Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-887/2026 07.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İsmayılova Aynurə Nadir qızının cavabdeh İsmayılov Zamil Muzadil oğluna qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “birgə nikah dövründə əldə edilmiş əmlak bölgüsü”) Hakimlər Məmmədov Tural Nurulla oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi, iddiaçı İsmayılova Aynurə Nadir qızının cavabdeh İsmayılov Zamil Muzadil oğlu və onun nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə İddiaçı İsmayılova Aynurə Nadir qızının cavabdeh İsmayılov Zamil Muzadil oğluna qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair mülki iş üzrə Samux Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Samux Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2023-cü il tarixli qətnaməsindən görünür ki, İsmayılov Zamil Muzadil oğlu ilə İsmayılova Aynurə Nadir qızı arasında ##.##.2008-ci il tarixdə Samux Rayon Qeydiyyat şöbəsində bağlanmış, ** saylı akt qeydi ilə qeydə alınmış nikahın pozulması, ##.##.2009-cu il tarixdə doğulmuş İsmayılova Ayşən Zamil qızının və ##.##.2014-cü il tarixdə doğulmuş İsmayılova Fatimə Zamil qızının anası İsmayılova Aynurə Nadir qızının yanında saxlanılmas, ##.##.2009-cu il tarixdə doğulmuş İsmayılova Ayşən Zamil qızının və ##.##.2014-cü il tarixdə doğulmuş İsmayılova Fatimə Zamil qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün İsmayılov Zamil Muzadil oğlundan hər ay, hər uşağa görə 150 (yüz əlli) manat sabit pul məbləğində alimentin tutularaq İsmayılova Aynurə Nadir qızına ödənilməsi qət edilmişdir.
2. ##.##.2014-cü il tarixli Torpaq Alqı-Satqı Müqaviləsinin surətindən görünür ki, satıcı İsmayılov Vəliyəddin Məmməd oğlu mülkiyyətində olan Samux rayonu Sərkar kəndində yerləşən 0.092 ha torpaq sahəsini alıcı İsmayılov Zamil Muzadil oğluna satmışdır.
3. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ************ reyestr nömrəli çıxarışın surətindən görünür ki, Samux rayonu Sərkar kəndində yerləşən 0.092 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İsmayılov Zamil Muzadil oğluna məxsusdur.
4. ##.##.2025-ci il tarixli Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC tərəfindən verilən rəydən görünür ki, İsmayılov Zamil Müzadil oğluna məxsus Samux rayonu, Sərkar kəndində yerləşən 0,092 ha torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evinin tikintisinə çəkilmiş xərc 40687.35 manat, Samux rayonu, Sərkar kəndində yerləşən 0,092 ha torpaq sahəsi üzərində tikilmiş mağazanın tikintisinə çəkilmiş xərc 7978.2 manat təşkil edir.
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı İsmayılova Aynurə Nadir qızı cavabdeh İsmayılov Zamil Muzadil oğluna qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi” tələbi ilə məhkəməyə müraciət edərək Samux rayonu Sərkar kəndində yerləşən əmlakın və “Chevrolet Cruze” minik markalı **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobilin ½ hissəsinə payının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh İsmayılov Zamil Muzadil oğlu ilə ##.##.2008-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından ##.##.2009-cu il təvəllüdlü İsmayılova Ayşən Zamil qızı və ##.##.2014-cü il tarixdə İsmayılzadə Fatimə Zamil qızı anadan olmuşdur. Cavabdeh nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmiş, Samux Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, 2(058)- ****/**** saylı qətnaməsi ilə nikahları pozulmuş, ##.##.2009-cu il tarixdə doğulmuş İsmayılova Ayşən Zamil qızının və ##.##.2014-cü il tarixdə doğulmuş İsmayılova Fatimə Zamil qızının onu yanında saxlanılmaları, ##.##.2009-cu il tarixdə doğulmuş İsmayılova Ayşən Zamil qızının və ##.##.2014-cü il tarixdə doğulmuş İsmayılova Fatimə Zamil qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün İsmayılov Zamil Muzadil oğlundan hər ay, hər uşağa görə 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Samux Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsi ilə alimentin miqdarı artırılaraq, İsmayılov Zamil Muzadil oğlundan ##.##.2009-cu il tarixdə anadan olmuş İsmayılova Ayşən Zamil qızının və ##.##.2014-cü il tarixdə anadan olmuş İsmayılzadə Fatimə Zamil qızının yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay, hər uşağa görə 180 (yüz səksən) manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Bildirir ki, cavabdehin Samux rayonu, Sərkar kəndində yerləşən əmlakı və "Chevrolet Cruze" minik markalı **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Onlar həmin əmlakı və avtomobili birgə nikah dövründə almışdırlar. Ona görə də, qeyd etdiyi əmlakdan və avtomobildən ½ hissədə payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir.
7. İddiaçı İsmayılova Aynurə Nadir qızı ## ######## 2024-cü il tarixdə məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək cavabdehlə birgə nikah dövründə əldə olunmuş Samux rayon Sərkar kəndində yerləşən 0.092 ha torpaq sahəsindən ½ hissədə payının müəyyən edilməsi, həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin və mağazanın dəyərinin ½ hissəsinin, “Chevrolet Cruze” minik markalı **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin ½ hissəsinin cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı İsmayılova Aynurə Nadir qızı ## ###### 2026-cı il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehlə birgə nikah dövründə əldə olunmuş Samux rayon Sərkar kəndində yerləşən 0.092 ha torpaq sahəsindən və “Chevrolet Cruze” minik markalı **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobildən ½ hissədə payının müəyyən edilməsi, sözügedən torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin və mağazanın dəyərinin ½ hissəsinin cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Samux Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ilə (hakim T.Ə.Kərimova) iddia təmin edilmiş, iddiaçı İsmayılova Aynurə Nadir qızı ilə cavabdeh İsmayılov Zamil Muzadil oğlunun birgə nikah dövründə əldə etdikləri Samux rayon Sərkar kəndində yerləşən 0.092 ha torpaq sahəsindən və “Chevrolet Cruze” minik markalı **- EK-*** dövlət qeydiyyat nişanlı avtomobildən ½ hissədə İsmayılova Aynurə Nadir qızının payının müəyyən edilməsi, Samux rayon Sərkar kəndində yerləşən 0.092 ha torpaq sahəsinin üzərində tikilmiş fərdi yaşayış evininin dəyəri olan 40687.35 manat pul vəsaitinin ½ hissəsi və həmin torpaq sahəsinin üzərində tikilmiş mağazanın dəyəri olan 7978.2 manat pul vəsaitinin ½ hissəsi cavabdeh İsmayılov Zamil Muzadil oğlundan alınaraq iddiaçı İsmayılova Aynurə Nadir qızına verilməsi, ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat pul İsmayılov Zamil Muzadil oğlundan alınaraq Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMCnin hesabına, (KOD-200093, VÖEN-9900003611, müxbir hesab AZ37NABZ01350100000000001944, hesab- AZ66AİİB38030019443905478109) köçürülməsi, ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul İsmayılov Zamil Muzadil oğlundan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirli Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, (Büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, KOD: 210005, VÖEN- 1401555071, müxbir hesabı AZ41NABZ01360100000000003944, SFİFT BİK CTREAZ22, VÖEN: **********, hesab- AZ34CTRE00000000000002088501) köçürülməsi qət edilmişdir.
10. Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından aydın olmuşdur ki, tərəflər arasında ## ###### 2008-ci ildə nikah bağlanmış, onlar 2023-cü ilədək nikahda olmuş, Samux Rayon Məhkəməsinin ## ###### 2023-cü il tarixli qətnaməsinə əsasən nikahları pozulmuşdur. Mübahisəli daşınar əmlak-“CHEVROLET CRUZE” MİNİK markalı **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobil və daşınmaz əmlak-Samux rayonu Sərkar kəndində yerləşən 0.092 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsi tərəflərin birgə nikahı dövründə əldə edilmiş və sözügedən əmlaklara dair cavabdehin mülkiyyət hüququ qeydiyyata alınmışdır. İşin bu halı iş materialları əsasında öz təsdiqini tapmış və cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Həmçinin iddiaçının mülkiyyətində olan Samux rayonu Sərkar kəndində yerləşən 0.092 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsinin üzərində tikilmiş fərdi yaşayış evi və mağaza tərəflərin birgə nikahı dövründə inşa edilmiş, lakin həmin tikililərə dair rəsmi sənəd əldə olunmamışdır. İşin bu halı isə, yəni fərdi yaşayış evinin və mağazanın birgə nikah dövründə inşa edilmiş olması cavabdehin məhkəmə iclasında verdiyi izahatı (etirafı) ilə öz təsdiqini tapmışdır. Lakin cavabdeh sözügedən fərdi yaşayış evinin və mağazanın iddiaçı ilə birgə nikah dövründə inşa edilməsinə baxmayaraq həmin tikililərin inşası xərcinin o və atası tərəfindən çəkildiyini idda etmişdir. Halbuki cavabdeh məhkəməyə, iddia tələbinin sözügedən hissəsinə etirazının əsası kimi istinad etdiyi bu halı təsdiq edəcək hər hansı sübut təqdim etməmişdir. Sözügedən tikililərə (fərdi yaşayış evinə və mağazaya) çəkilmiş xərcin məbləği müvafiq rəy əsasında müəyyən edilmişdir.
11. Məhkəmə qeyd etmişdir ki, iddia tələbi tərəflərin birgə nikah dövründə əldə etdikləri Samux rayonu Sərkar kəndində yerləşən 0.092 ha torpaq sahəsindən və “Chevrolet Cruze” minik markalı **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobildən iddiaçının ½ hissədə payının müəyyən edilməsi, həmçinin sözügedən torpaq sahəsində tikilmiş fərdi yaşayış evinin və mağazanın dəyərinin ½ hissəsinin cavabdehdən alınaraq iddiaçıya verilməsi tələbindən ibarətdir. İddia tələbində sözügedən daşınar və daşınmaz əmlakların tərəflərin birgə nikahı dövründə əldə edildiyi məhkəmə araşdırması nəticəsində sübuta yetdiyinə görə məhkəmə hesab edir ki, iddiaçı öz tələbində haqlıdır. Cavabdeh isə bütün məhkəmə iclaslarında iddia tələbində sözügedən əmlakların onun iddiaçı ilə birgə nikahı dövründə əldə olunduğunu (inşa edildiyini) etiraf etməsinə baxmayaraq etirazının əsası kimi istinad etdiyi halı, yəni fərdi yaşayış evinin və mağazanın onun və atasının vəsaiti hesabına inşa edilməsinə dair irəli sürdüyü arqumneti sübuta yetirə biməmişdir. Halbuki mülki prosessual qanunvericiliyin tələbinə görə, hər kəs öz iddiasının və etirazının əsası kimi istinad etdiyi halı sübut etmə yükünü daşıyır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, tərəflərin birgə nikahları dövründə əldə olunmuş, İsmayılov Zamil Muzadil oğlunun adına qeydə alınmış, Samux rayonu Sərkar kəndində yerləşən 0.092 ha torpaq sahəsindən və “Chevrolet Cruze” minik markalı 20-EK195 dövlət qeydiyyat nişanlı avtomobildən ½ hissədə iddiaçı İsmayılova Aynurə Nadir qızının payı müəyyən edilməli, həmçinin Samux rayon Sərkar kəndində yerləşən 0.092 ha torpaq sahəsinin üzərində tikilmiş fərdi yaşayış evininin dəyəri olan 40687.35 manat pul vəsaitinin ½ hissəsi və Samux rayonu Sərkar kəndində yerləşən 0.092 ha torpaq sahəsi üzərində tikilmiş mağazanın dəyəri olan 7978.2 manat pul vəsaitinin ½ hissəsi cavabdeh İsmayılov Zamil Muzadil oğlundan alınaraq iddiaçı İsmayılova Aynurə Nadir qızına verilməlidir.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32, 36.1, 37.1, 37.2-ci, Mülki Məcəllənin 225-ci maddəsinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
13. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək Samux Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-**/**** saylı qətnaməsinin qismən ləğv edilməsi və iddia tələbinin torpaq sahəsinin ½ payının müəyyən edilmiş hissədə ləğv edilməsinə, torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin və həmin torpaq sahəsi üzərində tikilmiş mağazanın tikilməsi üçün xərclənmiş pulun ancaq nikah dövründə tikilmiş hissəsinin hesablanmasına və ekspertiza üçün xərclənmiş pulun cavabdehdən tutulmasına dair hissəsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı İsmayılova Aynurə Nadir qızı ilə cavabdeh İsmayılov Zamil Muzadil oğlu ##.##.2008-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Onların birgə nikahdan iki uşaqları anadan olmuşdur. Tərəflərin arasında olan nikah Samux Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qətnaməsi ilə ləğv edilmiş,birgə nikahdan doğulan uşaqlar analarının himayəsinə verilmiş və uşaqların saxlanması üçün cavabdehdən aliment tutulub iddiaçıya ödənilməsi qət edilmişdir. Daha sonra iddiaçı əmlak tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək Samux rayon Sərkar kəndində yerləşən 0.092 ha torpaq sahəsindən və “Cevrolet Cruze” minik markalı **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobildən ½ hissədə payının müəyyən edilməsi, sözügedən torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin və mağazanın dəyərinin ½ hissəsinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qət edilməsini xahiş etmiş və onun iddiası təmin edilmişdir. Tərəflər evlənməmişdən əvvəl cavabdehin mərhum atası Samux rayon Sərkar kəndində yerləşən 0.092 ha torpaq sahəsini almış, lakin həmin vaxt torpağın sənədləri olmadığı üçün aldığı torpağı adına rəsmiləşdirə bilməmişdir. Daha sonra cavabdeh Zamil İsmayılovun əmisinin adına torpağı rəsmiləşdirib, Zamilə alqı-satqı yolu ilə vermişlər. Qısaca mübahisə edilən torpaq birgə nikah dövründə əldə edilməmişdir. Tərəflər evlənərkən həmin torpaq sahəsinin üzərində cavabdehin atasının tikdiyi iki otaq ev, mətbəxin bir hissəsi və mağazanın bir divarı hazır olmuşdur. Tərəflər evləndikdən sonra cavabdeh hissə-hissə otaqların və mağazanın qalan hissəsini tikmiş otaqların təmiri və tikilməsinə ümumilikdə 15000 (on beş min) manat pul xərcləmişdir. Birinci instansiya məhkəməsi cavabdehin fikirlərinə məhəl qoymamış, maddi və prossesual hüquq normalarının pozulması ilə qətnamə qət etmişdir. Belə ki, cavabdeh torpağın nikahdan əvvəl alıbdığınl və üzərindəki tikililərin çox hissəsinin də nikahdan əvvəl mövcud olduğunu bildirsə də, məhkəmə lazımı qaydada araşdırma aparmadan iddianı formal olaraq təmin etmişdir. Ekspertiza mağazanın tikilişi üçün sərf olunan məbləği iki dəfə artıq yazmışdır. Halbuki mağazanın bir divarı əvvəldən mövcud olmuş, digər tərəflərin tikinti və təmirinə isə 3850 (üç min səkkiz yüz əlli) manat pul xərclənmişdir. Evin iki otağı, mətbəxin və aynəbəndin bir divarı mövcud olmuş, digər hissələrin tikinti və təmiri üçün isə 11150 (on bir min yüz əlli) manat pul xərclənmişdir. Torpaq sahəsinin cavabdehin mərhum atası tərəfindən tərəflərin birgə nikahdan əvvəl aldığına, həmin torpaq sahəsi üzərində cavabdehin mərhum atası tərəfindən evin iki otağının, mətbəxinin və obyektin bir hissəsinin tikilməsinə dair məhkəmə iclasında şahidlər ifadə verəcək. Həmin evdə usta işləmiş şəxlər evin əvvəl hansı hissəsinin olduğunu daha sonra hansı hissəsinin tikdiklərini deyəcəklər.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətinə uyğun izahat verərək, təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, mübahisəli ev birgə nikah dövründə tikilməmiş və cavabdehin atası tərəfindən alınmışdır. Evin sadəcə müəyyən bir hissəsi birgə nikah dövründə tikilmişdir ki, həmin hissə üzrə də tikintinin tamamlanmasına ümumi 15.000 manat pul xərclənmişdir. Həmin pulun və birgə nikah dövründə əldə edilmiş olan avtomobilin bölünməsinə etiraz etmirlər. Lakin torpaq sahəsi nikahdan əvvəl mövcud olduğu üçün onun bölünməsinə etiraz edirlər. Cavabdehin atası həmin kənddə yaşamadığına görə əvvəlcə torpağı bələdiyyədən cavabdehin əmisinin adına almışlar, daha sonra 5 il həmin kənddə daimi yaşadıqdan sonra ev əmisi tərəfindən cavabdehin öz mülkiyyətinə keçirilmişdir, ona görə də həmin alqı - satqı müqaviləsi formal hesab olunmalıdır. Avtomobilin bölünməsinə etiraz etmirlər, bununla bağlı mübahisə yoxdur. Çəkilmiş təmir xərcinin yarısı kimi 7500 manat pul ödənilməsinə etiraz etmirlər.
17. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdeh İsmayılov Zamil Muzadil oğlu apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Nümayəndənin bildirdiyi fikirlər ilə razılaşır. Torpaq üzərində yerləşən tikililərin sənədi mövcud deyildir. Birgə nikah dövründə yarımçıq tikililərin tamamlanmasına cəmi 15.000 manat pul xərcləmiş və həmin məbləğin yarısını ödəməyə etiraz etmir.
18. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçı İsmayılova Aynurə Nadir qızı torpağın alqı - satqısı formal olmamışdır. Belə ki övladı və o, şahiddir, keçmiş yoldaşı torpağı almağa görə əmisinə pul ödəmişdi. Əgər torpağın üzərində yerləşən tikililərin çıxarışı mövcud olsa idi, o yenə də pay əvəzinə onun dəyəri qismində pul tələb edəcəkdi ki, özünə yaşamaq üçün ev ala bilsin.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29, İ hissə. Hər kəsin mülkiyyət hüququ vardır. Maddə 29, İİ hissə. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Maddə 29, İİİ hissə. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Maddə 60, İ hissə. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
20. Azərbayan Respublikasının Mülki Məcəlləsi Maddə 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Maddə 135.9. Əgər müxtəlif növlü əşyalar ümumi təyinat üzrə istifadə edilməsini nəzərdə tutan vahid tam yaradırlarsa, bir əmlak (mürəkkəb əmlak) sayılırlar. Mürəkkəb əmlak barəsində bağlanmış əqdin qüvvəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, onun bütün tərkib hissələrinə şamil edilir. Maddə 135.10. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 225.1 Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.
21. Azərbaycan Respublikası Ailə Məcəlləsi Maddə 31.1. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Maddə 31.2. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Maddə 32.2.2. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.
22. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 13.7. Üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır.
23. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2024-cü il tarixli, */**** nömrəli Qərarı: Bənd 3.3. Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 32.1-ci maddələri nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ər-arvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyanı ehtiva edir. Bənd 3.4. Prezumpsiya dedikdə, əksi sübut edilənədək həqiqi sayılan ehtimal başa düşülür. Qeyd edilən ehtimala əsas verən hər hansı hüquqi faktın və ya hadisənin mövcudluğuna istinad edilərək, bəlli olmayan digər bir hal (prezumpsiyanın nəticəsi) təsbit olunur. Bu halda şəxs prezumpsiyanın nəticəsini deyil, onun təməlini təşkil edən halı sübut etməklə prezumpsiyanın nəticəsini ayrıca sübut etmək yükündən azad olur. Bənd 3.7. Əmlak üzərində birgə mülkiyyət hüququnun tanınmasını tələb edən ər (arvad) həmin əmlakın nikah dövründə əldə edildiyini sübut etməlidir. Bu halın sübuta yetirilməsi ərə (arvada) birgə mülkiyyət prezumpsiyasının yaratdığı hüquqi vəziyyətdən istifadə imkanı verir. Yəni ər (arvad) əlavə olaraq əmlakın birgə gəlirlər hesabına, əvəzli olaraq əldə olunmasını və bu səbəbdən özünün də mülkiyyətçi olduğunu sübuta yetirmək vəzifəsi daşımır. Bənd 3.8. Bununla belə, qeyd edildiyi kimi, prezumpsiya əksi sübut edilə bilən bir ehtimaldır. Həmin ehtimalın əksini iddia edən şəxs müvafiq sübutlar təqdim etməklə prezumpsiyanı aradan qaldıra bilər. Bənd 3.9. Ər-arvadın birgə mülkiyyəti prezumpsiyasını aradan qaldıran hallar Ailə Məcəlləsinin 34-cü maddəsində göstərilmişdir. Həmin normaya görə, nikaha daxil olanadək ərarvada məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak, eləcə də fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) onların hər birinin ayrıca (fərdi) mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 77.1ci maddəsinə əsasən həmin halları sübut etmək yükü bunu iddia edən və ya iddiaya etiraz edən tərəfin üzərinə düşür. Bənd 3.10. Belə ki, prosessual qanunvericilik sübutetmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, mübahisəyə tətbiq edilməli olan maddi hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Əgər sübutetmə yükü qanunla başqa tərəfin üzərinə qoyulubsa, yaxud şəxs qanuni və ya faktiki prezumpsiyaya istinad edirsə, fərqli qayda tətbiq edilir. Bənd 3.11. Ümumi mülkiyyət prezumpsiyasının əksini iddia edən ər (arvad) mübahisəli əmlakı birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq deyil, nikahdan əvvəlki əmlakı hesabına və ya bağışlama, vərəsəlik, yaxud digər əvəzsiz əqd əsasında əldə etdiyini sübuta yetirməlidir. Bənd 4.14. Mülki Məcəllənin 178.8-ci maddəsinə uyğun olaraq podrat müqaviləsi üzrə inşa edilən çoxmənzilli yaşayış binalarının dövlət reyestrində ilkin qeydiyyata alınmamış müstəqil tərkib hissələri (mənzil və ya qeyri-yaşayış sahələri) üzərində mülkiyyət hüququ əmələ gəlmədiyi üçün ər-arvadın ümumi mülkiyyəti sayıla və bölünə bilməz. Bənd 4.15. Bununla yanaşı, birgə nikah dövründə ər-arvadın ümumi əmlakı hesabına çoxmənzilli yaşayış binalarında yerləşən, lakin dövlət reyestrində ilkin qeydiyyata alınmamış mənzil və qeyri-yaşayış sahələrinə dair bağlanmış müqavilələr həmin sahələrə dair belə müqavilələrdən irəli gələn, habelə gələcəkdə mülkiyyət hüququnun tanınması da daxil olmaqla bir sıra hüquqlar əmələ gətirir. Belə mənzil və qeyri-yaşayış sahələrinə hüquqlar da ər-arvadın ümumi əmlakına daxil olduğundan bu hüquqda tərəflərin payları müəyyən edilə bilər. Məsələn, ərin (arvadın) iddiası əsasında məhkəmə qət edə bilər ki, konkret tarixli və nömrəli müqavilədən əmələ gəlmiş hüquqda ər-arvadın hər birinin payı müəyyən edilsin. Bu hüquq gələcəkdə ərarvaddan birinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınarsa, digər tərəfin də hüququ qətnamədə müəyyən edilmiş paya mütənasib olaraq tanınmalıdır. Bənd 6.14. Təcrübədən görünür ki, ər-arvadın ümumi əmlakının bölgüsünə dair iddia tələbləri bir qayda olaraq, konkret predmet(lər) üzərində iddiaçının (və ya tərəflərin) müvafiq pay(lar)ının tanınması formasında ifadə edilir. Halbuki tələbin bu şəkildə qeyd olunması bir çox halda tərəflərin həqiqi arzusunu əks etdirmir. Boşanmış (ailə ittifaqı pozulmuş) şəxs bir qayda olaraq, əmlak münasibətlərində də ortaqlıqdan ayrılmaq və payına düşən predmetlərin fərdi mülkiyyətçisi olmaq istəyir, məhkəməyə də bu səbəbdən müraciət edir. Bənd 6.15. Belə olan halda, mübahisə predmetləri üzərində yalnız payların tanınması tərəflərin çatmaq istədikləri hüquqi mənafeləri təmin etmir. Bu səbəbdən eyni şəxslər sonradan paylarının ayrılması və ya əşyanın bölünməsi barədə mülki qanunvericiliyə əsaslanan ayrıca tələblərlə məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalırlar. Bənd 6.16. Ona görə də, ər-arvadın ümumi əmlakda payının müəyyən olunması barədə iddia tələbi bütün hallarda təsbit iddiası kimi qəbul edilməməli, tərəflər arasındakı mübahisənin mahiyyəti aydınlaşdırılmalı, onların çatmaq istədikləri hüquqi nəticə müzakirə edilməklə iddianın təsbit, yoxsa bölünmə barədə olması, həmin tələblərin bütün ümumi əmlakı, yoxsa onun tərkibinə daxil olan ayrı-ayrı predmetləri əhatə etməsi, əmlakın aktivi ilə yanaşı, passivinin də mübahisəli olub-olmadığı, tələbin yönəldiyi hər bir predmet dəqiqləşdirilməlidir. Bu məqsədlə hakim işi məhkəmədə baxılmağa hazırlayarkən qeyd edilən halları Mülki Prosessual Məcəllənin 14.1-ci və 167.1-ci maddələrinə uyğun qaydada tərəflərlə müzakirə etməli, dəqiqləşdirmənin nəticələri məhkəmənin iclas protokolunda aydın şəkildə əks etdirilməlidir.
24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır.
Apellyasiya baxışının hədləri
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
26. Hazırkı işdə iddia təmin edildiyindən, apellyasiya şikayətində cavabdeh qətnaməni “Samux rayon Sərkar kəndində yerləşən 0.092 ha torpaq sahəsindən ½ hissədə İsmayılova Aynurə Nadir qızına payın müəyyən edilməsi, Samux rayon Sərkar kəndində yerləşən 0.092 ha torpaq sahəsinin üzərində tikilmiş fərdi yaşayış evininin dəyəri olan 40687.35 manat pul vəsaitinin ½ hissəsi və həmin torpaq sahəsinin üzərində tikilmiş mağazanın dəyəri olan 7978.2 manat pul vəsaitinin ½ hissəsinin cavabdeh İsmayılov Zamil Muzadil oğlundan alınaraq iddiaçı İsmayılova Aynurə Nadir qızına verilməsi, ekspertiza tədqiqatının dəyərinin cavabdehdən tutulması” hissəsində mübahisələndirdiyindən, qətnamənin əsaslığı həmin hissələrdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisəli torpaq sahəsinin üzərində yerləşən tikililərə münasibətdə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi həmin hissədə təmin edilməməlidir.
28. İşin məhkəmə kollegiyası tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər ## ###### 2008-ci il tarixindən 2023-cü ilədək rəsmi nikahda olmuşdurlar. Birgə nikah dövründə Samux rayonu Sərkar kəndində yerləşən 0.092 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsi əldə edilərək cavabdehin adına rəsmiləşdirilmişdir. Həmçinin həmin torpaq sahəsində fərdi yaşayış evi və mağaza tərəflərin birgə nikahı dövründə inşa edilmişdir. İddiaçı Samux rayonu Sərkar kəndində yerləşən 0.092 ha torpaq sahəsindən ½ hissədə payının müəyyən edilməsini, həmçinin sözügedən torpaq sahəsində tikilmiş fərdi yaşayış evinin və mağazanın dəyərinin ½ hissəsinin cavabdehdən alınaraq ona verilməsini və nikah dövründə əldə edilmiş avtomobilə payının müəyyən edilməsini xahiş etmişdir. Cavabdeh isə şikayətində mübahisə obyekti olan Samux rayon Sərkar kəndində yerləşən 0.092 ha torpaq sahəsinin, həmin torpaq sahəsi üzərində olan iki otaq, mətbəxin bir hissə və obyektin yarısının nikahdan əvvəl mövcud olduğunu, ər arvadın birgə qazancı hesabına əldə edilmədiyini bildirmişdir.
29. İşə baxan birinci instansiya məhkəməsi iddia tələbində sözügedən daşınmaz əmlakların tərəflərin birgə nikahı dövründə əldə edilməsi səbəbindən iddiaçının tələbində haqlı olması əsası ilə Samux rayon Sərkar kəndində yerləşən 0.092 ha torpaq sahəsindən iddiaçıya ½ hissədə payı müəyyən etməklə qanuni və əsaslı nəticəyə gəlmiş, lakin həmin torpaq sahəsinin üzərində tikilmiş fərdi yaşayış evinin dəyəri olan 40687.35 manat pul vəsaitinin ½ hissəsi və həmin torpaq sahəsinin üzərində tikilmiş mağazanın dəyəri olan 7978.2 manat pul vəsaitinin ½ hissəsinin cavabdeh İsmayılov Zamil Muzadil oğlundan alınaraq iddiaçı İsmayılova Aynurə Nadir qızına verilməsi hissəsində iddianın təmin edilməsinə dair nəticəyə gələrkən, baxılan işdə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir.
30. Məhkəmə kollegiyası, ilk növbədə, apellyatorun dəlillərinə münasibətdə qeyd edir ki, Samux rayonu Sərkar kəndində yerləşən 0.092 ha torpaq sahəsi birgə nikah dövründə alğısatqı yolu ilə (##.##.2014-cü il) əldə edilmiş və cavabdehin adına rəsmiləşdirilmişdir.
31. Ailə Məcəlləsinə əsasən, ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
32. Ər-arvadın əmlakının qanuni rejimini tənzimləyən maddələrinin məzmunundan göründüyü kimi, ər-arvad arasında nikah müqaviləsi bağlanmadığı halda (ər-arvadın əmlakının müqavilə rejimi) ər və ya arvad tərəfindən əldə edilməsindən (kimin adına qeydə alınmasından) asılı olmayaraq əmlakın ümumi birgə mülkiyyət sayılması üçün iki şərt mövcud olmalıdır, əmlak: 1) nikah müddətində; 2) ər-arvadın ümumi vəsaiti (qazancı) hesabına əldə edilməlidir.
33. Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 32.1-ci maddələri əmlakın ər-arvadın ümumi birgə mülkiyyət sayılması üçün iki şərt nəzərdə tutmaqla yanaşı, nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ər-arvadın birgə mülkiyyəti sayılmasına dair prezumpsiyanı nəzərdə tutmuşdur.
34. Prezumpsiya dedikdə, əksi sübut edilməyənədək mötəbər sayılan ehtimal başa düşülür. Qeyd edilən ehtimala əsas verən hər hansı hüquqi rejimin, qaydanın və s. mövcudluğuna istinad edilərək, bəlli olmayan digər bir hal (prezumpsiyanın nəticəsi) təsbit olunur. Bu halda şəxs prezumpsiyanın nəticəsini deyil, onun təməlini təşkil edən halı sübut etməklə prezumpsiyanın nəticəsini ayrıca sübut etmək yükündən azad olur.
35. Ümumi mülkiyyət prezumpsiyasının əksini iddia edən ər (arvad) mübahisəli əmlakı birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq deyil, nikahdan əvvəlki əmlakı hesabına və ya bağışlama, vərəsəlik, yaxud digər əvəzsiz əqd əsasında əldə etdiyini sübuta yetirməlidir.
36. İşdən görünür ki, cavabdeh evlənməmişdən əvvəl onun mərhum atasının mübahisələndirilən torpaq sahəsinin aldığını, lakin həmin vaxt torpağa dair müvafiq sənədlərin olmadığı üçün aldığı torpağı adına rəsmiləşdirə bilmədiyini, daha sonra əmisinin adına torpağı rəsmiləşdirib, ona alğı-satqı yolu ilə verildiyini bildirsə də, bununla bağlı hər hansı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda, mübahisəli torpaq sahəsi tərəflərin ümumi birgə mülkiyyəti sayılır və iddiaçı tərəfin torpaq sahəsi üzərində payının müəyyən edilməsini xahiş etdiyindən, iddiaçının ½ hissədə payı müəyyən edilməlidir.
37. Kollegiya, iddia tələbinin mübahisəli torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evininin və mağazanın dəyərinin ½ hissəsinin cavabdehdən tutulması hissəsinə dair Ali Məhkəmənin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı Qərarındakı hüquqi mövqeyinə istinad etməyi zəruri hesab edir. Həmin Qərarda qeyd edilir ki, bu cür əşyalara aid hüquq münasibətləri mülki qanunvericiliyin daşınmaz əşya üzərində mülkiyyət hüququ ilə bağlı ümumi normaları əsasında tənzimlənir.
38. Qanuna əsasən, torpaq sahələri və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır.
39. Məlum olduğu kimi, əsas daşınmaz əşya sayılan torpaq sahəsi və ona bağlı olan digər fiziki obyektlər mülkiyyət hüququnun predmetidir. Yəni, mülki hüququn subyektləri onun üzərində mülkiyyət hüququ qura bilərlər.
40. Kollegiya vurğulayır ki, ümumi mülkiyyətin növləri olaraq birgəlik və ya paydaşlıq əşyaya deyil, əşya üzərindəki hüquqa münasibətdə aparılan bölgüdür. Yəni ümumi mülkiyyətdəki əşya üzərində payı olan şəxs həmin pay nisbətində əşyanın hansısa bir hissəsinin mülkiyyətçisi deyil, əşyanın tamamı üzərində olan vahid mülkiyyət hüququna öz payı nisbətində şərikdir. Başqa sözlə, ümumi mülkiyyətçinin hüququ əşyanın naturada bir hissəsinə yox, onun tamamına şamil olunur. Məsələn, torpağın ümumi mülkiyyətçilərdən hər hansı birinin sahənin naturada onun payına uyğun gələn hissəsinə deyil, hər nöqtəsinə münasibətdə öz payı həcmində mülkiyyət hüququna malik olduğu qəbul edilir. Bu hüquqi vəziyyət əşya naturada bölünənədək və ya paylar naturada ayrılanadək (fərdi mülkiyyət vəziyyətinə keçənədək) davam edir.
41. Mübahisəli ev və mağaza yerləşdiyi torpaq sahəsinin tərkib hissəsidir. Bu səbəbdən, kollegiya, əşyanın tərkib hissəsi və onun hüquqi vəziyyəti barədə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
42. Əşyanın tərkib hissələri mürəkkəb əşyanı təşkil edən elə bitişik əşyalardır ki, onlar olmadan mürəkkəb əşyanın əmələ gəlməsi və iqtisadi baxımdan ondan gözlənilən faydanı verməsi mümkün olmur. Tərkib hissələr əsas əşya ilə bir bütün – vahid əşya əmələ gətirmək üçün birləşən və bununla da meydana gələn yeni obyektə mürəkkəb əşya olma xüsusiyyətini verən parçalardır. Məsələn, ekran, düymələr, plastik qapaq, çiplər və s. əşyalar birləşərək kompyuteri; yaxud torpaq, daş, qum, armatur, qapı, pəncərə, dam örtüyü birləşərək fərdi yaşayış evini meydana gətirirlər. Sadalanan tərkib hissələrin əsas əşyadan ayrılması əşyanın maddi bütünlüyünü və iqtisadi funksiyasını pozmadan mümkün olmur. Beləliklə, bir iqtisadi məqsəd üçün birləşmiş müxtəlif növlü əşyalar vahid (mürəkkəb) əşya hesab olunurlar.
43. Bu səbəbdən Mülki Məcəllənin 135.9-cu və 135.10-cu maddələrində nəzərdə tutulmuşdur ki, əgər müxtəlif növlü əşyalar ümumi təyinat üzrə istifadə edilməsini nəzərdə tutan vahid tam yaradırlarsa, bir əmlak (mürəkkəb əmlak) sayılırlar. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir.
44. Həmin Məcəllənin 135.4-cü maddəsində xüsusi olaraq göstərilmişdir ki, torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir.
45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu da ## #### 2023cü il tarixli qərarında bildirmişdir ki, qanunverici son zamanlar istər Mülki Məcəllənin özündə, istərsə də digər aidiyyəti Məcəllələrdə vahid mülkiyyət yanaşmasına üstünlük vermişdir.
46. Belə olan halda, məhkəmə tərkibi hazırkı mübahisənin qanuni və ədalətli həlli üçün vahid mülkiyyət qaydasına uyğun olaraq, mübahisəli evi və mağazanı onun yerləşdiyi torpaq sahəsinin tərkib hissəsi, dolayısı ilə onları vahid daşınmaz əşya hesab edir.
47. Tərkib hissənin, o cümlədən vahid əşyanın hüquqi vəziyyəti ilə bağlı qeyd edilməlidir ki, bir əşya başqa bir əşyanın tərkib hissəsinə çevrildiyi andan müstəqil əşya vəsfini itirir, əsas əşyanın hüquqi vəziyyətinə tabe olur. Bu o deməkdir ki, əsas əşyanın mülkiyyətçisi tərkib hissənin də mülkiyyətçisi hesab olunur.
48. Mülki Məcəllənin 135.10-cu maddəsində əşyanın mülkiyyətçisinin onun bütün tərkib hissələrinin mülkiyyətçisi olduğu açıqca göstərilir.
49. Yuxarıda göstərilən hüquqi mövqelərə əsasən apellyasiya kollegiyası bu qənaətə gəlir ki, hazırkı məqamda Samux rayon Sərkar kəndində yerləşən 0.092 ha torpaq sahəsinin üzərində tikilmiş fərdi yaşayış evininin dəyəri olan 40687.35 manat pul vəsaitinin ½ hissəsi və həmin torpaq sahəsinin üzərində tikilmiş mağazanın dəyəri olan 7978.2 manat pul vəsaitinin ½ hissəsi cavabdeh İsmayılov Zamil Muzadil oğlundan alınaraq iddiaçıya ödənilməsi mümkün olmadığından qətnamə tələbin təmin olunan həmin hissəsində ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia həmin hissədə rədd edilməlidir.
50. Kollegiya onu da xüsusi olaraq vurğulayır ki, mövcud hüquqi vəziyyətə görə iddianın təmin edilməsinin mümkün olmaması, iddiaçını gələcəkdə mübahisəli əmlakla bağlı hüquqi vəziyyət dəyişəcəyi təqdirdə (əmlaka dair hüquqmüəyyənedici sənədlərin veriləcəyi təqdirdə) yeni əsaslarla həmin əmlaklara dair iddia qaldırmaq imkanından məhrum etmir.
51. Belə ki ümumi mülkiyyətdə olan əşyadan payın naturada ayrılması və ya bölünməsi mümkündür. Bunu edən ümumi mülkiyyətçi əşyanın öz payına uyğun olaraq naturada ayrılmış (və ya bölünmüş) hissəsinə fərdi mülkiyyət hüququ əldə edir. Fərdi mülkiyyət hüququna malik olan şəxs isə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbini irəli sürə bilər. Bu halda qaldırılacaq iddia yeni əsasla irəli sürülmüş tələb sayılacaq.
52. Eyni zamanda, apellyasiya şikayətində mübahisələndirilən ekspertiza üçün xərclənilmiş pulun cavabdehdən tutulmasına münasibətdə bildirir ki, həmin məhkəmə xərci iddiaçıya aid edilməlidir. Belə ki, tələb ekspertiza keçirilən hissədə rədd edilmişdir.
53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Samux Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi Samux rayon Sərkar kəndində yerləşən 0.092 ha torpaq sahəsinin üzərində tikilmiş fərdi yaşayış evininin dəyəri olan 40687.35 manat pul vəsaitinin ½ hissəsi və həmin torpaq sahəsinin üzərində tikilmiş mağazanın dəyəri olan 7978.2 manat pul vəsaitinin ½ hissəsinin cavabdeh İsmayılov Zamil Muzadil oğlundan alınaraq iddiaçı İsmayılova Aynurə Nadir qızına verilməsi hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi həmin hissədə rədd edilsin. İş üzrə keçirilmişqiymətləndirmə tədqiqiatının dəyəri üçün ödənilmiş 300 (üç yüz) manat pul vəsaiti iddiaçıdan alınaraq Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin hesabına köçürülsün. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.