Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2(3-9)-1078/2026 20.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Novruzova Aytən Nazim qızı (sədrlik edən, məruzəçi), Əsədov Ilham Qoşunəli oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Kürdəmir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsindən maraqlı şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxaraq, MÜƏYYƏN ETDI: Ərizəçi Ərizəçi maraqlı şəxs Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə ##.##.2026-cı il tarixdə məhkəməyə müraciət edərək onunla Maraqlı şəxs arasında Bakı ** saylı Mediasiya təşkilatında bağlanılmış ##.##.2026-cı il tarixli, MŞB**/****-***** nömrəli barışıq sazişinin 2ci bəndinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Kürdəmir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsi ilə (hakim: Şəhriyar Əliyev) ərizə təmin edilmişdir. Kürdəmir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsindən maraqlı şəxs Maraqlı şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. Kollegiya apellyasiya şikayətini və iş materiallarını araşdıraraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 366.2-ci maddəsinin tələblərinə uyğun olaraq belə nəticəyə gəlir ki, təqdim olunmuş apellyasiya şikayəti mümkünlük meyarlarına cavab vermədiyindən qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Qeyd olunan təminatın əsas mahiyyəti həm də ondan ibarətdir ki, işə baxan məhkəmə yalnız qanunla nəzərdə tutulan səlahiyyət çərçivəsində hərəkət etməlidir. Bu tələb həmçinin Insan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin müddəalarından da irəli gəlir. Kollegiya iş materiallarını araşdıraraq müəyyən edir ki, iş materiallarının 42-ci vərəqində olan və maraqlı şəxs Maraqlı şəxs tərəfindən “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə təqdim edilmiş ##.##.2026-cı il tarixli şikayət, hazırkı apellyasiya icraatının predmeti olduğu göstərilən Kürdəmir Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı qətnaməsi ##.##.2026-cı il tarixdə, yəni qeyd edilən şikayətin təqdim edilməsindən iki gün sonra qəbul edilmişdir. Sonradan maraqlı şəxs tərəfindən ##.##.2026-cı il tarixində yenidən apellyasiya şikayəti verilmişdir. MPM-in 357.1-ci maddəsinin məzmunundan görünür ki, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən artıq qəbul edilmiş və qanuni qüvvəyə minməmiş məhkəmə aktından verilə bilər. Başqa sözlə, apellyasiya şikayəti vermək hüququnun həyata keçirilməsi üçün ilk növbədə mübahisələndirilə bilən məhkəmə aktının mövcud olması zəruridir. Eyni zamanda, MPM-in 361.1.3-cü maddəsinə əsasən apellyasiya şikayətində barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi və həmin aktı qəbul edən məhkəmənin adı göstərilməlidir. Qanunun həmin tələbi də apellyasiya şikayətinin yalnız artıq mövcud olan və məzmunu şikayət verən şəxsə məlum olan konkret məhkəmə aktına qarşı verilə biləcəyini ehtiva edir. Bu baxımdan, ##.##.2026-cı il tarixdə təqdim edilmiş şikayətin ##.##.2026-cı il tarixdə qəbul edilmiş qətnamədən verilmiş apellyasiya şikayəti kimi qiymətləndirilməsi mümkün deyildir. Belə ki, həmin şikayətin təqdim edildiyi anda mübahisələndirildiyi göstərilən qətnamə hüquqi və faktiki olaraq mövcud olmamış, onun nəticə hissəsi müəyyən edilməmiş və məhkəmə aktı qəbul edilməmişdir. Sonradan qətnamənin qəbul edilməsi isə daha əvvəl verilmiş müraciətə geriyə qüvvə ilə həmin qətnamədən verilmiş apellyasiya şikayəti statusu qazandıra bilməz. Kollegiya, həmçinin qeyd edir ki, ##.##.2026-cı il tarixli şikayətin iş materiallarına əlavə edilməsinə baxmayaraq, Kürdəmir Rayon Məhkəməsi tərəfindən həmin müraciətin prosessual xarakterinə və orada irəli sürülən məsələlərə hər hansı hüquqi qiymət verildiyi iş materiallarından müəyyən edilmir. Məhkəmə həmin müraciəti onun məzmunundan asılı olaraq işə mahiyyəti üzrə baxılanadək təqdim edilmiş ərizə, etiraz və ya vəsatət kimi qiymətləndirməli və ona müvafiq prosessual münasibət bildirməli olduğu halda, iş materiallarında bununla bağlı hər hansı məhkəmə aktı və ya digər prosessual qərar mövcud deyildir. Lakin birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli müraciətə prosessual münasibət bildirməməsi həmin müraciətin sonradan qəbul edilmiş ##.##.2026-cı il tarixli qətnamədən verilmiş apellyasiya şikayəti hesab olunması üçün əsas yaratmır. Məhkəmənin hərəkətsizliyi müraciətin təqdim edildiyi anda malik olmadığı prosessual statusun sonradan yaranmasına səbəb ola bilməz. MPM-in 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilə bilər. Qanunvericinin apellyasiya müddətinin başlanmasını məhz qətnamənin rəsmi qaydada verilməsi ilə əlaqələndirməsi də onu göstərir ki, apellyasiya hüququnun həyata keçirilməsi artıq qəbul edilmiş konkret məhkəmə aktının mövcudluğunu tələb edir. Beləliklə, ##.##.2026-cı il tarixli şikayət Kürdəmir Rayon Məhkəməsinin yalnız ##.##.2026-cı il tarixdə qəbul etdiyi *(*-***)-***/**** saylı qətnamədən verilmiş apellyasiya şikayəti hesab edilə bilməz. Bu səbəbdən hazırkı halda Kürdəmir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ***/**** saylı qətnaməsinə apellyasiya qaydasında baxılması üçün zəruri prosessual əsas mövcud deyildir. MPM-in 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyünü yoxlayır və bu yoxlamaya işə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların mövcud olub-olmamasının müəyyən edilməsi də daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən isə apellyasiyanın mümkünlüyü üçün əsaslar olmadıqda o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 366.1.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2.-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. 366.3.-cü maddəsinə əsasən apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. 366.4.-cü maddəsinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Insan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) də bir sıra qərarlarında yuxarı instansiya məhkəmələrində aparılan icraatın mümkünlüyü və hədlərinin qanuni məhdudiyyətlərə məruz qala bilməsini yolverilən hesab etmişdir. X1rşı iş üzrə Qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəməyə əlçatanlıq hüququ mütləq deyil və dolayı şəkildə yol verilən məhdudiyyətlərə məruz qala bilər. Bu xüsusilə də şikayətin qəbuledilənlik şərtlərinə aiddir, çünki bu məsələ təbiət etibarilə, həmin sahədə müəyyən mülahizə sərbəstliyinə malik olan Dövlət tərəfindən tənzimlənmə tələb edir (Luordo Italiyaya qarşı iş üzrə 2003-cü il ## ####### tarixli Qərar). Lakin məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin II hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il ## ### tarixli Qərarı). Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin mümkün hesab edilməsi üçün qanuni əsaslar mövcud olmadığından, həmin şikayət MPM-in 366.2-ci maddəsinə uyğun olaraq qeyri-mümkün hesab edilməli, mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 263, 264, 361, 363, 364 və 366-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDI: Kürdəmir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsindən maraqlı şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş hazırkı qərardadın əsaslandırıcı hissəsində qeyd olunan halların yoxlanılması və müvafiq prosessual hərəkətlərin həyata keçirilməsi üçün Kürdəmir Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə qanunla müəyyən edilmiş qaydada kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(3-9)-1078/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-1078/2026
20.08.2026 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver