Məhkəmə qərarları › İş №2(3-1)-74/2026

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(3-1)-74/2026

08.05.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Naxçıvan şəhəri İş № 2(3-1)-74/2026 08.05.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Mmülki kollegiya İddiaçı cavabdeh2 və Rəcəbova (Rüstəmova) Qütbiyyə Rəcəb qızına qarşı miras əmlakda payların müəyyən olunması tələbi (Açar sözlər: Miras mübahisəsi, qətnamənin faktiki ünvana deyil, qeydiyyat ünvanına göndərilməsi, kənar şəxs vasitəsilə çatdırılma, apellyasiya müddətinin bərpası, üzrlü səbəb) Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimləri Əliyev Zamiq Xudaverdi oğlu (məruzəçi hakim), Allahverdiyev Mehman Dünyamalı oğlu və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh2 və Rəcəbova (Rüstəmova) Qütbiyyə Rəcəb qızına qarşı miras əmlakda payların müəyyən olunması tələbinə dair mülki iş üzrə çıxarılmış Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadından cavabdeh Rəcəbova (Rüstəmova) Qütbiyyə Rəcəb qızının vəkili-nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İ. Birinci instansiya məhkəməsində icraat. a) Məhkəməyə müraciət.

1. İddiaçı "14" fevral 2025-ci ildə cavabdeh2 və Rəcəbova (Rüstəmova) Qütbiyyə Rəcəb qızına qarşı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək X6 ölümündən sonra miras qalmış ünvan 3 ünvanında yerləşən miras əmlakda özünün payının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir (mülki iş İ cild, iş vərəqə 01-03).

b) Tələb üzrə qəbul edilən məhkəmə aktı və düzəlişlər.

2. Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş və mərhum X6 vəfatından sonra ondan miras qalmış ünvan 3 ünvanında yerləşən mənzildə İddiaçı tam hissədə payının müəyyən edilmişdir (mülki iş II cild, iş vərəqə 06-15).

3. Bundan sonra, Naxçıvan Şəhər Məhkəməsinin ## ####### 2025-ci il tarixli qərardadı ilə qətnamənin əsaslandırma və nəticə hissələrində yol verilmiş texniki səhv düzəldilərək, yekun məhkəmə aktının mətnindəki “X6” ifadəsi “X3” ilə əvəz edilmişdi (mülki iş II cild, iş vərəqə 51-52).

II. Şikayət vermə müddəti ilə bağlı prosessual mübahisə. a) Apellyasiya şikayətinin geri qaytarılması.

4. İş üzrə cavabdeh Rəcəbova (Rüstəmova) Qütbiyyə Rəcəb qızının vəkilinümayəndəsi Nümayəndə ## ###### 2025-ci ildə apellyasiya şikayəti verərək, Naxçıvan Şəhər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsini ləğv edib, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etsə də, Məhkəmənin ## ###### 2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır (mülki iş II cild, iş vərəqə 77-81 və 85-87).

5. Birinci instansiya məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, mülki iş üzrə çıxarılmış Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin surəti ## ######## 2025-ci il tarixdə cavabdeh Rəcəbova (Rüstəmova) Qütbiyyə Rəcəb qızına poçt vasitəsi ilə göndərilmiş, ona çatdırılması mümkün olmadığından həmin qətnamənin surəti ## ######## 2025-ci il tarixdə onun qeydiyyatda olduğu yer üzrə Naxçıvan şəhər * saylı Mənzil İstismar İdarəsinə göndərilmiş və ## ####### 2025-ci il tarixdə təhvil alınmışdır. Həmçinin cavabdeh Rəcəbova (Rüstəmova) Qütbiyyə Rəcəb qızı ## ####### 2025-ci il tarixdə məhkəmə iclas katibi X1 zəng edərək, qətnaməsinin ona çatdırılmadığını bildirib, qeyd olunan qətnamənin "elektron ünvan 1" adlı elektron poçt ünvanına göndərilməsini xahiş etmiş, həmin məhkəmə aktının surəti sözügedən elektron poçt ünvanına göndərilmişdi. Lakin cavabdeh Rəcəbova (Rüstəmova) Qütbiyyə Rəcəb qızının vəkil-nümayəndəsi tərəfindən qeyd edilən qətnamədən verilmiş apellyasiya şikayəti ## ###### 2025-ci il tarixdə Naxçıvan Şəhər Məhkəməsinə daxil olmuşdur. İş üzrə cavabdeh Rəcəbova (Rüstəmova) Qütbiyyə Rəcəb qızı tərəfindən həmin qətnamə rəsmi qaydada ona təqdim edildiyi vaxtdan 1 ay müddət keçdikdən sonra apellyasiya şikayəti verilmiş, nəticədə qətnamədən şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət buraxılaraq şikayət verilmişdi.

6. Sonuncu qeyd edilən qərardaddan narazı qalan cavabdeh Rəcəbova (Rüstəmova) Qütbiyyə Rəcəb qızının vəkili-nümayəndəsi ## ###### 2025-ci il tarixdə şikayətlə məhkəməyə müraciət edərək, *(***)-***/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərardadının ləğv edilməsini məhkəmədən xahiş etmişdir (mülki iş II cild, iş vərəqə 91-94).

7. Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli qərardadı ilə şikayət əsaslı hesab edilməyərək, baxılması üçün işlə birlikdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır (mülki iş II cild, iş vərəqə 100-104).

8. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdı (mülki iş II cild, iş vərəqə 128-136).

b) Buraxılmış müddətin bərpası üzrə icraat.

9. Verilmiş şikayətə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasında baxılmasından sonra apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki iş birinci instansiya məhkəməsinə geri qaytarılmış və bundan sonra cavabdeh Rəcəbova (Rüstəmova) Qütbiyyə Rəcəb qızının vəkili-nümayəndəsi Nümayəndə ## ###### 2026-cı il tarixdə ərizə ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək qətnamədən apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətinin bərpa edilməsini xahiş etmişdir (mülki iş II cild, iş vərəqə 173).

10. Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərardadı ilə Məhkəmənin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh Rəcəbova (Rüstəmova) Qütbiyyə Rəcəb qızının apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır (mülki iş II cild, iş vərəqə 194-200). Sonuncu qeyd edilən məhkəmə aktı ilə razılaşmayan cavabdehin vəkilinümayəndəsi

11. Nümayəndə ## #### 2026-cı il tarixdə şikayətlə məhkəməyə müraciət edərək, Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadının ləğv edilməsini məhkəmədən xahiş etmişdir (mülki iş II cild, iş vərəqə 206-212).

c) Şikayətin əsaslandırılması.

12. Cavabdeh tərəf şikayətini əsaslandıraraq qeyd etmişdi ki, Mülki-Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Mülki iş materialları araşdırılarkən müəyyən olur ki, Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, 2(078)- ***/**** nömrəli qətnaməsinin surəti ## ######## 2025-ci il tarixdə cavabdeh Rəcəbova (Rüstəmova) Qütbiyyə Rəcəb qızına göndərilmiş, ona çatdırılması mümkün olmadığından həmin qətnamənin surəti ## ######## 2025-ci il tarixdə onun qeydiyyatda olduğu yer üzrə Naxçıvan şəhər * saylı Mənzil İstismar İdarəsinə göndərilmiş və ## ####### 2025-ci il tarixdə təhvil alınmışdır. Qətnamə Rəcəbova (Rüstəmova) Qütbiyyə Rəcəb qızına "Azərpoçt" vasitəsilə ## ####### 2025-ci il tarixdə çatdırılmışdır. Bu barədə sübut, yəni "Azərpoçt" zərfin surəti məhkəmə elektron kabinetinə yerləşdirilimişdir. Apellyasiya şikayəti isə ## ###### 2025-ci il tarixdə verilmişdir. Lakin məhkəmə çatdırılma müddətini naməlum e.mailə göndərdiyi müddətdən saydığı üçün həmin ərizəni verib. Lakin hakim “Rəcəbova (Rüstəmova) Qütbiyyə Rəcəb qızının vəkil-nümayəndəsi Nümayəndə tərəfindən qətnamədən şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət buraxılaraq” yazsa da qətnamənin cavabdehə çatdırıldığı tarix barədə heç nə yazmamışdır. Məhkəmə unutmuşdur ki, uzun müddət nəinki cavabdehi, hətta iddiaçını da axtarmışdır. Həmçinin tərəflərindən məhkəməyə məlumat verilərək qətnamənin ## ####### 2025-ci il tarixdə cavabdehə çatdırıldığı barədə məlumat verilmişdir. Lakin məhkəmə qətnamənin tərəfə çatması tarixini belə göstərmədən əsassız olaraq müddətin keçməsini yazmışdır. Halbuki, qətnamənin tərəfə ## ####### 2025 tarixdə çatmasını və apellyasiya şikayətinin 26 noyabrda yüklənməsini nəzərə alınsa müddət ötürülməmişdir.

13. Şikayət edən birinci instansiya məhkəməsinin prosessual hüquq normasının pozması və ya düzgün tətbiq etməməsinin əsası kimi Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 4-cü, 8-ci, 77-ci, 129-cu, 133-cü, 185-ci və 360-cı maddələrinə istinad etmiş, lakin maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair hər hansı əsas gətirməmişdir.

ç) Şikayətə baxılması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə.

14. Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı ilə Məhkəmənin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərаrdаdındаn cavabdeh Rəcəbova (Rüstəmova) Qütbiyyə Rəcəb qızının vəkili-nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikаyət əsаssız sayılaraq təmin edilməmiş, onun işlə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır (mülki iş II cild, iş vərəqə 218- 224).

III. Apellyasiya icraatı. a) İşin icraata qəbulu.

15. Şikayət mülki işlə birlikdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının icraatına “20” aprel 2026-cı il tarixdə daxil olmuş və kollegiyanın ## ##### 2026-cı il tarixli qərardadı ilə icraata qəbul edilmişdi.

b) Şikayətə qarşı etirazın dəlilləri.

16. Şikayətə qarşı etiraz daxil olmamışdır.

IV. Apellyasiya instansiyası məhkəməsində işə baxılmasının hədləri

17. Verilmiş şikayətin hüquqi həllinə keçməzdən öncə məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin nəzərinə çatdırır ki, şikayətə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmışdı.

18. Həmin prosessual normada qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Yazılı icraat dedikdə isə həmin Məcəllənin 10.8-1-ci maddəsinə görə işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılması başa düşülür.

19. Həmçinin şikayəti iş materialları ilə birlikdə və qanunvericiliklə əlaqəli şəkildə tədqiq edərək kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.

20. Kollegiya verilmiş şikayəti yuxarıda qeyd edilən normanın tələbləri ilə qarşılıqlı şəkildə yoxlayaraq bildirir ki, cavabdeh tərəfin şikayəti mübahisələndirilən məhkəmə aktının tam ləğv edilməsinə yönəldiyindən, şikayətin obyekti tam həcmdə yoxlanılmalıdır.

V. Tətbiq edilən hüquqi aktlar.

a) Azərbaycan Respublikası Konstitusiyasının:

21. - 60-cı maddəsinin İ və II hissələrinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. b) Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin:

22. – 2.2-ci maddəsinə görə mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir;

23. -4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər;

24. - 88-ci maddəsindən aydın olur ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur;

25. -129-cu maddəsinin tələbinə görə illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır;

26. - 133.1-ci və 133.4-cü maddələrinin tələbinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir;

27. - 134.1-ci və 134.1.5-ci maddələrindən müəyyən edilir ki, məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını məhkəmə sənədlərini rəsmi qaydada verməlidir;

28. - 135-ci maddəsinin mahiyyətinə görə Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir;

29. - 146-cı maddəsinə əsasən məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. VI. Apellyasiya instansiyası məhkəməsinin şikayəti qiymətləndirməsi və onun həllinə dair mövqeyi.

30. Kollegiya iş materialları ilə tanış olub, şikayətin dəlillərini müzakirə edərək və şikayətin tələbləri hüdudlarında mübahisələndirilən qərardadın qanuniliyini və əsaslılığını yoxlayaraq bildirir ki, mülki məhkəmə icraatı tərəflərin bərabərliyi, çəkişmə və ədalət mühakiməsinə çatımlılıq prinsipləri üzərində qurulmuşdur. Şəxsin məhkəmə aktından şikayət vermək hüququ onun konstitusion hüququ olmaqla yanaşı, prosessual müddətlərin bərpası institutu bu hüququn səmərəli reallaşdırılmasına xidmət edir.

31. İş materiallarının araşdırılmasından görünür ki, İddiaçı cavabdehlər cavabdeh2 və Rəcəbova (Rüstəmova) Qütbiyyə Rəcəb qızına qarşı miras əmlakda payların müəyyən olunması tələbinə dair iddia ərizəsi Naxçıvan Şəhər Məhkəməsinə ## ###### 2025-ci ildə daxil olmuş və ## ###### 2025-ci il tarixli qərardadla icraata qəbul edilmişdir. Bundan sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdeh Rəcəbova (Rüstəmova) Qütbiyyə Rəcəb qızına göndərilmişdir (mülki iş İ cild, iş vərəqə 01-03, 25-26, 34-36).

32. Müəyyən edilmişdir ki, iddia ərizəsində cavabdeh Q.Rəcəbovanın (Rüstəmovanın) ünvanı Naxçıvan şəhəri, İstiqlal küçəsi, ev 79, mənzil 12" olaraq göstərilmişdir. Həmçinin "Elektron məhkəmə" informasiya sistemində şəxsiyyət vəsiqəsi məlumatlarından aydın olur ki, həmin şəxsin rəsmi qeydiyyat yeri məhz Naxçıvan şəhəri, İstiqlal küçəsi, ev 79, mənzil 12 ünvanıdır (mülki iş İ cild, iş vərəqə 21).

33. Lakin iş materiallarından o da aydın olur ki, Rəcəbova (Rüstəmova) Qütbiyyə Rəcəb qızına qeydiyyatda olduğu yuxarıda qeyd olunan ünvana göndərilmiş ilkin məhkəmə sənədləri qapının bağlı olması səbəbi ilə rabitə orqanı tərəfindən geri qaytarılmış və ünvan sahibinə çatdırılmamışdır (mülki iş İ cild, iş vərəqə 38-40).

34. Mülki iş materiallarında olan ## ###### 2025-ci il tarixli, saat 1515-də cavabdeh Qütbiyyə Rəcəbovaya verilmiş telefonoqramdan görünür ki, məhkəmə bildirişi ona çatmadığı üçün onunla əlaqə saxlanılmış və cavabdeh Rəcəbova (Rüstəmova) Qütbiyyə Rəcəb qızı məhkəmə sənədlərinin onun faktiki yaşadığı ünvan 1 ünvanına göndərilməsini məhkəmədən xahiş etmişdir (mülki iş İ cild, iş vərəqə 41).

35. Bundan sonra məhkəmə sənədləri cavabdehin bildirdiyi ünvan 1 ünvanına göndərilmişdir. İş materiallarında olan ## ###### 2025-ci il tarixli sifarişli poçt göndərişindən (F.119) aydın olur ki, Qütbiyyə Rəcəbova həmin sənədi Bakı şəhərində qeyd olunan ünvanda şəxsən qəbul etmişdir (mülki iş İ cild, iş vərəqə 42-46).

36. Həmçinin, Naxçıvan Şəhər Məhkəməsinin icraatında olan *(***)-***/**** nömrəli mülki iş üzrə ## ##### 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən şəxslərin adlı siyahısı və həmin iclasın protokolu təsdiq edir ki, Rəcəbova (Rüstəmova) Qütbiyyə Rəcəb qızı iclasda şəxsən iştirak etmiş və öz yaşayış yeri kimi məhz Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Osman Mustafayev küçəsi, ev 7 ünvanını göstərmişdir (mülki iş İ cild, iş vərəqə 78 və 161).

37. Lakin kollegiya təəssüf hissi ilə qeyd edir ki, cavabdehin faktiki yaşayış yerinin Bakı şəhərində olduğu məhkəməyə bəlli olsa da, növbəti mərhələlərdə məhkəmə sənədləri yenidən onun faktiki yaşamadığı Naxçıvan şəhəri, İstiqlal küçəsi, ev 79, mənzil 12 ünvanına göndərilmişdir. Təbii olaraq, həmin sənədlərin hamısı rabitə orqanı tərəfindən geri qaytarılmış və bundan sonra məhkəmə həmin sənədlərin rəsmi qaydada verilməsi üçün Naxçıvan Şəhər * saylı Mənzil İstismar İdarəsinə göndərilmişdir.

38. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə sənədlərinin cavabdehin bildirdiyi faktiki yaşayış ünvanına deyil, rəsmi qeydiyyat ünvanına göndərilməsi davam etdirilsə də, iş üzrə bütün məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdehə mütəmadi olaraq SMS bildirişlərin verilməsi faktı iş materiallarında mövcuddur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 135.5 və 135.8-ci maddələrinin tələbinə əsasən, SMS bildirişinin çatdırılması məhkəmə sənədinin rəsmi qaydada verilməsi hesab olunduğundan, apellyasiya instansiyası məhkəməsi sənədlərin faktiki ünvan yerinə qeydiyyat ünvanına göndərilməsini həlledici prosessual pozuntu deyil, SMS vasitəsilə xəbərdar etmə fonunda bərpa edilmiş və ya "aradan qaldırılmış nöqsan" kimi qiymətləndirir.

39. Daha sonra məhkəmə bildirişlərinin çatdırılması ilə bağlı birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan xəta iş üzrə yekun məhkəmə aktının – Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsinin çatdırılması mərhələsində də davam etdirilmişdir. Belə ki, qətnamə qəbul olunduqdan sonra onun surəti yenidən cavabdeh Rəcəbova (Rüstəmova) Qütbiyyə Rəcəb qızının qeydiyyatda olduğu, lakin faktiki yaşamadığı Naxçıvan şəhəri, İstiqlal küçəsi, ev 79, mənzil 12 ünvanına göndərilmişdir (mülki iş II cild, iş vərəqə 18 və 21).

40. Həmin məhkəmə sənədinin ünvan sahibinə çatdırılması mümkün olmadığı üçün rabitə orqanı tərəfindən geri qaytarılmış, bu səbəbdən məhkəmə tərəfindən sənədin rəsmi qaydada verilməsi üçün son çarə olaraq ## ######## 2025-ci il tarixdə Naxçıvan Şəhər * saylı Mənzil İstismar İdarəsinə göndərilmiş və həmin orqan tərəfindən ## ####### 2025-ci il tarixdə təhvil alınmışdır (mülki iş II cild, iş vərəqə 28-33).

41. Müəyyən edilmişdir ki, Naxçıvan Şəhər * saylı Mənzil İstismar İdarəsi ## ####### 2025ci il tarixli, *** nömrəli cavab məktubu ilə məhkəməyə cavabdeh Rəcəbova (Rüstəmova) Qütbiyyə Rəcəb qızının sözügedən mənzili satmasını, hazırda həmin ünvanda yaşamadığını və onun harada yaşaması barədə idarədə heç bir məlumat olmadığını bildirmişdi. Bu fakt bir daha təsdiq edir ki, qətnamənin rəsmi qaydada Mənzil İstismar İdarəsinə təqdim edilməsi, sənədin cavabdehə faktiki çatdırılması nəticəsini doğurmamışdır (mülki iş II cild, iş vərəqə 35).

42. Mülki işin materiallarında olan və şikayət verən tərəfindən təqdim edilmiş poçt zərfinin surətindən aydın olur ki, X2 tərəfindən cavabdeh Rəcəbova (Rüstəmova) Qütbiyyə Rəcəb qızının ünvan 1 ünvanına poçt göndərişi edilmişdir. Poçt ştampından sənədin ## ####### 2025-ci il tarixdə poçta təqdim edildiyi, ünvan sahibinin yaşayış yeri üzrə poçt bölməsinə isə ## ####### 2025-ci il tarixdə çatdırıldığı müəyyən edilir (mülki iş II cild, iş vərəqə 123-126).

43. Həmin poçt göndərişində adı qeyd edilən X2 işdə iştirak edən şəxs statusunda olmadığından bunun araşdırılması üçün onunla əlaqə saxlanılan zaman o, Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsini poçt vasitəsilə cavabdeh Q.Rəcəbovaya göndərdiyini təsdiq etmişdir. Həmin şəxs qətnaməni haradan əldə etdiyinə dair suala cavab olaraq bildirmişdir ki, bu məsələ ilə bağlı artıq Naxçıvan Şəhər Məhkəməsində ondan izahat alınmışdır (mülki iş III cild, iş vərəqə 10).

44. Kollegiyanın sorğusu əsasında Naxçıvan Şəhər Məhkəməsindən daxil olmuş cavabdan və ona əlavə edilmiş materiallardan müəyyən edilir ki, məsələ ilə bağlı birinci instansiya məhkəməsində də müvafiq araşdırma aparılmışdır. Belə ki, Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasından ## ###### 2026-cı il tarixdə *-*/*-R-***-**-****/**** nömrəli məktubla vətəndaş Q.Rəcəbovanın müraciəti baxılması üçün məhkəməyə göndərildikdən sonra, məhkəmə sədri tərəfindən X2 məhkəməyə dəvət edilərək dinlənilmişdir. Həmin şəxs şifahi izahatında bildirmişdir ki, Naxçıvan Şəhər * saylı Mənzil İstismar İdarəsinin yerləşdiyi binanın qarşısında mağaza işlədir və cavabdehin qohumu Əli adlı şəxsin xahişi ilə Mənzil İstismar İdarəsinə yaxınlaşaraq məktubu (qətnaməni) oradan götürmüş, öz adından poçt vasitəsilə cavabdehin Bakıdakı ünvanına göndərmişdir (mülki iş III cild, iş vərəqə 12-13).

45. Naxçıvan Şəhər * saylı Mənzil İstismar İdarəsinin Naxçıvan Şəhər Məhkəməsinin sorğusuna cavab olaraq göndərdiyi ## ##### 2026-cı il tarixli, *-*-**/*-**/**** nömrəli məktubundan aydın olur ki, Naxçıvan şəhəri, İstiqlal küçəsi, bina 79, mənzil 12 ünvanında qeydiyyatda olan Rəcəbova (Rüstəmova) Qütbiyyə Rəcəb qızı onlara şifahi olaraq müraciət edərək, Naxçıvan şəhərində yaşamadığına görə onun adına gələn məktubların məhz X2 verilməsini xahiş etmişdir (mülki iş III cild, iş vərəqə 14-15).

46. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnamənin "elektron ünvan 1" adlı elektron poçt ünvanına göndərilməsi barədə dəlili hüquqi baxımdan əsassızdır və rəsmi çatdırılma kimi qəbul edilə bilməz. Belə ki, iş materiallarında sözügedən elektron poçt ünvanının məhz cavabdeh Rəcəbova (Rüstəmova) Qütbiyyə Rəcəb qızına məxsus olması və ya onun tərəfindən rəsmi yazışmalar üçün təqdim edilməsi öz təsdiqini tapmamışdır. Digər tərəfdən, həmin elektron göndəriş prosessual qaydada lazımi formada sənədləşdirilməmiş - məhkəmənin göndərilən sənədlərinin (telefonoqramların qeydiyyatı kitabında qeydə alınmamış, çıxış nömrəsi verilməmiş və "Elektron məhkəmə" informasiya sistemində mülki işin materialları (sənədlər bölməsi) hissəsinə əlavə edilməmişdir. Müvafiq prosessual rəsmiləşdirmə aparılmadan, mənşəyi və sahibi bəlli olmayan bir ünvanla aparılan qeyri-rəsmi yazışma tərəfə məhkəmə sənədinin rəsmi qaydada verilməsi kimi tövsif oluna bilməz və şikayət müddətinin axımına təsir göstərmir.

47. Kollegiya hesab edir ki, hər nə qədər mülki prosessual qanunvericiliyin tələbinə görə sənədin Mənzil İstismar İdarəsinə təqdim edilməsi rəsmi çatdırılma kimi tanınsa da, hazırkı işin konkret halları fərqli yanaşma tələb edir. Belə ki, cavabdehin yaşayış yerini dəyişməsi və Bakı şəhərində yaşaması barədə birinci instansiya məhkəməsinin hələ hazırlıq iclasından məlumatlı olmasına baxmayaraq, yekun məhkəmə aktının (qətnamənin) yenidən onun yaşamadığı Naxçıvan şəhərindəki köhnə ünvanına göndərilməsi, sənədin geri qayıtması və nəticədə rəsmi qaydada Mənzil İstismar İdarəsinə verilməsi cavabdehin təqsiri nəticəsində baş verməmişdir. Yəni, qətnamə məhkəməyə bəlli olan faktiki yaşayış ünvanına göndərilib şəxsə birbaşa təqdim edilsə idi, şikayət müddəti həmin tarixdən hesablanardı, lakin cavabdehə münasibətdə "yad" olan bir orqana (Naxçıvan Şəhər * saylı Mənzil İstismar İdarəsinə) sənədin verilməsi faktı şikayət hüququnun səmərəli istifadəsini cavabdehdən asılı olmayan səbəblərdən gecikdirmişdir. Bu baxımdan sənədin üçüncü şəxs (M.Rəsulov) vasitəsilə Bakı şəhərinə poçtla göndərilməsi və yalnız ## ####### 2025-ci il tarixdə cavabdehə faktiki çatması, prosessual müddətin buraxılmasını şərtləndirən üzrlü səbəb kimi qiymətləndirilməlidir.

48. Yuxarıda göstərilən halları cəmləşdirərək kollegiya belə bir hüquqi nəticəyə gəlir ki, cavabdeh tərəfindən şikayət vermə müddətinin buraxılması qərəzli xarakter daşımamış, məhkəmə sənədinin rəsmi qaydada (Naxçıvan Şəhər * saylı Mənzil İstismar İdarəsinə) verilməsi ilə faktiki çatması (## ####### 2025-ci il) arasındakı zaman fərqi obyektiv səbəblərdən – cavabdehin başqa şəhərdə yaşaması və sənədin kənar şəxs vasitəsilə ötürülməsi zərurətindən qaynaqlanmışdır. Bu isə Mülki-Prosessual Məcəllənin 133-cü maddəsinin məna və məqsədinə uyğun olaraq buraxılmış prosessual müddətin bərpası üçün kifayət edən üzrlü səbəbdir.

49. Beləliklə, yuxarıda qeyd olunanları rəhbər tutaraq, kollegiya hesab edir ki, cavabdeh Rəcəbova (Rüstəmova) Qütbiyyə Rəcəb qızının apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatəti əsaslıdır və təmin edilməlidir. Birinci instansiya məhkəməsi isə faktiki vəziyyəti düzgün qiymətləndirməyərək müddətin bərpasından imtina etməklə tərəfin məhkəmə müdafiəsi hüququnu məhdudlaşdırmışdır.

50. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 385.1 və 385.1.4-cü maddələrinin mahiyyətinə görə birinci instansiya məhkəməsinin aktında göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi əsaslarından biridir.

51. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi tərəfindən cavabdehin şikayət vermə müddətini ötürməsi qənaətinə gəlinərkən, iş üçün mühüm əhəmiyyəti olan faktiki hallar tam və hərtərəfli araşdırılmamış, məhkəmənin qərardadda göstərdiyi dəlillər işin real hallarına uyğun gəlməmişdir. Belə ki, məhkəmə sənədin email ("elektron ünvan 1") vasitəsi ilə təqdim edilməsini əsas götürsə də, cavabdehin yaşayış yerinin dəyişməsi barədə məhkəməyə əvvəlcədən məlumat verməsi və qətnamənin məhz kənar şəxs tərəfindən götürülərək cavabdehə yalnız ## ####### 2025-ci il tarixdə çatdırılması faktları nəzərə alınmamışdır.

52. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Mülki- Prosessual Məcəllənin 133-cü maddəsinin tələbləri düzgün tətbiq edilməmiş, müddətin ötürülməsini şərtləndirən obyektiv və üzrlü səbəblərə hüquqi qiymət verilməmişdir. Bu isə həmin Məcəllənin 385.1.4-cü maddəsinin mənasında məhkəmənin gəldiyi nəticələrin işin halları ilə ziddiyyət təşkil etməsinə və nəticədə tərəfin məhkəmə müdafiəsi hüququnun pozulmasına səbəb olmuşdur. Qeyd olunan prosessual pozuntular mübahisələndirilən qərardadın ləğv edilməsini zəruri edir.

53. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək; qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək səlahiyyətləri vardır.

54. Kollegiya hesab edir ki, prosessual qənaət və vaxt itkisinin qarşısının alınması məqsədilə, buraxılmış müddət bərpa edildikdən sonra mülki iş birinci instansiya məhkəməsinə kargüzarlıq qaydasında geri qaytarılmadan, apellyasiya şikayətinə mahiyyəti üzrə baxılması üçün birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının icraatına daxil edilməlidir. Bununla əlaqədar, Naxçıvan Şəhər Məhkəməsi tərəfindən apellyasiya şikayətinin "Elektron Məhkəmə" informasiya sistemində müvafiq qaydada qeydiyyata alınması (işlənilməsi) və mülki işin sistem üzərindən apellyasiya instansiyasına ötürülməsi, Naxçıvan Muxtar Respublikası Ali Məhkəmənin müvafiq şöbəsi tərəfindən isə işin cild və vərəq sayı qeyd olunmaqla rəsmi qeydiyyat prosedurları dərhal icra olunmalıdır.

55. Göstərilənləri nəzərə alaraq kollegiya yekunda aşağıdakı nəticəyə gəlir:

56. - cavabdeh Rəcəbova (Rüstəmova) Qütbiyyə Rəcəb qızının vəkili-nümayəndəsi Nümayəndə Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadından verdiyi şikayət təmin edilməli;

57. - Naxçıvan Şəhər Məhkəməsinin apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizənin təmin edilməməsinə dair ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadı tam ləğv edilməli;

58. - cavabdeh Rəcəbova (Rüstəmova) Qütbiyyə Rəcəb qızına münasibətdə Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddət bərpa edilməli;

59. - mülki iş, apellyasiya şikayətinə mahiyyəti üzrə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının icraatına daxil edilməli və bununla bağlı qanunvericiliklə nəzərdə tutulmuş aidiyyəti şöbəyə təhvil-təslim, rəsmi qeydiyyat və "Elektron məhkəmə" informasiya sistemi vasitəsilə paylanılma prosedurları həyata keçirilməlidir.

60. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.2-ci maddəsində apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyrimümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilməsi qeyd edilib.

61. Həmçinin Mülki-Prosessual Məcəllənin 400-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin həmin Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.

62. Kollegiya bildirir ki, qeyd edilən prosessual normaların tələbinə görə hazırkı məhkəmə aktı kassasiya şikayəti verilə bilən qərardadlar siyahısına aid edilmir.

VII. Apellyasiya instansiyası məhkəməsinin şikayət üzrə gəldiyi nəticə.

Kollegiya yuxarıda qeyd olunanları, “Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264 və 365-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

Cavabdeh Rəcəbova (Rüstəmova) Qütbiyyə Rəcəb qızının vəkili-nümayəndəsi Nümayəndə Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadından verdiyi şikayət təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizənin təmin edilməməsinə dair ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadı tam ləğv edilsin. Cavabdeh Rəcəbova (Rüstəmova) Qütbiyyə Rəcəb qızına münasibətdə Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddət bərpa edilsin. Mülki iş apellyasiya şikayətinə mahiyyəti üzrə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının icraatına daxil edilsin. Bununla bağlı qanunvericiliklə nəzərdə tutulmuş aidiyyəti şöbəyə təhvil-təslim, rəsmi qeydiyyat və "Elektron məhkəmə" informasiya sistemi vasitəsilə paylanılma prosedurları həyata keçirilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qərardaddan kassasiya şikayəti verilməsinə yol verilmir.

Sədrlik edən: Zamiq Əliyev. Hakimlər: Mehman Allahverdiyev və Sənan Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar