Məhkəmə qərarları › İş №2(3-7)-740/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-740/2026

24.06.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2(3-7)-740/2026 24.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və X2 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi ilə, Cavabdeh cavabdeh2 nümayəndəsi (vəkil) vəkil1 iştirakı ilə, Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-**/**** nömrəli qərardadından cavabdeh cavabdeh2 nümayəndəsi (vəkil) vəkil1 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiаçı İddiaçı MMC cavabdehlər cavabdeh2 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin * saylı Gəncə Ərazi İdarəsinə qarşı daşınmaz əmlak kompleksinə mülkiyyət hüququnun tanınması, həmin əmlakın 5/6 pay hissəsinə dair cavabdeh cavabdeh2 adına verilmiş ##.##.2023-cü il tarixli qeydiyyat nömrəsi ********** olan çıxarışın ləğv edilməsi tələbinə dair iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, ünvan 1 ünvanındakı 0,35913 ha torpaq sahəsində yerləşən 2042,5 kvm alkoqollu içkilərin istehsalı təyinatlı daşınmaz əmlak kompleksinə İddiaçı MMC-nin mülkiyyət hüququnun tanınması və həmin əmlakın 5/6 pay hissəsinə dair cavabdeh cavabdeh2 adına Daşınmaz Əmlakın Dövlət Kadastrı Reyestri Publik hüquqi şəxsin * saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş ##.##.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın etibarsız hesab edilməklə ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** nömrəli qərardadı ilə (hakim Rəşad Mustafayev), iddiаçı İddiaçı MMC-nin cavabdehlər cavabdeh2 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin * saylı Gəncə Ərazi İdarəsinə, * saylı Gəncə regional Asan xidmət mərkəzinin Notariat ofisinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsini, bağışlama müqaviləsinin etibarsız hesab edilməsini, X1 adına ünvan 1 ünvanında yerləşən əmlak kompleksinə dair verilmiş ##.##.2023cü il tarixli, ********** qeydiyyat nömrəli 4/6 pay hissəsinə dair çıxarışın ləğv edilməsi və cavabdeh2 adına ünvan 1 ünvanında yerləşən əmlak kompleksinə dair verilmiş ##.##.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli 5/6 pay hissəsinə dair çıxarışın ləğv olunması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Həmin qərardaddan narazı qalan cavabdeh cavabdeh2 nümayəndəsi (vəkil) vəkil1 şikayət verərək, Göygöl Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(***)-**/**** nömrəli qərardadının tamamilə ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, işin faktiki halları ondan ibarətdir ki, məhrum atası Abdullayev Müzamil İmran oğlunun vəfatından sonra ondan bir neçə miras əmlak qalmışdır. Həmin miras əmlaklardan bəziləri birgə nikah dövründə əldə edilmiş əmlak olmuşdur. Atasının 3 vərəsəsi olmuşdur: anası, o və iddiaçı olan bacısı. Anası mirası qəbul etdikdən sonra öz paylarını ona bağışlamışdır. Hazırda qeyd edilən miras əmlakların çoxunun 5/6 hissəsi onun mülkiyyətində, 1/6 hissəsi isə bacısı X4 mülkiyyətindədir. Lakin bu əmlakların çox hissəsinin onun mülkiyyətində olmasına baxmayaraq, bacısı onu bu əmlaklara buraxmamaq üçün hər vasitələrə əl atır. Ona görə də Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsində həmin əmlakların naturada bölünməsi üçün iddia qaldırmışdır. Lakin iddianı qaldırdıqdan sonra bacısı X4 işin yubadılması məqsədilə Göygöl Rayon Məhkəməsində və Gəncə Şəhər Məhkəməsində bir neçə əsassız iddia qaldırmışdır ki, hazırki iş də həmin iddialardan biridir. Hazırki iddianı qaldıran zaman iddiaçı məhkəməyə bir neçə saxta sənəd əlavə etmişdir ki, həmin sənədlərin də saxtalığı iş üzrə təyin edilmiş müvafiq ekspertizalarla təsdiq edilmişdir. Bundan sonra iddianın perspektivi olmadığını görən iddiaçı ərizənin baxılmamış saxlanılması tələb etsə də, cavabdeh tərəf olaraq işə mahiyyəti üzrə baxılmasını tələb etmişlər. Çünki məsələnin birdəfəlik həll olunmasını istəyirdilər. Lakin həmin vaxt məhkəmə çox təkiddən sonra iddianın baxılmamış saxlanılmasına razılıqları olmadığını görüb əvvəlcə işi təxirə salmış (baxmayaraq ki, məhkəmə baxış iclası artıq bir neçə dəfə təxirə salınmışdı), daha sonra isə iddiaçı tərəfdən əsassız bir vəsatət alıb işin icraatının dayandırılmasına nail olmuşdur. Həmin vaxt icraatın dayandırılması barədə qərardaddan tərəflərindən şikayət verilmiş və Gəncə Apellyasiya Məhkəməsinin müvafiq qərardadı ilə hakimin iş üzrə icraatın dayandırılması barədə qərardadının qanunsuz olduğu və işi mahiyyəti üzrə baxılması üçün məhkəməyə geri qaytarılması qərara alınmışdır. Vəziyyəti belə görən məhkəmə əvvəlcədən məlumat verməklə Gəncə şəhərindən Göygöl şəhərinə gedərkən yolda sıxlığın olması səbəbindən prosesə cəmi 5-10 dəqiqə gecikməyindən istifadə edərək təlm-tələsik ərizənin baxılmamış saxlanılması barədə qərardad qəbul etmişdir. Halbuki, bundan əvvəlki bütün proseslərdə iclasın təyin olunduğu vaxt məhkəmənin inzibati binasında olsalar da, həmişə vaxtından xeyli gec başlamışdır. (buna videogörüntülərə baxmaqla asanlıqla əmin olmaq olar) Hətta dərhal (elə məhkəmənin inzibati binasında) icraatın təzələnməsi ilə bağlı ərizə versələr də, məhkəmə qərəzli olaraq ərizəni təmin etməmişdir. Ümumiyyətlə İddiaçı MMC ilə onun arasında olan bütün məhkəmə çəkişmələrində hakimin ona qarşı olan qərəzini başa düşməmək mümkün deyildir. (bunun üçün əllərində xeyli sayda sübutlar var) Hesab edirlər ki, qərardad qanunvericiliyin tələblərinin kobud surətdə pozulması ilə qəbul edilmişdir. Ona görə də sözügedən qərardaddan şikayət vermək məcburiyyətində qalmışlar. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Lakin bildirmək istəyir ki, iş üzrə 8 hazırlıq iclası və 6 məhkəmə baxış iclası keçirilmişdir və qeyd ediln nöqsanlar olduğu halda nəyə görə bu qədər uzun müddət ərzində bunun müəyyən edilməməsi çox şübhəli məqamdır. Ona görə də hesab edir ki, belə olan halda işə mahiyyəti üzrə baxılaraq müvafiq qətnamə çıxarılmalı idi. Məhkəmə sözügedən qərardadda işə baxılmasının mümkün olmamasını müəyyən edən zaman olduqca absurd dəlillərə istinad etmişdir ki, bu da mülki-prosessual qanunvericilin tələblərinin kobud surətdə pozulması deməkdir. Məhkəmənin qeyd edilən qərardadı iddiaçıya yenidən eyni iddia ilə məhkəməyə müraciət etmək hüququ vermişdir ki, nəticədə o uzun müddət ərzində öz mülkiyyətindən məhrum olmaq məcburiyyətində qalmalı olur və bu da onun konstitusiyada və digər qanunlarda təsbit olunmuş mülkiyyət hüquqlarımın kobud şəkildə pozulmasına səbəb olur. Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-**/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-*)-***/**** nömrəli qərardadına əsasən işə şifahi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh2 nümayəndəsi (vəkil) vəkil1 şikayətdə göstərilənlərə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir. İş üzrə iddiaçının nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə, ona məhkəmə bildirişinin və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə, həmin xəbərdarlığı almasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini, cavabdehin nümayənəsinin(vəkilinin) izahatını, hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verib hesab edir ki, şikayət təmin edilməli, Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-**/**** nömrəli qərardadı ləğv edilməli, mülki iş materialları mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. İşə baxan birinci instansiya məhkəməsi öz qərarında göstərmişdir ki, iddia tələbində olan qeyri-müəyyənlik aradan qaldırılmadan və işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflərin məhkəməyə gəlməməsi səbəbindən iddia tələbinə mahiyyəti üzrə baxılması mümkün deyildir və bu səbəbdən də məhkəmə ərizəni baxılmamış saxlamışdır. Kollegiya məhkəmənin baxılan iş üzrə gəldiyi nəticə ilə razılaşmır və aşağıda göstərilənləri qeyd edir. Belə ki, məhkəmə kollegiyası baxılan şikayətlə bağlı hüquqi məsələlərə giriş olaraq qeyd edir ki, Konstitusiyanın 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Şəxsin məhkəmə müdafiəsi hüququnun reallaşdırılması yollarından biri onun pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək hüququdur. Bu hüququn mülki mühakimə icraatında həyata keçirilməsini müəyyən edən Azərbaycan Respublikasının MPM-in 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının MPM-in 4.2-ci maddəsinə əsasən Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikasının MPM-in 5.1-ci maddəsində göstərilmişdir ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılmasına yol verilmir. Konstitusiyanın 71-ci maddəsində göstərilmişdir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Bu Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz. Azərbaycan Respublikasının ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir. Azərbaycan Respublikasının MPM-in 1.2-ci maddəsində də qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiyasının normaları Azərbaycan Respublikasının bütün ərazisində ali hüquqi qüvvəyə və birbaşa təsirə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının normaları və məhkəmə icraatı qaydasını tənzimləyən normalar arasında ziddiyyət olduqda, Azərbaycan Respublikası Konstitusiyasının normaları tətbiq edilir. Lakin nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Buraya dövlət rüsumunun ödənilməsi, mübahisənin məhkəmədənkənar həlli qaydasına riayət olunması və s. kimi qanunla nəzərdə tutulmuş hallar aiddir. Avropa Məhkəməsi «X3rşı» ## ###### 1975-ci il tarixli qərarında göstərmişdir ki, məhkəməyə müraciət etmək hüququ özünün xarakteri etibarilə dövlət tərəfindən tənzimlənməli hüquqdur. Bu hüquqa qoyulan məhdudiyyətlər yalnız o halda Konvensiyanın 6-cı maddəsinə uyğun ola bilər ki, onlar qanuni məqsəd daşısın, tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan əlaqə mövcud olsun. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddia ərizəsinin baxılmamış saxlanılması ilə bağlı gəldiyi mövqeyi əsaslı deyildir. Belə ki, kollegiya ilk öncə onu qeyd edir ki, iddia ərizəsi məhkəmənin icraatına ##.##.2024cü il tarixdən daxil olmuş, bir neçə dəfə hazırlıq və məhkəmə baxışı iclasları təyin edilmiş, lakin, uzun müddət ərzində iş üzrə yekun olan qərar qəbul edilməmiş, sonra iş baxılmamış saxlanılaraq, tərəflərin hüquqları pozulmuşdur. Bundan başqa cavabdehin nümayəndəsi prosesə qısa zaman ərzində gecikmiş, məhkəmə bunu əsas gətirərək işi baxılmamış saxlamışdır. Göründüyü kimi, məhkəmə əsassız olaraq işin baxılmamış saxlanılması qənaətinə gəlmişdir. Bu məqamda məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının MPM-in 172.-ci maddəsi işlərin baxılması və həll edilməsi müddətlərindən bəhs edir: 172.1. İşə ağlabatan müddətdə, lakin ərizə məhkəməyə daxil olduğu vaxtdan aşağıdakı müddətlərdən gec olmayaraq baxılmalı və işin həllinə dair qətnamə və ya qərardad çıxarılmalıdır: 172.1.1 işə bərpa, aliment tutulmasına dair işlərə - 2 ay; 172.1.2 ipoteka müqaviləsindən irəli gələn mübahisələrə və iflas haqqında işlərə - 3 ay; 172.1.3.digər mübahisələrə dair işlərə - 4 ay müddətində; 172.2. İşdə iştirak edən şəxslərin sayının çoxluğu və ya baxışın təşkilinin xüsusilə mürəkkəb olması ilə əlaqədar bu Məcəllənin 172.1.3-cü maddəsində nəzərdə tutulmuş müddət məhkəmənin əsaslandırılmış qərardadı ilə 2 aydan artıq olmayan müddətə uzadıla bilər. Beləliklə, hazırkı mülki iş ##.##.2024-cü ildə Göygöl rayon məhkəməsinə daxil olmasına baxmayaraq uzun müddət yəni, 2 il 2 ay 2 gündən sonra baxılmamış saxlanılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yanlış nəticəyə gəlmişdir. Ona görə də, mülki iş materialları mahiyyəti üzrə baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-**/**** nömrəli qərardadı ləğv edilməli, mülki iş materialları mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-in 398.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəmənin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Həmçinin diqqətə çatdırılmalıdır ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman qərardadın əsaslandırma hissəsində göstərilən hüquqi mövqe nəzərə alınmalıdır. Azərbaycan Respublikasının MPM-in 399-cu maddəsində göstərilmişdir ki, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərardadlarından kassasiya şikayəti verilə bilən qərardadların dairəsi mülki prosessual qanunvericilikdə müəyyənləşdirilmişdir. Ona görə də, hazırki iş üzrə çıxarılan qərardadlardan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 260, 263, 264, 398.0.2, 399 və 402-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şikayət təmin edilsin. Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-**/**** nömrəli qərardadı ləğv edilsin. Mülki iş materialları mahiyyəti üzrə baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar