasiya şikayəti ilə mübahisələndirilən qızıl-zinət əşyalarının alınmasına dair hissədə ləğv edilməli və həmin hissədə iddia ərizəsi baxılmamış saxlanılmalı;
74. - İddiaçı tərəfindən iddia verilməsi ilə bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Şərur filialı vasitəsi ilə ## ###### 2025-ci il tarixli, ********** nömrəli və ## ####### 2026-cı il tarixli, ********** nömrəli qəbzlərlə ümumilikdə ödənilmiş 85 (səksən beş) manat məbləğində dövlət rüsumunun 59,5 (əlli doqquz manat, əlli qəpik) manat miqdarı ona geri qaytarılmalı;
75. - apellyasiya şikayəti verilməsi ilə əlaqədar olaraq Cavabdeh Sədi oğlu tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Şərur filialı vasitəsi ilə ## ###### 2026-cı il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 68 (altmış səkkiz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalı;
76. - İddiaçı bu qərardadda göstərilən və iddia ərizəsinin baxılmamış saxlanması üçün səbəb olan şəraitin aradan qaldırılmasından sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququnun olması izah edilməlidir.
77. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.2-ci maddəsində apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyrimümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilməsi qeyd edilib.
78. Kollegiya bildirir ki, qeyd edilən prosessual normaların tələbinə görə hazırkı məhkəmə aktı kassasiya şikayəti verilə bilən qərardadlar siyahısına aid edilmir.
VI. Apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayəti üzrə gəldiyi nəticə
Kollegiya yuxarıda qeyd olunanları, “Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 12.2, 260, 263, 264, 365, və 402.2-ci maddələrini rəhbər tutaraq
q ə r a r v e r d i:
Cavabdeh Cavabdeh Sədi oğlunun vəkili-nümayəndəsi X1 verdiyi apellyasiya şikayəti qismən təmin edilsin. Şərur Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi qismən - apellyasiya şikayəti ilə mübahisələndirilən qızıl-zinət əşyalarının alınmasına dair hissədə ləğv edilsin və həmin hissədə iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən iddia verilməsi ilə bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Şərur filialı vasitəsi ilə ## ###### 2025-ci il tarixli, ********** nömrəli və ## ####### 2026-cı il tarixli, ********** nömrəli qəbzlərlə ümumilikdə ödənilmiş 85 (səksən beş) manat məbləğində dövlət rüsumunun 59,5 (əlli doqquz manat, əlli qəpik) manat miqdarı ona geri qaytarılsın. Apellyasiya şikayəti verilməsi ilə əlaqədar olaraq Cavabdeh Sədi oğlu tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Şərur filialı vasitəsi ilə ## ###### 2026-cı il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 68 (altmış səkkiz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. İddiaçı izah edilsin ki, bu qərardadda göstərilən və iddia ərizəsinin baxılmamış saxlanması üçün səbəb olan şəraitin aradan qaldırılmasından sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququna malikdir. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qərardaddan kassasiya şikayəti verilməsinə yol verilmir. Sədrlik edən: Zamiq Əliyev. Hakimlər: Mehman Allahverdiyev və Sənan Qarayev.