Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(3-6)-198/2026 11.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, X2 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, Ərizəçinin nümayəndə-vəkili Vəkil2, Maraqlı şəxsin nümayəndə-vəkili Vəkil1 iştirakı ilə Ərizəçi (Maraqlı şəxs qismində cəlb olunmaqla) “mediasıya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi və məcburi icra edilməsi” barədə ərizəsinə dair mülki iş üzə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4871/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçi (Maraqlı şəxs qismində cəlb olunmaqla) “mediasıya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi və məcburi icra edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla maraqlı şəxs xx.xx.1970-ci il təvəllüdlü Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixində bağlanmış MŞB/8/2023-02236 nömrəli barışıq sazişinin şərtlərinin təsdiq edilməsinə və barışıq sazişinin məcburi icra edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4871/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən ərizənin təmin edilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ərizənin rədd edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayətinə baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(3-6)-198/2026 saylı xx.xx.2026-cı il tarixli qərardadı ilə şikayətin apellyasiya icraatı mümkün hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndə-vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndə-vəkili hazırki apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar mövcud olmadığından şikayətin qeyri-mümkün hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətini nəzərdən keçirərək hesab edir ki, maraqlı şəxsin apellyasiya şikayəti qeyrimümkün hesab edilməli, hazırki mülki iş Bakı Apellyasiya Məhkəməsinin şikayətin mümkün hesab edilməsi barədə 2(3-6)-198/2026 saylı xx.xx.2026-cı il tarixli qərardadı ləğv olunmaqla baxışdan çıxarılmalı və apellyasiya şikayətinin geri qaytarılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər (357.1). Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məcəllənin 363.1.3-cü bəndinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, geri qaytarılır. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. İşdən görünür ki, mübahisələndirilən qətnamənin surəti xx.xx.2024-cü il tarixli məktubla maraqlı şəxsin məhkəməyə məlum olan ünvanına poçt vasitəsilə göndərilmişdir. MPM-in 146-cı maddəsinin tələbinə görə məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Qanunla müəyyən olunmuş müddət ərzində qətnamədən şikayət verilməmiş və qanuni qüvvəyə mindiyindən xx.xx.2024-cü il tarixində icraya yönəldilmişdir, xx.xx.2024-cü il tarixində isə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Daha sonra Maraqlı şəxs xx.xx.2025-ci il tarixində ərizə ilə məhkəməyə müraciət edərək iş üzrə sənədlərin təqdim edilməsini xahiş etmiş, xx.xx.2025-ci il tarixdə qəbzə imza etməklə qətnamənin surətini almış və xx.xx.2025-ci il tarixdə elektron qaydada apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsi qətnamənin surətinin maraqlı şəxsin müvafiq ünvanı üzrə göndərilməsini, icra vərəqəsi verilərək qətnamənin icraya yönəldilməsini nəzərə alaraq maraqlı şəxsin 1 il müddətdən sonra şikayət vermə üzrə prosessual müddətin ötürülüb-ötürülməməsini tam və hərtərəfli araşdırmaq, maraqlı şəxsin qətnamə barədə hansı tarixdə məlumatlı olmasını və ondan sonrakı hərəkətlərini yoxlamaq məqsədilə müvafiq ica işinin Bakı şəhəri Yasamal rayonu İcra şöbəsindən əldə edilməsini və icra işi materiallarına baxış keçirilməsini məqsədəmüvafiq hesab etmişdir. Kollegiya tərəfindən icra işindəki materiallara baxış keçirilərkən müəyyən olunmuşdur ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4871/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədi üzrə xx.xx.2024-cü il tarixdə icraata başlanılmışdır. İcra məmuru tərəfindən tələbin könüllü icrası barədə bildiriş tərtib edilmiş və həmin bildirişi borclu Maraqlı şəxs xx.xx.2025-ci il tarixində şəxsən imza etməklə qəbul etmişdir. Həmçinin müəyyən olunur ki, elə həmin tarixdə borclu Maraqlı şəxs icra sənədi barədə izahatı alınmışdır. O,izahatında Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 4871/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədindən xəbərdar olduğunu qeyd etmişdir. Qeyd edilən hallardan göründüyü kimi Maraqlı şəxs Suraxanı Rayon Məhkəməsinin 2(010)-4871/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən daha əvvəl məlumatlı olmuşdur. Buna baxmayaraq, həmin qətnamədən şikayətini xx.xx.2025-ci il tarixdə vermişdir ki, bununla da qanunvericiliklə müəyyən edilmiş bir aylıq prosessual müddəti ötürmüşdür, üstəlik şikayətinə müddətin bərpasına dair vəsatət əlavə edilməmişdir. Beləliklə, qətnamədən apellyasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət keçdikdən sonra verildiyindən şikayət qeyri-mümkün hesab edilməli, geri qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Kollegiya qeyd edir ki, mülki iş apellyasiya instansiyasına daxil olduqdan sonra həmin şikayət üzrə apellyasiyanın mümkün hesab edilməsi, sonradan apellyasiyanın qeyri-mümkün hesab edilməsinə mane olmur. MPM-in 384.0.6-cı maddəsinə görə isə apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 363, 364 və 366-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4871/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Hazırki mülki iş Suraxanı Rayon Məhkəməsinin 2(010)-4871/2024 saylı xx.xx.2024cü il tarixli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin 2(3-6)-198/2026 saylı xx.xx.2026-cı il tarixli qərardadı ləğv olunmaqla apellyasiya baxışından çıxarılsın və həmin apellyasiya şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(3-6)-198/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-198/2026
11.02.2026 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver