Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1126/2026 06.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı X14 cavabdeh Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X7) “əmrin ləğv edilməsi, işə bərpa olunması, məcburi işburaxma müddətinə görə əmək haqqının və əmək haqqının ödənilməsi, mediasiya və hüquqi xidmət haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: işə bərpa, məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi) X3 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili vəkil2, Cavabdehin nümayəndəsi və vəkili vəkil3 iştirakı ilə, İddiaçı X14 cavabdeh Cavabdeh MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti cəlb edilməklə) “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma müddətinə görə əmək haqqının, mediasiya və hüquqi xidmət xərclərinə görə pul vəsaitinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)- ****/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Ali Məhkəmənin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarı əsasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. X14 ilə Cavabdeh MMC arasında bağlanmış ##.##.2019-cu il tarixli əmək müqaviləsinə əsasən iddiaçı həmin tarixdən cavabdeh müəssisədə “anbardar” vəzifəsinə işə qəbul olunmuşdur.
2. ##.##.2024-cü il tarixdə iddiaçı ərizə ilə cavabdehə müraciət edərək, öz xahişi ilə ##.##.2024-cü il tarixdən tutduğu vəzifədən azad olunmasını xahiş etmişdir. MMC-nin ##.##.2024-cü il tarixli, ***/X/**** nömrəli əmrinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) ##.##.2024-cü il tarixdən xitam verilmişdir.
İş üzrə məhkəmə icraatı:
3. İddiaçı X14 Cavabdeh MMC-nin onun işdən azad olunması barədə verdiyi ##.##.2024-cü il tarixli əmrin ləğv edilməsi, işə bərpa olunması, məcburi işburaxma müddətinə görə əmək haqqının və əmək haqqının ödənilməsi, mediasiya xərclərinə görə ödədiyi 60 manat, hüquqi xidmət göstərilməsi üçün ödədiyi 300 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, işlədiyi müddətdə vəzifə təlimatlarını layiqincə, vicdanla yerinə yetirmiş, işində hər hansı nöqsana yol verməmişdir. ##.##.2024cü ildə (qeyri-iş günündə) cavabdeh hüquqi şəxsin direktoru Qanuni nümayəndə onu və MMC-də hüquqşünas işləyən X4 çağırıb bildirmişdir ki, hazırkı MMC-nin digər təsisçisi ilə aralarında olan razılaşmaya əsasən ayrılacaqlar. Özü isə "xxxx" Şirkəti açır. Buna görə də onların ##.##.2024-cü ildən ##.##.2024-cü ilə kimi tutduqları vəzifədən azad olunmalarına dair ərizə yazmalarını istəmiş və onları ##.##.2024-cü ildən yeni açılacaq "xxxx" Şirkətinə işə götürəcəklərini demişdir. Onlar direktorun sözlərinə inandıqları üçün onun dediyi formada ərizələrini yazmışlar. Lakin bir qədər sonra digər təsisçi ilə əlaqə yaradan zaman məlum olmuşdur ki, təsisçilər arasında ayrılma ilə bağlı heç bir sözləşmə yoxdur. Onlar direktor tərəfindən aldadıqlarını başa düşüb dərhal, elə həmin gün ##.##.2024-cü ildən işdən azad olmaları ilə bağlı ərizələrinin etibarsız hesab edilməsi barədə ərizə yazıb MMCnin HR işləri ilə məşğul olan Hilalə xanımın işçisi Lamiyə xanıma təqdim etmişlər. Lamiyə xanım ərizəni onlardan alsa da, qəbul etməsinə dair rəsmi sənəd vermədiyinə görə onlar ##.##.2024-cü ildə ərizənin bir nüsxəsini Express xüsusi sürətli poçt vasitəsi ilə Qanuni nümayəndə özünə göndərmişlər. Lakin Qanuni nümayəndə məktubların mətnindən məlumatlı olduğu üçün qəbul etməmiş, məktubun alınmasından imtina etmişdir. Hətta cavabdehə kollektiv müraciət ünvanlayaraq işdən çıxarılmağının əmək qanunvericiliyinə zidd olduğunu bildirərək, işə bərpa olunmalarını xahiş etmişlər. Qanuni nümayəndə ##.##.2024-cü il tarixli əmri ilə o, işdən azad edilmişdir. Həmin əmr bu günədək ona təqdim edilməmişdir. Baxmayaraq ki, cavabdehin nümayəndəsi mediasiya prosesində iştirak etmişdir, danışıqlar aparmaq əvəzinə sanki onun şəxsiyyətini alçaltmağa çalışmışlar. Həmin müddətdə də işdən çıxma əmrinin ona təqdim edilməsi təmin edilməmişdir.
Birinci instansiya məhkəməsində icraat:
5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/** saylı iş üzrə ## ###### 2024-cü il tarixli qətnaməsi ilə (hakim A.Paşayeva) iddia qismən təmin edilmiş, əmrin ləğv edilməsi, iddiaçının işə bərpa edilməsi, iddiaçıya ##.##.2024-cü il tarixdən məhkəmə qətnaməsi qanuni qüvvəsini alan günədək məcburi işburaxmağa görə əmək haqqının hesablanaraq ödənilməsi, mediasiya xərci üçün ödənilmiş 50 manat, hüquqi xidmətin göstərilməsi üçün 300 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, cavabdehdən 100 manat məbləğində dövlət rüsumunun alınaraq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır.
6. Məhkəmə qətnamədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ##.##.2024cü ildə işdən azad edilməsi barədə ərizə ilə müraciət etmiş, ##.##.2024-cü ildə ərizənin geri götürülməsi barədə ərizə göndərmişdir. Lakin işdən azad edilməsi barədə ərizəsinin etibarsız hesab edilməsi barədə ərizənin qəbul edilməsindən qərəzli şəkildə imtina edilmiş, ##.##.2024-cü il tarixdə işdən çıxarılma barədə əmr qəbul edilmişdir. Hazırkı işdə cavabdeh 1 aylıq müddət tamam olmadan, işçinin ərizənin etibarsız sayılması barədə ərizəsini qəbul etmədən əmək müqaviləsini ləğv etmişdir. Cavabdeh MMC tərəfindən əmək qanunvericiliyin pozulması faktı həmçinin X8 Xidmətinin "inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar"ı ilə də təsdiq olunmuşdur.
7. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69, 172, 300cü, Azərbaycan Respublikasının MPM-in 14.2. 77.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat:
8. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, işdən azad olunma barədə verilmiş ərizənin etibarsız hesab edilməsi barədə verilmiş ərizə “AzəriExpress” vasitəsilə ilk dəfə cavabdeh Cavabdeh MMCnin hüquqi ünvanına göndərilməmişdir, ikinci dəfə isə “xxxx” vasitəsilə ## #### 2024-cü il tarixdə MMC-yə daxil olmuşdur. İlk dəfə verilmiş ərizənin etibarsız hesab edilməsinə dair ərizə AR Əmək Məcəlləsinin 69-cu maddəsində nəzərdə tutulmuş qaydada elektron informasiya sistemi vasitəsilə də MMC-nin ünvanına daxil edilməmiş və buna görə də vaxtında MMC-yə daxil olmamışdır. Bununla bağlı iddiaçı tərəfindən sübut təqdim olunmamışdır. Bu səbəbdən də ## #### 2024-cü il tarixdə iddiaçının əmək müqaviləsinə ərizəsi üzrə əmək qanunvericiliyinə uyğun olaraq xitam verilmişdir. Xitamdan sonra ərizənin etibarsız hesab edilməsi barədə iddiaçının ikinci ərizəsi MMC-yə daxil olmuşdur. Yəni işəgötürən iddiaçı ilə əmək münasibətlərində qanunsuz hallara yol verməmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi ərizənin etibarsız hesab edilməsinə dair ərizələrin iki ədəd qəbzi var. İlk qəbz ## #### 2024-cü il tarixə aid olsa da, işəgötürən MMC-nin hüquqi ünvanına göndərilməmiş və buna görə də MMC tərəfindən ərizə nəzərə alına bilməmişdir. İkinci qəbz isə əmək müqaviləsinə qanunamüvafiq qaydada xitam verildikdən sonra ## #### 2024-cü il tarixdə MMC-yə daxil olmuşdur. Buna görə də ərizə vaxtında təqdim olunmadığı üçün əmək müqaviləsinə xitam verilmişdir. Habelə, iddiaçı tərəf ərizənin vaxtında təqdim edilməsi üçün elektron informasiya vasitəsindən istifadə etməmişdir. Buna baxmayaraq, məhkəmə təqdim olunmuş qəbzlərin hansı ünvana təqdim edilməsini araşdırmamışdır. İddiaçı tərəfindən onun bildirdiyinə əsasən, ərizələrinin etibarsız hesab edilməsi barədə ərizəni Lamiyə adlı xanıma təqdim etmişdir. Lamiyə adlı şəxsin cavabdeh Cavabdeh MMCdə hansı məsul vəzifədə olması, iş statusu, ümumiyyətlə MMC-də səlahiyyətli şəxs olubolmaması məhkəmə tərəfindən araşdırılmayıb və bu hala münasibət bildirilməyib. Lamiyə adlı şəxs məhkəmə iclasına şahid qismində cəlb olunmamışdır. Cavabdehin nümayəndəsi vəsatət verərək qeyd etmişdir ki, iddiaçının iddia tələbi üzrə məhkəmə iclasında X1, X6 şahid qismində iştirakları zəruridir. Belə ki, həmin şəxslər iddiaçının irəli sürdüyü halların, ərizələrin ünvana çatdırılmamasının şahidi olmuşlar. Lakin məhkəmə vəsatəti əsassız olaraq rədd etmişdir, işin hərtərəfli araşdırılmasında maraqlı olmamışdır. Məhkəmə iclasında yalnız şahid qismində iddiaçının qohumu X5 dindirilmişdir. Lakin onun verdiyi ifadənin zəruriliyinin nədən ibarət olması, mübahisə ilə əlaqəsi məhkəmə tərəfindən müəyyən edilməmişdir.
10. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə cavabdeh Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin olunmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsinin iddianın təmin olunan hissəsində, yəni Cavabdeh MMC-nin iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə ##.##.2024-cü il tarixli əmrinin ləğv edilməsi, iddiaçının Cavabdeh MMC-də anbardar vəzifəsinə işə bərpa olunması, iddiaçıya ##.##.2024-cü il tarixdən məhkəmə qətnaməsi qanuni qüvvəsini alan günədək məcburi işburaxmağa görə əmək haqqının hesablanaraq ödənilməsi, mediasiya xərci üçün ödənilmiş 50 manat, hüquqi xidmətin göstərilməsi üçün ödənilmiş 300 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, eləcə də cavabdehdən 100 manat məbləğində dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi hissələrində ləğv edilməsi və iddia tələbinin həmin hissələrdə təmin olunmaması, iddiaçı X14 tərəfindən ödənilmiş dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir.
11. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Əmək Məcəlləsinin 69-cu maddəsi əməyin və əmək müqaviləsinin azadlığı prinsipini əks etdirməklə, əmək müqaviləsinin növündən, işçinin əmək funksiyasından və işəgötürənin hüquqi statusundan asılı olmayaraq, işçiyə bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizə ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv etmək və bununla da əmək münasibətinə xitam vermək hüququ verir. Xəbərdarlıq müddətinin müəyyən edilməsi hüquqi əhəmiyyətə malik olmaqla işəgötürənə işdən çıxacaq işçinin yerinə yeni işçi tapmaq və onunla əmək müqaviləsi bağlamaq imkanı yaratmaq məqsədi daşıyır. İşəgötürən ərizənin verildiyi gündən yeni işçi axtarışına başlamağa tam haqlıdır. Eyni zamanda, əmək qanunvericiliyində xəbərdarlıq müddətinin qısaldılmasının, o cümlədən ümumiyyətlə müəyyən edilməməsinin mümkünlüyü təsbit edilmiş və bu vəziyyətin yaranmasına əsas olan ümumi hallarla yanaşı konkret hallar da göstərilmişdir. Başqa sözlə, 1 aydan daha qısa müddətin müəyyən edilməsi, o cümlədən işçinin ərizə verilən tarixdə işdən çıxmaq niyyətində olması ilk növbədə işçinin iradəsindən asılıdır. Hazırkı iş üzrə iddiaçı da Əmək Məcəlləsinin 69-cu maddəsinin yaratdığı hüquqi imkanlardan istifadə edərək, ##.##.2024-cü il tarixdə ərizə ilə cavabdehə müraciət edərək, ##.##.2024-cü il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. İddiaçı bu ərizəni aldadılma nəticəsində yazdığını bildirsə də, bu halı sübuta yetirə bilmir. Araşdırma zamanı isə iddiaçının mövqeyinin tam əksi öz təsdiqini tapır. Belə ki, ərizə yazılan tarixdən əvvəl iddiaçı ilə cavabdeh arasında nəinki hər hansı problemin, ümumiyyətlə elementar anlaşılmazlığın olması belə müəyyən edilmir. İddiaçı ərizəsində ərizənin yazıldığı gün, yəni ##.##.2024-cü il tarixdə deyil, 5 gündən sonra, yəni ##.##.2024cü il tarixdə tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. Halbuki, məcburetmə və ya aldadılma, yəni bu məsələyə cavabdehin hər hansı formada müdaxiləsi olsa idi, geriyə dönüş imkanlarının məhdudlaşdırılması baxımından iddiaçıdan ərizə yazılan günü tutduğu vəzifədən azad olunması tələb olunardı. İddiaçı bu ərizənin onun yeni yaradılan şirkətə işə götürülməsi vədi qarşılığında yazdığını və bununla da aldadıldığını bildirsə də, ona cavabdeh tərəfindən hər hansı digər müəssisədə işə götürülməsini, ümumiyyətlə cavabdehin belə bir vəd verməsini təsdiq edən sübut mövcud deyil. Digər tərəfdən, iddiaçı bu mövqedən çıxış etsə də, cavabdehin qanuni təmsilçisi ilə bu barədə hər hansı söhbətin aparılmadığı bir halda 1 gün ərzində aldadılmasını hansı qaydada müəyyən etdiyini açıqlaya bilmir. İddiaçının ##.##.2024-cü il tarixdə işdən çıxma barədə ərizə yazdıqdan sonra onun etibarsız hesab edilməsi barədə ərizələrlə müraciət etməsi ilə bağlı qeyd edilməlidir ki, iddiaçı ilk dəfə ##.##.2024-cü il tarixdə belə bir ərizə yazaraq, Lamiyə adlı əməkdaşa təqdim etdiyini, lakin qəbul edilmədiyini bildirir. Lakin cavabdeh tərəf bunu qəbul etmir, ümumiyyətlə şirkətdə belə bir əməkdaşın çalışmadığını bildirir. Nəticə etibarı ilə cavabdehin belə bir əməkdaşının olması müəyyən edilmir. ##.##.2024-cü il tarixli ərizənin cavabdehə surətli poçt vasitəsi ilə göndərilməsini təsdiq edən “xxxx”in qaiməsində göstərilən qeydə əsasən isə cavabdeh müəssisənin direktoru Qanuni nümayəndə bu ərizəni qəbul etməkdən imtina etmişdir. Halbuki, həmin ərizənin çatdırılmasını həyata keçirən şirkətin əməkdaşı (kuryer) bununla bağlı hər hansı akt tərtib etməmiş, cavabdehin ünvanı belə göstərilməyən qaimənin üzərinə “məktubu almaqdan imtina etdi” qeydi yazmaqla kifayətlənmişdir. Cavabdeh isə belə bir ərizənin ##.##.2024-cü il tarixdə surətli poçtla gətirilmədiyini və bu baxımdan onun qəbul edilməsindən imtinanın mümkün olmadığını bildirir. Nəticə etibarı ilə ##.##.2024-cü il tarixdə ərizənin cavabdehə çatdırılması və cavabdehin bu ərizəni qəbul etməkdən imtina edilməsi də öz təsdiqini tapmır. İddiaçı 27 iyun – 01 iyul tarixlərində işə çıxmamasının səbəbini iş yerinə buraxılmaması ilə izah etsə də, onun bu dəlili işin müəyyən edilmiş halları ilə öz təsdiqini tapmır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, ##.##.2024-cü il tarixli ərizənin məzmununa əsasən iddiaçı ##.##.2024-cü il tarixədək işdə sayılırdı və əmək qanunvericiliyinin tələblərinə əsasən işə çıxaraq, öz əmək funksiyalarını yerinə yetirməli idi. Lakin iddiaçının 27 iyun– 01 iyul tarixlərində əmək funksiyalarını yerinə yetirmək üçün iş yerində olmaması (işə çıxmaması) məhz onun bu cəmiyyətdə əmək funksiyalarını icra etmək niyyətində olmadığını, ##.##.2024-cü il tarixli ərizənin onun həqiqi niyyətini və iradəsini əks etdirdiyini təsdiq edir. İddiaçının ##.##.2024-cü il tarixdə yazdığı eyni məzmunlu ərizə isə cavabdehə ##.##.2024-cü il tarixdə, saat 17:25-də təqdim edilmişdir (i.v.18). Lakin bu hal onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsini istisna edə bilməzdi. Belə ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə həmin vaxtadək artıq xitam verilmişdi. Bu hal iş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi ilə də öz təsdiqini tapır. Başqa sözlə, iddiaçı ilə bağlanmış əmək müqaviləsi ##.##.2024-cü il tarixdə Əmək Məcəlləsinin 69-cu maddəsi ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edilmiş və iddiaçının həmin tarixdə saat 17:25-də əvvəlki ərizəsinin etibarsız hesab edilməsi barədə müraciətinin hüquqi qüvvəsi yoxdur. Nəzərə alınmalıdır ki, həmin ərizənin cavabdeh tərəfindən yaradılan maneə nəticəsində daha əvvəl deyil, məhz saat 17:25-də təqdim edilmiş olması da öz təsdiqini tapmır. Hər bir halda, surətli poçt xidmətinin belə bir halları təsdiq edən hər hansı aktı mövcud deyil. Qeyd edilənlər öz növbəsində iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə ##.##.2024 cü il tarixli, ***/x/**** saylı əmrin qanuni və əsaslı olmasını, iddia tələbinin isə əsassız olduğunu təsdiq edir. İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında ##.##.2024-cü il tarixli, ******* saylı qərarın da bu mövqeyə hər hansı hüquqi təsiri ola bilməz. İddia üzrə "əmrin ləğv edilməsi" tələbinin əsas tələb olduğunu, həmin tələbin əsassız olması qənaətinə gəlindiyini, iddia tələbinin "işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının, ödənilən mediasiya və hüquqi xidmət xərcinin əvəzinin tutulması" hissəsinin isə törəmə tələb olduğunu və bu hissənin təmin olunub-olunmamasının bilavasitə "əmrin ləğv edilməsi" hissəsinin təmin olunub-olunmamasından asılı olduğunu nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi bu tələblərə aid hissədə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbləri həmin hissələrdə rədd edilməlidir.
12. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68, 69, 300cü, Azərbaycan Respublikasının MPM-in 14.2, 77.1 və 217.4-cü maddələri ilə əsaslandırmışdır.
Kassasiya instansiyası məhkəməsindəki icraat:
13. İddiaçı (vəkil vəkil2) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
14. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə iddiaçı X14 tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
15. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır. 15.1 Kassasiya kollegiyası apellyasiya məhkəməsinin göstərilən əsaslandırması ilə razılaşmır. Apellyasiya məhkəməsi cavabdeh tərəfin ümumiyyətlə şirkətdə Lamiyə adlı bir əməkdaşın çalışmadığını bildirdiyini, nəticə etibarı ilə cavabdehin belə bir əməkdaşının olmasının müəyyən edilmədiyini qeyd edir. Sadəcə işin həllində maraqlı olan cavabdehin bildirdikləri ilə belə qənaətə gəlinməsi işin araşdırılması və sübutlara qiymət verilməsi ilə əlaqədar prosessual hüquq normalarının tələbinə uyğun deyil. Apellyasiya instansiyası məhkəməsi işin həlli üçün əhəmiyyətli olan həmin halı mümkün sübut vasitələrindən istifadə etməklə (məsələn, müvafiq orqanlar tərəfindən verilmiş cavabdehin işçisi olmuş şəxslərin siyahısı ilə və s.) dəqiqləşdirməli idi. 15.2 Apellyasiya məhkəməsi qeyd etmişdir ki, ##.##.2024-cü il tarixli ərizənin cavabdehə surətli poçt vasitəsi ilə göndərilməsini təsdiq edən “xxxx”in qaiməsində göstərilən qeydə əsasən isə cavabdeh müəssisədə Qanuni nümayəndə bu ərizəni qəbul etməkdən imtina etmişdir. Halbuki, həmin ərizənin çatdırılmasını həyata keçirən şirkətin əməkdaşı (kuryer) bununla bağlı hər hansı akt tərtib etməmiş, cavabdehin ünvanı belə göstərilməyən qaimənin üzərinə “məktubu almaqdan imtina etdi” qeydi yazmaqla kifayətlənmişdir. Cavabdeh isə belə bir ərizənin ##.##.2024-cü il tarixdə surətli poçtla gətirilmədiyini və bu baxımdan onun qəbul edilməsindən imtinanın mümkün olmadığını bildirir. Nəticə etibarı ilə ##.##.2024-cü il tarixdə ərizənin cavabdehə çatdırılması və cavabdehin bu ərizəni qəbul etməkdən imtina edilməsi də öz təsdiqini tapmır. 15.3 Kassasiya kollegiyası apellyasiya məhkəməsinin göstərilən əsaslandırması ilə də razılaşmır. Çünki həmin ərizənin çatdırılmasını həyata keçirən şirkətin əməkdaşının (kuryer) bununla bağlı hər hansı akt tərtib etməli olduğunun əsaslarını (yəni hansı qaydanın, normativ hüquqi aktın tələbinə uyğun olaraq) göstərməmişdir. 15.4 Apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının ##.##.2024-cü il tarixdə yazdığı eyni məzmunlu ərizə isə cavabdehə ##.##.2024-cü il tarixdə, saat 17:25-də təqdim edilmişdir (i.v.18). Lakin bu hal onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsini istisna edə bilməzdi. Belə ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə həmin vaxtadək artıq xitam verilmişdi. Bu hal iş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi ilə də öz təsdiqini tapır. 15.5 Göstərilənlərlə əlaqədar kassasiya kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının MPM-in 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 15.6 İş materiallarında işin birinci instansiya məhkəməsindəki icraat mərhələsində iddiaçının ##.##.2024-cü il tarixdə yazdığı ərizənin cavabdehə ##.##.2024-cü il tarixdə, saat 17:25-də təqdim edilənədək tərəflər arasında bağlanmış əmək müqaviləsinə artıq xitam verildiyini təsdiq edən bildiriş mövcud deyil. 15.7 İş apellyasiya şikayətinə əsasən apellyasiya məhkəməsinə daxil olduqdan sonra isə cavabdehin sübutun birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırmaqla sübutu təqdim etməsi və apellyasiya instansiyası məhkəməsinin müvafiq vəsatəti müzakirə edərək sübutu qəbul etməsi təsdiqlənmir. 15.8 Yuxarıda şərh edilənlər sübutların qəbulu, o cümlədən apellyasiya instansiyası məhkəməsində sübutların qəbulu və sübutlara qiymət verilməsi ilə əlaqədar prosessual hüquq normalarının tələbinin pozulduğunu təsdiq edir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
16. Cavabdehin nümayəndəsi və vəkili vəkil3 məhkəmə kollegiyasının iclasında verdiyi izahatında bildirmişdir ki, məhkəmədən apellyasiya şikayətinin təmin olunmasını xahiş edir.
17. İddiaçının nümayəndəsi və vəkili vəkil2 məhkəmə kollegiyasının iclasında verdiyi izahatında bildirmişdir ki, məhkəmədən apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş edir.
Tətbiq edilən hüquq normaları:
18. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 35. VI Bənd. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrıseçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.
19. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
Maddə 68. 1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.
Maddə 69. 1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsinə xitam verə bilər.
2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.
3. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda ərizəsində göstərdiyi gün əmək müqaviləsinə xitam verilə bilər. 3-1. Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda xidmət keçən, yaxud müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən xaricdə beynəlxalq təşkilatın orqanına işləməyə göndərilən diplomatik xidmət orqanı əməkdaşının dövlət orqanında, dövlətin adından yaradılan publik hüquqi şəxsdə, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxsdə və büdcə təşkilatında təyinatlı vəzifədə (peşədə) işləyən arvadının (ərinin) ərizəsində göstərdiyi gün onun əmək müqaviləsinə xitam verilə bilər.
4. Əmək müqaviləsinə xitam vermək barədə ərizə vermiş və ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyən işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsinə xitam verilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsinə bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla xitam verildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.
5. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinə xitam verilməsinə yol verilmir.
6. İşçi məzuniyyət hüququndan istifadə etməklə ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinə xitam verilməsi xahişi ilə işəgötürənə ərizə verə bilər. İşçi məzuniyyət müddəti bitənədək bu maddənin 4-cü hissəsi ilə müəyyən edilmiş qaydada əmək müqaviləsinə xitam verilməsi barədə ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) müraciət edə bilər. Bu halda işçinin xahişi təmin edilməlidir.
7. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsinə xitam verməyə onu məcbur etmək qadağandır.
Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş xitam verilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
2. İşəgötürən və işçi fərdi əmək mübahisəsinin məhkəmədə həlli prosesində qarşılıqlı razılıqla yazılı barışıq sazişi bağlayarlarsa, hakim tərəflərin həmin sazişlə müəyyən edilmiş öhdəliklərin icrasının təmin edilməsi barədə qərardad qəbul edir. Qeyd: Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş “dəymiş zərərin məbləği” dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri:
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
22. Hazırkı işdə iddia tələbi qismən təmin edildiyindən və qətnamə cavabdeh tərəfindən iddia tələbinin təmin edilən hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı iddia tələbinin təmin edilən hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
23. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb, hеsаb еdir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gələrək, bu münasibətləri tənzimləyən hüquq normalarını düzgün tətbiq etməmiş və hüquqi nəticə etibarı ilə qətnamənin mübahisələndirilən hissəsində iddianı təmin etməkdə səhvə yol vermişdir. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmaqla, iddia həmin hissədə rədd edilməlidir.
24. İşin materialları ilə müəyyən edilir ki, iddiaçı X14 (bundan sonra “iddiaçı”) ilə cavabdeh Cavabdeh MMC (bundan sonra “cavabdeh”) arasında bağlanmış ##.##.2019-cu il tarixli əmək müqaviləsinə əsasən iddiaçı həmin tarixdən cavabdeh müəssisədə “anbardar” vəzifəsinə işə qəbul olunmuşdur. ##.##.2024-cü il tarixdə iddiaçı ərizə ilə cavabdehə müraciət edərək, oz xahişi ilə ##.##.2024-cü il tarixdən tutduğu vəzifədən azad olunmasını xahiş etmişdir. Cavabdehin ##.##.2024-cü il tarixli, ***/X/**** nömrəli əmrinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) ##.##.2024-cü il tarixdən xitam verilmişdir.
25. Hazırda iddiaçı tutduğu vəzifədən azad edilməsi barədə ərizəni aldadılma nəticəsində (yeni açılmış şirkətə işə qəbul etmək vədi ilə) yazdığını, bunu bilən kimi, ##.##.2024-cü il tarixdə həmin ərizənin etibarsız hesab edilməsi barədə ərizə ilə cavabdehə müraciət etdiyini, lakin ərizənin qərəzli şəkildə qəbul edilmədiyini, bu səbəbdən ##.##.2024cü il tarixdə yenidən müraciət etdiyini, lakin bu dəfə ərizənin onunla bağlanmış əmək müqaviləsinə xitam verildikdən sonra qəbul edildiyini bildirir və əmrin ləğv edilməsini, işə bərpa olunmasını və məcburi işburaxma müddəti üçün əmək haqqının tutulmasını tələb edir.
26. Cavabdeh iddianı qəbul etmir, iddiaçının aldadılmadığını, cəmiyyətin iki təsisçisindən birinin iddiaçının qohumu olduğunu və şirkətin bölünməsi barədə razılıq əldə edildiyindən iddiaçı qohumunun tövsiyəsi ilə işdən çıxma barədə ərizə yazdığını, lakin sonradan təsisçilər arasında əmlakın bölünməsi ilə bağlı mübahisə yarandığından iddiaçının bu məsələlərə nəzarət etmək üçün həmin şəxslərdən işə qayıtmaq tapşırığı aldığını və bununla bağlı ##.##.2024-cü il tarixdə həmin ərizənin etibarsız hesab edilməsi barədə ərizə ilə cəmiyyətə müraciət etdiyini, lakin həmin vaxt artıq onunla bağlanmış əmək müqaviləsinə xitam verildiyini, iddiaçının bu tarixdən əvvəl, o cümlədən ##.##.2024-cü il tarixdə qeyd edilən məsələ ilə bağlı müraciət etmədiyini bildirir və iddianın rədd olunmasını xahiş edir.
27. Məhkəmə kollegiyası bu münasibətləri tənzimləyən Əmək Məcəlləsinin 69-cu maddəsinə istinadən qeyd edir ki, bu maddə əməyin və əmək müqaviləsinin azadlığı prinsipini əks etdirməklə, əmək müqaviləsinin növündən, işçinin əmək funksiyasından və işəgötürənin hüquqi statusundan asılı olmayaraq, işçiyə bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizə ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv etmək və bununla da əmək münasibətinə xitam vermək hüququ verir. Xəbərdarlıq müddətinin müəyyən edilməsi hüquqi əhəmiyyətə malik olmaqla işəgötürənə işdən çıxacaq işçinin yerinə yeni işçi tapmaq və onunla əmək müqaviləsi bağlamaq imkanı yaratmaq məqsədi daşıyır. İşəgötürən ərizənin verildiyi gündən yeni işçi axtarışına başlamağa tam haqlıdır. Eyni zamanda, əmək qanunvericiliyində xəbərdarlıq müddətinin qısaldılmasının, o cümlədən ümumiyyətlə müəyyən edilməməsinin mümkünlüyü təsbit edilmiş və bu vəziyyətin yaranmasına əsas olan ümumi hallarla yanaşı konkret hallar da göstərilmişdir. Başqa sözlə, 1 aydan daha qısa müddətin müəyyən edilməsi, o cümlədən işçinin ərizə verilən tarixdə işdən çıxmaq niyyətində olması ilk növbədə işçinin iradəsindən asılıdır.
28. Hazırki iş üzrə iddiaçı da Əmək Məcəlləsinin 69-cu maddəsinin yaratdığı hüquqi imkanlardan istifadə edərək, ##.##.2024-cü il tarixdə ərizə ilə cavabdehə müraciət edərək, ##.##.2024-cü il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. İddiaçı bu ərizəni aldadılma nəticəsində yazdığını bildirsə də, bu halı sübuta yetirə bilmir. Araşdırma zamanı isə iddiaçının mövqeyinin tam əksi öz təsdiqini tapır.
29. Belə ki, ərizə yazılan tarixdən əvvəl iddiaçı ilə cavabdeh arasında nəinki, hər hansı problemin, ümumiyyətlə elementar anlaşılmazlığın olması belə müəyyən edilmir. İddiaçı ərizəsində ərizənin yazıldığı gün, yəni ##.##.2024-cü il tarixdə deyil, 5 gündən sonra, yəni ##.##.2024-cü il tarixdə tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. Halbuki, məcburetmə və ya aldadılma, yəni bu məsələyə cavabdehin hər hansı formada müdaxiləsi olsa idi, geriyə dönüş imkanlarının məhdudlaşdırılması baxımından iddiaçıdan ərizə yazılan günü tutduğu vəzifədən azad olunması tələb olunardı. İddiaçı bu ərizənin onun yeni yaradılan şirkətə işə götürülməsi vədi qarşılığında yazdığını və bununla da aldadıldığını bildirsə də, ona cavabdeh tərəfindən hər hansı digər müəssisədə işə götürülməsini, ümumiyyətlə cavabdehin belə bir vəd verməsini təsdiq edən sübut mövcud deyil. Digər tərəfdən iddiaçı bu mövqedən çıxış etsə də, cavabdehin qanuni təmsilçisi ilə bu barədə hər hansı söhbətin aparılmadığı bir halda 1 gün ərzində aldadılmasını hansı qaydada müəyyən etdiyini açıqlaya bilmir.
30. Nəzərə alınmalıdır ki, cavabdeh cəmiyyətin iki təsisçisi var və bu təsisçilərdən biri iddiaçının qohumudur. Bu baxımdan yeni şirkətə işə qəbul edilməsi məsələsi olsa idi, iddiaçı bunu bilməsə də, onun qohumunun bu barədə məlumatı olmaya bilməzdi və belə olan halda, iddiaçı bu məlumatın həqiqiliyini qohumundan dəqiqləşdirə bilərdi.
31. İddiaçının ##.##.2024-cü il tarixdə işdən çıxma barədə ərizə yazdıqdan sonra onun etibarsız hesab edilməsi barədə ərizələrlə müraciət etməsi ilə bağlı qeyd edilməlidir ki, iddiaçı ilk dəfə ##.##.2024-cü il tarixdə belə bir ərizə yazaraq, Lamiyə adlı əməkdaşa təqdim etdiyini, lakin qəbul edilmədiyini bildirir. Lakin cavabdeh tərəf bunu qəbul etmir, ümumiyyətlə şirkətdə belə bir əməkdaşın çalışmadığını bildirir.
32. İşə apellyasiya instansiyası məhkəməsində baxılması zamanı kassasiya instansiya məhkəməsinin göstərişlərinin icrası məqsədilə 2024-cü ilin may ayından 2024-cü ilin avqust ayınadək Cavabdeh MMC (VÖEN: **********) tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinin təmin edilməsi məqsədilə təqdim olunmuş işçilər siyahısında Mustafayeva (Əhmədzadə) Lamiyə Nizami qızının (FİN: 68BKWRN) adının mövcud olub-olmaması barədə müvafiq məlumatın təqdim edilməsi məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına sorğu göndərilmişdir.
33. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən verilmiş ## ##### 2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli cavab məktubunda qeyd edilir ki, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununun 7.1.3-cü maddəsinə uyğun olaraq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron informasiya sistemindən ötürülmüş sığortaedən Cavabdeh MMC-nin (VÖEN: **********) muzdlu işlə bağlı hesabat məlumatlarında sorğuda adı qeyd olunan sığortaolunan X9 (FİN: 68BKWRN; SSN: 0103199801347) may 2024 - avqust 2024-cü il üzrə məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, onlara nisbətdə hesablanmış və xeyrinə ödənilmiş məcburi dövlət sosial sığorta haqları aşkar olunmamışdır.
34. Göründüyü kimi, iş materiallarının araşdırılması zamanı Cavabdeh MMC-də X9 fəaliyyət göstərməsi müəyyən edilmir. Belə olan halda iddiaçının ##.##.2024-cü il tarixdə yazdığı ərizənin Lamiyə adlı əməkdaşa təqdim edilməsi barədə dəlilləri işin materiallarında olan sübutlarla öz təsdiqini tapmır.
35. İddiaçı 27 iyun – 01 iyul tarixlərində işə çıxmamasının səbəbini iş yerinə buraxılmaması ilə izah etsə də, onun bu dəlili işin müəyyən edilmiş halları ilə öz təsdiqini tapmır. Məhkəmə kollegiyası qeyd edir ki, ##.##.2024-cü il tarixli ərizənin məzmununa əsasən iddiaçı ##.##.2024-cü il tarixədək işdə sayılırdı və əmək qanunvericiliyinin tələblərinə əsasən işə çıxaraq, öz əmək funksiyalarını yerinə yetirməli idi. Lakin iddiaçının 27 iyun– 01 iyul tarixlərində əmək funksiyalarını yerinə yetirmək üçün iş yerində olmaması (işə çıxmaması) məhz onun bu cəmiyyətdə əmək funksiyalarını icra etmək niyyətində olmadığını, ##.##.2024-cü il tarixli ərizənin onun həqiqi niyyətini və iradəsini əks etdirdiyini təsdiq edir.
36. İddiaçının ##.##.2024-cü il tarixdə yazdığı eyni məzmunlu ərizə isə cavabdehə ##.##.2024-cü il tarixdə, saat 17:25-də təqdim edilmişdir. Lakin bu hal onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsini istisna edə bilməzdi. Belə ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə ##.##.2024-cü il tarixdə iddiaçının ərizəsi cavabdehə daxil olana qədər artıq xitam verilmişdir. Bu hal iş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi ilə də öz təsdiqini tapır. Başqa sözlə, iddiaçı ilə bağlanmış əmək müqaviləsi həmin vaxtadək Əmək Məcəlləsinin 69-cu maddəsi ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edilmiş və iddiaçının həmin tarixdə saat 17:25-də əvvəlki ərizəsinin etibarsız hesab edilməsi barədə müraciətinin hüquqi qüvvəsi yoxdur. Nəzərə alınmalıdır ki, həmin ərizənin cavabdeh tərəfindən yaradılan maneə nəticəsində daha əvvəl deyil, məhz saat 17:25-də təqdim edilməsinin mümkün olması da öz təsdiqini tapmır. Hər bir halda, surətli poçt xidmətinin belə halları təsdiq edən hər hansı qeydi (aktı və s.) mövcud deyil. Qeyd edilənlər öz növbəsində iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə ##.##.2024 cü il tarixli, ***/x/**** saylı əmrin qanuni və əsaslı olmasını təsdiq edir və hazırki iddianı bu əmrin ləğv edilməsi ilə bağlı hissədə rədd edilməsini şərtləndirir. İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında ##.##.2024cü il tarixli, ******* saylı qərarın da bu mövqeyə hər hansı hüquqi təsiri ola bilməz.
37. Kassasiya instansiyası məhkəməsinin qərarında öz əksini tapmış iddiaçının ##.##.2024-cü il tarixdə yazdığı ərizənin cavabdehə ##.##.2024-cü il tarixdə, saat 17:25də təqdim edilənədək tərəflər arasında bağlanmış əmək müqaviləsinə artıq xitam verildiyini təsdiq edən bildirişin apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni sübut kimi qəbul olunması, cavabdehin həmin sübutun birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırmaqla sübutu təqdim etməsi və apellyasiya instansiyası məhkəməsinin müvafiq vəsatəti müzakirə edərək sübutu qəbul etməsinin təsdiqlənməməsi barədə fikri ilə bağlı Kollegiya qeyd etməyi zəruri hesab edir ki, həmin bildiriş birinci instansiya məhkəməsində də təqdim olunmuşdur (i.v. 96), lakin həmin vaxtı təqdim olunmuş bildirişin çap tarixi “##.##.2024 15:21:13” göstərilmiş, apellyasiya instansiyasında işə baxılarkən məhkəməyə təqdim olunmuş eyni bildirişin çap tarixi isə “##.##.2024 11:10:15” göstərilmişdir. Yəni təqdim olunmuş bildiriş mahiyyət etibarılə yeni sübut olmamaqla, yalnız çap tarixi fərqlidir.
38. Beləliklə məhkəmə kollegiyası müəyyən etmişdir ki, iddiaçı öz iradə ifadəsi ilə işəgötürənə işdən azad edilməsi barədə ərizə təqdim etmiş, həmin ərizənin onun iradə ifadəsinə uyğun olmadan verildiyinə dair dəlillər mötəbər sübutlarla təsdiq edilməmiş, o cümlədən həmin ərizənin etibarsız hesab edilməsi ilə bağlı işçinin ərizənin işəgötürənə yalnız işdən azad edilməsi barədə əmr verildikdən sonra təqdim edildiyi müəyyən edilmiş, həmin ərizənin daha əvvəl təqdim edildiyi iddiaçı tərəfindən mötəbər sübutla təsdiq edilməmişdir.
39. Məhkəmə kollegiyası, iddia üzrə “əmrin ləğv edilməsi” tələbinin əsas tələb olduğunu, həmin tələbin əsassız olması qənaətinə gəlindiyini, iddia tələbinin “işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının, ödənilən mediasiya və hüquqi xidmət xərcinin əvəzinin tutulması” hissəsinin törəmə tələb olduğunu və bu hissənin təmin-olunub olunmamasının bilavasitə “əmrin ləğv edilməsi” hissəsinin təmin olunub-olunmamasından asılı olduğunu nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi bu tələblərə aid hissədə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbləri həmin hissələrdə də rədd edilməlidir.
40. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmaqla, iddia həmin hissədə rədd edilməlidir.
41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
Cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsi mübahisələndirilən, yəni iddianın təmin edilən hissədə ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə çıxarılsın. İddia həmin hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən hakim, imza: Rəşid Səmədov Hakimlər, imzalar: Xumar Mərdanova Vahid Sadıqov