Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(3-8)-170/2026 16.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri–Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş əmlak bölgüsü tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-2435/2025 nömrəli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlak bölgüsü tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikah dövründə əldə edilmiş və onun mülkiyyətində olan “Ford Fusion” markalı, **-EG-*** dövlət nömrə nişanlı avtomobildə paylarının 1/2 hissədə müəyyən edilməsi və həmin avtomobilə mülkiyyət hüququnun tanınması barədə qərar qəbul edilməsi, Cavabdeh məxsus banklarda depozit hesablarda, bank kartlarında mövcud olan pul vəsaitləri birgə nikah dövründə əldə edildiyi üçün bərabər paylarda müəyyən edilməsi, mediasiya prosesində ödədiyi 60 manat, məhkəməyə ödədiyi 50 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2435/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Şəbnəm Həxiyeva) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh adına mülkiyyət hüququ əsasında qeydiyyata alınmış «Ford Fusion» markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəflərin birgə nikah dövründə əldə etdikləri əmlak kimi bərabər paylarla bölünməsi, həmin əmlak üzərində Cavabdeh ½ (ikidə bir) pay hüququ və İddiaçı ½ (ikidə bir) pay hüququ üzrə mülkiyyət hüquqlarının tanınması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, hazırkı qətnamənin Cavabdeh və İddiaçı göstərilən avtomobil üzərində paylı mülkiyyət hüquqlarının Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsində qeydə alınması üçün əsas olması, Cavabdeh ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun və 60 (altmış) manat mediasiya xərcinin əvəzinin alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Maraqlarında toxunan şəxs qismində Maraqlı şəxs tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2435/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-2435/2025 saylı qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2435/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Maraqlı şəxs iş üzrə tərəf olmamış, eləcə də işdə iştirak etməyə cəlb edilməmişdir. Eləcə də Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2435/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin onun maraqlarına toxunub-toxunmadığını müəyyən edən hallar iş materiallarında öz əksini tapmamışdır. Maraqlı şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)- 2435/2025 saylı qərardadından şikayət verilmiş və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 2435/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən şikayətin verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edilərək buraxılmış müddətin üzrlü hesab edilərək bərpa edilməsi məhkəmədən xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı iddia predmeti olan «Ford Fusion» markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobili necə, harada hansı qiymətə alındığını sübut etməmişdir. Çünki həmin avtomobil formal cəhətdən cavadehin adına qeydiyyatda olsa da əslində onun mülkiyyətindədir, daimi onun sahibliyində və istifadəsində olmuşdur. Lakin məhkəmə iddiaçı tərəfindən MPM-in 77.1-ci maddəsinin tələblərinə riayət edilməməsini yoxlamadan, qiymət vermədən qətnamə çıxamışdır. Halbuki, iddiaçı özü də təsdiq edir ki, Cavabdeh avtomobil alveri ilə məşğuldur. Cavabdeh yalnız 2024-cü il ərzində 121 dəfə avtomabilə sərəncam vermək üçün etibarnamə vermişdir. Həftədə iki dəfə maşın alıb-satmaq, cavabdehin dediyi kimi sadəcə özü üçün maşın almaq həvəsi ilə izah edilə bilməz. Bu etibarnamələr bahalı xarici markalı avtomaşınlara verilmişdir. Sumqayıt reqional Qeydiyat-imtahan və texniki baxış şöbəsinin məktubuna əsasən Cavabdeh adına “Ford Fusion” markalı, **-EG-*** dövlət nömrə nişanlı avtomaşın qeydə alınmışdır.” Göründüyü kimi iddiaçı iddia predmetinin yalnız DYP-də cavabdehin adına rəsmiləşməsinə əsaslanmışdır. Digər tərəfdən məhkəmə DYP-yə sorğu verməmiş, mübahisə predmeti olan avtomobilin etibarnamə və ya digər əsasla hazırda kimin sahibliyində olmasını müəyyən edərək, məhkəməyə maraqlı şəxs qismində cəlb etməmişdir. Bununla da məhkəmə MPM-in 4, 8 və 9-cu maddələrini pozmuşdur. Məhkəmə onu cəlb etmədiyindən qətnamədən yalnız qüvvəyə minəndən sonra məlumat almışdır. Odur ki, e-2(060)-2435/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ləğv edib apellyasiya şikayətini işlə birlikdə Sumqayıt apellyasiya məhkəməsinə göndərilməsini xahiş edir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-2435/2025 saylı qərardadı ilə Maraqlı şəxs Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2435/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən «apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair» ərizəsi təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-2435/2025 saylı qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayətin təmin edilməməsi, baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-2435/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Belə ki, Mülki Prosessual Məcəllənin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllnin 357.2-ci maddəsinə əsasən həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun K.Maraevin şikayəti üzrə 29 iyul 2016-cı il tarixli qərarında işdə iştirak etməyə cəlb olunmamış və məhkəmənin qərarı ilə hüquqlarına və qanuni maraqlarına toxunan şəxsin statusunun 3 səciyyəvi əlamətini - onun məhkəmədə baxılan işə tərəf qismində cəlb edilməməsi; - iş üzrə qəbul edilmiş məhkəmə qərarının onun hüquqlarına və qanuni maraqlarına toxunması; - öz hüquqlarının və qanuni maraqlarının müdafiəsində həm maddi, həm də prosessual marağının olmasını - müəyyən etmişdir. Mülki Məcəllənin 152.8-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Həmin Məcəllənin 362.1-ci bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Məhkəmə kollegiyası göstərilənlərə əsasən qeyd edir ki, nəqliyyat vasitəsinin etibarnamə əsasında hər hansı bir şəxsin istifadəsində olması həmin əmlakın etibarnamə əsasında idarə edən şəxsin mülkiyyətçisi olmasını təsdiq etməməklə, rəsmi reyestrdə qeydə alınan daşınar əşyalarla bağlı mülkiyyət hüququna dair qeyd rəsmi reyestr məlumatlarına əsaslanır. Buna görə də qətnamənin Maraqlı şəxs hüquq və vəzifələrinə toxunmaması əsası ilə apellyasiya şikayətinin geri qaytarılmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-2435/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Maraqlı şəxs şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-2435/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-8)-170/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-8)-170/2026
16.02.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver