Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(3-7)-106/2026 25.02.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Dövlət Su X1 X8 Xidməti Daşkəsən Su X2 İdarəsinə qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və X3 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı nümayəndəsi (atası) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Dövlət Su X1 X8 Xidməti Daşkəsən Su X2 İdarəsinə qarşı əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(030)-535/2025 nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Dövlət Su X1 X8 Xidməti Daşkəsən Su X2 İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə 25 fevral 2026cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 10 may 2023-cü il tarixli ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 15 oktyabr 2024-cü il tarixli 42/k nömrəli əmrlə Daşkəsən X5 İstismar İdarəsinin nasos qurğularının istismarı sahəsinin nasos qurğularının maşinisti peşəsinə 3 ay müddətinə təyin edilmişdir.
2. Daşkəsən Su X2 İdarəsinin 05 mart 2025-ci il tarixli 112/K nömrəli əmrinin surətindən görünür ki, Əhmədli X4 X5 İstismar İdarəsinin nasos qurğularının istismarı sahəsinin nasos qurğularının maşinisti ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 05 mart 2025-ci il tarixdən xitam verilmişdir. Əmrin verilmə əsası kimi Həmkarlar təşkilatının 3 saylı protokolu və aktlar göstərilmişdir.
3. Gəncə 1 saylı Mediasiya təşkilatının ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 24 aprel 2025-ci il tarixli MŞG/1- MT007/2024-00583 nömrəli arayışından görünür ki, mübahisə ilə bağlı cavabdehin nümayəndəsi X7 24 aprel 2025-ci il tarixdə saat 14:30-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmişdir. Lakin, tərəflər ilkin mediasiya sesiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh Azərbaycan Dövlət Su X1 X8 Xidməti Daşkəsən Su X2 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Daşkəsən Su X2 İdarəsi tərəfindən işdən çıxarılması haqqında verilmiş 05 mart 2025-ci il tarixli 112/K nömrəli əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma dövrü üçün əmək haqqının hesablanıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, işlədiyi müddətdə əmək intizamını pozmamışdır. İşlədiyi müddət ərzində əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyalarını vicdanla yerinə yetirmiş, əmək intizamına və müəssisə daxili intizam qaydalarına əməl etmişdir. İdarənin rəhbərliyi iddiaçının başqa işə keçməsini tələb etmiş, əks halda işdən çıxması barədə ərİzə yazmasını bildirmişdir. Ərizə yazmadığından qərəzli olaraq 05 mart 2025-ci il tarixli 112/k nömrəli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmişdir.
6. Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(030)-535/2025 nömrəli qətnaməsi (hakim Kənan Vəliyev) ilə iddianın təmin edilməsi, İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə Daşkəsən Su X2 İdarəsinin 05 mart 2025-ci il tarixli, 112/K nömrəli əmrinin ləğv edilməsi, İddiaçı Daşkəsən Su X2 İdarəsinin nasos qurğularının istismarı sahəsinin nasos qurğularının maşinisti işinə bərpa olunması, məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq, İddiaçı ödənilməsi qət edilmişdir.
7. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 1 və 2-ci hissələrinə, 70, 72, 71-ci maddəsinin 2-ci bəndinə, 76, 187, 296-cı maddəsinin 1 və 2-ci hissələrinə, 300-cü maddəsinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 216-220, 227, 233, 360 və 362-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh Azərbaycan Dövlət Su X1 X8 Xidməti Daşkəsən Su X2 İdarəsi apellyasiya şikayəti verərək, Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(030)-535/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, İddiaçı 15 oktyabr 2024-cü il tarixli 42/K nömrəli əmrlə üç ay müddətinə X12 Sistemlərinin İstismar İdarəsinin nasos stansiyaların istismar sahəsinə nasos qurğularının maşinisti vəzifəsinə qəbul edilmişdir. Müqavilə müddətinin bitməsi ilə müqaviləyə xitam verilməmiş və bu müddət uzadılmışdır. İddiaçı dəfələrlə kobud intizam pozuntularına yol verdiyinə görə barəsində xəbərdarlıq edilmiş və tənbeh tədbiri olaraq töhmət elan eilmişdir. Buna baxmayaraq işçi onun barəsində görülmüş tədbirlərdən nəticə çıxarmamış, işində dönüş yaratmaq və yüksək peşəkarlıq nümayiş etdirmək əvəzinə, daha da aqressiv hərəkətlər edərək, idarənin daxili nizam-intizam qaydalarını yenidən kobud şəkildə pozmaqda davam etmişdir. Bundan başqa işçi işdən çıxarılarkən Həmkarlar İttifaqı Komitəsinin rəyi də alınmış və rəydə məhz işçinin ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq işdən azad edilməsinin məqsədə müvafiq olduğu göstərilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi əsaslanıdırılmamış və işin faktiki halları ilə eynilik təşkil etməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, izahatında göstərmişdir ki, oğlu kənddə nasosxanada işləyir. Özü isə həmin idarədə maşinist işləmişdir. Oğlunun iş yeri kənddə olsa da, idarədən ona gəlib rayonda işləməyini bildirmişlər. Hakim 600 manat məbləğində maaş alır, kəndlə rayonun arasındakı məsafə 17 km-dir, gedib-gəlmək vəsait tələb etmişdir. Oğlu Hakim işlədiyi müddətdə əmək intizamını pozmamışdır. İşlədiyi müddət ərzində əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyalarını vicdanla yerinə yetirmiş, əmək intizamına və müəssisə daxili intizam qaydalarına əməl etmişdir. İdarənin rəhbərliyi iddiaçının başqa işə keçməsini tələb etmiş, əks halda işdən çıxması barədə ərİzə yazmasını bildirmişdir. Ərizə yazmadığından qərəzli olaraq əmrlə onu işdən azad etmişdir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
12. İş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə, ona məhkəmə bildirişinin və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə, həmin xəbərdarlığı almalarına baxmayaraq, nümayəndə heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onun iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
13. Maddə 14. Əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində qanunvericiliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni qaydada və dürüst əməl olunmasını; sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasını; işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını; işçilərin və işəgötürənlərin pozulmuş hüquqlarının bərpa olunmasını; səlahiyyətləri çərçivəsində əmək qanunvericiliyinin təkmilləşdirilməsini; əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş insan hüquqları və azadlıqları prinsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini təmin etməlidirlər.
14. Maddə 70. “ç” bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
15. Maddə 71. Hissə 2. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra inztizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
16. Maddə 71. Hissə 3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
17. Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai təhlükəli əməllərə yol verməsi.
18. Maddə 76. Hissə 1. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.
19. Maddə 76. Hissə 2. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.
20. Maddə 186. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.
21. Maddə 186. Hissə 2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.
22. Maddə 186. Hissə 3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.
23. Maddə 187. Hissə 1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.
24. Maddə 296. Hissə 2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
25. Maddə 296. Hissə 3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
26. Maddə 300. Hissə 1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
27. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
32. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
33. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
34. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
35. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
36. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
37. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
39. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
41. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
42. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(030)-535/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
43. Belə ki, işin halları ondan ibarətdir ki, İddiaçı 15 oktyabr 2024-cü il tarixli 42/k nömrəli əmrlə Daşkəsən X5 İstismar İdarəsinin nasos qurğularının istismarı sahəsinin nasos qurğularının maşinisti vəzifəsinə təyin edilmişdir. Onunla bağlanmış əmək müqaviləsinə 05 mart 2025-ci il tarixli 112/k nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İddiaçı məhkəmədə iddia qaldıraraq işlədiyi müddətdə əmək intizamını pozmadığını, işlədiyi müddət ərzində əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyalarını vicdanla yerinə yetirdiyi, əmək intizamına və müəssisə daxili intizam qaydalarına əməl etdiyini bildirmiş, idarənin rəhbərliyinin onun başqa işə keçməsini tələb etdiyini, əks halda işdən çıxması barədə ərizə yazmasını qeyd etmiş, göstərilənlərə əməl etmədiyi üçün idarə tərəfindən qərəzli olaraq işdən çıxarıldığını iddia etmiş və işdən azad edilməsinə dair verilmiş əmrin ləğv edilərək yenidən əvvəlki işinə bərpa olunmasını xahiş etmişdir.
44. Qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır.
45. Bu isə onu ehtiva edir ki, Əmək Məcəlləsi işəgötürən və işçi arasında olan əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsiplərinə əsaslanır və hər hansı fərqli yanaşmaya yol vermir.
46. Əmək Məcəllənin 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etməkdən ibarətdir.
47. Həmin Məcəllənin 11-ci maddəsinin 1-ci hissəsinə əsasən isə əmək münasibətləri sahəsində işəgötürənin ....c) işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək; d) işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək hüquqları vardır.
48. Eyni zamanda Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq; ... e) işçilərin ərizə və şikayətlərinə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada baxmaq; ə) işçilərin əmək, maddi, sosial-məişət şəraitinin, onların ailəsinin rifah halının yaxşılaşdırılması üçün müəssisənin əsasnaməsinə (nizamnaməsinə), kollektiv müqaviləyə müvafiq olaraq zəruri tədbirlər görmək; ... və sairdən ibarətdir.
49. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsi haqqında qərar qəbul edərkən maddi hüquq normalarının tətbiqində səhvə yol verməmişdir.
50. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, iddiaçının işdən azad edilməsi barədə 05 mart 2025-ci il tarixli 112/K nömrəli əmrin nəticə hissəsində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin məzmunu göstərilmiş, işdən azad edilmə əsası kimi isə heç bir zəruri qeydiyyat və əsaslandırılma aparılmamışdır.
51. Məhkəmədə müəyyən olunmuşdur ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilmə əsası kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi göstərilmişdir.
52. Həmin norma, işçi əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda, işəgötürənə əmək müqaviləsinə xitam verilməsi hüququ verir.
53. Bu normanın məzmunundan göründüyü kimi, həmin norma əsasında əmək müqaviləsinə xitam verilməsi üçün aşağıdakı əsaslardan biri olmalıdır: 1. İşçinin əmək funksiyasını yerinə yetirməməsi; 2. İşçinin əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi; 3. Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması.
54. İşçinin əmək funksiyasını, vəzifə borcunu hər hansı formada yerinə yetirməməsi, onunla işəgötürən arasında mövcud olan etimadı tam aradan qaldırmasa da, onu zədələyir və əmək müqaviləsinin ləğvi üçün zəmin yaradır. Bu kimi hallar çoxsaylı və müxtəlif ola biləcəyi üçün qanunverici onları konkret siyahı üzrə sadalamamış, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində əmək müqaviləsinin ləğv olunmasının bir əsası kimi göstərmişdir. Bununla belə, əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəlikləri hər hansı formada yerinə yetirməmə özü-özlüyündə işçi ilə əmək müqaviləsini ləğv etməyə kifayət etmir. Buna o zaman yol verilir ki, işəgötürən, əmək münasibətlərini davam etdirməməkdə müvafiq səbəblərə görə haqlı olsun. Bu cür səbəblər (şərtlər) Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulan - işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsidir.
55. Normanın məzmunundan da görünür ki, həmin şərtlər Məcəllənin 70-ci maddəsinin “ç” bəndində sadalanan hər iki əsasın deyil, məhz “əmək funksiyası, vəzifə borcunun (öhdəliklərinin) yerinə yetirilməməsinin” nəticəsi kimi qeyd edilmişdir. Başqa sözlə, qanunverici bu məsələdə fərqləndirmə apararaq, sözügedən şərtləri “əmək vəzifələrinin kobud pozulması” halları üçün nəzərdə tutmamışdır.
56. Çünki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində göstərilən ikinci əsas (əmək vəzifələrinin kobud pozulması) o hallarla bağlıdır ki, işçinin dürüstlük qaydasına uyğun gəlməyən davranışı nəticəsində əmək münasibətlərini davam etdirmək işəgötürən üçün mümkünsüz hala gəlir. Başqa sözlə, əmək münasibətlərdə mövcudluğu zəruri olan etimad tamamilə sarsılır və aradan qalxır. Ona görə də əmək müqaviləsinin işəgötürən tərəfindən dərhal ləğv edilməsi üçün əsas yaranır.
57. Məhkəmə kollegiyası bildirir ki, İddiaçı barəsində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 05 mart 2025-ci il tarixli 112/K nömrəli əmrin verilməsinə əsas olan hər hansı bir sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir.
58. Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci bəndinə əsasən, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.
59. Göründüyü kimi, iddiaçı barəsində intizam tənbehi tətbiq edilərkən onun izahatı alınmamış, izahatın alınması ilə əlaqədar tədbirlərin həyata keçirilməsini və iddiaçının izahat verməkdən imtina etməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Bu da onu göstərir ki, iddiaçının izahatı alınmadan cavabdehin əmri ilə işdən azad edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Əmək Məcəlləsi qanunvericilikdə nəzərdə tutulmayan əsasla əmək müqaviləsinə xitam verilməsini qadağan etdiyi halda, Daşkəsən X5 İstismar İdarəsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68, 70, 76-cı maddələrinin tələbələrinə əməl etməmiş və nəticədə işçi İddiaçı əmək hüquqlarını pozmuşdur.
60. Göründüyü kimi, cavabdeh əmək müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2025ci il tarixli əmrində iddiaçının ƏM-nin ç) bəndi ilə işdən çıxarılmasının konkret əsaslarını göstərilməmiş, yalnız maddi hüquq normasına istinad edərək ümumi ifadələrdən istifadə etməklə kifayətlənmişdir. Halbuki, ƏM-nin 71-ci maddəsinin 3-cü bəndi işəgötürənin üzərinə Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmaq vəzifəsini qoymuşdur. Bu əsaslandırma əmrə, yaxud hər hansı bir sənədə qanunun maddi hüquq normasının olduğu kimi köçürülməsini deyil, işçinin işdən azad edilməsinə səbəb olan konkret halların nədən ibarət olmasının ətraflı şərh edilməsini nəzərdə tutur. Şərh edilənlərdən də görünür ki, ƏMnin 70-ci maddəsinin ç) bəndi ilə, yəni işçinin öz əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması hər bir halda deyil, yalnız konkret əsaslar olduqda əmək müqaviləsinin ləğv edilməsi üçün əsas ola bilər. Başqa sözlə, qanunvericilik tələb edir ki, tətbiq edilən hər bir norma törədilmiş pozuntunun xarakterinə və ağırlıq dərəcəsinə mütənasib olmalıdır.
61. Qeyd olunmalıdır ki, qanunvericilik əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla xitam verilməsini birbaşa qadağan etmişdir. Həmin qayda əslində işçinin hüquqlarının daha səmərəli təmin olunması vasitələrindən biri kimi çıxış etməklə, bir tərəfdən işəgötürənin üzərinə işçini işdən azad etməklə bağlı mövqeyini birmənalı və ziddiyyətsiz əsaslandırmaq vəzifəsi qoyur, digər tərəfdən isə işçiyə hansı əsasla işdən azad edildiyi barədə məlumatlı olmaq imkanı təqdim edir.
62. Məhkəmə kollegiyasının qənaətinə görə cavabdeh mübahisələndirilən əmrin əsaslığını, iddiaya etirazının əsası kimi istinad etdiyi halları, eləcə də apellyasiya şikayətinin dəlillərini sübuta yetirə bilməmişdir.
63. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
64. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
65. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
66. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).
67. Baxılan iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
68. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır və təmin edilə bilməz.
69. Məhkəmə kollegiyası qeyd olunanları ümumilikdə nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
70. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdeh Azərbaycan Dövlət Su X1 X8 Xidməti Daşkəsən Su X2 İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(030)-535/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində qətnamədən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.