Məhkəmə qərarları › İş №2(3-7)-644/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-644/2026

13.05.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2(3-7)-644/2026 13.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı prosessual müddətin bərpa edilməsi barədə iş üzrə Açar sözlər: (qanunla müəyyən edilmiş prosessual müddətin ötürülməsi) Hakimlər X1 (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə İddiaçı İddiaçı cavabdehlər İbrahimova Solmaz Abbasəli qızı, cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilərək bərpa olunmasına dair ərizəsinə dair Gədəbəy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq qərardad qəbul etdi. İşin halları

1. İddiaçı İddiaçı cavabdehlər İbrahimova Solmaz Abbasəli qızı, cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı Gədəbəy şəhərində yerləşən 0.05 ha torpaq sahəsinin cavabdehlər tərəfindən qanunsuz zəbt edilməsinin aradan qaldırılmasını, torpaq sahəsinin ona təhvil verilməsi, cavabdehlər tərəfindən həmin torpaq sahəsində tikilmiş birmərtəbəli və ikimərtəbəli fərdi yaşayış evlərinin cavabdehlərin öz vəsaitləri hesablarına sökülməsi və həmin torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi tələbləri haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Gədəbəy Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

3. İddiaçı İddiaçı apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, qətnamənin ləğv edilməsinin və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qərardadı ilə, Gədəbəy Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətininin qeyri-mümkün hesab edilməsi və apellyasiya şikayətinin geri qaytarılması üçün mülki işlə birlikdə Gədəbəy Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

5. Ərizəçi İddiaçınnun apellyasiya şikayəti və ötürülmüş prosessual müddətin bərpası haqqında ərizəsi ## ###### 2026-ci il tarixdə Gədəbəy Rayon Məhkəməsinə daxil olmuşdur.

6. Ərizə onunla əsaslandırılmışdır ki, Gədəbəy Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı qərardadı ilə Gədəbəy Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və Gədəbəy Rayon Məhkəməsinə qaytarılmışdır. Bu qərardad ona göndərilməmiş və o, həmin qərardaddan şikayət verməmişdir. Bununla əlaqədar olaraq, apellyasiya şikayəti vermək üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsi zərurəti yaranmışdır.

Birinci instansiya məhkəməsində icraat

7. Gədəbəy Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli *(***)-***/**** saylı qərardadı ilə İddiaçı Gədəbəy Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilərək bərpa olunmasına dair ərizəsi təmin edilməmişdir

8. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün qanunda nəzərdə tutulmuş müddət ötürülmüş, ötürülmüş müddətin bərpa edilməsi üçün üzrlü hesab ediləcək əsaslar müəyyən edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin ## ####### 2025-ci il tarixli *(***)-****/**** saylı qərardadı ## ####### 2025-ci il tarixdə saat 09:48 dəqiqədə ərizəçinin elektron kabinetinə yerləşdirilmiş, yəni, ona rəsmi qaydada çatdırılmışdır. Ərizəçi bu qərardaddan şikayət verməmiş və yaxud Gədəbəy Rayon Məhkəməsinin müvafiq qətnaməsindən apellyasiya şikayəti verməmiş, şikayət vermə müddətini üzürsüz səbəbdən ötürmüşdür. Ona görə də ərizə təmin edilməməlidir.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə

9. Şikayət onunla əsaslandırılmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin apellyasiya şikayətinin geri qaytarılması barədə qərardadı vaxtında göndərilməmiş, bu barədə nə kağız formasında, nə də SMS vasitəsilə məlumat verilməmişdir. Həmin qərardad ilə yalnız ## ###### 2026-cı il tarixdə elektron məhkəmə sisteminə daxil olarkən tanış olmuşdur. Buna görə də, apellyasiya şikayəti vermək üçün nəzərdə tutulmuş müddətin buraxılması ondan asılı olmayan səbəblərdən baş vermişdir və bu hal üzrlü hesab edilməlidir. Buna baxmayaraq müddət bərpa edilməmişdir ki, bu da göstərilən prosessual hüquq normasının düzgün tətbiq edilməməsi hesab olunur.

10. Gədəbəy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadı ilə, şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Qərardaddan şikayətə qarşı etirazın dəlilləri

11. Qərardaddan şikayətə qarşı etiraz daxil olmamışdır.

Apellyasiya baxışının hədləri

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək apellyasiya instansiyası məhkəməsinin səlahiyyətlərinə aid edilmişdir.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikasının Konstitusiyası

M a d d ə 7 2 . Vətəndaşların vəzifələrinin əsası

İ. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. II. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. III. Qanunu bilməmək məsuliyyətdən azad etmir.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Maddə 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir Maddə 128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Maddə 129.1. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Maddə 129.2. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddət keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onu vermiş şəxsə qaytarılır. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 134.1.5. Məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 227.4. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim qətnaməni tərtib etdikdən sonra onu elektron imzası ilə təsdiq etməklə 3 (üç) gün ərzində işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini təmin edir. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.

“C.İsmayılzadənin şikayətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2007-ci il tarixli Qərarı

“Qanunverici MPM-də qanunsuz və əsassız məhkəmə aktları ilə (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) pozulmuş hüquqların səmərəli bərpası mexanizminin yaradılması məqsədilə belə aktlara apellyasiya və kassasiya instansiyası məhkəmələrində yenidən baxılması prosedurlarını (MPM-nin 357-401, 402-421-ci maddələri) müəyyənləşdirmiş və həmin aktların mübahisələndirilməsini bir sıra şərtlərlə, o cümlədən şikayətin (ərizənin) verilməsi müddətlərinə riayət edilməsilə əlaqələndirmişdir. Ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur.”

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

16. Qərardad və şikayətin dəlillərini araşdıran məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır.

17. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsinin apellyator tərəfindən ##.##.2025-ci il tarixli qətnaməsindən birinci apellyasiya şikayəti ##.##.2025-ci ildə verilmiş, həmin şikayət apellyasiya instansiyası məhkəməsi tərəfindən ##.##.2025-ci ildə qeyri-mümkün (qərardad ##.##.2025-ci ildə elektron sistemə yerləşdirilib) hesab ediləndən sonra, apellyator tərəfindən ##.##.2026-cı il tarixdə növbəti apellyasiya şikayəti verilmiş və müddətin bərpası barədə ərizə ünvanlanmışdır.

18. Ərizəçinin Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərardadının ona rəsmi qaydada verilməməsi barədə dəlilinə gəldikdə isə, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən Çıxarışa əsasən müəyyən olunur ki, həmin qərardad iddiaçının ##.##.2025-ci il tarixində yaradılmış elektron kabinetinə ##.##.2025-ci il tarixdə saat 09:48-də yerləşdirilmişdir.

19. Şikayətin düzgün həlli üçün qanunvericiliyin apellyasiya şikayəti vermə müddəti, bu müddətin başlanması və sair kimi hüquqi əhəmiyyət kəsb edən prosessual hüquq normaları təhlil olunmalıdır. Qeyd olunmalıdır ki, qətnamədən şikayət onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətinə verilə bilər.

20. Müddətlərin hesablanması qaydalarını müəyyən edən Azərbaycan Respublikası MPM-nin 128.3-cü maddəsinə görə illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.

21. Məhkəmə kollegiyası apellyatorun apellyasiya şikayətinin dəlillərinə münasibətdə bildirir ki, prosessual qanunvericilik prosessual müddətin bərpasını yalnız müddətin buraxılmasının səbəblərinin üzrlü olduğu halla, yəni apellyatordan asılı olmayan hallarla şərtləndirmişdir. Hazırkı işdə isə ərizəçinin belə bir hal səbəbindən müddəti buraxması müəyyən edilmir. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdeh tərəfin həmin qətnamədən apellyasiya şikayətinin verməsi üçün qanunvericilikdə müəyyən olunmuş prosessual müddətin ötürülməsinin üzrlü hesab edilməsi üçün əsaslar mövcud deyil.

22. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Gədəbəy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanmalıdır.

23. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad çıxartmaq səlahiyyətinə malikdir.

24. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsinə əsasən, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz.

25. Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin sadalanan maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gədəbəy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar