Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(3-6)-646/2026 03.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna və LPO Cavabdeh2 ASCyə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti cəlb olunmaqla) "işə bərpa və sair"tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “əmrin ləğv olunması, işə bərpa və işburaxmaya görə əmək haqqın ödənilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Quliyeva Gültac Sadıq qızının katibliyi, İddiaçı, Cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 iştirakları ilə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-3666/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdehlər Əmanətlərin Sığortalanması Fondu və LPO Cavabdeh2 ASC tərəfindən ayrı-ayrılıqda verilmiş şikayətlərə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı "işə bərpa və sair" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2025-ci il tarixli 12-5/3-1-637/2025 saylı əmrin ləğv edilməsi və onun işə bərpa edilməsi, işdən azad olunduğu müddətdən işə bərpa edildiyi dövrə qədər orta aylıq əmək haqqının ödənilməsi, məhkəməyə müraciətlə əlaqədar olan çəkdiyi xərclərin ödənilməsi, 50 000 manat mənəvi zərərin ödənilməsi, Azərbaycan Respublikasının 02 oktyabr 2008-ci il tarixli 686-İİİQ saylı "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyaya qoşulmaq barəsində Qanununa uyğun əmək şəraiti yaradılmasının Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2019-cu il tarixdə ləğvetmə prosesində olan Cavabdeh2 ASC-də əvəzçilik üzrə aparıcı mütəxəssis vəzifəsinə qəbul olmuşdur. 26 iyun 2023-cü il tarixdə ağır amputasiyaya məruz qaldı və nəticədə sağ ayağının dizdən aşağı hissəsini itirməklə 2-ci qrup əllilik dərəcəsi aldı. Uzun sürən xəstəlikdən sonra ləğvetmə prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Azərbayan Respublikası Əmanətlərin Sığortalanması Fondu ona evdən işləməyinə şərait yaratmışdır. Göstərilən hal “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 26–ci maddəsinin tələbinə tam uyğundur. 9 yanvar 2025-ci ildə ona Fondun insan resurslarının əməkdaşı zəng etdi və soruşdu ki, rəhbərliyin göstərişi ilə pensiyaçılar barədə məlumat toplanılır, ona görə də nə qədər pensiya almağı barədə sual verdi. O da qeyd etdi ki, az, yəni 606.00 manat pensiya alır. xx.xx.2025-ci il tarixdə Fondun maliyyə departamentinin direktoru Vüqar Aslanzadə ona zəng edib bildirdi ki Fondun rəhbərliyinin göstərişi ilə pensiya alan şəxslər tədricən işdən azad ediləcəkdir. Onun işdən azad edilməyi barədə insan resusları şöbəsindən məktub daxil olub. O qeyd etdi ki, nə ləğvetmə prosesində olan banklar, nə də Fond pensiya yaşına çatan şəxsləri işdən azad edilə bilməz, ona görə ki, həmin şəxslər dövlət büdcəsindən maliyələşmir. Yalnız Əmək Məcəlləsinin 10-1-ci maddəsinə əsasən dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi müəyyən edilmişdir. Onu pensiyaçı kimi işdən azad edilməsinin mümkün olan hal olmadığını başa düşən rəhbərlik fikrini dəyişərək ixtisarla azad olunmağı barədə göstəriş vermiş və bu barədə ona X5 və kooperativ hüquq şöbəsinin baş mütəxəsisi Püstəxanım Əzizbəyova məlumat vermişdir. O, iddiaçıya xx.xx.2025-ci il tarixdə səsli whatsapp mesajı yollamış, qeyd etmişdir ki, icraçı direktor tərəfindən ixtisara salınmışdır, həmçinn qeyd etdi ki, sonra gəlib imzalayarsan. O, xx.xx.2025-ci il tarixinə kimi ixtisar bildirişinin almadığı üçün fondun emaili vasitəsi maliyyə departamentinin müdiri Vüqar Aslanzadə və X5 rəisi X8 Məcəlləsi istisna olmaqla digər normativ aktları email vasitəsilə geniş izahat əlavə etməklə göndərdi. Həmin gün Püstəxanım Əzizbəyova ona zəng etdi və qeyd etdi ki müraciəti araşdırmışlar, göstərilən halları əsas işçi tələb edə bilər və Fondda əvəzçiliklə işlədiyi üçün göstərən halın Fonda adiyyəti yoxdur. Əmək Məcələsində əsas işçinin əvəzçiliklə işləyən işçilərdən üstün hüquqa malik olması nəzərdə tutulmuşdur. Əlavə olaraq qeyd etdi ki, ixtisara razı olsa, orta aylıq əmək haqqının 1.4 misli səviyyəsində kompensasiya alacaq. Püstəxanım Əzizbəyova çalışırdı ki, onu işdən azad olmağa razılaşdırsın. Bu halı bir neçə dəfə göndərdiyi emaildə də qeyd etmişdir. Məqsədi onu ixtisara razılaşdırmaq idi. 11 fevral 2025-ci il tarixli 12-5/3-1218/2025 saylı ixtisar bildirişinə əlavə edilmiş X1 Dövriyyəsindən görünür kİ, bildirişi elektron sisteminə Püstəxanım Əzibəyova yükləmişdir. Razılaşdırmaq üçün Lamiyə Nəbiyeva və hüquqşünas Mirzəhra Miriyeva göndərmiş hər iki şəxs imzalamadan imtina etmişlər. Əzizbəyova yeni versiya sənəd idxal etdikdə sonra hər iki şəxs sənədi imzalamışlar. O, hər gün Fondun elektron saytı ilə əlaqəli olmuşdur. Lamiyə Nəbiyeva hər gün işdə olmayan rəhbər şəxslər barədə məlumat verir və həmin şəxsin səlahiyyətinin kim tərəfindən icra edilməsi barədə ətraflı məlumat verir. Həmin tarixdə maliyyə departamentinin direktoru Vüqar Aslanzadənin işdə olmaması barədə Lamiyə Nəbiyevadan heç bir məlumat daxil olmamışdır. Lakin onun ixtisar bildirişini Vüqar Aslanzadə deyil, onun müavini Aygün Balayeva imzalamışdır. P.Əzizbəyova uzun müddətdir ki, X5 əməkdaşıdır. Onun ixtisar bildirişini səhv tərtib etməsi həqiqətə uygun deyil. Rəhbərliklə əlaqədar olan şəxs Lamiyə Nəbiyevə və Mirzəhra Miriyevadır. İxisar bildirişində göstərilən xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 1,4 misli məbləğini bir dəfəyə ödəməklə Sizin əmək müqavilənizə xitam verilə bilər. Bunu P.Əzibəyova ona göndərdiyi bütün emaillərdə və eləcə də telefon danışığında qeyd etmişdir. Məqsəd onu pulla aldatmaq və onu şikayət vermək hüququndan könüllü imtina etməyinə şərait yaratmaq olmuşdur. Həmçinin bildiriş elektron surətdə 57 dəqiqəyə yekunlaşdırmışdır. X4 nə Əmanətlərin Sığortalanması Fondunun, nə də ləğvetmə prosesində olan Cavabdeh2 ASC-nin əməkdaşıdır. Onu yaxşı tanıyan Əmanətlərin Sığortalanması Fondunda və ləğvetmə prosesində olan Cavabdeh2 ASC-də istənilən qədər hüquqşünaslar olduğu halda nə üçün həmin şəxslərdən biri ilə razılaşdırılmamışlar. 19 may 2020-ci il tarixli 114-VİQD nömrəli Qanunla Əmək Məcəlləsinin 16-cı maddəsinin 1-ci bəndinə sonuncu abzas əlavə edilmişdir. Əlavəyə görə əlilliyi olan şəxsin səhhətinin peşə vəzifələrini yerinə yetirməsinə mane olduğu, yaxud başqa şəxslərin səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə törətdiyi hallar istisna olmaqla, onunla əlillik səbəbindən əmək müqaviləsini bağlamaqdan, işdə irəli çəkməkdən imtina edilməsinə, əmək müqaviləsinə xitam verilməsinə və öz razılığı olmadan başqa işə (peşəyə, vəzifəyə) keçirilməsinə yol verilmir. Maddənin 2-ci bəndinə əsasən qadınlara, əlilliyi olan şəxslərə, yaşı 18-dən az olan və sosial müdafiəyə ehtiyacı olan digər şəxslərə, habelə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərə əmək münasibətlərində güzəştlərin, imtiyazların və əlavə təminatların müəyyən edilməsi ayrı-seçkilik hesab edilmir. Maddənin 3-cü bəndinə əsasən əmək münasibətləri prosesində işçilər arasında bu maddənin birinci hissəsində göstərilən ayrıseçkiliyə yol verən işəgötürən və ya digər fiziki şəxs qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq məsuliyyət daşıyır. O, xx.xx.2025-ci il tarixli izahatına rəsmi cavab olmadığı üçün həmin izahatı Əmək və Əhalinin Sosial Müdaifəsi Nazirliyinin "Əmək və məşğulluq" altsistemi vasitəsi ilə yolladı. Lakin hal-hazıra kimi oxunmamışdır. O, xx.xx.2025-ci il tarixdə əlavə sübutları email vasitəsi ilə Vüqar Aslanzadə və Lamiyə Nəbiyevaya göndərdi. Lakin isifadə etdiyi məzuniyyət əmri istisna olmaqla, digər tələblər barədə heç bir məlumat verilməmişdir. İşdən azad olmağının münkün hal olmadıgını başa düşən işəgötürən həmin gün 6 həftəlik xəbərdarlıq müddəti başa çatmamış onu işdən azad edilməyi barədə əmr imzalamışdır. Əmək Məcəlləsinin tələbinə görə bir işçi deyil, bir neçə işçi işdən azad edilir. Tək onun işdən azad olunmağı bu barədə işəgötürənin araşdırması nəticəsində ixtisar qərarın mövcud olmasını şübhə altına alır. O, hər gün Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Əmək və məşğulluq altsistemində şəxsi kabinetinə daxil olmaqla gələn məlumatlarla tanış olur. xx.xx.2025-ci il tarixdə daxil olduqda gördü ki, yeni məlumat var. Aşkar etdi ki, onun əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndi ilə ləğv edilmişdir. İş günü ərzində? yəni xəbərdarlıq müddətinin sonuncu günü işdən azad edilməsi Əmək Məcəlləsinin 8-ci maddəsinin tələbinin pozulmasıdır. Maddənin 2-ci bəndinə əsasən müddət axımının başlanması təqvim üzrə müəyyən edilmiş vaxtın ertəsi günündən hesablanır. Ona görə də xx.xx.2025-ci il sonuncu iş günü olduğu üçün işdən azad olunma əmri xx.xx.2025-ci il tarixdə verilməli olduğu halda əmr 15 gün əvvəl yəni xx.xx.2025-ci il tarixdə verilmişdir. Lakin ixtisar əmri ona göndərilmədiyi üçün P.Əzizbəyovaya xx.xx.2025-ci il tarixdə whatsapp vasitəsi ilə SMS yolladı. Həmin tarixdə maliyyə şöbəsinin müdiri Ramin Səfərova whatsapp vasitəsilə SMS göndərdi. Ramin ona bildirdi ki, poçt vasitəsi ilə yolladı. Lakin əmri almağı üçün xx.xx.2025-ci il tarixdə Ramilə əlavə müraciət etdi. xx.xx.2025-ci il tarixdə ona kuryer zəng etdi və Fonddan məktub gətirdiyini bildirdi. Bu hal bir daha təsdiq edir ki, rəhbərlik onun inzibati və məhkəmə müraciət etmək hüququnu icra etməyinə maraqlı olmamışdır. Fondun əməkdaşları əmri gecikdirməklə onun inzibati və məhkəmə qaydasında şikayət vermək hüququnu məhdudlaşdırır. 42 gün xəbərdarlıq müddətin axımı xx.xx.2025-ci tarixdə başlayıb, xx.xx.2025-ci il tarixdə bitməli idi. Lakin xx.xx.2025-ci il tarix qeyri iş gününə düşdüyü üçün həmin gün xx.xx.2025-ci il tarixə keçirilməlidir. xx.xx.2025-ci il tarixli 12-5/3-1-637/2025 saylı əmrdə göstərilir ki, onun son iş günü xx.xx.2025-ci il tarixidir. Əmr elektron imza vasitəsi ilə xx.xx.2025-ci il tarixdə deyil, xx.xx.2025-ci il tarixdə imzalanmışdır. Mübahisəlləndirilən əmrdə heç bir əsaslandırma mövcud deyil. İxtisarın hansı qaydada aparılması və onun bilik səviyyəsi kiminlə müqayisə edilməsi barədə heç bir məlumat verilməmişdir. Ona verilən məlumata görə pensiyada olması işdən ixtisara düşməyinə səbəb olmuşdur. Vətəndaşın dövlətdən maliyələşdirilən müəssisə istisna olmaqla yaşa görə əmək müqaviləsinə xitam verilməsi Əmək Məcəlləsinin tələbinə ziddiyyət təşkil edir.
3. Sonradan LPO Cavabdeh2 ASC cavabdeh qismində cəlb edilmişdir.
4. Daha sonra cavabdeh LPO Cavabdeh2 ASC iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək, iddia tələbinin iddia müddəti buraxıldığı üçün rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Ərizə onunla əsaslandırılmışdır ki, Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296.3-cü maddəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. İddiaçı tərəfindən təqdim olunmuş iddia ərizəsində göstərilən xüsusatlar və sənədlər əsasında müəyyən edilir ki, iddiaçı hüququnun pozulduğunu iddia etdiyi gündən etibarən 1 aydan çox vaxt keçdikdən sonra məhkəməyə müracət etməklə iddia müddətini ötürmuşdür. Belə ki, İddiaçı iddia ərizəsində qeyd edir ki, onunla bağlanmış əmək müqaviləsinin AR Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndi ilə ləğv edilməsi faktı ona elektron kabinet vasitəsi ilə xx.xx.2025-ci ildə məlum olmuş, xx.xx.2025-ci il tarixdə isə poçt xidməti vasitəsi ilə ona təqdim edilmişdir. Həmin dövrdə qüvvədə olan "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən iddiaçı tərəfindən cavabdehə təklif məktubu xx.xx.2025-ci il tarixdə göndərilsə də, yol verilmiş texniki səhvə görə həmin tarixdə göndərilmiş məktub nəzərə alınmamışdır. Bu da təklif məktubunun xx.xx.2025-ci il tarixdə göndərilməməsi kimi qəbul olunur. Ona görə də təklif məktubunun yalnız xx.xx.2025-ci il tarixdə (və ya ondan sonrakı tarixlərdə) göndərilməsi iş materialları ilə tam müəyyən edilir. Buradan da göründüyü kimi, iddiaçı tərəfindən cavabdehə təklif məktubu göndərilərkən artıq iddia müddəti iddiaçı tərəfindən ötürülmüşdür. Belə ki, iddia müddətinin son günü xx.xx.2025-ci il tarixdir, iddiaçı isə təklif məktubunu xx.xx.2025-ci il tarixdə (və ya ondan sonrakı tarixdə) göndərmişdir. İddiaçının hazırki iddia tələbi ilə Nəsimi Rayon Məhkəməsinə məhz 05.06 2025-ci il tarixdə müraciət etməsi faktı onun qanunvericiliklə nəzərdə tutulmuş iddia müddətini ötürməsini bir daha tam təsdiq edir.
6. Nəsimi Rayon Məhkəməsinin 2(006)-3666/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Əfsanə Heydərova) iddianın qismən təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2025-ci il tarixli, 12-5/3-1-637/2025 saylı əmrinin ləğv edilməsi, İddiaçı əvvəlki işinə (vəzifəsinə)- LPO Cavabdeh2 ASC-nin Maliyyə şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə bərpa olunması, məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqının Cavabdeh2 ASC-dən tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
7. İddiaçı və cavabdehlər qətnamədən apellyasiya şikayəti vermişdir.
8. Nəsimi Rayon Məhkəməsinin 2(006)-3666/2025 nömrəli, xx.xx.2026-cı il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti geri qaytarılmışdır. Apellyasiya şikayəti və onun dəlilləri:
9. Cavabdehlər ayrı-ayrılıqda eyni məzmunlu apellyasiya şikayətləri verərək qeyd etmişdir ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmişdir. Belə ki, rayon məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən, işəgötürənin təşkilati-hüquqi müstəqilliyindən, əmək münasibətlərinin sərbəstliyi və müqavilə azadlığı prinsiplərindən irəli gələn hüquqları, habelə əmək qanunvericiliyində ləğvetmə (ştat ixtisarı) proseduruna dair müəyyən edilmiş maddi və prosessual tələblər nəzərə alınmadan qərar qəbul edilmişdir. Qətnamədə işəgötürənin həyata keçirdiyi ləğvetmə və ya ştat ixtisarı tədbirlərinin obyektiv zərurətdən və təsərrüfatmaliyyə əsaslandırmalarından irəli gəldiyi, bu prosesdə işçinin hüquqlarının pozulmadığı, həmçinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə uyğun olaraq xitam prosedurunun qanun çərçivəsində həyata keçirildiyi hallar nəzərə alınmamışdır. Qeyd etmək vacibdir ki, iddiaçının işdən azad edilməsinin səbəbi ləğv prosesində olan banklarda aparılan ixtisarlar olmuşdur. Bankın müflis elan olunması, iş həcminin azalması və yalnız müflis elan olunmuş banka aid funksiyaların saxlanılması şəraitində işçi sayının azaldılması obyektiv və zəruri tədbirlərdən olmuşdur. Qeyd olunan hallardan aydın olur ki, işçinin ixtisar olunması zamanı işəgötürən tərəfindən hər hansı hüquq pozuntusuna yol verilməmiş, proses Azərbaycan Respublikasının Əmək Məcəlləsinin və müvafiq normativ hüquqi aktların tələblərinə uyğun baş tutmuşdur. Qeyd edilənlərə əsasən qətnamənin ləğv edilməsini və iddia tələblərinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Tərəflərin izahatı:
10. Məhkəmə kollegiyasının iclasında cavabdehin Fondun nümayəndəsi M.Xəlilzadə apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, iddia tələblərinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi və əsas dəlil kimi də iddiaçının cavabdeh olaraq ləğvedicini göstərməsini, onların hazırkı tələbə münasibətdə cavabdeh olmadıqlarını qeyd edərək rayon məhkəməsi tərəfindən bu halın nəzərə alınmadığını bildirdi.
11. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətləri ilə razılaşmayaraq təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi və göstərdi ki, onun vəsatəti əsasında rayon məhkəməsində sonradan “Dəmir Bank” da cavabdeh kimi cəlb edilmişdir, cavabdehin bununla bağlı bildirdikləri formal olmaqla əhəmiyyətsizdir. Sübutların tədqiqi:
12. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli, Q00123685DCK nömrəli arayışına əsasən İddiaçı “insulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, şəkərli diabet tip 2 insulin tələbli ağır forma, amputasiyadan sonrakı vəziyyət” diaqnozu qoyulmaqla əlillik səbəbi “ümumi xəstəlik” müəyyən edilmişdir. Onun ikinci dərəcəli əlilliyi vardır və əmək qabiliyyətinin itirilməsi faizi 70%-dir.
13. LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli “16 yanvar 2019-cu il tarixli Əmək müqaviləsinə dəyişikliklər” haqqında razılaşmadan görünür ki, tərəflər əmək müqaviləsinə qismən dəyişiklik edilməsi barədə razılığa gəldilər:
1. Maliyyə şöbəsinin aparıcı mütəxəssisi lbrahimov Allahverən Mirzə oğlunun aylıq əmək haqqı məbləği vergilər və digər məcburi ödəmələr daxil olmaqla 1200 (bir min iki yüz) manat müəyyən edilir.
2. Əmək müqaviləsinin 4.24-4 29-cu bəndləri aşağıdakı redaksiyada əlavə edilsin: 4.24. Distant (məsafədən) iş-əmək funksiyalarının elektron, proqram-texniki vasitələr əsasında iş yerindən kənarda yerinə yetirilməsi formasıdır. Distant iş rejimi qarşısıalınmaz qüvvənin (qanunvericiliklə müəyyən edilmiş və Tərəflərin iradəsindən asılı olmayan, əvvəlcədən baş verəcəyi müəyyən edilə bilməyən fors-major halın və ya fövqəladə halın) təsdiqi nəticəsində səlahiyyətli dövlət orqanların və ya qurumlarının qərarı əsasında işəgötürən tərəfindən işçiyə əvvəlcədən məlumat verilmək şərtilə, habelə hər hansı qarşısıalınmaz qüvvənin təsirinin olub-olmamasından asılı olmayaraq işçinin və işəgötürənin bu müqavilə üzrə qarşılıqlı razılığı əsasında İşçiyə münasibətdə tətbiq edilə bilər. Hər iki halda, İşçinin distant iş rejimindən adi (ənənəvi, iş yerində) qaydada iş rejiminə geri çağırılması İşəgötürənin daxili qaydaları (birinci halda, müvafiq səlahiyyətli orqanın (qurumun) qərarına əsaslanmaqla) və İşçini 4.28-ci bənddə göstərilən qaydada məlumatlandırması əsasında həyata keçirilir. 4.25. Distant iş rejimində İşçi: 4.25.1. İşəgötürən tərəfindən təqdim edilmiş elektron vasitələrinin, həmçinin proqram təminatının işlədilməsi üçün zəruri olan internet əlaqəsinin qurulmasını işçi öz xərci hesabına təmin edəcəkdir. 4.25.2. Faktiki olduğu yerdə özünün və işəgötürən tərəfindən təqdim edilmiş elektron proqram-texniki vasitələrinin təhlükəsizliyinin qorunması üçün bütün zəruri tədbirləri görəcəkdir. 4.25.3. iş saatlan ərzində distant rejimdə işləməsindən asılı olmayaraq işin keyfiyyətini azaltmamalı, əmək funskiyalarını vaxtında, peşəkarlıqla və məsuliyyətlə yerinə yetirməlidir. 4.26. Bu Müqavilənin 4.25-ci maddəsi üzrə öhdəliklərinin yerinə yetiriməməsi və ya lazımınca yerinə yetirilməməsi işçinin qəsdi və ya ehtiyatsızlığı nəticəsində əmək müqaviləsinin pozulması kimi qiymətləndirilə bilər və bu zaman işçi İşəgötürənə vurduğu zərərə görə məsuliyyət daşıyır.
14. Əmanətlərin Sığortalanması Fondunun İddiaçı ünvanladığı 11 fevral 2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.2017-ci il tarixdə "xxxx" ASC-nin lisenziyası ləğv olunmuş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2017-ci il tarixli qərarına əsasən Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi, həmçinin "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri rəhbər tutularaq təhlil işi aparılmış və işçilərin sayının azaldılması qərara alınmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndi ilə yəni, işçilərin sayının və ya ştatların ixtisar edilməsi şərtilə əmək müqavilənizin ləğv ediləcəyi barədə 6 (altı) təqvim həftəsi qabaqcadan xəbərdar edilir. Xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 1,4 misli məbləğini bir dəfəyə ödəməklə onun əmək müqaviləsinə xitam verilə bilər. Bununla bağlı orta aylıq əmək haqqının 1,4 misli məbləğinin birdəfəlik ödənilməsi ilə ixtisar olunmağı barədə məktubu aldığı tarixdən 3 (üç) iş günü ərzində razılıq ərizəsi ilə müraciət edə bilər.
15. Əmanətlərin Sığortalanması Fondunun 17 mart 2025-ci il tarixli, 12-5/3-1- 637/2025 saylı əmri ilə xx.xx.2025-ci il tarixi sonuncu iş günü olmaqla ləğv prosesində olan "xxxx" ASC-nin Maliyyə şöbəsinin aparıcı mütəxəssisi ilə bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə/işçilərin sayının ixtisar edilməsinə əsasən xitam verilməsi, işçiyə orta aylıq əmək haqqının 1,7 misli məbləğində işdənçıxma müavinətının ödənilməsi, işçiyə xx.xx.2022-xx.xx.2023-cü iş ili üzrə istifadə etmədiyi 30 (otuz) təqvim günü, xx.xx.2023-xx.xx.2024-cü iş ili üzrə istifadə etmədiyi 35 (otuz beş) təqvim günü, xx.xx.2024-xx.xx.2025-ci iş ili üzrə istifadə etmədiyi 42 (qırx iki) təqvim günü, xx.xx.2025-xx.xx.2025-ci iş ili üzrə istifadə etmədiyi 09 (doqquz) təqvim günü məzuniyyətinin pul əvəzinın ödənilməsi əmr edilmişdir.
16. X6 Xidmətinin İddiaçı ünvanladığı 16 aprel 2025-ci il tarixli məktubundan görünür ki, Ləğv prosesində olan "xxxx" ASC-nin və Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (AZ1025, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 16) ünvanına tərəflərindən 3-17-5/2- 40941/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktub göndərilmiş və ona aid olan sənədlərin "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinin tələblərinə müvafiq olaraq təqdim edilməsi tələb olunmuş, lakin sənədlər təqdim olunmadığından müraciətinizin araşdırılmasını başa çatdırmaq mümkün olmamışdır. Tərəflərindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin "Əmək və Məşğulluq" altsisteminə və əlavə edilmiş sənədlərə baxış zamanı ona əvvəlcədən xəbərdarlıq edilməklə "xxxx" ASC arasında xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə xx.xx.2025-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin 2ci hissəsinin "b" bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən xitam verildiyi məlum olmuşdur. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar xx.xx.2026-cı il tarixinədək dayandırıldığından müraciətdə göstərilən halların yerində araşdırılması və müvafiq tədbirlərin görülməsi mümkün olmamışdır. Müraciəti ilə əlaqədar işəgötürən tərəfindən aidiyyəti sənədlər X6 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim ediləcəyi təqdirdə müraciətinə yenidən baxılaraq nəticəsi barədə ona məlumat veriləcəkdir. Müraciətdə qeyd etdiyi məsələnin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququ vardır.
17. “Mediasiya prosesinin tətbiqi” barədə təklif ərizəsindən görünür ki, İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixində mediasiyanın tətbiqi barədə təklif edilmişdir.
18. Bakı şəhəri 06 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş MŞB/6-00792 saylı, xx.xx.2025-ci il tarixli X2 edilməməsi barədə arayışdan görünür ki, xx.xx.2025-ci il tarixdə mediasiyanın tətbiqi barədə təklif edilmiş, xx.xx.2025-ci il tarixdə Mediasiya sessiyası keçirilmiş və Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi iclasda iştirak etməmişdir. İlkin mediasiya xərci olan 50 manat məbləğ iddiaçı tərəfindən ödənilmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Konstitusiyası:
19. Maddə 26.
20. İ. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır.
21. İİ. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Əmək Məcəlləsi:
22. 11-ci maddəsinin «a» və «b» bəndlərinə əsasən, müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, eyni zamanda, müəyyən edilmiş qaydada əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarına aid edilir.
23. 12-ci maddəsinin 1-ci hissəsinin «b» bəndinə əsasən bu Məcəllənin və əmək qanunvericiliyinə aid digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək işəgötürənin əsas vəzifələrindən biridir.
24. Maddə 68.1. Əmək müqaviləsinə yalnız həmin Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər;
25. Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə;
26. Maddə 71.1. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.
27. Maddə 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
28. Maddə 76.2. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.
29. Maddə 77.1. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.
30. Maddə 77.3. Əmək müqaviləsinə bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə xitam verilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında.
31. Maddə 78.1. Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır.
32. Maddə 79.1. 1. İşəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi iş yeri olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində əlilliyi olan uşaq və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş digər ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinə xitam verilməsi qadağandır.
33. Maddə 79.3. 3. Müəssisənin ləğv edilməsi və ya fiziki şəxs olan işəgötürənin fəaliyyətinə xitam verilməsi halları istisna olmaqla, müddətindən asılı olmayaraq, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxslərlə, həmçinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsində göstərilən işçi ilə bağlanılmış əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilməsinə yol verilmir.
34. Maddə 83.1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
35. Maddə 83.2 Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir;
36. Maddə 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər;
37. Maddə 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
38. Maddə 296.6. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.
39. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Tətbiq edilən prosessual hüquq normaları: Azərbaycan Respublikasinin Mülki Prosessual Məcəlləsi
40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
43. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
44. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
45. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
46. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
47. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
48. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.
49. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
50. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
51. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
52. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.
54. Hazırkı halda Məhkəmə kollegiyası (bundan sonra Məhkəmə) Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehlərin şikayətlərinə əsasən iddia tələbinin təmin edilən hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
55. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
56. Mülki işin araşdırılan faktiki halları ondan ibarətdir ki, İddiaçı ilə ləğv prosesində olan Cavabdeh2 ASC arasında xx.xx.2019-cu il tarixdə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) xx.xx.2025-ci il tarixindən xitam verilməsi barədə Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondunun 17 mart 2025-ci il tarixli, 12-5/3-1-637/2025 saylı əmri qəbul edilmişdir. İş materiallarından göründüyü kimi, ixtisar Cavabdeh2 ASC-nin ləğv prosesi ilə əlaqədar həyata keçirilmiş və bu zaman Əmanətlərin Sığortalanması Fondu ləğvedicinin funksiyalarını icra etmişdir.
57. Rayon məhkəməsi iddia tələblərinin təmin edilən hissəsində öz mövqeyini belə əsaslandırmışdır ki, işçilərin sayını ixtisar etmək, ştatları və struktur bölmələri ləğv etmək işəgötürənin əsas hüquqlarından biri olmaqla yanaşı, bu hüquqdan istifadə zamanı əmək qanunvericiliyinin tələblərinə riayət edilməsi də işəgötürənin vəzifəsidir. İşəgötürən işçilərin sayını ixtisar etmək hüququndan istifadə edərkən ixtisarın aparılmasının zəruriliyini əsaslandırmalı, bu barədə müvafiq sənədlər və iqtisadi səbəbləri təqdim etməlidir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilərkən, əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın və peşəkarlıq səviyyəsinin daha yüksək olduğu işçilər işdə saxlanılmalıdır. Bunun üçün işəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən etməli, onun peşə hazırlığının, ixtisasının artırılması və yeni ixtisasa yiyələnməsi kimi amilləri nəzərə almalıdır. Hazırkı iş üzrə isə işəgötürən tərəfindən bu tələblərə riayət edilmədiyi müəyyən edilir. İşəgötürən iddiaçının peşəkarlıq səviyyəsi ilə eyni vəzifədə çalışan digər işçilərin peşəkarlıq göstəricilərinə dair müqayisəli təhlil aparmamış, ixtisarın zəruriliyini əsaslandıran iqtisadi və ya struktur dəyişikliklər barədə sübutlar təqdim etməmişdir. Halbuki, əmək qanunvericiliyinin məqsədi işçilərin sosial hüquqlarının qorunması, işəgötürənin subyektiv mülahizələrindən asılı olmadan ixtisarın obyektiv əsaslara söykənməsini təmin etməkdir. Məhkəmə hesab edir ki, işçinin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsində işəgötürənin müəyyən sərbəstliyi olsa da, bu qiymətləndirmə ən azı aparılmalı və onun nəticələri sənədlərlə təsdiqlənməli idi. Əks halda, belə hərəkət hüquqdan sui-istifadə olmaqla əmək münasibətlərində bərabərlik və ayrı-seçkiliyə yol verilməməsi kimi əsas prinsiplərin pozulması kimi qiymətləndirilməlidir.
58. Hazırkı halda iddia tələbinin təmin edilən hissəsini mübahisələndirən apellyatorların dəlilləri ondan ibarətdir ki, ixtisar prosesi həyata keçirilərkən bütün qanunvericilik tələblərinə, o cümlədən Əmək Məcəlləsinin tələblərinə tam riayət edilməsidir.
59. Məhkəmə apellyasiya şikayətlərinin bu dəlilinə münasibətdə qeyd edir ki, rayon məhkəməsi tərəfindən də müəyyən edildiyi kimi, iddiaçının əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericliyinin tələblərinə tam əməl edilməmişdir. Belə ki, Əmək Məcəlləsinin 78.1-ci maddəsinintələblərinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Hazırkı halda isə işəgötürən tərəfindən iddiaçının peşəkarlıq səviyyəsinin müəyyən edilməsi üçün zəruri tədbirlər həyata keçirilməmişdir.
60. Məhkəmə həm də qeyd edir ki, Əmək Məcəlləsinin 79-cu maddəsində işəgötürən tərəfindən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinə xitam verilməsi qadağan edilən işçilər və hallar göstərilmişdir. Həmin hallardan biri də işçinin şəkərli diabetlə xəstə olması səbəbinə görədir. Mülki iş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2023cü il tarixli, Q00123685DCK nömrəli arayışına əsasən isə iddiaçıya “insulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, şəkərli diabet tip 2 insulin tələbli ağır forma, amputasiyadan sonrakı vəziyyət” diaqnozu qoyulmaqla əlillik səbəbi “ümumi xəstəlik” müəyyən edilmişdir. Məcəllənin istinad edilən həmin maddəsinin 2-ci bəndində bu maddənin birinci hissəsində nəzərdə tutulmuş müddəaların bu Məcəllənin 70-ci maddəsinin “a” və “e” bəndləri ilə xitam verilən hallara şamil edilmədiyi qeyd edilmişdir. Hazırkı halda iddiaçı ilə əmək müqaviləsinə “müəssisənin ləğvi” yox, “işçilərin sayı və ya ştatları ixtisar edilməsi” əsası ilə xitam verildiyindən Məhkəmə hesab edir ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi qanunvericiliyə zidd olmuşdur.
61. Beləliklə, hazırkı işin müəyyən olunmuş faktiki halları və istinad edilən maddi hüquq normalarını nəzərə alaraq, Məhkəmə hesab edir ki, rayon məhkəməsi mahiyyət etibarı ilə iş üzrə düzgün nəticəyə gəlmiş, hazırkı halda gəlinən nəticə qanuni və əsaslıdır, cavabdehlərin apellyasiya şikayətlərinin dəlilləri əsassızdır və rayon məhkəməsi qətnaməsinin ləğvinə əsas ola bilməz.
62. Məhkəmə apellyasiya icraatı zamanı apellyatorun nümayəndəsi məxsusi olaraq Əmanətlərin Sığortalanması Fondunun hazırkı tələb üzrə cavabdeh olmadığı, iddiaçının ləğv prosesində olan Cavabdeh2 ASC-nin əməkdaşı olduğu, müvafiq olaraq da iddiaçının işəgötürəninin həmin bank olduğu, lakin rayon məhkəməsinin bu halları nəzərə almamaqla prosessual pozuntuya yol verdiyi, belə olan halda isə qətnamənin qüvvədə qalacağı halda onun icrasının mümkünsüz olacağı barədə bildirdiklərinə münasibətdə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
63. Əvvəla, qeyd edilməlidir ki, rayon məhkəməsi qətnaməsində bu məsələyə müəyyən aydınlıq gətirmişdir (iş vərəq 198, yuxarıdan üçüncü abzas).
64. Bundan başqa, iddiaçı rayon məhkəməsinə təqdim etdiyi iddia ərizəsində özü barəsində Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 12- 5/3-1-637/2025 saylı əmrin ləğv edilərək əvvəlki işinə bərpa olunması və sair barəsində tələblər irəli sürmüşdür və həmin vəzifələrin icrasının ƏSF-na həvalə edilməsini məhkəmədən xahiş etmişdir (iş vərəq 1-5).
65. İddiaçının məhkəməyə təqdim etdiyi mübahisələndirdiyi həmin əmrin kserosurətindən məlum olur ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair 17 mart 2025- ci il tarixli əmr Əmanətlərin Sığortalmanası Fonduna məxsus blankda işlənmişdir (iş vərəq 10). Sonradan cavabdehin özünün elektron imza ilə təsdiqlənmiş qaydada təqdim etdiyi həmin əmrdən bir daha təsdiq olunur ki, iddiaçı tərəfindən barəsində mübahisələndirilən əmr məhz ƏSF-ya məxsus blankda işlənmişdir (iş vərəq 142-143) İddiaçının rayon məhkəməsinə ünvanladığı xx.xx.2025-ci il tarixli vəsatətində Cavabdeh2 ASC-in cavabdeh qismində cəlb edilməsi barədə qərardad qəbul edilməsi xahiş olunmuşdur (iş vərəq 110-111). Cavabdehin nümayəndəsinin rayon məhkəməsinə iddia müddətinin tətbiqinə dair ərizəsindən bəlli olur ki, nümayəndə iddiaçının hər iki cavabdehə, yəni həm də Cavabdeh2a qarşı iddia ərizəsinin təmin edilməməli olmasını qeyd etmişdir. Bununla da aşkar şəkildə müəyyən olunur ki, iddiaçının işəgötürəni kimi Cavabdeh2 hazırkı tələb üzrə cavabdeh olmuşdur. Məhkəmə bu halla bağlı onu da qeyd etməyi zəruri hesab edir ki, bankların ləğvi prosesi başlandıqdan sonra ilkin mərhələlərdə əksər hallarda ləğv prosesində olan banklarla, onların idarəetməsini həyata keçirən ƏSFin eyniləşdirilməsi kimi, hətta peşəkar hüquqşünaslar, bəzən elə məhkəmələr tərəfindən də texniki yanlışlıqlar olmuşdur və məhkəmələrin izahlarından sonra bu məsələyə müəyyən aydınlıq gətirilmişdir. Hazırkı halda isə anlaşılan odur ki, iddiaçı barəsində olan əmrin məhz ƏSF-na məxsus blankda (əslində bu da yanlışdır) işlənməsi özü də ərizəçinin ilkin mərhələdə yanılmasına səbəb olmuşdur. MPM-in 14.1-ci maddəsi işə baxan məhkəmənin üzərinə məhz bu cür halların izah edilməsi və buna dair işdə iştirak edən şəxslərə kömək göstərmək vəzifəsini qoymuşdur, həm də nəzərə almaq lazımdır ki, həmin norma imperativ xarakter daşıyır. Qətnamənin nəticə hissəsindən də göründüyü kimi rayon məhkəməsi iddiaçının tələbini təmin edərək onun Cavabdeh2 ASC-dəki əvvəlki vəzifəsinə bərpa olunmasını əmr etmişdir. Demək ki, iddia tələblərinin əsl olmayan şəxsə qarşı yönəldilməsinə dair apellyatorun xüsusi olaraq bildirdiyi dəlili formal olmaqla əsassızdır.
66. MPM-in 385.2-ci maddəsinin tələbinə görə də birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
67. Avropa Məhkəməsi özünün bir sıra qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və s.) xüsusi olaraq vurğulamışdır ki, “…ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bəraqərar edildiyi də aydın görünməlidir”. Nəticə:
68. Göstərilənlərə əsasən, Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə mahiyyət etibarı ilə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətləri isə əsassız olduğundan təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
69. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
70. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətləri təmin olunmadığından şikayətin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayətləri vermiş cavabdehlərin özünə aid edilməlidir.
71. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdehlər Əmanətlərin Sığortalanması Fondu və LPO Cavabdeh2 ASC tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Nəsimi Rayon Məhkəməsinin 2(006)-3666/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehlərin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.