Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(3-6)-334/2026 03.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Xətai Rayon Məhkəməsinin 2(011)-4915/2021 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi” tələbi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə olunan ünvan 1 ünvanındakı əmlakın 1/2 hissədə ona məxsus hesab edilməsini və əmlakın bərabər paylarla bölünməsini xahiş etmişdir. Xətai Rayon Məhkəməsinin 2(011)-4915/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 66B, 152 saylı mənzilin üzərində İddiaçı 1/2 hissədə, 1/2 hissədə isə Cavabdeh pay hüququ tanınmış, Cavabdeh 40 (qırx) manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti vermiş, eyni zamanda ərizə ilə müraciət edərək qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, aşağıda göstərilən səbəblərə görə cavabdeh məhkəmə qətnaməsindən xəbərsiz qalmış, nəticə etibarilə apellyasiya şikayəti vermək üçün nəzərdə tutulmuş prosessual müddət üzrlü səbəbdən ötürülmüşdür: 1. Cavabdehin uzun müddət ölkə hüdudlarından kənarda olması; cavabdeh artıq bir neçə ildir ki, Avropada yaşayır və orada da işləyir. O, birinci instansiya məhkəməsində işə baxıldığı dövrdə, habelə qətnamə qəbul edilən zaman Azərbaycanda olmamış, məhkəmə iclaslarında iştirak edə bilməmişdir. Bu səbəbdən cavabdeh nə məhkəmə baxışından, nə də yekun məhkəmə aktının qəbul edilməsindən faktiki olaraq xəbər tutmamışdır. Ölkəyə giriş-çıxış tarixlərini təsdiq edən pasport qeydiyyatları cavabdehin uzun müddət xaricdə yaşadığını sübut edir.
2. Cavabdehin elektron məhkəmə kabinetinin olmaması; iş üzrə məhkəmə prosesləri aparıldığı dövrdə cavabdehin elektron məhkəmə portalında şəxsi kabineti olmamışdır. Bu səbəbdən məhkəmə sənədləri, bildirişlər və qətnamə ilə bağlı elektron məlumatlandırma mexanizmlərindən yararlana bilməmişdir. Bu hal cavabdehin iş üzrə yeganə rəsmi məlumat mənbəyindən tamamilə məhrum qalmasına səbəb olmuşdur. 3. Qətnamənin cavabdehin anası tərəfindən xx.xx.2024-cü ildə götürülməsi və onun səhhətindəki problemlər; qətnamə rəsmi qaydada xx.xx.2024-cü il tarixdə cavabdehin anası X4 tərəfindən götürülmüşdür. Lakin o, yaşlı qadındır, səhhəti ilə bağlı ciddi narahatlıqları olmuşdur, hüquqi bilikləri yoxdur, qətnamənin hüquqi nəticələrini və apellyasiya şikayətinin verilməsi üçün qanuni müddətin məzmununu anlamamışdır. Bu səbəbdən qətnamənin alınmasından sonra qanunla nəzərdə tutulmuş müddətdə apellyasiya şikayəti verilə bilməmişdir. 4. Cavabdehin faktiki olaraq qətnamədən xəbərsiz olması; cavabdeh xaricdə olduğundan və qətnamə ona şəxsən təqdim edilmədiyindən proses boyu işdən və onun nəticələrindən xəbərsiz qalmışdır. Qətnamənin anası tərəfindən götürülməsi cavabdehin faktiki məlumatlanması anlamına gəlmir. Bu səbəbdən də hesab edir ki, ötürülmüş prosessual müddət üzrlü hesab edilməli və bərpa edilməlidir. Xətai Rayon Məhkəməsinin eyni saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə qətnamədən şikayət verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətin bərpasına dair ərizə təmin edilməmiş, apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Cavabdehin həmin qərardaddan verdiyi şikayət verərək qərarddaın ləğv edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, cavabdeh bir neçə il müddətində Azərbaycan Respublikasının hüdudlarından kənarda, Avropa ölkələrində yaşamış və işləmişdir. İşə birinci instansiya məhkəməsində baxıldığı dövrdə, eləcə də qətnamə qəbul edilən zaman cavabdeh faktiki olaraq ölkədə olmamış, məhkəmə iclaslarında iştirak etmək imkanına malik olmamışdır. Cavabdehin həmin dövrdə elektron məhkəmə portalında şəxsi kabineti mövcud olmamış, nəticədə məhkəmənin elektron bildiriş, çağırış və qərarları ilə tanış olmaq imkanı tamamilə istisna edilmişdir. Qətnamə cavabdehin özünə deyil, yalnız xx.xx.2024-cü il tarixdə onun anasına təqdim edilmişdir. Cavabdehin anası yaşlı, səhhətində ciddi problemləri olan, hüquqi biliklərə malik olmayan şəxsdir və qətnamənin hüquqi nəticələrini, eləcə də apellyasiya şikayəti vermək üçün nəzərdə tutulmuş müddətin mahiyyətini dərk etməmişdir. Bu hallar cavabdehin iradəsindən asılı olmayan, obyektiv xarakterli maneələrdir və prosessual hərəkətin vaxtında həyata keçirilməsini praktiki olaraq mümkünsüz etmişdir. Birinci instansiya məhkəməsi qərardadda yanlış olaraq belə nəticəyə gəlmişdir ki, qətnamənin cavabdehin anasına təqdim edilməsi cavabdehin məlumatlandırılması kimi qiymətləndirilməlidir. Bu mövqe nə MPM-in normalarına, nə də məhkəmə təcrübəsinə uyğun gəlir, çünki cavabdehin anası iş üzrə tərəf deyil, qətnamə cavabdehin şəxsən özünə təqdim edilməmişdir, təqdim edilən sənədin hüquqi əhəmiyyətinin dərk edilməsi üçün peşəkar hüquqi bilik tələb olunur, cavabdehin xaricdə olması səbəbindən onun real və faktiki məlumatlanması baş verməmişdir. Hazırkı işdə cavabdeh faktiki olaraq məhkəmə prosesindən kənarda qalmış, qətnamədən vaxtında xəbər tutmamış və apellyasiya instansiya məhkəməsinə müraciət etmək hüququ formal əsaslarla əngəllənmişdir. Rayon məhkəməsinin xx.xx.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası (bundan sonra Məhkəmə) mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə uyğun olaraq apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Qanunverici müddətin buraxılma səbəbinin üzrlü hesab edildiyi halda onun bərpası qaydasını müəyyən etsə də, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün hansı səbəbin üzrlü hesab olunmasını məhkəmənin mülahizəsinə buraxmışdır. Bu baxımdan məhkəmənin ilk növbədə müəyyən etməli olduğu məsələ bərpası istənilən müddətin ötürülməsinin səbəblərinin üzrlü olub-olmamasıdır. MPM-in 47.1-ci maddəsində təsbit olunmuşdur ki, işdə iştirak edən şəxslər prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması”na dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə mane törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. “Azemis” X1 görünür ki, cavabdehin elektron kabineti yoxdur. Hazırkı iş materiallarından görünür ki, rayon məhkəməsinin qətnaməsi xx.xx.2021-ci il tarixdə elektron məhkəmə informasiya sistemində elektron imzalanmış, 09 iyul 2021-ci il tarixli məktubla tərəflərin yaşadığı (iddia ərizəsində qeyd edilən) ünvana göndərilmişdir. Daha sonra cavabdehin anası və nümayəndəsi X4 məhkəməyə ərizə ilə müraciət edərək qətnamənin rəsmi qaydada ona təqdim edilməsini xahiş etmişdir. Cavabdehin vəkilinin hazırkı ərizədə təsdiq etdiyi kimi qətnamə rəsmi qaydada xx.xx.2024-cü il tarixdə cavabdehin anası və nümayəndəsi X3 təqdim edilmişdir. MPM-in 134-cü maddəsində işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməli olan məhkəmə sənədləri sırasında məhkəmə aktları da göstərilmişdir (maddə 134.1.5). Bundan başqa, MPM-in 134, 135-ci, 244-cü, 268.1-ci, 282-ci,360-cı, 404.0.1- 405.0.2-ci, 423.4-cü maddənin birinci cümləsi və şikayət verilməsini nəzərdə tutan sair maddələrinin sistematik təhlilindən bəlli olur ki, məhkəmə aktlarından şikayət verilməsi müddətinin hesablanması konkret olaraq mübahisələndirilən məhkəmə aktının şəxsə rəsmi qaydada verildiyi günlə müəyyən olunmuşdur. Həm də müəyyən olunur ki, prosessual qanunvericiliyin həmin tələbi imperativ xarakter daşıyır. Məhkəmə prosessual qanunvericilikdə məhkəmə aktlarının rəsmi verilməsinə dair nəzərdə tutulan tələbin məqsədi barədə xüsusi olaraq qeyd edir ki, əslində burada güdülən məqsəd tərəfin və ya maraqlarına toxunan digər şəxsin qəbul olunan məhkəmə akı barədə məlumatlı olmasını təmin etməkdir. Başqa sözlə desək, burada güdülən əsas məqsəd tərəfin və ya məhkəmə aktı ilə maraqlarına toxunan digər şəxsin qəbul olunmuş məhkəmə aktından xəbərdar olmasına və onun məlumatlandırılmasına nail olmaqdır. Bu baxımdan, həmin tələbin imperativ xarakterli olması da, heç bir halda istinad olunan normaların təfsirinin (yozumunun) yolverilməz olması, eləcə də bütün hallarda onların hərfi mənada tətbiq edilməsi kimi başa düşülə bilməz. Bu cür yanaşma həm də ona görə əsaslı sayılmayacaqdır ki, bu, işlərə baxılmasının ağlabatan müddətlərdə həyata keçirilməsi, başlıcası isə, qanunun aliliyinin ümdə tərkib hissəsi olan və hamılıqla qəbul olunmuş hüquqi müəyyənlik prinsipinə cavab vermir. Demək ki, işin hallarından asılı olaraq məhkəmələr mübahisələndirilən məhkəmə aktının rəsmi olaraq verilmədiyi halda belə, şəxsin həmin məhkəmə aktından xəbərdar və məlumatlı olması qənaətinə gələ bilər. Beləliklə də qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, cavabdehin prosessual müddəti ötürməsi ilə bağlı ərizəsində qeyd etdikləri üzrlü səbəb kimi qiymətləndirilə bilməz, buna görə də rayon məhkəməsi haqlı olaraq müddətin bərpa edilməsindən imtina etmişdir. Cavabdeh şikayətdə də qeyd etmişdir ki, qətnamə xx.xx.2024-cü il tarixdə onun anasına təqdim edilmişdir. Həmçinin şikayətdə qətnamənin şəxsən özünə verilmədiyinə, anasının iş üzrə tərəf olmadığına əsaslanaraq qətnamənin anasına verilməsinin cavabdehin özünə verilməsi kimi qiymətləndirilməsinin MPM-in normalarına və məhkəmə təcrübəsinə uyğun gəlmədiyini qeyd etmişdir. Məhkəmə qeyd edir ki, iş materiallarında olan etibar edən qismində Cavabdeh, etibar edilən qismində X4 olan xx.xx.2024-cü il tarixli etibarnamədən (i\v səh. 74) görünür ki, cavabdeh anasına onu Azərbaycan Respublikasının dövlət idarələrində, ictimai təşkilatlarda və məhkəmə orqanlarında tam təmsil etməyi, ona məxsus istənilən arayışları, sənədləri və çıxarışları təqdim edib təhvil almağı, tərcümə-təsdiq etdirməyi, ərizələr verməyi, sənədlərin dublikatlarını almağı, rüsum və digər ödənişləri həyata keçirməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətlər etməyi etibar etmişdir. Etibarnamə 5 il müddətinə verilməklə, xx.xx.2029-cu il tarixə qədər qüvvədədir. Beləliklə də müəyyən olur ki, qətnamə cavabdehin anasına təqdim edildiyi gündən, yəni xx.xx.2024-cü il tarixdən rəsmi qaydada verilmiş hesab olunur və qətnamədən şikayətvermə müddətinin sonuncu günü xx.xx.2024-cü il tarixi olmuşdur. Beləliklə, Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə cavabdeh tərəfindən verilmiş ərizəni təmin etməməkdə haqlı olmuşdur, şikayət əsassız, qərardad isə qanuni və əsaslı olduğundan şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlardan müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
q ə r a r a a l d ı:
Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Xətai Rayon Məhkəməsinin 2(011)-4915/2021 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, prosessual qanunvericilikdə bu qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır.