Məhkəmə qərarları › İş №2(3-9)-18/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-18/2026

10.03.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(3-9)-18/2026 10.03.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, İsazadə Salman Raqif oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə, Mirhəşimova (Mirzəyeva) Aydan Mürşüd qızının Cavabdeh1 və Cavabdeh2 qarşı qızıl-zinət, cehiz əşyaları və pul tələbinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin 18 noyabr 2025-ci il tarixli 2(020)-1461/2025 saylı qətnaməsindən Cavabdeh2 nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə baxıb MÜƏYYƏNETDİ: Beyləqan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(020)-676/2025 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında olan nikah pozulmuşdur. "xxxx" MMC-nin 9 iyul 2025-ci il tarixli QXM-495 saylı rəyinə görə 1 dəst 585 əyarlı 15.53 qram çəkidə qızıl-zinət əşyalarının (Qarnitur) dəyəri 2018 manat, 1 ədəd stulun dəyəri 40 manat, 7 kq-lıq “Samsung” markalı paltaryuyan maşının dəyəri 900 manat, 1 ədəd mətbəx hava sorucusunun dəyəri 150 manat, 1 ədəd qaz sobasının dəyəri 150 manat müəyyən edilmişdir. İDDİA TƏLƏBİ VƏ ONUN ƏSASLANDİRİLMASİ: Mirhəşimova (Mirzəyeva) Aydan Mürşüd qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 ona məxsus olan qızıl-zinət əşyalarının və cehiz əşyalarının dəyəri olan 3258 (üç min iki yüz əlli səkkiz) manat məbləğində pulun, mətbəx mebelinin alınması üçün cavabdehin “ABB”yə məxsus plastik kart hesabına göndərdiyi 1100 (min yüz) manat məbləğində pulun, eyni zamanda qiymətləndirmə rəyi üçün ödənilmiş 250 (iki yüz əlli) manat, dövlət rüsumu üçün ödənilmiş 64 (altmış dörd) manat, “166 yükdaşıma xidməti”nə ödədiyi 260 (iki yüz altmış) manat xidmət haqqının alınaraq ona verilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə 28 sentyabr 2022-ci il tarixdə 3 saylı Bakı “Asan Xidmət” mərkəzinin qeydiyyat şöbəsində nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuş, lakin birgə nikahdan uşaqları olmamışdır. O, Zöhrabi və onun ailəsi ilə birlikdə Abşeron rayonu Digah qəsəbəsində Zöhrabinin valideynlərinin və ya özünün olan evində yaşamışlar. Ailədə olan söz-söhbətlər səbəbindən iki dəfə müxtəlif vaxtlarda kirayədə yaşamışlar. Sonuncu dəfə Zöhrabi ilə aralarında yaranmış mübahisədən sonra o, valideyinlərinin evinə qayıtmışdır. Onun cehiz əmlakları, geyimləri və qızıl-zinət əşyaları cavabdehlərin evində qalmışdır. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh1 ilə aralarında olan nikah pozulmuşdur. O, xx.xx.2025-ci ildə özünə məxsus əmlaklarını yaxın qohumları ilə birgə cavabdehlərə məxsus evdən götürməyə gedərkən qızıl-zinət əşyalarının yerində olmadığını, cehizlərinin yararsız hala salındığını görmüşdür. Bundan başqa, onun cehiz əmlakları cavabdehlərin yaşadığı evə getməzdən əvvəl mətbəx üçün mebelin alınmasına görə Zöhrabinin “ABB”-yə aid plastik kart hesabına 1100 manat pul göndərmişdir ki, Bakı şəhərindən mətbəx mebeli sifariş edilsin. Mətbəx mebelini onun göndərdiyi pulun dəyərində yox ucuz qiymətə aldıqlarından həmin mətbəx mebelini götürməmişdir. Bundan başqa, cehiz əmlaklarından stul, paltaryuyan maşın, mətbəx hava sorucusu və qaz sobası istifadəyə yararsız halda olduğu üçün götürməmiş və cavabdehlərə məxsus evdə qalmışdır. Digər qalan mebel və geyim əşyalarını “166 yük daşıma” xidmətinə 260 manat məbləğində xidmət haqqı ödənişi edərək evdən çıxarmışdır. Cavabdeh2 onun qızıllarını Lombarda qoyub pul götürmüş, lakin sonra pulu ödəyib qızılları götürmüşdür. Sonra isə qızılları cavabdehlər tərəfindən satılmışdır. Onlar kirayəyə çıxanda yaşadıqları evdən heç bir əmlak aparmamışlar. Onun qızıllarını Cavabdeh2 lombarda qoymuş, sonra onların sözsöhbətləri olarkən Cavabdeh2 qızılları lombarddan çıxarıb gətirmişdir. Ondan sonra Zöhrabinin valideynləri Zöhrabiyə zəng vuraraq onlara pul lazım olduğunu bildirmişlər. Zöhrabi qızılları aparıb satmış və pul götürüb valideynlərinə vermişdir. O, Zöhrabinin qızılları satmasına razı olmamışdır. Lakin Zöhrabi qızılları satanda ondan da yaxşısını alacağını ona bildirmişdir. O, da bir söz deməmişdir. Sonradan qızıllarını və əmlaklarını istəyəndə Zöhrabi hamısını qaytaracağını bildirmişdir. Bu barədə telefonda Zöhrabinin səs yazıları vardır. Mətbəxt mebelini cavabdehlərin evinə özü cehiz kimi aparmamış, həmin mebelin alınması üçün pul vermişdir. Tələb etdiyi stul cavabdehlərin evindədir, həmin stulu cavabdehlər qırdıqlarına görə götürməmişdir. Paltaryuyan maşını və digər məişət əşyalarını cavabdehlər istifadə edərək qırmışlar. O, "xxxx" ASC-yə aid kartından mətbəx üçün mebelin alınması görə əri Zöhrabinin “ABB”yə aid plastik kart hesabına 1100 manat göndərmişdir. Lakin həmin qiymətə deyil, ucuz qiymətə mətbəx mebeli alınmışdır. Dəfələrlə cavabdehlərdən əmlaklarını, qızıllarını və pulunu tələb etsə də, heç bir nəticəsi olmamışdır. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ: Beyləqan Rayon Məhkəməsinin 18 noyabr 2025-ci il tarixli 2(020)-1461/2025 saylı qətnaməsi ilə (hakim Ramiz Nurullayev) iddia qismən təmin edilərək Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada Mirhəşimova (Mirzəyeva) Aydan Mürşüd qızına məxsus olan 2018 (iki min on səkkiz) manat dəyərində 1 dəst 585 əyarlı 15.53 qram çəkidə qızılzinət əşyalarının (Qarnitur), 950 (doqquz yüz əlli) manat dəyərində mətbəx mebelinin, 40 manat dəyərində 1 ədəd stulun, 900 (doqquz yüz) manat dəyərində 7 kq-lıq “Samsung” markalı paltaryuyan maşının, 150 (yüz əlli) manat dəyərində mətbəx hava sovurucunun, 150 manat dəyərində bir ədəd qaz sobasının, həmin əmlaklar olmadıqda onların dəyərinin, mətbəx mebeli alınması üçün verilmiş 150 (yüz əlli) manat pulun, qiymətləndirmə rəyi almaq üçün ödənilmiş 250 (iki yüz əlli) manatın və dövlət rüsumu kimi ödənilmiş 64 (altmış dörd) manat pulun alınıb Mirhəşimova (Mirzəyeva) Aydan Mürşüd qızına verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, toy hədiyyəsi olaraq iddiaçı üçün 2018 manat dəyərində 1 dəst 15.53 qram olan qarnitur (sırğa, üzük, boyunbağı, bilərzik) qızıl-zinət əşyaları almışlar. Cavabdeh həmin qızıl-zinət əşyalarının 1400 manata alınmasını göstərsə də, mütəxəssis rəyi ilə onların 2018 manat dəyərində, yəni iddiaçının göstərdiyi dəyərdə olması müəyyən edilmişdir. Digər tərəfdən iddiaçı cavabdehlərə mətbəx mebeli almaqdan ötrü 1100 manat versə də, həmin mebelin 950 manat dəyərində olması müəyyən edilmişdir. Həmin faktı Cavabdeh2 izahatında təsdiq etmişdir. İddiaçının tələb etdiyi qızıl-zinət əşyalarının əvvəlcə Cavabdeh2 tərəfindən lombarda qoyulması, sonra isə Cavabdeh1 tərəfindən satılaraq pulunun anasına verilməsi müəyyən edilmişdir. Bu hal iddiaçı ilə cavabdehlərdən Cavabdeh1 arasında aparılan telefon danışıqları zamanı sübuta yetmiş, Cavabdeh1 həmin əmlakların dəyərini ödəyəcəyi barədə iddiaçıya söz vermişdir. Ona görə də, məhkəmə iddianın qızıl-zinət əşyaları tələbinə dair hissəni əsaslı hesab edir. APELLYASİYA ŞİKAYƏTİ VƏ DƏLİLLƏR: Cavabdeh2 nümayəndəsi Vəkil qətnamədən apellyasiya şikayəti verərək Beyləqan Rayon Məhkəməsinin 18 noyabr 2025-ci il tarixli qətnaməsinin 2018 manat dəyərində 1 dəst 585 əyarlı 15.53 qram çəkidə olan qızıl-zinət əşyalarının tələbinə dair hissədə ləğv edilməsini və həmin hissədə iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı münasibətdə hər hansı bir öhdəliyi olmamış və bu gün də yoxdur. Belə olan halda, onun ayrıca bir ailə kimi kirayə yaşadığı vaxt özünə məxsus olan qızıl-zinət əşyalarını satmağına görə onun hər hansı bir vəzifə daşıması da qanunda nəzərdə tutulmamışdır. Qızıl-zinət əşyalarına münasibətdə cavabdeh ola bilməz. Bu isə bir vətəndaş olaraq onun hüquqlarının kobud şəkildə pozulmasına gətirib çıxaran haldır. Beyləqan Rayon Məhkəməsinin 18 noyabr 2025-ci il tarixli qətnaməsi qəbul edilərkən İddiaçı onun yaşayış evinə gəlin köçdükdən bir az sonra əri ilə birlikdə Bakı şəhərində kirayə yaşadığı vaxt qızıl-zinət əşyalarını satması halı araşdırılmamış, İddiaçı toy vaxtı olan fotoşəkillərindən başqa hər hansı bir tədbirdə tələb etdiyi qızıl-zinət əşyalarına dair hər hansı bir sübutun, o cümlədən də hər hansı fotoşəklin iş materiallarına əlavə olub-olmamasına məhkəmə tərəfindən heç bir əhəmiyyət verilməmişdir. Bundan başqa İddiaçı tələb etdiyi 950 manat dəyərində mətbəx mebelin, 40 manat dəyərində 1 ədəd stulun, 900 manat dəyərində 7 kq-lıq “Samsung” markalı paltaryuyan maşının,150 manat dəyərində mətbəx hava sovurucunun, 150 manat dəyərində bir ədəd qaz sobasının gəlin gəldiyi vaxtı köçdüyü Bakı şəhərindəki yaşayış evində olmasına və istədiyi vaxtı həmin cehizlərin gəlib aparmasına maneəçiliyin olmamasına, tələb etdiyi qızıl-zinət əşyalarının onda saxlanılmasına və ya tərəfindən onun əlindən alınmasına dair mülki işin materiallarına hər hansı bir sübutun təqdim edilməməsinə məhkəmə tərəfindən heç bir əhəmiyyət verilməmişdir. T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ: İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə ərizə ünvanlayaraq işə iştirakları olmadan baxılmasına etiraz etmədiyini bildirərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh, həmçinin Cavabdeh1 nümayəndəsi Cavabdeh2 məhkəmə iclasında izahat verərək bildirdi ki, onun oğlu hərbi qulluqçudur və İddiaçı oğlu ilə birlikdə kirayə mənzilə çıxmışdır. Toydan təxminən 2 ay sonra qızıl-zinət əşyalarını lombarda qoymuşlar. Qızıl-zinət əşyaları satılmamış, təxminən 2023-cü ilin oktyabr ayında geri qaytarılaraq ona verilmişdir. Kirayə mənzilə çıxdıqdan sonra isə qızıl-zinət əşyalarını sataraq kirayə haqqını ödəmişlər. Tərəflər 2024-cü ilin noyabr ayında ayrılmışlar. Birinci instansiya məhkəməsində şahidlərini təqdim edə bilməmişdir. Əgər məsələnin bu həddə çatacağını bilsəydi, qızıl-zinət əşyalarının tələb olunması üçün icra nümayəndəliyindən nümayəndə dəvət edərdi. İddiaçı qızıl-zinət əşyalarını evdən çıxarkən özü ilə aparmışdır. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Habelə, MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Diqqətə çatdırılmalıdır ki, dispozitivlik prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri götürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. Ona görə də, məhkəmə tərkibi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq qətnamənin Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri üzrə mübahisələndirilən - 2018 manat dəyərində 1 dəst 585 əyarlı 15.53 qram çəkidə olan qızılzinət əşyaları və onların dəyəri hissədə yoxlanılmasını düzgün hesab edir. T Ə L Ə B İ N Q A N U N İ Ə S A S İ: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 3-cü bəndində göstərilmişdir ki, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. MM-in 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. MM-in 157.2-ci maddəsinin tələbinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. MM-in 225.1 və 225.2-ci maddələrinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. MM-in 225.3-cü maddəsinə əsasən daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (AM) 32.1-ci maddəsinin tələbinə görə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Bundan başqa, AM-in 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). MM-in 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə tərkibi iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin həqiqi hallarına uyğun gəlir və maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmişdır. İş materiallarından və tərəflərin izahatlarından göründüyü kimi, iddiaçıya toy hədiyyəsi kimi verilmiş mübahisəli - 2018 manat dəyərində 1 dəst 585 əyarlı 15.53 qram çəkidə olan qızıl-zinət əşyalarının İddiaçı məxsus olması prezumpsiyanın istisna edilməsi üçün Cavabdeh2 tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Qeyd edilməlidir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Beləliklə, məhkəmə tərkibi yuxarıda qeyd olunanlara əsasən apellyasiya şikayətinin heç bir sübuta əsaslanmayan və formal xarakter daşıyan digər dəllilərini əsassız hesab edir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Bununla yanaşı, MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tərkibi məhkəmə xərclərinə dair hesab edir ki, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq ödənilmiş dövlət rüsumu Cavabdeh2 özünə aid edilməlidir. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə şərh olunanlara əsasən və MPM-in 14.2, 77.1, 217.2, 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutub QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Beyləqan Rayon Məhkəməsinin 18 noyabr 2025-ci il tarixli 2(020)-1461/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar