Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-399/2026 25.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı Kərimov İlqar Vaqif oğlunun cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: dəymiş ziyanın əvəzinin ödənilməsi) Hakim Almaz Məhərrəm qızı Süleymanovanın sədrliyi və məruzəsi, Hakimlər X2 və X3 ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, Cavabdeh Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili vəkil1 iştirakları ilə, İddiaçı Kərimov İlqar Vaqif oğlunun cavabdeh Cavabdeh qarşı “dəymiş ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı Kərimov İlqar Vaqif oğlu cavabdeh Cavabdeh qarşı dəymiş ziyanın əvəzinin tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh tərəfindən İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi nəticəsində iddiaçının mülkiyyətində olan “TOYOTA AVALON” markalı, ** ND *** dövlət nömrə nişanlı minik avtomobilinə dəymiş 6100 məbləğində maddi ziyanın və ödənilmiş 81 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Kərimov İlqar Vaqif oğlu mülkiyyətində olan “TOYOTA AVALON” markalı ** ND *** dövlət nömrə nişanlı minik avtomobilini ##.##.2024cü il tarixində Binəqədi-Xırdalan yolunda idarə edən zaman cavabdeh Cavabdeh tərəfindən idarə edilən “VOLKSWAGEN GOLF” markalı, ** MZ *** dövlət nömrəli minik avtomobili ilə toqquşmuşdur. Hadisə ilə bağlı araşdırma aparılmış, cavabdeh barəsində inzibati tənbeh vermə haqqında ##.##.2024-cü il tarixli TP ******* nömrəli qərar qəbul edilmişdir. Həmin qərarla cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 80 manat məbləğində cərimə edilmişdir. Cavabdehin təqsirli hərəkəti nəticəsində iddiaçıya məxsus avtomobilə 6100 manat məbləğində maddi ziyan dəymiş, bu barədə ziyan aktı tərtib edilmişdir. Ancaq cavabdeh vurduğu ziyanı ödəməkdən yayınır. Eləcə də cavabdeh tərəfindən idarə etdiyi avtomobil icbari qaydada sığorta edilmədiyi üçün dəymiş zərərin sığorta ödənişi almaqla aradan qaldırılması mümkün deyildir.
3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. Binəqədi DYP tərəfindən qəbul edilmiş ##.##.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, ##.##.2024-cü il tarixdə, saat 18:05 radələrində Binəqədi-Xırdalan yolunun ara məhəlləsində Cavabdeh «Volkswaen Golf» minik markalı, ** MZ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol-hərəkəti qaydalarını pozmuş və nəticədə «Toyota Avalon» minik markalı, ** ND *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə maddi ziyan vurmuş və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 80 manat miqdarında cərimə edilmişdir.
5. Dəymiş zərərin hesablanmasına dair ##.##.2024-cü il tarixli aktın surətindən görünür ki, 2007-ci buraxılışlı, «Toyota Avalon» minik markalı, ** ND *** dövlət qeydiyyat nişanlı avtomobilə 6100 manat maddi ziyan dəymişdir.
6. “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli rəyindən görünür ki, ##.##.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı «Toyota Avalon» minik markalı, ** ND *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin ümumi məbləği həmin tarixə 5875 manat müəyyən edilir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
7. Abşeron Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Məlahət Abbasova) iddianın qismən təmin edilməsi, Cavabdeh Kərimov İlqar Vaqif oğlunun xeyrinə 5875 manat, ödənilmiş dövlət rüsumuna görə 81 manat və iş üzrə keçirilmiş mütəxəssis tədqiqatının dəyəri kimi ödənilmiş 505 manat pulun tutulması, mütəxəssis tədqiqatının dəyəri kimi ödənilməmiş 300 manat pulun Cavabdeh tutularaq “xxxx” MMC-yə ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096 və 1108.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.7, 103.1, 88, 107, 119.1, 217.3, 217.4, 216-220 və 360-cı maddələri ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
9. Cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə edilmiş foto şəkildən göründüyü kimi avtomobil sol yan hissədən sürtülmüş, əzilməsinə baxmayaraq heç bir ehtiyyat hissəsi sıradan çıxmamışdır. Yalnız kraska işi ilə aradan qaldırıla bilən ziyan dəymişdir. Lakin iddiaçı avtomobilini ona yığdırmaq qərarına gələrək qərəzli olaraq avtomobilində olan bütün qüsur və çatışmamazlığın sözügedən xırda bir avtoqəza nəticəsində əmələ gəldiyini iddia etmişdir. Nəzərə çatdırır ki, sözügedən avtomobilin siğortası olmuş və nəticədə siğorta şirkəti dəymiş ziyanın ödənilməsini iddiaçıya verməli və sonda reqres qaydada ondan tələb etməlidir. Lakin buna baxmayaraq hakim sözügedən halı yəni, siğorta şirkəti tərəfindən iddiaçıya hər-hansı bir miqdarda pul vəsaitinin ödənilib-ödənilməməsini aydınlaşdırmamışdır. Bununla yanaşı onun məhkəmə iclaslarında iştirakını təmin etməyərək, kobud qanun pozuntusu etmişdir. Belə ki, o, sözügedən iş barədə məlumatı yalnız İcra şöbəsindən dəvət edilən zaman bilmişdir. Hazırkı vaxtadək məhkəmədən ona bildiriş və yaxud qətnamə göndərilməmişdir. Göründüyü kimi iddiaçının siğortası olmuş və nəticədə ziyan onun tərəfindən vurulmasına baxmayaraq iddiaçıya pulu ödəməli olan şəxsdir. Lakin hakim sözügedən halı aydınlaşdırmamış, ola bilsin ki, iddiaçı məhs bu hüququndan da, istifadə edərək vurulmuş ziyana görə siğorta ödənişi almışdır. Qanunvericlikdə nəzərdə tutulmuş olduğu kimi ziyan vurmuş şəxs vurulmuş zərərin əvəzini ödəməyə borcludur. İş materiallarından göründüyü kimi avtoqəza baş vermiş və ona məxsus avtomobilin ön hissəsi iddiaçıya məxsus avtomobilin sol nahiyyəsinə dəymişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən göründüyü kimi qanunvericilikdə nəzərdə tutulmuş surət həddini aşmadan avtomobili idarə etmişdir. Hadisə baş verən ərazidə müəyyən edilmiş surət həddi 50 km-saat surətdir. Belə olan halda idarə etdiyi avtomobilin surəti maksimum 30-40 km-saat surət olmuşdur. Sözügedən surətlə avtomobilə vurmuş olduğu ziyan isə iddiaçı tərəfindən təqdim edilmiş 1 və 2-ci fotoşəkillərdə açıq şəkildə görünməkdədir. Yəni avtomobilin yalnız qapısı əzilmişdir. Vurmuş olduğu ziyan qarşılığında cavab verməyə və vurmuş olduğu ziyanı ödəməyə tam olaraq hazırdır. Lakin iş materiallarından göründüyü kimi sözügedən avtoqəza nəticəsində iddiaçıya sözügedən məbləğdə ziyanın dəyməsi hüquqdan istifadədir. İddiaçı hüquqdan istifadə edərək avtomobilini tam olaraq ona düzəltdirmək niyyətindədir. Məhkəmə iddia tələbi üzrə sübutlara düzgün qiymət verməmişdir. Belə ki, sədrlik edən iş materiallarında açıq şəkildə görməkdədir ki, onun vurmuş olduğu ziyan nə qədərdir. Hakim iş materiallarına birgə tətqiq etmək əvəzinə heç bir qeydiyyatı olmayan bir müəsisənin vermiş olduğu qüsur aktı əsasında verilmiş rəyə istinad edərək qətnamə qəbul etmişdir. Qapısı vurulmuş avtomobilin radiatorunun, eləcə də rulavoyunun, eyni zamanda zaşitnikinin sıradan çıxması ağlabatan olmamaqla gülüncdür. Verilmiş iddia qondarma olmaqla yanaşı hüquqdan istifadədir və iddiaçı bununla əsassız varlanmağa nail olmaq istəmişdir. İş materiallarından göründüyü kimi sədrlik edən onun məhkəmə iclaslarında iştirakını qərəzli olaraq təmin etməmiş, ona bildiriş göndərməmiş və bununla da iddiaçının xeyrinə qətnamə çıxarmaqda yönələn hərəkətlər etmişdir. Sədrlik edən siğorta şirkətinə sorğu verərək iddiaçıya dəymiş ziyanın ödənilibödənilməməsini, eləcədə ilkin hadisə yerinə gəlmiş sirğotanın müəyyən etmiş olduğu ziyanın miqdarını öyrənməkdən qərəzli şəkildə yayınmışdır. Qəbul edilmiş qətnamə ona göndərilməmiş, icra və probasiya şöbəsindən çağrıldıqda ona məlum olmuşdur ki, sözügedən qətnamə qəbul edilmişdir. Bundan sonra ## ###### 2026-cı il tarixdə məhkəməyə müraciət edərək qətnaməni əldə etmişdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Apellyasiya icraatı iştirakçılarının izahatları
12. Cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.
13. Cavabdehin nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.
14. İş üzrə iddiaçı Kərimov İlqar Vaqif oğlu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.
Apellyasiya baxışının hədləri
15. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
19. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
20. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh ##.##.2024-cü il tarixdə idarə etdiyi «Volkswaen Golf» avtobus markalı, ** MZ *** dövlət qeydiyyat nişanlı avtomobillə Binəqədi-Xırdalan yolunun ara məhəlləsində yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə zamanı Kərimov İlqar Vaqif oğluna məxsus «Toyota Avalon» minik markalı, ** ND *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Binəqədi DYP-nin ##.##.2024-cü il tarixli qərarı ilə Cavabdeh ##.##.2024-cü il tarixdə törətmiş olduğu yol-nəqliyyat hadisəsi ilə əlaqədar Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddəsinə əsasən onun barəsində inzibati tənbeh tədbirləri görülmüşdür. Həmin yol-nəqliyyat hadisəsi nəticəsində Kərimov İlqar Vaqif oğlunun idarə etdiyi avtomobil əzilmiş, bir sıra detallar sıradan çıxmışdır. “xxxx” ASC-nin İxtisaslaşdırılmış Avtomobil Mərkəzinin X1 tərəfindən dəymiş ziyan qiymətləndirilərək ümumilikdə 6100 manat müəyyən edilmişdir. İddiaçı avtomobilinə dəymiş zərərin ödənilməsini cavabdehdən tələb edir.
21. Birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin edilmişdir /bax bənd 7/.
22. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında yaranmış mülki hüquq münasibətlərinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1ci maddəsində nəzərdə tutulmuş yüksək təhlükə mənbəyi tərəfindən vurulmuş zərərin əvəzinin tələb edilməsi təşkil edir. ##.##.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçı İlqar Kərimovun idarə etdiyi avtomobilə vurulmuş zərərin ümumi məbləği 5875 manat təşkil edir. Məhkəmə bu nəticəyə gələrkən sığorta qurumunun tərtib etdiyi ##.##.2024-cü il tarixli aktı deyil, “xxxx” MMC-nin ##.##.2025ci il tarixli rəyini daha mötəbər sübut növü kimi qəbul etmişdir. Məhkəmə hesab etmişdir ki, 5875 manat pul delikt törətmiş cavabdeh Cavabdeh tutularaq iddiaçı Kərimov İlqar Vaqif oğluna qaytarılmalıdır.
23. Məhkəmə qətnaməsi ilə razılaşmayan cavabdeh Cavabdeh apellyasiya şikayəti vermişdir.
24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.
25. Məhkəmə kollegiyası hesab edir gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə, işin faktiki hallarına uyğundur.
26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək aşağıda şərh olunaları qeyd etməyi zəruri bilir:
27. Məhkəmə kollegiyası vurulmuş zərərin yenidən hesablanması ilə bağlı apellyatorun dəlilinə münasibətdə qeyd edir ki, göründüyü kimi birincin instansiyadakı araşdırma zamanı vurulmuş zərərin müəyyən edilməsi məqsədi ilə məhkəmə tərəfindən əmtəəşünaslıq ekspertizası təyin edilmiş və rəyə əsasən zərərin miqdarı müəyyən edilmişdir. Həmin rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir.
28. Kollegiya həmçinin qeyd edir ki, cavabdeh zərərin həcmini və hesablanmış miqdarını mübahisələndirsə də etirazının əsası olaraq istinad etdiyi hallara dair hər hansı bir sübut təqdim edilmədiyindən, iş üzrə təkrar ekspertizanın təyin edilməsinə zərurət görülməmişdir.
29. Bundan başqa, cavabdehin etirazının dəlillərinə aydınlıq gətirilməsi məqsədi ilə məhkəmə araşdırması zamanı iş üzrə sübutlar, zərər dəymiş avomaşının hadisə yerində qeydə alınmış fotoşəkilləri, qüsur aktı tətqiq edilmiş, avtomaşının hadisə nəticəsində sol hissədən zərbə aldığı, səkinin üzərinə qalxdığı və qabaq hissədən də ehtiyat hissələrinin sıradan çıxdığı müəyyən edilmişdir.
30. Məhkəmə kollegiyası vurulmuş zərərə görə sığorta ödənişinin əldə edilməsi ilə bağlı şikayətin dəlillərini də araşdırmış, bu məqsədlə İcbari Sığorta Bürosuna sorğu verilmişdir.
31. ##.##.2026-cı il tarixli Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən ünvanlanmış sorğuya cavabdan görünür ki, büronun informasiya sistemində axtarış zamanı müraciətdə qeyd edilən Kərimov İlqar Vaqif oğlunun mülkiyyətində olan “Toyota Avalon” markalı, **ND*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə aid ##.##.2024-cü il tarixində baş vermiş yolnəqliyyat hadisəsi ilə bağlı dəymiş zərərə görə sığorta ödənişi barədə məlumat aşkar edilməmişdir.
32. Bundan başqa, məhkəmə kollegiya cavabdehin məhkəmə iclasları barədə xəbəri olmaması barədə apellyasiya şikayətində göstərdiyi dəlilləri də qəbul etmir.
33. Belə ki, iş materialları ilə müəyyən edilir ki, cavabdehə məhkəmə tərəfindən bildiriş və SMS xəbərdarlıq göndərilmişdir.
34. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.