Məhkəmə qərarları › İş №2(3-6)-1032/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1032/2026

07.04.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1032/2026 07.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı Iddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən III şəxs qismində Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş X1 Idarəsi cəlb edilməklə) “dövlət reyestrindəki qeydiyyatın ləğv edilməsi, mülkiyyət hüququnun tanınması” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSI (Açar sözlər: "dövlət reyestrindəki qeydiyyatın ləğv edilməsi, avtomobilə mülkiyyət hüququnun tanınması") Hakim Şirinov Ikram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Quliyeva Gültac Sadıq qızının katibliyi, Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Işin halları:

1. Iddiaçı Iddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı “dövlət reyestrindəki qeydiyyatın ləğv edilməsi, mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən “Volvo” markalı, XC 90 modelli, **AZ*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə dair Cavabdeh MMC-nin adına dövlət reyestrindəki qeydiyyatın ləğv edilməsi, sözügedən avtomobilə dair iddiaçının mülkiyyət hüququnun tanınmasına və ödənilmiş 100 (yüz) AZN dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Iddiaçı tərəfindən cavabdeh Cavabdeh MMC-yə qarşı “dövlət reyestrindəki qeydiyyatın ləğv edilməsi, mülkiyyət hüququnun tanınması” barədə iddia tələbi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edilmiş, lakin cavabdeh məhkəmədən kənar danışıqlar zamanı iddia tələbini icra edəcəyinə dair razılığını ifadə etdiyi üçün iddiaçı iddia tələbini geri götürmək qərarına gəlmişdir. Bu razılaşmaya baxmayaraq cavabdeh yenə də öz öhdəliklərini icra etməmiş və iddiaçı isə iddia ərizəsi ilə yenidən müvafiq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, iddiaçı tərəfindən öz şəxsi istifadəsi üçün xaricdən “Volvo” markalı, XC 90 modelli avtomobil sifariş edilmiş, lakin Azərbaycan Respublikasının gömrük orqanlarında fiziki şəxslərə dövlət qeydiyyatı zamanı “AZ” ilə dövlət qeydiyyat nişanı verilmədiyi üçün Cavabdeh MMC ilə iddiaçı arasında razılıq olmuşdur. Həmin razılığa əsasən “AZ” nişanlı dövlət qeydiyyat nömrəsinin əldə edilməsi üçün qeydiyyat cavabdehin adına həyata keçirilməli, qeydiyyatdan bir müddət sonra isə avtomobilə dair mülkiyyət hüquqları iddiaçıya keçirilməli idi. Lakin cavabdeh avtomobilin ##.##.2023-cü il tarixdə dövlət qeydiyyatından sonra iddiaçının dəfələrlə tələb etməsinə baxmayaraq aralarındakı razılığa əməl etməmiş və avtomobili iddiaçının mülkiyyətinə verməkdən imtina etmişdir. Qeyd edir ki, avtomobilin xarici firmadan sifariş edilməsi və ödənişlərin edilməsi birbaşa iddiaçının adından və onun tərəfindən həyata keçirilmişdir. Hətta avtomobil gömrük orqanları tərəfindən dövlət qeydiyyatına alınarkən təqdim edilmiş avtomobilin qeydiyyat şəhadətnaməsi ##.##.2023-cü il tarixdən etibarən faktiki olaraq iddiaçıda olmuşdur. Həmçinin Cavabdeh MMC sözügedən avtomobili öz mülkiyyətinə daxil etməklə başqasının (iddiaçının) hesabına əsassız varlanmış hesab edilir. Buna görə də iddiaçı öz əmlakını əsassız varlanmış şəxsin mülkiyyətindən geri tələb etmək hüququna malikdir və əsassız varlanmış şəxs də həmin əmlakı iddiaçıya geri qaytarmaq öhdəliyi daşıyır. Eyni zamanda mübahisəyə tapşırıq müqaviləsinin normaları da tətbiq edilməlidir. Belə ki, avtomobilin dövlət qeydiyyat nömrəsinin “AZ” ilə alınması məqsədi ilə avtomobili öz adına qeydiyyata alması, daha sonra mülkiyyətin əsl mülkiyyətçiyə ötürülməsi cavabdehə tapşırılmışdır, lakin cavabdeh qeyd edilmiş tapşırığı icra etməmişdir. Nəticə etibarilə sözügedən minik avtomobilinin MMC-nin adına dövlət qeydiyyatına alınması yalan əqddir və iddiaçı ilə MMC arasında əsas əqdi pərdələmək məqsədi ilə bağlanmışdır. Məhz buna görə də sözügedən minik avtomobilinə dair MMC-nin mülkiyyət hüququ barədə dövlət qeydiyyatı ləğv edilməli, iddiaçı avtomobilin əsl mülkiyyətçisi hesab edilməli və həmin avtomobil üzərində iddiaçının mülkiyyət hüququ tanınmalıdır.

3. Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi (hakim Lətifə Məmmədova) ilə iddia tələbləri təmin edilməmişdir.

4. Iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

5. Iddiaçı apellyasiya şikayəti verərək qeyd etmişdir ki, qətnamə maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edilmişdir. Cavabdeh tərəfindən ##.##.2025-ci il tarixli ərizə ilə iddia etiraf edildiyi halda rayon məhkəməsi əsassız olaraq, iddia tələblərini rədd etmişdir. Bu səbəbdən, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

6. Apellyasiya şikayəti ilə bağlı mülki işə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Iddiaçı elektron kabinet vasitəsilə ərizə yükləyərək səhhətindəki problemlərə görə iclasda iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir.

7. Təxir barədə ərizəyə iddiaçı tərəfindən üzrlü səbəb barədə hər hansı sübut əlavə edilmədiyindən Məhkəmə kollegiyası (bundan sonra Məhkəmə) hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi:

8. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-AZ-*** dövlət qeydiyyat nişanlı, Volvo XC 90 Hibrid minik markalı avtomobil ##.##.2023-cü il tarixindən Cavabdeh MMC-nin mülkiyyətindədir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Maddə 52.5. Iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

9. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.

10. Hazırkı halda, Məhkəmə Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

11. Məhkəmə iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

12. Iddia tələbləri təmin edilməyən iddiaçının apellyasiya şikayətinin əsas dəlillərindən biri ondan ibarətdir ki, avtomobil onun tərəfindən sifariş edilmiş və avtomobilin ödənişini də özü etmişdir.

13. Məhkəmə bu dəlil üzrə qeyd edir ki, iddiaçı bu dəlilləri təsdiq edən sübutları nə rayon məhkəməsində icraat zamanı, nə də apellyasiya icraatı zamanı təqdim edə bilməmişdir. Iddiaçı iddia ərizəsinə yalnız nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini əlavə etmişdir ki, həmin şəhadətnamədən də mübahisələndirilən avtomobilin Cavabdeh MMC-nin mülkiyyətində olduğu müəyyən olur.

14. Eyni zamanda iddiaçı apellyasiya şikayətində cavabdehin ##.##.2025-ci il tarixli ərizəsinə istinad edərək, cavabdeh tərəfindən iddia etiraf edildiyindən rayon məhkəməsinin əsassız nəticəyə gəldiyini və iddia tələbini təmin etmədiyini vurğulamışdır.

15. Məhkəmə bununla bağlı qeyd edir ki, MPM-in 52.5-ci maddəsinin tələbinə əsasən iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.

16. Həmin Məcəllənin 106.4-cü maddəsinə əsasən Məhkəmə faktın etiraf olunmasının işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır. 191.4-cü maddənin tələbinə əsasən məhkəmə cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə, işə mahiyyəti üzrə baxılmasını davam etdirir.

17. Hazırkı işin hallarını nəzərə alaraq Məhkəmə hesab edir ki, cavabdehin iddianı etirafı prosessual baxımdan tələb edilən qaydada, yəni yazılı ərizə ilə həyata keçirilmiş olsa da, tərəflər arasında əldə edilmiş həmin razılaşma Mülki Məcəllənin 5.3-cü, 16.1-ci və 560.1-ci maddəsinin tələblərinə zidd olmuşdur. Həmin Məcəllənin 56.2-ci maddəsinin tələbinə görə hüquqdan suiistifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

18. Eləcə də MPM-in 106.4-cü maddəsinə əsasən iddianın etirafı məhkəmə tərəfindən qəbul edilmədikdə qeyd edilən faktlar ümumi qaydada sübut olunmalıdır. Cavabdehin iddia tələbinin qəbul edilməsi barədə ərizəsinin etiraf kimi qəbul edilməsi məsələsinə münasibətdə Məhkəmə qeyd edir ki, hazırki işdə tərəflərin izahatlarının eynilik təşkil etməsi iddia tələbi üzrə qarşı tərəfin “cavabdehliyinin” daha ciddi yoxlanılmasını zəruri edir. Bu da öz növbəsində iddiaçı ilə yanaşı, cavabdehi də istinad etdiyi hallara dair sübutetmə vəzifəsi ilə yüklü edir. Cavabdeh tərəfindən isə ərizədə göstərilən hallara dair təsdiq edici sübutlar ərizəyə əlavə edilməmişdir.

19. Məhkəmə onu da qeyd edir ki, cavabdeh tərəfindən iddia tələbləri etiraf edilir və heç bir etirazlarının olmadıqları, iddianı qəbul etdikləri qeyd edilirsə, əgər həqiqətən həmin avtomobil iddiaçı tərəfindən alınıb və həm iddia ərizəsində, həm də etiraf ərizəsində qeyd edildiyi kimi tərəflərin məqsədləri başqa olmuşdursa, onda, cavabdehin həmin avtomobili mülki dövriyənin əmlakın özgəninkiləşdirilməsinin müxtəlif qaydalarından istifadə etməklə, o cümlədən də əvəzsiz qaydada iddiaçıya qaytarmaması əsaslı suallar doğurur. Demək ki, hazırkı halda hər iki tərəfin məhkəmədən gizlətdiyi və aşkar surətdə qanuna uyğun olmayan məqsədləri olmuşdur. Rayon məhkəməsi haqlı olaraq cavabdehin etirafını qəbul etməmiş, iddianı da təmin etməmişdir. Beləliklə də müəyyən olur ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassızdır və təmin edilə bilməz.

20. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. MPM-in 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.”

23. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

24. Avropa Insan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə ## #### 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.

25. Beləliklə Məhkəmə hesab edir ki, hazırkı iddia tələbinin təmini üçün əsaslar olmadığından, iddia tələbini təmin etməyən birinci instansiya məhkəməsi mahiyyət etibarı ilə iş üzrə düzgün nəticəyə gəlmişdir. MPM-in 385.2-ci maddəsinə görə də, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə:

26. Göstərilənlərə əsasən, Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi mahiyyət etibarı ilə iş üzrə düzgün nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

28. MPM-in 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

29. Məhkəmə hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir.

30. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDI:

Iddiaçı Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar