Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-628/2026 10.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı mülki iş üzrə (Açar sözlər: mənzilin təhvil verilməsi və maneələrin aradan qaldırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, hakimlər Talışınski Fuad Şəmsəddin oğlundan və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səmədzadə Günay Sarastən qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı “mənzilin təhvil verilməsi və maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, müəyyən etdi İŞİN HALLARI
1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh Mənzil Tikinti Koorperativinə qarşı mənzilin təhvil verilməsi və maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ##.##.2022-ci tarixində Kooperativ Cavabdeh Mənzil Tikinti Koorperativi ilə “Payçı” adlandırılacaq İddiaçı arasında müqavilə bağlanmışdır. Sözügedən müqavilənin 2-ci bəndinə əsasən Kooperativ Bakı şəhəri, Binəqədi rayonu,Binəqədi şossesi,X1 küçəsinin şimal hissəsində inşa edilən çoxmərtəbəli yaşayış binasının 2-ci girişinin 9-cu mərtəbəsində 1 otaqdan ibarət ** saylı mənzili 77625,00 AZN müqabilində binanın təmir işləri tam başa çatdıqdan sonra Payçıya təhvil verməlidir. Payçı isə öz növbəsində müqavilə ilə müəyyən edilmiş pay haqqını Koorperativə ödəməyi öhdəsinə götürür.Cavabdeh tərəfindən verilmiş maliyyə arayışına əsasən Payçı ##.##.2022-ci il tarixli müqaviləyə görə müəyyən olunmuş bütün borcunu ödəmişdir və həmin müqaviləyə dair heç bir borcu yoxdur. Həmin müqavilənin 3.1.2.1-ci hissəsinə əsasən Bu müqavilənin müddəaları ilə nəzərdə tutulan qaydada və müəyyən edilmiş şərtlər daxilində mənzilin Payçıya verilməsi təmin edilməlidir. Həmin müqavilənin 3.2.1.1-ci hissəsinə əsasən Payçı mənzili binanın tikinti işləri tam başa çatdıqdan sonra ona təhvil verilməsini tələb edə bilər. Lakin Cavabdeh müqavilə üzrə müəyyən edilmiş mənzili Payçıya məlum olmayan səbəblərdən binada təmir işlərinin aparılmasına qadağa qoymuşdur. Əldə etdiyimiz məlumatlara əsasən sözügedən ünvandakı çoxmərtəbəli binada artıq bir çox ailələr təmir işlərinə başlamış və təmiri yekunlaşmış mənzillərdə artıq yaşayış mövcuddur. Tərəflər arasında bağlanmış müqavilənin 5.1-ci hissəsinə görə Tərəflər bu müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərin pozulmasına,vəzifələrin yerinə yetirilməməsinə, habelə öhdəlikləri yerinə yetirməməyə və lazımınca yerinə yetirməməyə görə məsuliyyət daşıyır və bu Müqavilədən irəli gələn öhdəliklərin pozulmasına görə qarşı tərəfə vurulmuş ziyanı ödəməyə borcludurlar. Qeyd etmək istəyirik ki, bu kimi halların davam etməsi tərəfə həm maddi ,həm də mənəvi ziyan vurmuşdur. Tərəflə baş vermiş məsələnin həll olunması üçün ilkin addım olaraq, sözügedən müqavilənin 7.1 bəndinə əsasanən danışıqların aparılması üçün tərəfimizdən Cavabdeh MTK-ya ##.##.2025-ci il tarixində Xəbərdalıq göndərilmiş, amma qarşı tərəfdən xəbərdarlıqda qeyd edilmiş müddətin keçməsinə baxmayaraq mürciətə rəsmi olaraq heç bir cavab daxil olmamışdır. Bakı şəhəri, Binəqədi rayonu,Binəqədi şossesi, X1 küşəsinin şimal hisssəsində inşa edilən çoxmərtəbəli yaşayış binasının 2-ci girişinin 9- cu mərtəbəsində 1 otaqdan ibarət ** saylı mənzilin cavabdeh Kooperativ Cavabdeh Mənzil Tikinti Koorperativi tərəfindən payçı iddiaçı İddiaçı təhvil verilməsi, bununla bağlı təhvil-təslim işlərinin aparılması və iddiaçının mülkiyyət hüququnun rəsmiləşdirilməsi ilə bağlı müvafiq sənədləşmə işlərinin aparılması barədə qətnamə çıxarılması xahiş edilmişdir.
3. Cavabdehin nümayəndəsi məktubla məhkəməyə müraciət edərək binada hazırda təmir-tikinti işlərinin aparılmasını, binaların istismarına icazə verilmədiyinə görə, mənzillər yaşayış üçün təhvil verilməmiş, mənzillərdə yaşayış yoxdur və mənzilin təhvil verilməsinin mümkün olmamasını bildirmişdir.
4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, X1 küşəsinin şimal hisssəsində inşa edilən çoxmərtəbəli yaşayış binasının 2-ci girişinin 9-cu mərtəbəsində 1 otaqdan ibarət ** saylı mənzilində təmir işlərinin aparılmasına maneə yaradılması cavabdeh Cavabdeh Mənzil Tikinti Koorperativinə qadağan edilməsi qət edilmişdir. Məhkəmə qeyd etmişdir ki, müqavilə üzrə tərəflərin üzərinə götürdüyü vəzifələri vicdanla yerinə yetirməli olmasına dair öhdəliklərinə, iddiaçının da dəyərini tam şəkildə ödədiyi mənzilinə dair bir mülkiyyətçi kimi istifadə, sahiblik, sərəncam vermək kimi gözlənti hüquqlarına malik olmasını nəzərə almaqla məhkəmə onun irəli sürmüş olduğu tələblərində qismən haqlı olmasını hesab edir. Təbii ki, tərəflər arasında bağlanmış müqavilədə mənzilin binada təmir tikinti işlərinin tamamlandıqdan sonra təhvil veriləcəyi qeyd olunsa da, cavabdeh şirkətin də bu öhdəliklərini ağlabatan müddət ərzində həyata keçirməli olması və müqavilədə göstərilən “qeyrimüəyyən” müddəaya əsaslanması hüququndan sui-istifadə kimi qiymətləndirilir. Mənzilin təhvil verilməsinə dair tərəflər arasında konkret müddətin müqavilədə nəzərdə tutulmaması, hələ şirkətin bundan sui-istifadə etməklə yalnız özünün mümkün bildiyi zamanda iddiaçıya təhvil verməsi də təbii ki, ədalətli hesab edilə bilməz. Həmçinin iddiaçının mənzilində təmir tikinti işlərinin aparılmasına cavabdeh tərəfindən yaradılan maneələrin nə hüquqi, nə də ki faktiki real əsasları mövcud deyil. Bu səbəbdən məhkəmə hesab edir ki, mübahisənin hazırki zamanda ən ədalətli həll yolu ən azından iddiaçıya da binada mənzilə malik digər mənzil sahibləri kimi öz mənzilində təmir işlərini aparması üçün şəraitin yaradılmalı və buna dair hər hansı maneələrin yaradılması cavabdehə qadağan edilməli, qalan hissədə isə iddia rədd edilməlidir Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152, 157.4, 178.8, 425.1, 425.2, 442, 448.1, 752.1, 752.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ ŞİKAYƏTƏ ETİRAZIN DƏLİLLƏRİ
5. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi qismən, yəni iddiaçı İddiaçı cavabdeh Cavabdeh MTK-ya qarşı iddiasının təmin edildiyi hissədə ləğv edilməsi və iddianın tamamilə rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Cavabdehin apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, ddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilədən göründüyü kimi, iddiaçı mənzilin məhz binanın tikinti işləri tam başa çatdıqdan sonra ona təhvil verilməsinə razılaşmışdır. Təbii ki, mənzil iddiaçıya təhvil verilmədiyi müddətdə, iddiaçının mənzildə təmir işləri aparması istisna olunur. Başqa sözlə, mənzil iddiaçıya təhvil verilə bilmirsə, o, mənzildə necə təmir işləri apara bilər ? Nəzərə alınmalıdər ki, mənzilin yerləşdiyi binada hazırda tikinti-quraşdırma işləri tam yekunlaşmadığından mənzillər yaşayış üçün təhvil verilməmişdir (təhlükəsizliyin təmin edilməsi və s. səbəblərə görə). Lakin məhkəmə işin bu hallarını nəzərə almamış və tətbiq etməli olduğu hüquq normasını tətbiq etməyərək maddi hüquq normasının pozuntusuna yol vermişdir.
MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI
7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
8. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLI MƏHKƏMƏ ARAŞDIRMASININ ƏSASINI TƏŞKİL EDƏN SƏNƏDLƏR
9. ##.##.2022-ci il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, X1 küçəsinin şimal hissəsində inşa edilən çoxmərtəbəli yaşayış binasının 2-ci girişinin 9-cu mərtəbəsində, 1 otaqdan ibarət ** saylı mənzili Payçıya verməyi, Payçı isə bu Müqavilə ilə müəyyənləşdirilmiş pay haqqını Kooperativə ödəməyi öhdəsinə götürür. Tərəflər razılaşır ki, Kooperativ Mənzili binanın tikinti işləri tam başa çatdıqdan sonra Payçıya təhvil verəcəkdir. Pay haqqının dəyəri 77625,00 manat məbləğində müəyyən olunur və Payçı bu Müqavilənin imzalandığı gün Kooperativə ödəyir.
10. Cavabdeh “Xəmsə Palace” ##.##.2025-ci il tarixli məktubunda bildirmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, X1 küçəsinin şimal hissəsində inşa edilən yaşayış binalarının tikinti-quraşdırma işləri tam şəkildə yekunlaşmamış və işlər davam etməkdədir. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən binaların istismarına icazə verilmədiyinə görə, mənzillər yaşayış üçün təhvil verilməmiş və mənzillərdə yaşayış yoxdur. Eyni zamanda bildirir ki, yaşayış kompleksində tikinti-quraşdırma işlərinin davam etdiyi nəzərə alınaraq, payçılarla bağlanmış müqavilələrə əsasən Kooperativ tərəfindən mənzillərdə həyata keçirilən təmir işləri istisna olmaqla, təhlükəsizliyin təmin edilməsi, tikinti norma və qaydalarına riayət olunması baxımından payçılar tərəfindən mənzillərdə təmir işlərinin aparılması hazırda məqsədəuyğun hesab edilmir.
11. ##.##.2022-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh MənzilTikinti Kooperativi tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, X1 küçəsinin şimal hissəsində inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 2-ci girişinin 9-cu mərtəbəsində yerləşən 1 otaqdan ibarət ** saylı mənzili üzrə pay haqqı tam ödənilmişdir və *** saylı, ##.##.2022-ci il tarixli müqaviləyə dair heç bir borc yoxdur.
12. ##.##.2025-ci il tarixli xəbərdarlığa əsasən, 5 gün müddətində sözügedən mənzili təmir işlərinin aparılması məqsədi ilə payçıya təhvil verilməsi barədə xəbərdarlıq göndərilmiş, əks təqdirdə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq məhkəmə orqanına müraciət ediləcəyi bildirilmişdir.
13. Azərbaycan Respublikası FHN X6 Dövlət Agentliyinin ##.##.2025-ci il tarixli, *-**-*/*- ****/**** saylı məktubuna əsasən agentlik tərəfindən sözügedən binaya ##.##.2024-cü il tarixli, */****** nömrəli istismara hazırlıq aktı verilmişdir.
14. Sözügedən binaya məhkəmə tərəfindən yerində müayinə keçirilmiş, binanın tam şəkildə tikilməsi, fasad işlərinin tamamlanması (rənginin vurulduğu), bütün mənzillərə pəncərə qoyulduğu, çöldən müşahidə zamanı müəyyən mənzillərin pəncərəsində pərdə quraşdırıldığı müşahidə edildi. Müayinə zamanı cavabdeh şirkətin satış ofisinin də orada fəaliyyət göstərməsi aşkar edildi. Müayinə zamanı şirkətin binada işləyən əməkdaşları binaya tam, ətraflı baxış keçirilməsinə şərait yaratmadığından iddiaçının mənzilinə baxış keçirilməsi mümkün olmadı. Müayinə zamanı suallara cavab olaraq satış şöbəsinin rəhbəri X2 binada hazırda yaşayışın olmamasını, lakin mənzil sahiblərinə heç bir maneə yaradılmadığını, həmçinin mənzil sahiblərinin öz mənzillərini rahat təmir etdiklərini bildirmişdir. İddiaçı ilə bağlı suallara isə əməkdaş fikir bildirməkdən çəkinmişdir.
15. “Azəriqaz" İstehsalat Birliyinin ##.##.2026-cı il tarixli məktubu ilə bildirilmişdir ki, ünvan 1 ünvan üzrə (kod: 100707000100280) İddiaçı Cəlal oğlunun adına Avtomatlaşdırılmış Qaz informasiya Sistemində istehlakçı kimi qeydiyyata alınmışdır. Eyni zamanda müraciətdə adı qeyd olunan, Binəqədi rayon abonenti İddiaçı Cəlal oğluna aid bir istehlakçı kodu (7-ci mikrorayon sah. ev 1/2 mən. 28 - 100707000100280) və həmin koda aid 1 pəncərə və MF proqramında son 8 ildə heç bir müraciət qeydə alınmamış (sonuncu 2018-də qüsurlu ödənişin bərpası xidməti), Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmamışdır. Abonentin saldosu iş materiallarına əlavə edilmişdir.
16. “xxxx" ASC-nin ##.##.2026-cı il tarixli məktubu ilə bildirilmişdir ki, sorğuda qeyd olunan ünvanda yeni tikilən yaşayış binası ##.##.2022-ci il tarixli TŞ-**/*** saylı texniki şərtə və həmin texniki şərtin ##.##.2024-cü il 13-13/2-5/04- ***/**** saylı əlavəsinə əsasən yeni quraşdırılmış gücü 2x1000 kVA, gərginliyi 10/0,4 kV-luq X7 (KTM) vasitəsi elektrik enerjisi ilə təmin olunur. Transformator məntəqəsi 110/35/10 kV-luq “Dərnəgül-1” yarımstansiyasının 10 kV-luq Paylayıcı qurğusundan yeni çəkilmiş 2 ədəd yeraltı kabel xətti vasitəsi ilə qidalanır. İddiaçı İddiaçı Cəlal oğlu ilə “xxxx”ASC arasında hər hansı bir xidmət müqaviləsi bağlanmayıb.
17. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin ##.##.2026-cı il tarixli məktubu ilə bildirilmişdir ki, Komitənin arxivində mövcud olan müvafiq sənədlərə baxış nəticəsində sözügedən ünvandakı Cavabdeh MTK-ya məxsus yaşayış binası ilə bağlı hər hansı sənəd aşkar edilməmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
19. Məhkəmə kollegiyası qeyd edir ki, iddia üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin təmin edilən hissəsində ləğv olunması xahiş edilir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
20. Azərbaycan Respublikasi Konstitusiyasinin: 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsi hüququ əsas insan hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi çıxış edir. Bu hüquq yalnız məhkəməyə müraciət etmək imkanını deyil, həmçinin pozulmuş hüquq və azadlıqların qanunvericilikdə müəyyən edilən hədlər çərçivəsində səmərəli müdafiəsini ehtiva edən ədalət mühakiməsini də nəzərdə tutur. 29.3. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
21. Azərbaycan Respublikası Mülki Məcəllənin -152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. -178.8. Tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144- 1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. -425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. -752.2-ci maddəsinə əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğısatqı qaydaları tətbiq edilir.
22. “İnsan hüquqlarının və X5 haqqında” Avropa Konvensiyasına * saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
23. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) formalaşdırdığı hüquqi mövqeyə əsasən, “İnsan hüquqlarının və X5 haqqında” Konvensiyanın * saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malikdir. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” o halda qanunidir ki, o hər hansı qanunvericilik müddəasına və ya mübahisə obyektinə dair hüquqi sənədə əsaslansın (Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə 2010-cu il ## ### tarixli Qərar, §103).
24. Eyni zamanda, belə müdafiə yalnız mülkiyyətçi ilə məhdudlaşmayaraq mülki dövriyyənin digər iştirakçılarının əmlakla bağlı qanuni əsaslarla mövcud hüquqlarının da (mübahisəli əmlakın sahibləri, istifadəçiləri) öz təsir dairəsilə əhatələndiyini ehtiva edir (Konstitusiya Məhkəməsi Plenumunun K.Qəribovanın şikayəti üzrə 2008-ci il # ### tarixli Qərarı).
25. Konstitusiyada təsbit olunmuş bu hüquq hər kəsin qanunla müəyyən edilmiş şərtlərə əməl etməklə daimi yaşayış sahəsinə malik olmasını və həmin sahədən maneəsiz istifadə edə bilməsini ifadə edir. Mənzil hüququnun əsas xüsusiyyəti mənzil münasibətləri iştirakçılarının bu hüququ öz mülahizələrinə və qanuni mənafelərinə uyğun, azad və sərbəst həyata keçirmələrinin mümkünlüyündən ibarətdir.
26. Göstərilən konstitusiya normasından irəli gələrək mənzil sahəsində yaranan münasibətlərin hüquqi tənzimlənməsi sahəvi (mənzil və mülki) qanunvericilikdə öz əksini tapmışdır.
27. Konstitusiyanın 43-cü maddəsinin İ hissəsi mənzil hüququnu neqativ formada ifadə edir (heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz). Bu maddənin II hissəsi isə mənzil hüququnun reallaşdırılması üçün dövlət hakimiyyəti orqanlarını istiqamətləndirir ki, dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac versin, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görsün.
28. Mənzil hüququ əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədənkənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alğı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama, lotereya və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur.
29. Yaşayış sahəsindən istifadə hüququ Konstitusiyanın 43-cü maddəsində təsbit olunmuş mənzil hüququnun bir elementi kimi çıxış edir və Azərbaycan Respublikasının Mənzil Məcəlləsində (# ####### 2009-cu il tarixinədək qüvvədə olmuş və # ####### 2009-cu il tarixindən qüvvədə olan) və Mülki Məcəllədə əks olunmuşdur (Konstitusiya Məhkəməsi Plenumunun R.Ağalarovun şikayəti üzrə 2007-ci il ## ########, X.Məmmədovanın şikayəti üzrə 2014-cü il ## #### tarixli və s. Qərarları).
30. Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi mülkiyyət hüququna verilən təminat, bu hüququ hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur.
31. Tədqiq edilən sənədlərdən və məhkəmə araşdırmasının nəticəsindən belə müəyyən olunur ki, tərəflər arasında çoxmənzilli binada mənzilin tikilib müvafiq qaydada təhvil verilməsinə dair 2022-ci ildə müqavilə bağlanmış, iddiaçı müqavilə ilə üzərinə götürdüyü öhdəliyi tam şəkildə yerinə yetirmiş, razılaşdıırlmış məbləği şirkətə ödəmiş, buna dair ona maliyyə arayışı verilmişdir. Lakin 3 ildən artıq müddət keçsə də şirkət mənzili iddiaçıya təhvil vermir, binada təmir tikinti işlərinin aparılması və hələ yekunlaşmaması ilə bağlı olduğunu bildirərək, tərəflə aralarında olan müqavilənin mənzilin təhvil verilməsinə dair müddəaya əsaslanaraq ona mənzilinə daxil olmağına şərait yaratmır. Lakin iddiaçı artıq mənzillərin bir çox sakinlərə artıq təhvil verilməsini, sakinlərin təmir işlərini yekunlaşdırmasını, hətta binada yaşayışın belə mümkün olduğu halda məhz ona aldığı mənzilə girişə heç bir əsas olmadan maneə yaradıldığını bildirir. Hətta iddiaçı tərəf bu müddət ərzində mənzilindən qanunsuz maneələrlə istifadə edə bilmədiyini və nəticədə kirayələrə kifayət qədər məbləğ xərclədiyinə görə ziyana uğradığını bildirir. Şirkətlə aparılan qeyri rəsmi söhbətlər zamanı isə onun mənzilinin qiymətini ödəyib mənzilin ondan geri alınacağını bildirmişdir.
32. Məhkəmənin müvafiq sorğularına cavab məktubunda binanın istismara hazırlıq aktının verildiyi, məlum olur. Həmçinin yerli müayinə zamanı binanın xarici görünüşündən təmir işlərinin aparıldığı, mənzillərin pəncərə ilə təmin olunmaları, hətta bəzi mənzillərdə yaşayış üçün şəraitin də qurulması aydın şəkildə müəyyən edilmişdir. Binada liftlərin quraşdırılsa da istismara hazır olmadığını, lakin sakinlərin rahat şəkildə öz mənzillərinə girişinə heç bir maneəçiliyin yaradılmaması bildirilmişdir. Həmçinin şirkətin satış rəhbəri məhkəmənin suallarına cavabında sakinlərin usta vasitəsilə öz mənzillərinə təmirlə bağlı əşyaları qaldırdıqlarını, təmirli mənzillərin olduğunu bildirmişdir.
33. Hazırda mülki qanunvericiliyin müqavilə tərəflərinin bərabərliyi prinsipinə, müqavilə üzrə tərəflərin üzərinə götürdüyü vəzifələri vicdanla yerinə yetirməli olmasına dair öhdəliklərinə, iddiaçının da dəyərini tam şəkildə ödədiyi mənzilinə dair bir mülkiyyətçi kimi istifadə, sahiblik, sərəncam vermək kimi gözlənti hüquqlarına malik olmasını nəzərə almaqla məhkəmə onun irəli sürmüş olduğu tələblərində qismən haqlı olmasını hesab edir. Təbii ki, tərəflər arasında bağlanmış müqavilədə mənzilin binada təmir tikinti işlərinin tamamlandıqdan sonra təhvil veriləcəyi qeyd olunsa da, cavabdeh şirkətin də bu öhdəliklərini ağlabatan müddət ərzində həyata keçirməli olması və müqavilədə göstərilən “qeyri-müəyyən” müddəaya əsaslanması hüququndan sui-istifadə kimi qiymətləndirilir. Mənzilin təhvil verilməsinə dair tərəflər arasında konkret müddətin müqavilədə nəzərdə tutulmaması, hələ şirkətin bundan sui-istifadə etməklə yalnız özünün mümkün bildiyi zamanda iddiaçıya təhvil verməsi də təbii ki, ədalətli hesab edilə bilməz. Həmçinin iddiaçının mənzilində təmir tikinti işlərinin aparılmasına cavabdeh tərəfindən yaradılan maneələrin nə hüquqi, nə də ki faktiki real əsasları mövcud deyil.
34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, hazırkı mübahisə yalnız daxili qanunvericiliyin deyil, həm də mülkiyyət hüququnun müdafiəsinə dair beynəlxalq hüquq normalarının işığında qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinin II hissəsinə və 151ci maddəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr milli qanunvericilik sisteminin tərkib hissəsidir və onların müddəaları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının qoşulduğu İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyaya * saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Bu norma yalnız mövcud əmlakı deyil, həm də kifayət qədər hüquqi əsasa malik əmlak xarakterli tələbləri və legitim gözləntiləri əhatə edir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün “Kopecký v. Slovakia “ işində qeyd etmişdir ki, Konvensiyanın mənasında “əmlak” anlayışına şəxsin həyata keçirilməsi üçün kifayət qədər hüquqi əsaslara malik olduğu legitim gözləntiləri də daxildir. Şəxsin müəyyən əmlakı əldə etməsinə yönəlmiş və milli hüquqla tanınan tələbi mövcud olduqda həmin tələb Konvensiya ilə qorunan əmlak marağı hesab edilə bilər. Bundan başqa, “Stretch v. United Kingdom” işində Məhkəmə vurğulamışdır ki, müqavilədən irəli gələn və icrası gözlənilən əmlak xarakterli hüquqlar da mülkiyyət hüququnun müdafiəsi çərçivəsində qiymətləndirilməlidir. Dövlət və ya digər şəxslərin hərəkətləri nəticəsində belə hüquqların həyata keçirilməsinin əsassız məhdudlaşdırılması Konvensiya ilə təmin olunan təminatlarla uzlaşmır. Həmçinin “X3 Ltd and Others v. Ireland” işində Avropa Məhkəməsi göstərmişdir ki, şəxsin mövcud hüquqi vəziyyətdən irəli gələn və ağlabatan şəkildə güvəndiyi əmlak marağı onun legitim gözləntisini təşkil edir və həmin maraq müdafiə olunmalıdır. Hazırkı iş üzrə müəyyən edilmişdir ki, iddiaçı mübahisəli mənzilin əldə olunmasına dair müqavilə üzrə bütün öhdəliklərini yerinə yetirmiş, müqavilədə nəzərdə tutulan ödənişləri etmiş, nəticədə konkret müəyyən edilmiş mənzilə münasibətdə əmlak xarakterli tələb hüququ əldə etmişdir. Belə olan halda iddiaçının həmin mənzilin ona təhvil veriləcəyinə dair legitim gözləntisi formalaşmışdır. İş materiallarından görünür ki, mübahisəli mənzilin yerləşdiyi bina üzrə əsas tikinti işləri tamamlanmış, bina faktiki olaraq istifadəyə yararlı vəziyyətə gətirilmiş, mənzillərdə təmir işləri aparılmış və aparılmaqdadır. Cavabdeh tərəfindən mənzilin mövcud olmaması və ya onun təhvil verilməsinin obyektiv cəhətdən mümkünsüz olması sübuta yetirilməmişdir. Kollegiya hesab edir ki, cavabdehin binanın istismara qəbul edilməməsinə istinad edərək iddiaçının müqavilədən irəli gələn hüquqlarının qeyri-müəyyən müddətə həyata keçirilməsinin qarşısını alması hüquqi müəyyənlik, vicdanlı davranış və qanuni gözləntilərin qorunması prinsipləri ilə uzlaşmır. Əks yanaşma müqavilə üzrə öhdəliklərini tam icra etmiş şəxsin əmlak xarakterli hüquqlarının qeyri-mütənasib məhdudlaşdırılması ilə nəticələnərdi ki, bu da həm Azərbaycan Respublikası Mülki Məcəlləsində təsbit olunmuş vicdanlılıq prinsipinə, həm də Konvensiyanın * saylı Protokolunun 1-ci maddəsindən irəli gələn beynəlxalq standartlara uyğun olmazdı. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmiş, sübutlara düzgün hüquqi qiymət vermiş və iddianın təmin edilməsi barədə əsaslı nəticəyə gəlmişdir.
35. Beləliklə, Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və qanunvericiliyin müvafiq müddəalarına istinadla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin dəlilləri isə mübahisələndirilən qətnamənin ləğv və ya dəyişdirilməsi üçün əsas təşkil etmir.
36. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov