Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-848/2026 31.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh cavabdeh1 qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X3 ibarət tərkibdə, Məmmədova Gözəl Nəzarət qızının katibliyi, iddiaçı İddiaçı və cavabdeh cavabdeh1 nümayəndəsi X2 iştirakı ilə, iddiaçı İddiaçı(bundan sonra- iddiaçı) cavabdeh cavabdeh1(bundan sonracavabdeh) qarşı pul tələbinə dair mülki iş üzrə Tərtər Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ##### 2026-cı il tаrixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları **-BX-*** nömrəli “VAZ 21154 minik” markalı avtomobil (bundan sonra - avtomobil) ## ##### 2025-ci il tarixdə cavabdeh2 İslam oğlunun adına reyestrdə qeydiyyata alınmışdır. Avtomobilin “alğı-satqısı” barədə iddiaçı ilə cavabdeh arasında şifahi razılıq əldə olunmuş, iddiaçı avtomobilin dəyəri olaraq cavabdehə 6200 manat pul ödəmiş və avtomobil ## ##### 2025-ci il tarixdə iddiaçının sahibliyinə verilmişdir. Cavabdeh ## ##### 2025-ci il tarixdə cavabdeh2 İslam oğlunun nümayəndəsi qismində avtomobili idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər etmək kimi səlahiyyətlərin iddiaçıya verilməsi barədə etibarnamə vermişdir. cavabdeh2 İslam oğlu sözügedən etibarnaməni ## #### 2025-ci il tarixdə ləğv etdirmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 6200 manat və 82 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ##.##.2025-ci il tarixdə Tərtər rayonu, Söylən kənd sakini cavabdeh1 ilə sonuncunun xalası oğlu cavabdeh2 İslam oğlu cavabdeh1 məxsus “Hyundai” markalı, **-BH-*** dövlət nömrə nişanlı və cavabdeh2 məxsus olan “VAZ 21154” markalı, **-BX-*** dövlət nömrə nişanlı avtomobilin dəyişdirilməsi barədə razılığa gəlmişlər. cavabdeh2 avtomobillərin dəyişdirilməsinə görə cavabdeh1 7000 manat pul vermişdir. Bundan sonra cavabdeh1 cavabdeh2 məxsus “VAZ 21154” markalı, **-BX-*** dövlət nömrə nişanlı avtomobili 6200 manata ona satmış, cavabdeh2 tərəfindən ona etibarnamə verilmişdir. Lakin sonradan cavabdeh1 və cavabdeh2 arasında “VAZ 21154” markalı, **-BX-*** dövlət nömrə nişanlı avtomobilin dəyişdirilməsinə görə mübahisə yarandığından sonuncu həmin avtomobilə görə ona verilmiş ##.##.2025-ci il tarixli etibarnaməni ləğv etmişdir. Şikayəti əsasında Tərtər RPŞdə araşdırma aparılmış və Tərtər RPŞ TB-in təhqiqatçısının ##.##.2025-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Qeyd etdiyi hallar sözügedən qərarda öz təsdiqini tapmışdır. Hesab edir ki, cavabdeh ilə cavabdeh2 arasında yaranan mübahisənin ona aidiyyəti yoxdur. cavabdeh1 onun hesabına əsassız varlanmış, cavabdeh2 isə təqsirli hərəkətləri nəticəsində ona maddi zərər vurmuşdur. Cavabdeh iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, avtomobili cavabdeh2lə barter etdikdən sonra iddiaçıya satmış və iddiaçıya avtomobili öz adına keçirməyi xahiş etsə də, iddiaçı avtomobili öz adına qeydiyyata aldırmamışdır. Bir müddət sonra isə mülkiyyətçi cavabdeh2 etibarnaməni ləğv etdirmişdir. İddiaçı avtomobili qaytardığı təqdirdə 6200 manat pulu qaytara bilər. Tərtər Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(061)- ****/**** nömrəli iş üzrə ## ##### 2026-cı il tarixli qətnaməsi ilə (hakim K.Rzayev) iddia tələbinin təmin edilməsi, cavabdeh cavabdeh1 6200 manat pul vəsaitinin və 82 manat dövlət rüsumunun alınıb iddiaçı İddiaçı verilməsi qət edilmişdir. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, iddiaçı ilə cavabdeh arasında avtomobil alğı-satqısı olmuşdur. Belə ki, cavabdeh tərəf iddiaçıya “VAZ 21154” markalı, **-BX-*** dövlət nömrə nişanlı avtomobili 6200 manata satmış, lakin avtomobilin sahibi ona verdiyi etibarnaməni ləğv etdirmişdir. Bu səbəbdən iddiaçı cavabdehdən pulunu tələb etmiş, lakin cavabdeh pulu qaytarmaq istəməmiş, cavabdeh2lə dəyişdikləri avtomobili tələb etmişdir. Məhkəmə iclasında izahat vermiş iddiaçı cavabdehdən aldığı avtomobilin etibarnaməsinin cavabdeh2 tərəfindən ləğv edilməsini, avtomobildən istifadə edə bilmədiyini, bununla da ona 6200 manat ziyan dəydiyini, ziyanının ödəməsini cavabdehdən tələb etdiyini blidirmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında oğlu Eminin iddiaçı İddiaçı “VAZ 21154” markalı, **-BX-*** dövlət nömrə nişanlı avtomobili 6200 manata satdığını, həmin vaxt avtomobilin sahibi cavabdeh2 ona etibarnamə verdiyini, İddiaçı avtomobili adına sənədləşdirməsini xahiş etdiklərini, lakin sənədləşdirmədiyini, sonradan cavabdeh2 etibarnaməni ləğv etdirdiyini, onlara məxsus avtomobili qaytaracağı təqdirdə pulun idddiaçıya qaytarılmasına etiraz etmədiyini, hazırki iddianın onlara aid olmadığını, qəbul etmədiklərini və təmin edilməməsini xahiş etmişdir. Məhkəmə cavabdeh tərəfin izahatında iddiaçı tərəfin onlara məxsus olan avtomobili qaytaracağı təqdirdə onun pulunu qaytaracaqlarını bildirsə də, həmin vəsatəti sübut növü kimi qəbul etmədiyini və cavabdeh tərəfin özünümüdafiə xarakteri daşıması kimi qiymətəndirmişdir. Belə ki, məhkəmə istintaqı zamanı aydın olmuşdur ki, Tərtər rayonu, Söylən kənd sakini cavabdeh1 ilə cavabdeh2 İslam oğlu cavabdeh1 məxsus “Hyundai” markalı, **-BH-*** dövlət nömrə nişanlı və cavabdeh2 məxsus olan “VAZ 21154” markalı, **-BX-*** dövlət nömrə nişanlı avtomobilin dəyişdirilməsi barədə razılığa gəlmişlər. cavabdeh2 avtomobillərin dəyişdirilməsinə görə cavabdeh1 müəyyən məbləğdə pul vermişdir. Bundan sonra cavabdeh1 cavabdeh2 məxsus “VAZ 21154” markalı, **-BX-*** dövlət nömrə nişanlı avtomobili 6200 manata iddiaçı İddiaçı satmış, cavabdeh2 tərəfindən ona etibarnamə verilmişdir. Sonradan cavabdeh1 və cavabdeh2 arasında “VAZ 21154” markalı, **-BX-*** dövlət nömrə nişanlı avtomobilin dəyişdirilməsinə görə mübahisə yaranmış sonuncu həmin avtomobilə görə ona verilmiş ##.##.2025-ci il tarixli etibarnaməni ləğv etmişdir. Bütün bu proseslərdən iddiaçının məlumatı və iştirakı olmamışdır. Göründüyü kimi hər iki tərəfin verdiyi izahatlarla tam təsdiq olunmuşdur ki, cavabdeh tərəf iddiaçı tərəfə “VAZ 21154” markalı, **-BX-*** dövlət nömrə nişanlı avtomobili 6200 manata satmışdır. Bu hər iki tərəfin məhkəmədə verdikləri izahatlarla, cavabdeh tərəfin məhkəməyə təqdim etdikləri ərizə ilə öz təsdiqini tapmışdır. Rayon Məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 78.1, 88, 106.1, 119.1, 217.1, 217.2, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Məhkəmənin iddianın təmin edilməsi barədə çıxardıgı qətnamə qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz. Bu isə o deməkdir ki, iddianın cavabdehə münasibətdə təmin edilməsi tam əsassız olmuşdur və təmin edilməməli idi. Yəni iş materialarında iddianı təkzib edən sübut olduğu halda məhkəmə cavabdehdən 6200 manat pul vəsaitinin iddiaçının xeyrinə iddianın təmin edilməsi qanunsuz və əsassız olmuşdur. Belə ki, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9, 14.1, 88-ci maddələrində nəzərdə tutulmuş prinsip və göstərişlərə, ümumilikdə MPM-nin müəyyənləşdirdiyi qaydalara riayət etməməklə hərəkət edərək iş üzrə məhkəməyə təqdim etdiyim sübut növünü (cavabdehin nümayəndəsi X2 izahatını), məhkəməyə təqdim etdiyi və Tərtər Rayon Məhkəməsinin qanuni qüvvəsini almış ## ###### 2025-ci il tarixli, 2(061)-1599/2025№-li qətnaməsini və qətnamədə cavabdehin hazırki mübahisə ilə baglı xeyrinə olan işin faktiki hallarına və iş materiallarında olan Tərtər rayon Polis Şöbəsinin TB-in təhqiqatçısı tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda işin faktiki hallarına dair göstərilən halları qətiyyən nəzərə almamışdır. Ona görə də iddia tamamilə rədd edilməli idi. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə etiraz təqdim etməmişdir. Apellyasiya baxışının hədləri Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) hazırki apellyasiya baxışının hədləri ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşə baxmış Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamədən cavabdeh apellyasiya şikayəti vermiş və qətnamənin tam həcmdə ləğv edilməsini xahiş etmişdir. Göstərilənləri nəzərə alan Məhkəmə birinci instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsini tam yoxlamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia tələbinə etirazın və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, avtomobil hazırda onun sahibliyində olsa da, etibarnamə ləğv edildiyindən o, avtomobili idarə edə bilmir. Eyni zamanda cavabdeh2 avtomobilin qaytarılması barədə ona qarşı Xaçmaz Rayon Məhkəməsində iddia qaldırmışdır. O, avtomobili cavabdeh2 qaytarılmasına etiraz etmir, cavabdehə verdiyi 6200 manat pulun ona qaytarılmasını xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Maddə 76.1.Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Maddə 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sənədlərdən və tərəflərin məhkəmələrdə verdikləri izahatlardan müəyyən edilir ki, ##.##.2025-ci il tarixdə **-BX-*** dövlət qeydiyyat nişanlı “VAZ 21154” markalı avtomobil cavabdeh2 İslam oğlunun (hazırki iş üzrə tərəf olmayan) adına qeydiyyatda olmuş, həmin avtomobil cavabdeh tərəfindən 6200 manat müqabilində iddiaçıya verilmiş, eyni zamanda avtomobili idarə etmək və onun barəsində sərəncam vermək səlahiyyətlərini əks etdirən etibarnamə də iddiaçıya təqdim edilmişdir. Sonradan avtomobilin mülkiyyətçisi (cavabdeh2) tərəfindən həmin etibarnamə ləğv edilmiş və bunun nəticəsində iddiaçı aldığı avtomobildən istifadə və onun barəsində sərəncam vermək imkanından məhrum olmuşdur. Cavabdeh tərəfindən avtomobilə görə iddiaçıdan alınmış 6200 manat məbləğində pul vəsaitinin qaytarılmaması səbəbindən iddiaçı həmin vəsaitin tutulması tələbi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə qeyd olunan halları müəyyən edən Rayon Məhkəməsi hesab etmişdir ki, iddiaçının cavabdehə qarşı irəli sürdüyü tələb əsaslıdır və təmin edilməlidir. Rayon Məhkəməsinin iş üzrə gəldiyi həmin nəticə ilə razılaşmayan cavabdeh isə həmin qətnamədən verdiyi apellyasiya şikayətində məhkəmənin iş üzrə əhəmiyyətli hesab etdiyi halları və sübutları düzgün qiymətləndirmədiyini, o cümlədən cavabdehin nümayəndəsi X2 izahatının, Tərtər Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, 2(061)- ****/**** №-li qətnaməsinin və Tərtər Rayon Polis Şöbəsinin təhqiqatçısının ##.##.2025ci il tarixli qərarının nəzərə alınmadığını bildirmişdir. Məhkəmə hesab edir ki, apellyasiya şikayətində göstərilən həmin dəlillər Rayon Məhkəməsinin gəldiyi nəticənin əsassız hesab edilməsi üçün əsas vermir. Belə ki, apellyasiya şikayətində istinad olunan cavabdeh tərəfin nümayəndəsi X2 izahatından da avtomobilin iddiaçıya 6200 manat müqabilində verilməsi və sonradan avtomobilin adına rəsmiləşdirilməsi üçün zəruri olan etibarnamənin ləğv edilməsi faktları təsdiq olunur. Həmin izahatda avtomobil iddiaçıya qaytarıldığı təqdirdə 6200 manatın geri qaytarılmasına etiraz edilmədiyi də bildirilmişdir. Qeyd olunanlar tərəflər arasında 6200 manat məbləğində pul vəsaitinin verilməsi və avtomobilin iddiaçıya təqdim edilməsi faktının cavabdeh tərəfindən də mübahisələndirilmədiyini təsdiq edir. Eyni zamanda Məhkəmə qeyd edir ki, cavabdehin avtomobili cavabdeh2 əldə etməsi ilə bağlı onunla avtomobilin əvvəlki mülkiyyətçisi arasında yaranmış münasibətlər iddiaçının həmin avtomobilə görə ödədiyi pul vəsaitinin cavabdeh tərəfindən qaytarılmamasına əsas verən hal kimi qiymətləndirilə bilməz. Belə ki, iddiaçı həmin münasibətin iştirakçısı olmamış, avtomobilin cavabdeh tərəfindən ona verilməsi zamanı cavabdehin əvvəlki mülkiyyətçi ilə münasibətlərinin mahiyyətini və sonradan aralarında yaranacaq mübahisəni bilməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin cavabdeh2lə avtomobilin dəyişdirilməsi barədə razılaşmasının sonradan mübahisələndirilməsi və həmin münasibətlərdən irəli gələn nəticələr iddiaçının vicdanla ödədiyi 6200 manat məbləğində vəsaiti cavabdehin özündə saxlamaq üçün hüquqi əsas yarada bilməz. Çünki iddiaçı avtomobilə görə pul vəsaitini məhz cavabdehə ödəmiş, avtomobil də cavabdeh tərəfindən ona verilmişdir. Bu baxımdan, cavabdehin əvvəlki mülkiyyətçi ilə münasibətlərindən irəli gələn risklərin iddiaçının üzərinə qoyulması və nəticədə onun ödədiyi 6200 manatın cavabdehdə saxlanılması ədalətli və qanuni nəticə kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən, hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə edən şəxs əsassız varlanan şəxs hesab olunur. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə isə əsassız varlanma, o cümlədən varlanmanın həyata keçirilməmiş və ya sonradan aradan qalxmış əsasa söykəndiyi hallarda mövcud olur. Məcəllənin 1092.1-ci maddəsinə əsasən isə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə bir daha qeyd edir ki, hazırkı iş üzrə cavabdehin iddiaçıdan aldığı 6200 manat pul vəsaitini özündə saxlaması üçün hüquqi əsas yoxdur. Çünki avtomobilə dair iddiaçıya verilmiş etibarnamənin sonradan avtomobilin əvvəlki mülkiyyətçisi tərəfindən ləğv edilməsi nəticəsində iddiaçı ödədiyi pulun qarşılığında avtomobildən istifadə və onun barəsində sərəncam vermək imkanından məhrum olmuşdur. Buna görə də cavabdehin aldığı 6200 manat məbləğində pul vəsaitini özündə saxlaması əsassızdır. Məhkəmə hesab edir ki, apellyasiya şikayətində istinad edilən Tərtər Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsi (İş № *(061)-1599/2025) də hazırkı iş üzrə iddiaçının cavabdehdən 6200 manat tələb etmək hüququnu aradan qaldırmır. Belə ki, istinad olunan 2(061)-****/**** №-li mülki iş üzrə qəbul edilmiş qətnamənin predmetini və tərəflər arasındakı hüquq münasibətlərini hazırkı iş üzrə mübahisənin predmeti ilə eynilik təşkil etmir. Həmin işdə tərəflər arasında avtomobilin əldə edilməsi ilə bağlı münasibətlər araşdırıldığı halda, hazırkı iş üzrə mübahisə iddiaçının avtomobilə görə cavabdehə ödədiyi 6200 manat məbləğində pul vəsaitinin özündə saxlanılmasının hüquqi əsasının olub-olmaması ilə bağlıdır. İşə baxan Rayon Məhkəməsi də məhz bu münasibətə hüquqi qiymət vermişdir. Eyni ilə, Tərtər Rayon Polis Şöbəsinin təhqiqatçısının ##.##.2025-ci il tarixli qərarı da apellyasiya şikayətində göstərilən nəticəyə gəlmək üçün əsas vermir. Belə ki, həmin qərarla cinayət işinin başlanmasının rədd edilməsi mübahisə üzrə cinayət tərkibinin müəyyən edilməməsi ilə bağlı olmuş, İddiaçı (hazırki iş üzrə iddiaçı) tələbinin mülki xarakterli olduğu və həmin tələblə mülki iddia icraatı qaydasında məhkəməyə müraciət edə biləcəyi izah edilmişdir. Beləliklə, həmin qərarın mövcudluğu iddiaçının hazırki tələbi irəli sürmək hüququnu istisna etmir. Bunlardan başqa, apellyasiya şikayətində cavabdehin nümayəndəsinin izahatının Rayon Məhkəməsi tərəfindən sübut kimi qiymətləndirilməməsinin qanunsuz olduğu da qeyd edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin bu dəlili də əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş materialarından görünür ki, Rayon Məhkəməsi cavabdeh tərəfin izahatını digər sübutlardan təcrid olunmuş şəkildə deyil, işdə olan digər sübutlarla, o cümlədən nəqliyyat vasitəsinin qeydiyyat sənədləri, etibarnamə, polis orqanının araşdırması zamanı müəyyən edilmiş hallar və tərəflərin izahatları ilə birlikdə qiymətləndirmişdir. Aparılmış həmin araşdırma nəticəsində avtomobilin cavabdeh tərəfindən iddiaçıya 6200 manata verilməsi faktının tərəflərin izahatları ilə təsdiq olunduğu müəyyən edilmişdir. Bundan başqa, cavabdeh tərəfin avtomobili geri qaytarması müqabilində pulun qaytarılmasını şərt kimi irəli sürməsi də iddiaçının tələbini rədd etmək üçün əsas sayıla bilməz. Çünki iddiaçının avtomobili hansı hüquqi əsasla və hansı şərtlərlə geri qaytarmalı olması hazırkı iş üzrə cavabdeh tərəfindən ayrıca qarşılıqlı tələb kimi irəli sürülməmişdir. Məhkəmə isə Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarır. Buna görə də cavabdehin ayrıca tələb etmədiyi bu məsələ hazırkı iş üzrə iddiaçının 6200 manat məbləğində pul vəsaitinin tutulması tələbinin həllinə təsir edə bilməz. Beləliklə, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, cavabdehin iddiaçıdan aldığı 6200 manat məbləğində pul vəsaitini özündə saxlaması üçün hüquqi əsas yoxdur. Avtomobilin iddiaçıya verilməsindən və sonradan avtomobildən istifadə və onun barəsində sərəncam verməyə imkan verən etibarnamənin ləğv edilməsindən sonra iddiaçının ödədiyi pul vəsaitinin cavabdehdə qalmasını əsaslandıran hal yoxdur. Buna görə də iddiaçı həmin məbləğin ona qaytarılmasını cavabdehdən tələb etməkdə, Rayon Məhkəməsi isə bu tələbi təmin etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətində göstərilən dəlillər iş üzrə müəyyən edilmiş halları və Rayon Məhkəməsinin gəldiyi nəticəni ləğv etməyə əsas vermir. Odur ki, şərh olunanları, MPM-in 385-ci maddəsinin tələbini nəzərə alan və MPMin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən Məhkəmə, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Tərtər Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ##### 2026-cı il tаrixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(3-7)-848/2026
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-848/2026
31.08.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver