Məhkəmə qərarları › İş №2(3-7)-322/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-322/2026

01.04.2026 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-322/2026 01.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi İsmayılova Elnurə İsbəndiyar qızının (maraqlı şəxs İsmayılov Ülvi Müseyib oğlu) ərizəsi üzrə QƏTNAMƏSİ Açar sözlər: mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və X1 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, Ərizəçi İsmayılova Elnurə İsbəndiyar qızının və maraqlı şəxs İsmayılov Ülvi Müseyib oğlunun iştirakı ilə, Ərizəçi İsmayılova Elnurə İsbəndiyar qızının (maraqlı şəxs İsmayılov Ülvi Müseyib oğlu) mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi üzrə Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən maraqlı şəxs İsmayılov Ülvi Müseyib oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə ## ##### 2026-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. ##.##.2024-cü il tarixli barışıq sazişinin 6-cı bəndinə əsasən, ##.##.1980-ci il tarixdə anadan olmuş İsmayılov Ülvi Müseyib oğlu birgə nikah dövründə faktiki yaşadıqları evin təmiri üçün çəkilmiş xərcin İsmayılova Elnurə İsbəndiyar qızının payına düşən 4000 (dörd min) manat pul məbləğini qəbul edərək, saziş imzalandığı tarixdən etibarən, hər ay 200 (iki yüz) manat pul məbləğini ödəyəcəyinə dair öhdəlik götürmüşdür.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

2. Ərizəçi İsmayılova Elnurə İsbəndiyar qızı (maraqlı şəxs İsmayılov Ülvi Müseyib oğlu) ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, onunla İsmayılov Ülvi Müseyib oğlu arasında Gəncə * saylı Mediasiya Təşkilatında ##.##.2024-cü il tarixdə bağlanmış barışıq sazişinin 6-cı bəndinin təsdiq edilməsinə və onun tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun İsmayılov Ülvi Müseyib oğlundan alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Ərizə onunla əsaslandırılmışdır ki, İsmayılov Ülvi Müseyib oğlu ilə aralarında nikah olmuş, birgə nikahdan iki uşaqları anadan olmuşdur. Aralarında narazılıq yarandığından nikahları pozulmuş, uşaqlar onun himayəsində qalmışdır. Nikahlarının pozulması ərəfəsində məcburi mediasiyadan keçmişlər, həmin zaman mediasiyada barışıq sazişi bağlamışlar.O ərə gedərkən ev iki otaqlı olmuş onunla birlikdə İsmayılov Ülvi tərəfindən evdə hamam-tualet, mətbəx və bir yaşayış otağı tikilmişdir. Lakin uzun müddət həmin evlərdə təmirsiz yaşamışlar.Nikahları pozulmamışdan bir il əvvəl Ülvi onun rəfiqəsindən borc pul götürdü və onlar əllərində olan başqa pulun üzərinə həmin pulu qoyaraq evi təmir etdirməyə başladılar.Mediasiya prosesində Ülvi rəfiqəsinə borclu olduğu pulu məhkəmədən kənar ona qaytarmağa razılıq verdi.Mediasiya prosesi zamanı imzalanmış barışıq sazişinin 2-ci hissəsinin 6-cı bəndində, İsmayılov Ülvi Müseyib oğlunun 4000 manat pul məbləğini hər ay 200 manat olmaqla ödəyəcəyinə dair öhdəlik götürdüyü qeyd edilmişdir. Hazırda Ülvi İsmayılov həmin puldan 3000 manat ödəmiş, 1000 manat pulu isə ödəməmişdir.

4. Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim – Ədil Məmmədov), ərizənin təmin edilməsi, İsmayılov Ülvi Müseyib oğlu ilə İsmayılova Elnurə İsbəndiyar qızı arasında mediator X2 iştirakı ilə ##.##.2024-cü il tarixdə bağlanmış barışıq sazişinin (6-cı bəndi), “Tərəf ##.##.1980-ci il təvəllüdlü İsmayılov Ülvi Müseyib oğlu birgə nikah dövründə faktiki yaşadıqları evin təmiri üçün çəkilmiş xərcin İsmayılova Elnurə İsbəndiyar qızının payına düşən 4000(dörd min) manat pul məbləğini qəbul edərək, saziş imzalandığı tarixdən etibarən, hər ay 200(iki yüz) manat pul məbləğini ödəyəcəyinə dair öhdəlik götürdü” hissəsi həmin hissə üzrə ödənilməmiş qalan 1000 (bir min) manat məbləğində pulun məcburi icrası üçün təsdiq edilməsi, iş üzrə ərizənin verilməsinə görə ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 (bir yüz) manat məbləğində pul maraqlı şəxs İsmayılov Ülvi Müseyib oğlundan alınıb, ərizəçi İsmayılova Elnurə İsbəndiyar qızına verilməsi qət edilmişdir.

5. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 355-23-355- 26, 358-360 və 362-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

6. Maraqlı şəxs İsmayılov Ülvi Müseyib oğlu apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini və ərizənin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, məhkəməyə nə səbəbə 1 il yarımdan sonra müraciət edilməsi elə ərizənin əsassız olmasını təsdiqləyir. Belə ki, tələbkar - ərizəçi tərəfindən mediasiyada pul ilə razılaşmalar olduqdan sonra ondan yataq mebelinin ona 1000 manat əvəzləşməsi ilə verilməsi də şifahi öhdəliklər olmuşdur. Bu barədə məhkəmədə tərəfindən ifadə verilsə də məhkəmə tərəfindən protokollarda məlumat qeyd edilməmişdir. Həmin əvəzləşmə barədə tərəfə suallar verilməsində məhkəmədə süni maneələr olmuşdur. Mülki Prosessual Məcəllənin sübutetmə maddələrinin tələblərinə hakim tərəfindən riayət edilməməsi buna sübutdur. 1000 manat pulun yataq dəsti ilə əvəzləşməsində onun şahidlərinin eləcə də həmin mebelin alınmasında tərəfindən bağlanmış müqavilənin eləcə də tərəfindən iki dəfə ödənişlərin olmasını sübut edən müqaviləyə hakim tərəfindən məhəl qoyulmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlı şəxs İsmayılov Ülvi Müseyib oğlu apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçi İsmayılova Elnurə İsbəndiyar qızı apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

11. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

12. Maddə 225.4 ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir.

13. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

14. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi

15. Maddə 31.1. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur.

16. Maddə 31.2. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir;

17. Maddə 32.1 Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

18. Maddə 32.2.2. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir.

19. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir;

20. Maddə 37. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.

“Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu

21. Maddə 1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: ... Maddə 1.0.7. barışıq sazişi– tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşma; ...

22. Maddə 33.1. Barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır.

23. Maddə 33.2. Barışıq sazişi tərəflər və mediator (mediatorlar) tərəfindən imzalanır. Barışıq sazişinin nüsxələri tərəflərin və təqdim ediləcəyi orqanların (qurumların) sayına uyğun olaraq tərtib olunur.

24. Maddə 33.4. Barışıq sazişi imzalandığı gündə tərəflərə təqdim edilməlidir. Barışıq sazişinin müvafiq orqana (quruma) təqdim edilməli olan nüsxəsini tərəflərdən biri həmin nüsxənin ona təqdim edildiyi tarixdən 1 iş günü müddətində müvafiq orqana (quruma) təqdim edir.

25. Maddə 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır.

26. Maddə 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur.

27. Maddə 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə və ya notariusa müraciət edə bilər.

28. Maddə 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə və ya notarius tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla).

29. Maddə 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

30. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

35. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

36. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

37. Maddə 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: ... 305.1.17. mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında.

38. Maddə 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər.

39. Maddə 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir.

40. Maddə 355-25.1. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır.

41. Maddə 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir.

42. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

43. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

44. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

45. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

46. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

48. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, maraqlı şəxs qətnamənin ləğv edilməsini xahiş etmişdir. Ona görə də qətnamənin əsaslılığı tam şəkildə yoxlanmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

50. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

51. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

52. Beləliklə, işin halları ondan ibarətdir ki, ##.##.1980-ci il tarixdə anadan olmuş İsmayılov Ülvi Müseyib oğlu birgə nikah dövründə faktiki yaşadıqları evin təmiri üçün çəkilmiş xərcin İsmayılova Elnurə İsbəndiyar qızının payına düşən 4000 (dörd min) manat pul məbləğini qəbul edərək, saziş imzalandığı tarixdən etibarən, hər ay 200 (iki yüz) manat pul məbləğini ödəyəcəyinə dair öhdəlik götürmüşdür.

53. Mediasiya prosesində bağlanan barışıq sazişinin hüquqi təbiəti və barışıq sazişinin nikahın pozulması zamanı həll edilməli olan məsələlərə təsiri ilə bağlı qeyd olunmalıdır ki, ailə münasibətləri üzrə meydana gələn mübahisələr əsasən məhkəmə araşdırması və məhkəmə tərəfindən qərar qəbul olunması ilə həll olunur. Lakin, “Mediasiya haqqında” Qanunla mübahisələrin alternativ həlli üsulu kimi mediasiya institutu təsis edilmişdir.

54. Mediasiyanın məqsədi tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etməkdən ibarətdir. Eyni zamanda, ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflərin ilkin mediasiya sessiyasında iştirak etməli olması pozulmaz şərt kimi müəyyən edilmiş, bu qaydaya riayət olunmadan məhkəməyə verilən iddianın baxılmamış saxlanması təsbit edilmişdir.

55. Ailə münasibətləri baxımından mediasiyanın mahiyyəti, ər-arvadın məhkəməyə getmədən könüllülük, hüquq bərabərliyi və əməkdaşlığı, mediasiya prosesinə müdaxilənin yolverilməzliyi, konfidensiallıq prinsipləri əsasında ailə münasibətləri üzrə fikir ayrılıqlarının həllinə çatmaqdır. Qanun mübahisənin bu cür həllini ilkin olaraq tərəflərin iradə ifadələrinə uyğun hesab etməklə, ona məcburi qüvvə verir və razılaşdırılmış məsələ ilə bağlı məhkəməyə müraciət olunmasının xüsusi qaydasını müəyyən edir.

56. “Mediasiya haqqında” Qanunun 34.1-ci maddəsinə görə barışıq sazişi, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin müddət ərzində barışıq sazişi tərəflərdən hər hansı biri tərəfindən könüllü olaraq icra edilmədiyi və ya sazişin könüllü icrasından imtina edildiyi halda, digər tərəf barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət edə bilər. Məhkəmə ərizəyə daxil olduqdan sonra 10 gün müddətində baxır və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir (MPM-in 355-25.1 və 355-25.3-cü maddələri).

57. İstinad olunan normanın tələbindən göründüyü kimi, məhkəmə xüsusi icraat qaydasında baxdığı hazırki ərizə üzrə mahiyyəti üzrə hər hansı araşdırma aparmadan, mübahisəli münasibətlərə hüquqi qiymət vermədən, tərəflərin könüllü şəkildə mediasiyada bağladıqları barışıq sazişinin məcburi icrası üçün həmin sazişi təsdiq edir və ya təsdiq edilməsindən imtina edir. Bu zaman məhkəmənin qiymətləndirməsi MPM-nin 355-26-cı maddəsində nəzərdə tutulan əsasların olub-olmamasının yoxlanılması ilə yekunlaşır.

58. Azərbaycan Respublikasının MPM-in 355-26.1-ci maddəsi məhkəmənin barışıq sazişinin təsdiq edilməsindən imtina etməsi üçün yalnız 2 əsas müəyyən etmişdir: 1) barışıq sazişinin qanuna zidd olması; 2) barışıq sazişinin mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanılması.

59. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, hazırkı işdə məhkəmənin barışıq sazişinin təsdiq edilməsindən imtina etməsi üçün qanunla müəyyən edilmiş 2 əsasdan heç biri mövcud olmamışdır. Tərəflər arasında bağlanmış barışıq sazişi “Mediasiya haqqında” Qanunla müəyyən edilmiş formaya uyğun tərtib edilmiş, məzmun baxımından qanunazidd deyil, mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunması ilə bağlı əsaslar müəyyən edilmir.

60. Həmçinin, işdə iştirak edən şəxslər tərəfindən də MPM-nin 355-26.1-ci maddəsində nəzərdə tutulmuş əsaslarla bağlı hər hansı dəlil irəli sürülməmişdir.

61. Digər tərəfdən, məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlı şəxs mediasiya prosesində bağlanmış sazişin icrası ilə əlaqədar 1000 manat pulun yataq dəsti ilə əvəzləşməsinin və iki dəfə ödəniş edilməsini bildirsə də, bununla bağlı hər-hansı sübut təqdim etməmişdir. Bu halda sübutetmə yükü maraqlı şəxsin üzərinə düşür. Çünki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

62. Bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

63. Sübutetmə standartı - sübutların qiymətləndirilməsi və faktların müəyyən edilməsi meyarıdır. Nəzərə alınmalıdır ki, iki sübutetmə standartı – “ağlabatan (əsaslı) şübhədən kənar” və “sübutların üstünlüyü” standartları mövcuddur. İşə baxan məhkəmənin qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Onlara tətbiq edilən qanunhüquq normaları yekunda çıxarılan məhkəmə qərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadır (meyardır).

64. Barışıq sazişində konkret icra müddəti Azərbaycan Respublikasının “Mediasiya haqqında” Qanununun 34.1-ci maddəsinə uyğun olaraq həmin sazişin müddəalarının imzalandığı tarixdən etibarən 10 təqvim günü ərzində könüllü şəkildə icra olunması nəzərdə tutulmuşdur. Bu müddət ərzində maraqlı şəxs tərəfindən sazişdə nəzərdə tutulan aliment ödənişlərinin həyata keçirilməsi, uşağın faktiki himayəyə verilməsi və sazişin digər maddələrinin yerinə yetirilməsi tələb olunurdu.

65. Lakin, məhkəmə araşdırması zamanı maraqlı şəxs tərəfindən bu öhdəliklərin müəyyən edilmiş müddətdə və ya sonrakı mərhələdə icra edildiyinə dair heç bir sübut təqdim edilməmişdir. Əksinə, ərizəçi tərəf məhkəmə iclasında barışıq sazişinin könüllü icra olunmadığını, maraqlı şəxsin öhdəliyini faktiki olaraq yerinə yetirmədiyini bildirmişdir. Maraqlı şəxs tərəf isə, öhdəliklərin icrasına dair sübut da təqdim etməmişdir.

66. Məhkəmə kollegiyası hesab edir ki, barışıq sazişində əks olunan öhdəliklərin icra edilməməsi, bu öhdəliklərin maraqlı şəxs tərəfindən könüllü şəkildə yerinə yetirilməsinə dair hər hansı mötəbər sübutların olmaması və tərəflər arasında razılaşdırılmış məsələlərin nəticələrinin baş verməməsi halları öhdəliklərin pozulması kimi qiymətləndirilməlidir.

67. Nəticə etibarilə, 10 günlük icra müddəti keçdikdən sonra saziş üzrə razılaşdırılmış tələblərin maraqlı şəxs tərəfindən həyata keçirilməməsi, barışıq sazişinin birtərəfli şəkildə pozulması, daha doğrusu, onun könüllü icrasından imtina halıdır. Bu isə ərizəçiyə sazişin məcburi icrası və ya hüquqi münasibətlərin (o cümlədən nikahın pozulması) ayrıca məhkəmə qaydasında həll olunması üçün müraciət hüququ verir.

68. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və əsaslı qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.

69. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin VII bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

70. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın ##.##.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## ### 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

71. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

72. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” ## ###### 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).

73. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

74. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.

75. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

76. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 355, 372.1, 382.1, 384.0.1, 385.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Maraqlı şəxs İsmayılov Ülvi Müseyib oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar