Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-409/2026 18.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh İmanov Mirzə Tahir oğlu qarşı iş üzrə (Açar sözlər: qızıl-zinət əşyaları tələbi, iddia müddətinin tətbiqi) Hakimlər X15 (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, X5 oğlunun katibliyi Cavabdeh İmanov Mirzə Tahir oğlunun vəkili və nümayəndəsi İsayeva Xalidə İsa qızının iştirakı ilə İddiaçı İddiaçı cavabdeh İmanov Mirzə Tahir oğlu qarşı əmlak və ya dəyərinin qaytarılması tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. - X17 surətindən görünür ki, İmanova Asu Mirzə qızı ##.##.2013-cü il tarixdə, İmanlı Elvin Mirzə oğlu ##.##.2017-ci il tarixdə, İmanlı Aysun Mirzə qızı ##.##.2020-ci il tarixdə doğulmuşlar.
2. Atalığın müəyyən edilməsi haqqında şəhadətnamələrin surətindən görünür ki, İmanov Mirzə Tahir oğlu İddiaçı ##.##.2013-cü il tarixdə doğulmuş İmanova Asu Mirzə qızının, ##.##.2017-ci il tarixdə doğulmuş İmanlı Elvin Mirzə oğlunun və ##.##.2020-ci il tarixdə doğulmuş İmanlı Aysun Mirzə qızının atası hesab edilmişdir. Fotoşəkillərdən görünür ki, İddiaçı üzərində iddia tələbində göstərilmiş 1 ədəd nişan üzüyü, 1 cüt sırğa, 1 ədəd üzük, 1 ədəd boyunbağı və 1 ədəd qolbağı vardır. “xxxx” MMC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, *** nömrəli arayışdan görünür ki, ##.##.2025-ci il tarixdə 4 qram çəkidə 585 əyar qızıl üzüyün alış-satış qiyməti 320-340 manat, 750 əyar 30 qram çəkidə boyunbağı, sığra, üzük və qolbaqdan ibarət dəstin ümumi qiyməti 3600-3750 manat olmuşdur. İddiaçı məhkəmədə iddia ərizəsinə baxılması üçün 60 manat və vəkil üçün 320 manat xərc çəkmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
3. . İddiaçı İddiaçı cavabdeh İmanov Mirzə Tahir oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan, dəyəri 300 manat, üzərində yaşıl qaşı olan 1 ədəd nişan üzüyü, ümumi dəyəri 3700 manat olan, 1 cüt sırğa, 1 ədəd üzük (üzərində ağ qaşları var), 1 ədəd boyunbağı və 1 ədəd qolbaqdan ibarət (üzərində yaşıl qaşları var) qızıl komplekt dəstinin, həmin əşyalardan hər hansı birinin naturada qaytarılması mümkün olmadıqda onun dəyərinin, 60 manat mediasiya xərcinin və 320 manat vəkil xərcinin əvəzinin cavabdeh İmanov Mirzə Tahir oğlundan alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, İmanov Mirzə Tahir oğlu ilə ##.##.2012-ci il qeyri-rəsmi ailə qurmuşdur. Birgə ailə münasibətlərindən üç övladları olmuşdur. Cavabdehlə toyları olduqdan sonra Mirzənin və valideynlərinin yaşadığı Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Təxminən 7 il həmin evdə yaşamışdır. Sonra Gəncə şəhərində kirayə götürdükləri evdə 6 ay yaşamışlar. Daha sonra isə Şəmkir rayonu Könüllü kəndində özlərinə yaşayış sahəsi tikmişlər. Cavabdeh İmanov Mirzə Tahir oğlu ilə əvvəllər normal ailə münasibətlərində yaşamışdır. Lakin sonradan aralarında tez-tez ailə münaqişələri yaranmışdır. Get-gedə bu cür vəziyyət dözülməz olmuşdur. Sonuncu dəfə 2024cü ilin yanvar ayında İmanov Mirzə Tahir oğlu ilə münaqişələri olmuş və həmin vaxtdan onunla ayrılmışdır. Ayrılarkən ona məxsus olan qızıl-zinət əşyaları cavabdehdə qalmışdır. Belə ki, ona məxsus olan qızıllar həmişə cavabdehdə olmuş, gəlin köçdüyü Slavyanka kədində yerləşən evlərindən Gəncə şəhərinə köçərkən qızılları Slavanka kəndində yerləşən edə qalmışdır. Ümumiyyətlə, qızılları həmişə cavabdehin nəzarətində olmuşdur. Cavabdehdən ayılan vaxt qızıllarını tələb etsə də, cavabdeh onun qızıllarımı verməkdən imtina etmişdir. Cavabdehdə qalmış ona məxsus olan qızıl-zinət əşyaları dəyəri 300 manat, üzərində yaşıl qaşı olan 1 ədəd nişan üzüyü, ümumi dəyəri 3700 manat olan, 1 cüt sırğa, 1 ədəd üzük (üzərində ağ qaşları var), 1 ədəd boyunbağı və 1 ədəd qolbaqdan ibarət (üzərində yaşıl qaşları var) dəstindən ibarətdir. Hazırda cavabdeh onun qızıllarımı geri qaytarmır. Qızıl əşyalarının mövcudluğunu sübut etmək üçün həmin qızıl əşyalarının onun üzərimdə olduğunu əks etdirən fotoşəkillər və toy mərasimlərində olan görüntüləri əks etdirən video-disk vardır. Bununla bağlı məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirak etmiş, lakin cavabdeh ilkin mediasiya sessiyasından sonra proses davam tedirilə bilməmiş, bununla əlaqədar ona ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir.
5. Gədəbəy Rayon Məhkəməsinin Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, İmanov Mirzə Tahir oğlundan dəyəri 300 manat olan 1 ədəd qızıl üzük, ümumi dəyəri 3700 manat olan, 1 cüt sırğa, 1 ədəd üzük, 1 ədəd boyunbağı və 1 ədəd qolbaqdan ibarət qızıl komplekt dəsti, həmin əşyalardan hər hansı birinin naturada qaytarılması mümkün olmadıqda onun dəyəri alınaraq iddiaçı İddiaçı verilməsi qət edilmiş, iş üzrə çəkilmiş 60 manat mediasiya xərci və vəkil üçün çəkilmiş 320 manat məhkəmə xərcinin əvəzi İmanov Mirzə Tahir oğlundan alınaraq, İddiaçı verilməsi qət edilmişdir.
6. Məhkəmə iclasında şahid kimi dindirilmiş X4 ifadə verərək bildirmişdir ki, iddiaçı onun qızıdır. Qızı təxminən 2012-ci ildə cavabdehlə ailə qurmuşdur. Qızına bir ədəd qızıl nişan üzüyü və qızıl komplekt dəsti hədiyə edilmişdir. Dəstə 1 cüt sırğa, 1 ədəd üzük,1 ədəd boyunbağı və 1 ədəd qolbaq daxil olmuşdur. İddiaçı cavabdehlə ailə qurduqdan sonra cavabdeh yaşadığı Gədəbəyr rayonu Slavyanka kəndində yerləşən evə gəlin köçmüşdür. İddiaçı 7 il həmin evdə yaşamışdır. Ondan sonra iddiaçı və cavabdeh Gəncə şəhərində kirayə köçmüşlər, bir neçə ay da kirayədə qaldıqdan sonra Şəmkir rayonuna köçüb orada yaşamışlar. İddiaçı onun qızı olduğuna görə bildir ki, iddiaçıya hədiyyə edilmiş qızıl əşyalarını toydan sonra ondan geri almışlar. Qızıllar daimi cavabdehdə olmuŞ, Slavyanka kəndindən köçərkən də qızıllar cavabdehin nəzarətində olmaqla Slavyanka kəndində yerləşən evdə qalmışdır. İddiaçı dəfələrlə qızıllarını cavabdehdən tələb etsə də sonuncu qızılları verməmişdir. Qızılların qiyməti və çəkisini bilmir.
7. Məhkəmə iclasında şahid kimi dindirilmiş X14 X4 ilə eyniməzmunlu ifadə vermiş və əlavə olaraq bildirmişdir ki, ididaçı onun qardaşı qızıdır. İddiaçı cavabdehlə ailə qurarkən ona qızıl əşayalrı alınmışdır. Qızıllar alınarkən o da iddiaçının yanında olmuşdur. Lakin qızılların neçəyə alınması və çəkilərinin nə qədər olması barədə məlumatı yoxdur.
8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər faktiki ailə qurduqdan sonra bir neçə il Gədəbəy rayonu, Slavyanka kəndində yaşamışlar. Sonradan tərəflər Gəncə şəhərində, daha sonra Şəmkir rayonunda yaşamışlar. İddiaçı ilə cavabdeh arasında olan faktiki ailə münasibətlərinə xitam verilmiş və onlar ayrılmışlar. İddiaçı tələbini onunla əsasalndırmışdır ki, ona cababdeh tərəfindən hədiyyə edilmiş qızıl əşyaları daimi olaraq cavabdehin nəzarətində olmuş, həmin qızıllar heç vaxt özündə olmamış, halhazırda qızıl əşyaları cavabdehdə qalmış və ona qaytarılmamışdır. Məhkəmə araşdırması zamanı, həmin qızıl əşyalarının mövcudluğu iddiaçı tərəfindən təqdim edilmiş foroşəkillər və toy mərasiminə video görüntülərin tədqiqi ilə, həmin əşyaların cavabdehdə qalması və qaytarılmaması isə şahid ifadələri və digər sübutların tədqiqi ilə təsdiq edilmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iddia müddətinin keçməsi barədə ərizəsinə münasibət bildirərək qeyd edir ki, tərəflər arasında rəsmi nikah münasibətləri olmamış, faktiki olaraq 2024-cü ildə ayrılmışlar. Həmin vaxtadək iddiaçı ailəsinin bərpa olunacağını düşünmüş, bu səbəbdən də qızıl tələbi ilə bağlı məhkəməyə müraciət etməmişdir. Yəni, iddia müddətinin axımı 2024-cü ildən başlamışdır. Bundan başqa, tələb mülkiyyət hüququnun müdafiəsi ilə əlaqədar olduğu üçün iddia müddəti tətbiq edilməməlidir.
9. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçıya məxsus qızılzinət əşyalarından dəyəri 300 manat olan 1 ədəd qızıl üzük, ümumi dəyəri 3700 manat olan, 1 cüt sırğa, 1 ədəd üzük, 1 ədəd boyunbağı və 1 ədəd qolbaqdan ibarət qızıl komplekt dəsti cavabdehdədir və iddiaçıya qaytarılmalıdır. Ona görə də iddia tələbi təmin edilməli, cavabdehdən dəyəri 300 manat olan 1 ədəd qızıl üzük, ümumi dəyəri 3700 manat olan, 1 cüt sırğa, 1 ədəd üzük, 1 ədəd boyunbağı və 1 ədəd qolbaqdan ibarət qızıl komplekt dəsti, həmin əşyalardan hər hansı birinin naturada qaytarılması mümkün olmadıqda onun dəyəri alınaraq iddiaçıya verilməlidir. Məhkəmə cavabdehdən alınıb iddiaçıya verilməli olan qızıl əşyalarının qiyməti məsələsini həll edərkən hesab etmişdir ki, cavabdehdən alınmalı olan qızıl əşyalarının dəyəri müəyyən edilərkən iddiaçının təqdim etdiyi qiymətləndirmə arayışında göstərilən qiymətlər cavabdeh tərəfindən mübahisələndirilmədiyindən həmin qiymətlər əsas götürülməlidir. İddia tələbi təmin edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş mediasiya xərci və vəkil üçün çəkilmiş xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2, 225.2, 372.1, 377.1, 373.1, 373.2, 384.0, 384.0.4, 666.1, 666.2-cı, Ailə Məcəlləsinin 31.1, 32.1, 34.1ci maddələrinə, Avropa İnsan Hüquqları Məhkəməsinin “Mahmudovun Rusiyaya qarşı” işi üzrə qəbul edilmiş ## #### 2007-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı ilə ##.##.2012-ci ildə faktiki evlənməklə ailə qurmuşlar. Nikahılarını rəsmiləşdirməmişlər. Birgə faktiki nikahlarından üç uşağları doğulmuşdur. İddiaçı ilə əvvəllər normal ailə münasibətlərində olmuşlar. Lakin sonradan münasibətləri pozulmuşdur. Onlar bir neçə aydır ki, ayrı yaşayırlar. Bir müddət sonra iddiaçı ona qarşı qeyri-müəyyən tələblə məhkəmədə iddia qaldırmışdır. Belə ki, iddia ərizəsində mübahisə predmeti olan qızıl-zinət əşyaların əyarı, çəkisi, onların fərdi əlamətləri əks olunmamışdır. İddiaçı ona qarşı qərəzli münasibətin təsiri altında iddia irəli sürmüşdür. Belə ki, İddiaçı tələb etdiyi qızıl-zinət əşyalarının mövcud olması və onda qalmasını təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Lakin buna baxmayaraq məhkəmə onda olmayan qızıl-zinət əşyalarının iddiaçıya verilməsi barədə qərar qəbul etmişdir. Mövcud olmayan qızıl-ziynət əşyaları ondan necə alına bilər? İddiaçı iddia ərizəsində də göstərir ki, guya ona məxsus olan qızıl-ziynət əşyaları onun valideynlərinin yaşadığı evdə qalıb. Halbuki, onun qızıl-ziynət əşyaları heç vaxt onda və ya yaşadığı evdə olmayıb. Həmişə iddiaçının özündə olub. Özü ruhi xəstədir. Heç vaxt iddiaçının qızıl-ziynət əşyalarını əlindən almaq niyyəti olmayıb. İddiaçı qərəzli şəkildə hazırkı iddianı qaldırıb. Hətta iddiaçı onu birgə nikah müddətində inşa etmiş olduğları fərdi yaşayış evindən qovub. Onun şəxsi əşyalarını verməkdən imtina edir. Eyni zamanda qeyd edirəm ki, toy zamanı iddiaçıya qızıl əşyaları alınsa da, həmin qızıl-zinət əşyaları bahalı olmamışdır. Belə ki, o kasıb adamdır, xəstəliyi ilə bağlı pensiya alır və bahalı qızıl-zinət əşyaları almaq imkanları yoxdur. İddia ərizəsində qızılların dəyəri həddən artıq şişirdilmiş formada göstərilmiş, qızıl-zinət əşyaların qramı və əyarı qeyd olunmamışdır. Belə olduğu halda mübahisə predmeti olan qızıl-zinət əşyalarının qiymətini necə müəyyən etmək olardı? Məhkəmə niyə bumühüm halı nəzərə almadı? Belə ki, 1 cüt sırğa, 1 ədəd üzük, 1 ədəd boyunbağı, 1 ədəd qolbaqdan ibarət komplekt dəstin, həmçinin 1 ədəd üzüyün çəkisi, əyarı və zahiri əlamətləri iddia ərizəsində qeyd olunmamışdır. Buna baxmayaraq komplekt dəstin qiyməti 3700 manat, 1 ədəd üzüyün qiyməti 300 manat olaraq göstərilmişdir. İş materiallarındangörünür ki, “xxxx” MMC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli arayışda 4 qram çəkidə 585 əyarlı qızıl üzüyün alış-satış qiyməti 320-340 manat, 30 qram çəkidə 750 əyarlı boyunbağı, sırğa, üzük və qolbaqdan ibarət dəstin ümumi qiyməti 3600- 3750 manat olaraq qeyd olunmuşdur. Halbu ki, iddia ərizəsində qızıl-zinət əşyaların nə çəkisi, nə də ki əyarı göstərilməmişdir. Belə olduğu halda qızılların qiyməti nəyə əsaslanmışdır? Qiymətləndirici qızılzinət əşyalarının əyarı və çəkisini necə müəyyənləşdirdi? Həmçinin xxxx MMC-nin belə bir qiymətləndirmə aparmasına lisenziyası olmuşdurmu? Məhkəmə qətnaməsində qeyd olunmuşdur ki, şahid qismində dindirilmiş Sona Mehdiyevanın və Nəzakət Alməmmədovanın ifadələri sübut qismində qəbul edilmişdir. Halbu ki, məhkəmə zalında dindirilmiş şahidlər öz ifadələrində göstərmişdilər ki, qızılların qiymətini və çəkisi barədə heç bir məlumatları yoxdur. Həmçinin onlar mübahisəli qızıl-zinət əşyalarının onda qalması barədə dəqiq ifadə verə bilməmişlər. Bu hal isə öz-özlüyündə qızılların məndə olmaması qənaətinə gəlmək üçün kifayət edir. Eyni zamanda şahid Sona Mehdiyeva iddiaçının anası, şahid Nəzakət Alməmmədova isə iddiaçının bibisidir. Şahidlər iddiaçının yaxın qohumları olduğundan onların ifadələrinin həqiqiliyi şübhə doğurur b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbini məhkəməyə bildirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X.İ.İsayeva apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmiş, həmçinin bildirmişdir ki, qızıl-zinət əşyaları əvvəl mövcud olsa da, həmin əşyalar cavabdehdə deyildir, bundan başqa cavabdeh iddia tələbində qeyd edilən qiymətdə zinət əşyaları almamış, onun aldığı qızıllar daha ucuz olmuşdur. Bundan başqa iddia tələbi də qeyri-müəyyən tərtib edilmişdir, belə ki, tələb edilən qızıl-zinət əşyalarının çəkiləri və əyyarları bildirilməmişdir. Bundan başqa, tələbə iddia müddəti də tətbiq edilməli və bu əsasla iddia rədd edilməlidir.
Tətbiq edilən hüquq
16. Azərbayan Respublikasının Mülki Məcəlləsi: Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 222.1. Məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
19. Hazırkı işdə iddia tələbi təmin edildiyindən və apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslığı tam olaraq yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməlidir.
21. İşdən müəyyən olunur ki, tərəflər 2012-ci ildən qeyri-rəsmi nikah münasibətlərində yaşayıblar, 2024-cü ildən faktiki olaraq ayrılmışlar. Kollegiya qeyd edir ki, tərəflər arasında rəsmi nikah münasibətləri olmamışdır və mübahisəyə yalnız mülki qanunvericiliyin tələbləri baxımından qiymət verilməlidir.
22. İşdə olan fotoşəkillərdən, tərəflərin izahatlarından və işin hallarından iddiaçının cavabdehdən tələb etdiyi qızıl-zinət əşyalarının mövcudluğu təsdiq olunur.
23. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri edir ki, ölkədə nikahdan öncə bəy və yaxud onun yaxın qohumları tərəfindən gəlinə nişan üzüyünün, toy mərasimindən əvvəl və ya toy mərasimində qızıl-zinət əşyalarından ibarət dəstin hədiyyə edilməsi adətdir. Bu hamıya bəlli olan haldır və sübuta ehtiyacı yoxdur. Cavabdeh tərəf də bu əşyaların mövcudluğunu inkar etməmişdir.
24. Qanunvericiliyin tələblərinə əsasən bağışlanmış əşya hədiyyəti qəbul edənin mülkiyyətinə keçir.
25. İş üzrə apellyasiya qaydasında araşdırma aparılarkən iddiaçı tərəfin sübut qismində təqdim etdiyi foto-şəkillərdə və CD daşıyıcıda tələb edilən zinət əşyaları” əks olunmuşdur.
26. Həmçinin müəyyən edilmişdir ki, həmin qızıl-zinət əşyaları iddiaçıya hədiyyə şəkilində verilmişdir. Həmçinin o da müəyyən olunur ki, iddiaçı tərəfindən təqdim edilən “xxxx” MMC- ###### 2025-ci il tarixli, *** nömrəli arayışında tələb edilən qızıl-zinət əşyalarının çəkisi, nin ## 27. əyyarı və ona uyğun olaraq qiymətləri göstərilmişdir.
28. Cavabdeh tərəf bu arayışla bağlı əks-sübut təqdim etməmiş, etirazını onunla əsaslandırmışdır ki, qızıl-zinət əşyaları onlarda deyildir, eyni zamanda iddiaçı tələb etmə müddətini də ötürmüşdür.
29. Birinci instansiya məhkəməsi mübahisəni həll edərkən tələb edilən qızıl-zinət əşyalarının çəkisi, əyyarı və dəyəri ilə bağlı araşdırma aparmamış, tələbi əsaslı hesab etsə də, tutulmalı əşyalarla bağlı qeyri-müəyyən nəticəyə gəlinmişdir.
30. Mülki Prosessual Məcəllənin 222.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini qətnamənin nəticə hissəsində göstərir.
31. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması birinci instansiya məhkəməsinin qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
32. İşə əlavə edilmiş ## ###### 2025-ci il tarixli, *** nömrəli arayışda zərgərlik məmulatlarının hazırkı orta bazar qiyməti nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən edilmişdir: - bir ədəd üzük nişan yaşıl qaşlı 585 əyyar 4 qram-320-340 manat, Dəst boyunbağı sırğa, qolbağı üzük 750 əyyar 30 qram-3600-3750 manat. Cəmi 3920-4090 manat təşkil edir.
33. İş materiallarında olan foto-şəkillərdəki zinət əşyalarının növləri ilə qeyd edilən arayışda tərifi verilmiş zinət əşyalarının növləri üst-üstə düşür. Eyni zamanda, qeyd edilən məbləğlər ağılabatandır və məbləğlərin açıq-aşkar şişirdilməsinə əsas verən hallar müəyyən edilmir.
34. Cavabdeh tərəfin tələbə iddia müddətinin tətbiq edilməli olması barədə etirazına münasibətdə kollegiya qeyd edir ki, etiraz əsassızdır. Belə ki, iddianın mahiyyəti hədiyyə şəkilində verilmiş əşyaların geri tələb edilməsidir və bu tələb Mülki Məcəllənin bağışlama münasibətlərini tənzimləyən 666-cı maddəsi baxımından əsaslı sayılmışdır. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə görə mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir.
35. Belə olan halda kollegiya iş materiallarını və arayışı nəzərə alaraq hesab edir ki, iddiaçının tələb etdiyi 300 manat dəyərində olan bir ədəd yaşıl qaşlı nişan üzüyü, dəyəri 3700 manat olan 750 əyyarlı 30 qram çəkidə bir cüt sırğa, üzərində yaşıl qaşları olan bir ədəd qolbağ, üzərində ağ qaşları olan bir ədəd üzük və bir ədəd boyunbağıdan ibarət qızıl komplekt dəst, həmin əşyaların qaytarılması mümkün olmadığı halda onların dəyərini təşkil edən 4000 manat (dəsin dəyəri 3700 + yaşıl qaşlı nişan üzüyünün dəyəri 300=4000) məbləğində vəsait cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
36. Bundan başqa, iddiaçı tələbiundə hüquqi yardımla bağlı vəkilə ödənilmiş 320 manat pulun da cavabdehdən tutulmasını xahiş edir. Mülki-Prosessual Məcəllənin 115.0.6-cı maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə vəkillərə etdikləri kömək üçün ödənilən xərclər daxildir. Kollegiya işin baxılmasına sərf olunan iş vaxtını və işin mürəkkəbliyini nəzərə alaraq hesab edir ki, tələb edilən 320 manat pul ədalətli və ağılabatandır. Ona görə də tələb bu hissədə də əsaslıdır.
37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh İmanov Mirzə Tahir oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilsin.
Cavabdeh İmanov Mirzə Tahir oğlundan 300 manat dəyərində olan bir ədəd yaşıl qaşlı nişan üzüyü, dəyəri 3700 manat olan 750 əyyarlı 30 qram çəkidə bir cüt sırğa, üzərində yaşıl qaşları olan bir ədəd qolbağ, üzərində ağ qaşları olan bir ədəd üzük və bir ədəd boyunbağıdan ibarət qızıl komplekt dəst, həmin əşyaların qaytarılması mümkün olmadığı halda onların dəyərini təşkil edən 4000 manat (dəsin dəyəri 3700 + yaşıl qaşlı nişan üzüyünün dəyəri 300=4000) məbləğində vəsait tutularaq iddiaçı İddiaçı ödənilsin. Mediasiya xərci olan 60 manat və 320 manat hüquqi xidmətə görə vəkilə ödənilən xərc cavabdeh İmanov Mirzə Tahir oğlundan alınaraq iddiaçı İddiaçı ödənilsin. Qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Qətnamə dərhal qüvvəyə minir.