Məhkəmə qərarları › İş №2(3-6)-1737/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-1737/2026

12.05.2026 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-1737/2026 12.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Səadət Rəşid qızı Səlimova və Məmməd Allahverdi oğlu Məmmədovdan ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadından ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi : Ərizəçi Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, 2(001)- ****/**** nömrəli qətnaməsi ilə Ərizəçi, Maraqlı şəxs və mediator X2 arasında mediasiya prosesi nəticəsində bağlanmış ##.##.2025-ci il tarixli MŞB/*/****-***** nömrəli Barışıq sazişinin təsdiq edilməsindən imtina edilmişdir. Həmin qətnamədən ərizəçi Ərizəçi ## #### 2026-cı il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin tam ləğv edilməsi və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda ərizəçi apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin ötürülməsinin səbəblərinin üzrlü hesab edilərək bərpa olunması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadına əsasən ərizəçi Ərizəçi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2025ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatəti təmin edilməmişdir. İddiaçı Ərizəçi oğlu ##.##.2026-cı il tarixində elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2(001)- 7753/2025-ci il tarixli qərardadından şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, 2(001)- ****/**** saylı qətnaməsi ilə mediasiya prosesi nəticəsində bağlanmış ##.##.2025- ci il tarixli MŞB/*/****-***** nömrəli barışıq sazişinin təsdiq edilməsindən imtina edilmişdir. Cavabdeh Maraqlı şəxs onunla əldə olunmuş razılaşma əsasında ondan 22000 manat məbləğində pul vəsaitini borc almışdır. Lakin sonra borcunu qaytara bilmədiyinə görə onun tərəfindən mediasiyaya müraciət olunmuşdur. Bakı şəhər * saylı Mediasiya Təşkilatının mediatoru X2 iştirakı ilə ##.##.2025-ci il tarixdə, MŞB/*/****-***** nömrəli barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin şərtlərinə əsasən: 1. Maraqlı şəxs (2-ci Tərəf) Ərizəçi (1ci Tərəf) kömək almaq məqsədilə 1-ci Tərəfə məxsusolan: marka/model-BMW 428İ Minik, Texniki pasport:BA362252, buraxılışili2016 olan nəqliyyat vasitəsini X1 adına notarius vasitəsilə alqı-satqı müqaviləsi əsasında keçirmiş və əvəzində 22000 manat pul almışdır, lakin geri qaytarmadığından 1-ci Tərəfə məxsus şəxsin mülki olan yuxarıda göstəriciləri qeyd edilmiş nəqliyyat vasitəsi borc verən X1 şəxsi mülkündə qalmışdır. 2. 2-ci Tərəf Maraqlı şəxs 1-ci Tərəf Ərizəçi aylıq 2.000manat ödəyəcəyini öhdəsinə götürür. 3. 2-ci Tərəf Maraqlı şəxs ##.##.2025ci ödəməyi üzərinə götürsə də, bu günədək heç bir qəpik də ödəniş etməmişdir. Hər ay 2000 manat ödəməyi üzərinə götürsə də, bu günədək heç bir qəpik də ödəniş etməmişdir. Göründüyü kimi, Maraqlı şəxs mediasiya qurumunda bağlanmış barışıq sazişini yerinə yetirməkdən boyun qaçırır. Bu səbəbdən də, o, hesab edir ki, qanunun tələbinə əsasən həmin barışıq sazişi məhkəmə qaydasında təsdiq olunaraq məcburi icraya yönəldilməlidir. Həmin qətnamədən apellyasiya şikayəti verilmiş, ancaq Xətai Rayon Məhkəməsi ##.##.2025- ci il tarixli *(***)-***/**** saylı qərardadı ilə apellyasiya şikayət verilməsi müddətinin bərpasından imtina ounmuşdur. Hesab edir ki, məhkəmə tərəfindən qəbul edilmiş qətnamə tam olaraq qanunlara zidd olaraq qəbul edilmişdir. Belə ki, məhkəmə qətnamədə ona əsaslanmışdır ki, ərizəçi Ərizəçi onunla Maraqlı şəxs və mediator X2 arasında mediasiya prosesi nəticəsində borc tələbi ilə bağlı bağlanmış ##.##.2025-ci il tarixli MŞB/2/2025- ***** nömrəli barışıq sazişinin təsdiq edilməsini tələb etsə də, maraqlı şəxs Maraqlı şəxs məhkəməyə təqdim edilmiş mediasiya sazişinin onun real iştirakı olmadan, mediatorla qarşılıqlı görüş keçirilmədən və mediasiya prosesi aparılmadan tərtib edildiyini bildirmiş, həmçinin borc məbləğini mübahisələndirmişdir. Ərizəçi maraqlı şəxsin bu dəlilini təkzib edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə tərəfindən heç bir əsası olmayan ərizə əsas götürərək barışıq sazişini təsdiqdən imtina etmişdir. Çünki məhkəmə tərəfindən mediator iş üzrə cəlb olunmamış və məktub ünvanlanaraq ərizəyə münasibəti bildirilməmişdir. Maraqlı şəxs tərəfindən indiyə kimi cəmi 5050 manat pul ödənilmişdir. Əgər pulu mübahisələndirsə idi, bu günə kimi nəyə görə barışıq sazişinin etibarsılığı barədə iddia qaldırmırdı. Binəqədi rayon məhkəməsinin ## #### 2025-ci il tarixli *(***)-****/**** saylı qərardadı ilə müddətin bərpası barədə ərizəsi təmin edilməmişdir. Ərizəsində qeyd olunsa da ki, üzrlü səbəblər məhkəmə tərəfindən nəzərə alınmamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadının ləğv olunması və şikayətin verilməsi üçün müəyyən edilmiş müddətin ötürülməsi səbəblərini üzürlü hesab edərək müddətin bərpa olunmasına dair qərardad qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Qanunverici müddətin buraxılma səbəbinin üzrlü hesab edildiyi halda onun bərpası qaydasını müəyyən etsə də, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün hansı səbəbin üzrlü hesab olunmasını məhkəmənin mülahizəsinə buraxmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən aydın olur ki, yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, həmin səbəblərin mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı və şəxsin özü tərəfindən onların dəf edilməsi imkanı mümkün olmasın. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə ## ###### 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin hüquqlarının müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Prosessual müddətlərə əməl edilməsinin rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu tərəfləri vaxtında öz hüquqlarını həyata keçirməyə məcbur edir, həmçinin hüquq münasibətlərində qeyrimüəyyənliyin aradan qaldırılmasına xidmət edir. Qanuni əsas olmadan buraxılmış prosessual müddətin bərpa olunması “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə də uyğun olmamaqla, son nəticədə ədalətli məhkəmə araşdırması hüquqununun pozulması ilə nəticələnə bilər. Məhkəmə qərarlarından şikayət verilməsi üçün konkret müddətlərin müəyyən edilməsinin məqsədlərindən biri də elə bundan ibarətdir. İşin hallarından görünür ki, ərizəçi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olmuş *(***)-****/**** nömrəli mülki işdən məlumatlı olmaqla məhkəmə iclasında iştirak etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ## ###### 2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sisteminə daxil edilməklə, ərizəçinin elektron kabinetinə yerləşdirilmişdir. Ərizəçi tərəfindən apellyasiya şikayəti ## #### 2026-cı il tarixdə, yəni qətnaməni rəsmi qaydada aldığı tarixdən 2 ay 15 gün sonra şikayət vermişdir. Kollegiya şikayətin dəlillərinə münasibətdə hesab edir ki, ərizəçi Ərizəçi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli 2(001)- ****/**** nömrəli qətnaməsindən məlumatlı olduğu halda apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş prosessual müddətin buraxılmasının üzrlü səbəblərlə bağlı olmasını təsdiq edən sübut təqdim etməmişdir. Halbuki qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüş tərəf bu müddəti özündən asılı olmayan və obyektiv səbəbdən buraxmasını sübut etməlidir. Əks yanaşma ötürülmüş istənilən müddətin subyektiv mülahizələr əsasında bərpa olunmasına və bununla digər tərəflərin prosessual hüquqlarının pozulmasına gətirib çıxarar, həmçinin hüquqi müəyyənlik və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyi prinsipləri ilə ziddiyyət təşkil etmiş olardı. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, prosessual müddətin buraxılmasının üzrlü səbəblərlə bağlı olmasını təsdiq edən sübut təqdim edilmədiyindən, ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanısın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar