Məhkəmə qərarları › İş №2(3-9)-376/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-376/2026

04.06.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-376/2026 04.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əsədli Mahir Abdulla oğlu (sədrlik edən, məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi, İddiaçı İddiaçı, Cavabdehlər cavabdeh1, X3 iştirakları ilə İddiaçı İddiaçı cavabdehlər cavabdeh1 və X3 qarşı «əmlak» tələbinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-**/**** saylı qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı İddiaçı cavabdehlər cavabdeh1 və X3 qarşı «əmlak» tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi ilə Sabirabad Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən 100 baş xırdabuynuzlu, 4 baş iribuynuzlu heyvanların və 6 ton arpa məhsulunun, həmçinin onlar olmadıqda onların 27300 manat məbləğində dəyərinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, uzun müddət Rusiya Federasiyasında yaşamışdır. Qardaşı olan cavabdeh Qüdrət və onun arvadı digər cavabdeh Aidə Sabirabad şəhəri H.Aslanov küçəsində birlikdə yaşamışlar. O, RF-da işlədiyi müddət ərzində Qüdrətə hər cür köməklik göstərmiş, həmçinin qardaşı Qüdrətə pul göndərərək iri və xırda buynuzlu heyvanlar almasına görə pul göndərmişdir. Sonuncu dəfə qardaşı Qüdrət o, RF-da olan zaman arvadı Aidə Bağırova ilə birlikdə ona məxsus 100 baş xırda buynuzlu, 4 baş iribuynuzlu heyvanları, 6 ton arpa məhsulunu və 800 ədəd ot kipini sataraq ona məlum olmayan ünvanda yaşamaq üçün getmişlər. Bundan sonra o, Sabirabad rayon Polis Şöbəsinə və Sabirabad rayon Prokurorluğuna ərizə ilə müraciət etmişdir. Onun ərizəsi əsasında Sabirabad rayon Polis Şöbəsində araşdırma aparılmış və ##.##.2022-ci il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Təhqiqat orqanında şikayətçi olduğu şəxslərin yeri müəyyən edilərək dindirilməsələr də, cavabdeh X3 qardaşı X4 izahat verərək həqiqətən də onun qardaşı Qüdrətə əmlak almaq üçün pul göndərdiyini və Qüdrətin onlara zəng edərək heyvanları satmaq fikrinin olmasını bildirdiyini təsdiq etmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Sabirabad Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-**/**** saylı qətnaməsi ilə (hakim: Səlim Allahverdiyev) iddia təmin olunmuş, cavabdeh1 və X3 müştərək qaydada iddiaçı İddiaçı məxsus 100 baş xırdabuynuzlu və 4 baş iribuynuzlu heyvanlar, 6 ton arpa məhsulu, əmlaklar olmadıqda həmin əmlakların dəyəri olan 27300 manat məbləğində pul vəsaitinin alınıb iddiaçı İddiaçı verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İş materiallarında olan: Sabirabad rayon “Fərid” mal-qara Alqı satqı bazarının direktoru Fərid Qasımov tərəfindən verilmiş ##.##.2024-cü il tarixli arayışdan görünür ki, 2021-ci ildə mal-qara bazarında 1 baş 3 yaşlı, 350-400 kq çəkisi olan erkək dananın qiyməti– 1800-1900 manat, 1 baş 2-3 qarın doğmuş ana qoyunun qiyməti– 180-230 manat və 1 baş 3-4 yaşlı, 40-50 kq çəkisi olan qoçun qiyməti– 350-400 manat təşkil etmişdir. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli, 3-22-3 **/*-***/**** saylı məktubdan və məktuba əlavə edilmiş Sabirabad rayonu “xxxx” özəl firması tərəfindən verilmiş ##.##.2024cü il tarixli ** saylı arayışdan görünür ki, 2022-ci il tarixdə firmada (bazarda) arpa satışının qiyməti 0,35-40 qəpik təşkil etmişdir. Sabirabad RPŞ-nin Təhqiqat Bölməsinin baş təhqiqatçısı R Möhlət Bayramov tərəfindən qəbul edilmiş ##.##.2022-ci il tarixli cinayət işi başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı müraciəti əsasında toplanmış materiallar üzrə cinayət işinin başlanılması rədd edilmiş və həmin qərarda cavabdeh1 qayını, X3 qardaşı X4 izahatında göstərmişdir ki, Qüdrət Ağasəlimin göndərdiyi pullarla çoxlu sayda qoyun, dana, ot və arpa almış və təxminən 3 ay öncə ona zəng edərək heyvanları sataraq Minsk şəhərinə işləmək üçün getdiklərini bildirdiyini bildirmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə qeyd etmişdir ki, iddiaçı mülkiyyətində olan iri və xırda buynuzlu heyvanlardan, arpa məhsulunun istifadə edə bilməmiş, buna səbəb cavabdehlər cavabdeh1 və X3 ona məxsus əmlakları sataraq öz şəxsi tələbatlarını qarşılamaları olmuşdur. İddiaçıya məxsus tələb edilən əmlakların cavabdehlərdə olması, cavabdehlərin həmin əmlakları sataraq ölkə ərazisindən kənara getməsi, satılmış əmlakların dəyərinin iddiaçıya qaytarılmamamış olması halı nəzərə alınaraq, iddia tələbi təmin edilməli, tələb edilən əmlaklar cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya qaytarılmalı, həmin əmlakların qaytarılması mümkün olmadıqda isə məhkəməyə təqdim edilmiş əmlakların dəyəri ilə bağlı rəy üzrə müəyyənləşdirilmiş minimum qiymətlər nəzərə alınmaqla, yəni 1 baş xirdabuynuzlu heyvan 180 manat, 1 baş iribuynuzlu heyvan 1800 manat, 1 kq arpa 0,35 manat dəyərində qiymətləndirilməklə (100 x 180 = 18000 manat, 4 x 1800 = 7200 manat, 6000 x 0,35 = 2100 manat, cəmi 18000+7200+2100=27300 manat) həmin vəsait cavabdehlərdən müştərək qaydada tutulub iddiaçıya ödənilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu maddələri, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152, 157.2, 157.4-cü maddələri, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına * saylı Protokolun 1-ci maddəsi, Avropa insan Hüquqları Məhkəməsinin «Mahmudov Rusiyya Federasiyasına qarşı» ## #### 2007-ci il tarixli qərarı, «Qavazov Bolqarıstana qarşı» iş üzrə ## #### 2008-ci il tarixli qərarı, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Qətnanmədən narazı qalan cavabdeh cavabdeh1 apellyasiya şikayəti verərək Sabirabad Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-**/**** saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, özü gedib heyvan bazardan 450 manata iki heyvan almışdır. Aldığı heyvana dair foto şəkilləri də vardır. Hətta heyvanı kimlə və hansı şəxsin maşını ilə gedib almağını da sübut edə bilər. 450 manata isə 40 kiloqram çəkidə dana almışdır. İki dənə heyvan almışdır. Birincisini aldıqdan 10 gün keçmiş ikinci heyvanı da almışdır. Gətirib bu heyvanları saxlamış və qardaşı oğulları isə qəssabdır. Onların adı və soyadı Mehman Ələkbərov və Namiq Ələkbərovdur. Ona bildirdi ki, oturmusan və gəl qoyun da al. O isə Mehman Ələkbərovla birlikdə ## ###### 2020-ci il tarixdə səhər saatlarında Sabirabad rayonu, Kürkəndi kəndində yerləşən heyvan bazarına getmişdirlər. Həmin vaxtı o, 400 manat pulu var idi. Mehmanın köməkliyi ilə 400 manata yanı balalı qoyun almışdır. 250 manat bir qoyun almış yanı balalı və 150 manata da aldığı qoyun boğaz olmuşdur. Həmin heyvanları Moskviç markalı maşınla gətirmişdirlər. Moskviç markalı maşının sürücüsü isə 2 manat qarşılığında həmin heyvanları gətirib həyətinə atmışdır. Həmin sürücü də bu nüansı təsdiq edə bilər. Heyvanı gətirdiyi müddətdən bir ay keçmiş həmin boğaz qoyun iki dənə quzu doğmuşdur. İki ay keçmiş əmisi oğlu gəlib demişdir ki, bu quzu artıq satılmağa hazırdır. Əmi oğlu həmin quzunu satıb və onun əvəzində yanı balalı qoyun alıb gətirmişdir. Aldığı müddətdən iki ay keçmiş həmin əkiz quzular böyümüş və həmin heyvanları quzu qiymətinə satıb kilosun 13 manatdan satmış və yenə iki yanı balalı qoyun alıb saxlamışdır. Beləliklə o bu proseslə 7-8 qoyunu artırmışdır. Bu hadisə isə 3-4 ayın içərisində baş vermişdir. O, danaları da və arpanı da almışdır. Rəhmətlik Bəxtiyar müəllimin oğlu İlqar bazarda hardasa 1 ton arpanı kilosunu 0,30 qəpikdən almış və əmisi oğlu Namiqlə bununla bağlı məsləhət almışdır. Namiq isə bu arpanın alınmasında yaxşı cəhətdən məsləhət vermişdir. Fəhlə isə Mirzəxanın oğlu araba ilə özü gətirib daşımışdır. Həmin arpanı isə o, damına yığmışdır. Pulunu da vermiş və çıxıb getmişdir. Otu da 100-150 kip almışdır. Otları isə az-az almışdır. Birdəfəlik almamışdır. O isə birdəfəlik almağa pulu olmamışdır. Otları isə Sabirabad rayonu, Qalaqayın kənd sakini Oruc adlı şəxsdən almışdır. Həmin şəxsi də məhkəməyə şahid qismində gətirə bilər. Heyvanlarını özü almışdır ki, gələcəkdə öz təsərrüfatını artırmaq üçün niyyətlənmişdir. Əldə etdiyi toyuq-cücə və heyvan-qara sırf özünə məxsus olmuşdur. Hətta qardaşı Rasim polisdə belə izahat verməmişdir və bunun isbatı kimi imzasını da yoxlatdıra bilər. Rasim isə bildirmişdir ki, bunların hamısı yalan və böhtandır. Telefonda heyvanların şəkilləri vardır və heç bir heyvan 300 kiloqram civarında olmamışdır. O arayış isə formal olaraq Ağasəlimin dedikləri əsasında tərtib edilmişdir. Belə nüans ümumiyyətlə olmamışdır. Onun isə ümumiyyətlə heyvanlarla əlaqəsi yoxdur. Ona görə ona qarşı əsassız iddia qaldırmışdır. Bu heyvanlar hamısı kənd təsərrüfatı başı kitabında qeydlər aparılır. Yəni bununla bağlı müvafiq qonşularla söhbətlər aparılıb və dəqiq sübut əldə etmək üçün bu işin hərtərəfli obyektiv və subyektiv araşdırılaraq hüquqi qiymət verilməsi zəruridir. Ağasəlimin isə absurd iddiası cəfəngiyyatdır. Çünki o qədər heyvanın bu balacağında dama sığışması ağlabatan deyildir. Bu şahid X2 ifadəsi də absurddur. Sabirabad Rayon Məhkəməsi iş üzrə heç bir sübutu qiymətləndirməmiş, işin faktiki hallarını araşdırmamış və hər hansı bir rəsmi sənədi mötəbər sübut kimi dəyərləndirməmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh1 apellyasiya şikayətinin dəlilləri məzmununda izahat verərək Sabirabad Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)- **/**** saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh X3 Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-**/**** saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək Sabirabad Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-**/**** saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator cavabdeh1 apellyasiya şikayəti verərək Sabirabad Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-**/**** saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilibedilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olubolmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Hazırkı iş üzrə mübahisələndirilən qətnamə ilə iddia tələbi tam təmin edilmiş, cavabdeh cavabdeh1 apellyasiya şikayəti verərək iddianın rədd edilməsini xahiş etmişdir. Ona görə də məhkəmə tərkibi Sabirabad Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-**/**** saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin dəlilləri həcmində -iddianın təmin edilmiş hissəsində tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməsini maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamış, iddianı düzgün olmayaraq yuxarıda qeyd edildiyi kimi təmin etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, uzun müddət xarici ölkədə işlədiyi dövrdə cavabdeh olan qardaşına pul vəsaitləri göndərmiş, həmin vəsaitlər hesabına iri və xırdabuynuzlu heyvanlar, eləcə də kənd təsərrüfatı məhsulları alınmışdır. Lakin sonradan cavabdehlər iddiaçıya məxsus həmin əmlakı onun razılığı olmadan sataraq əldə etdikləri vəsaiti qaytarmamış, nəticədə iddiaçının mülkiyyət hüquqları pozulmuşdur. Bu səbəbdən iddiaçı göstərilən əmlakların naturada qaytarılmasını, bu mümkün olmadıqda isə onların dəyərinin cavabdehlərdən tutulmasını xahiş etmişdir. Cavabdeh isə apellyasiya şikayətində bildirir ki, mübahisə predmeti olan heyvanlar və kənd təsərrüfatı məhsulları iddiaçıya deyil, məhz onun öz şəxsi vəsaiti hesabına alınmış və şəxsi təsərrüfatına aid olmuşdur. Cavabdeh həmçinin göstərmişdir ki, iddiaçının iddia etdiyi həcmdə əmlakın mövcudluğu real deyil, saxlanma şəraiti və təsərrüfat imkanları buna uyğun gəlmir. Bundan əlavə, birinci instansiya məhkəməsi sübutları obyektiv və hərtərəfli qiymətləndirməmiş, şahid ifadələrinə və digər dəlillərə düzgün hüquqi qiymət verməmişdir. Bu əsaslarla cavabdeh qətnamənin ləğv edilərək iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə tərkibi iddia tələbi və apellyasiya şikayətini qarşılıqlı tədqiq edərək aşağıdakıları qeyd edir: İlk növbədə iddia tələbinin hüquqi əsaslarının mövcudluğunun müəyyən edilməsi üçün tərəflər arasında öhdəlik hüquq münasibətinin yaranma əsasları təhlil edilməlidir. Hal-hazırda iddiaçı iddia edir ki, cavabdehlə arasında faktiki razılaşma mövcud olmuş, o, xarici ölkədə işlədiyi müddətdə cavabdeh cavabdeh1 pul vəsaitləri göndərmiş və həmin vəsaitlər hesabına mübahisə predmeti olan iri və xırdabuynuzlu heyvanlar, eləcə də kənd təsərrüfatı məhsulları əldə edilmiş, lakin sonradan cavabdehlər (cavabdeh1 və həyat yoldaşı Aidə Bağırova) bu əmlakı onun razılığı olmadan sərəncam edərək ona məxsus vəsaiti qaytarmamışdır. Göründüyü kimi, iddiaçı cavabdehlərin üzərinə pul ödəmək öhdəliyinin qoyulmasını tələb etməklə, tərəflər arasında öhdəlik hüquq münasibətinin yarandığını irəli sürür. Məhkəmə tərkibi qeyd edir ki, pul ödəmək vəzifəsi öhdəlik hüquq münasibətinin tərkib hissəsidir, öhdəlik hüquq münasibəti yaranmadan pul ödəmək vəzifəsi yarana bilməz. Öhdəliklər əmələ gəlmə əsaslarına görə 3 yerə bölünür: müqavilədən əmələ gələn öhdəliklər; qanundan əmələ gələn öhdəliklər; mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər. Mülki Məcəlləsinin xüsusi hissəsinin quruluşunda da bu qayda öz əksini tapmışdır. Habelə, Mülki Məcəllənin “Öhdəliklərin əmələ gəlmə əsasları” adlı 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Odur ki, mülki hüquq münasibətinin bir növü kimi hər hansı öhdəlik hüquq münasibəti yalnız müqavilə bağlandıqda və ya qanunda nəzərdə tutulmuş hallar baş verdikdə (özgə işləri tapşırıqsız aparıldıqda və əsassız varlanma baş verdikdə) və yaxud mülki hüquq pozuntusu (delikt) törədildikdə yarana bilər. İddiaçı ilə cavabdehlər arasında öhdəlik hüquq münasibətinin yaranması üçün yuxarıda qeyd olunan əsasların heç biri mövcud olmayıb. Bu qənaətini məhkəmə aşağıdakılarla izah edir: Müqavilənin bağlanmadığı şəksizdir. İddiaçı özgə işlərini tapşırıqsız aparan şəxs sayılmayıb. Cavabdehlər əsassız varlanmayıb. Mülki Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Cavabdehlər mülki hüquq pozuntusu (delikt) törətməyib. Belə ki, mülki hüquq pozuntularının (deliktlərin) anlayışı Mülki Məcəllənin 1096-cı maddəsində müəyyən olunmuşdur. Hazırkı mübahisədə bu anlayışa uyğun gələn heç bir əlamət yoxdur. Belə ki, iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir (“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2019-cu il tarixli Qərarı). Yəni sübutetmədə bir qayda olaraq “sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür” prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktiki hallara, yəni iddia tələbinin faktiki əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. İddiaçı tərəfindən sübut qismində ##.##.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara istinad edilmiş, həmin qərarda cavabdeh Bağırova Aidənin qardaşı Rasim Bağırovun izahatına əsaslanılmışdır. İddiaçı qeyd etmişdir ki, həmin qərarda cavabdehlərin yerinin müəyyən olunmadığı göstərilsə də, cavabdeh1 pul vəsaiti göndərildiyi və onun heyvanları satmaq niyyətində olması barədə məlumat əks olunmuşdur. Lakin məhkəmə tərkibi hesab edir ki, qeyd edilən izahat iddia tələbinin təmin edilməsi üçün yetərli və mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, həmin izahat dolayı xarakter daşımaqla mübahisəli əmlakın mövcud olması, eyni zamanda iddiaçıya məxsus olmasını və ya onun vəsaiti hesabına əldə edilməsini birbaşa təsdiq etməmişdir. Məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, şahid ifadələri mülki prosesdə sübut növlərindən biri olmaqla, onların sübutedici qüvvəsi digər sübutlarla qarşılıqlı əlaqədə və məcmu halında dəyərləndirilməlidir. Mülki Prosessual Qanunvericiliyin tələblərinə görə, heç bir sübut, o cümlədən şahid ifadələri əvvəlcədən müəyyən edilmiş üstünlüyə malik deyildir və məhkəmə tərəfindən işin bütün halları ilə birlikdə obyektiv, hərtərəfli və tam şəkildə araşdırılmaqla qiymətləndirilməlidir. Bu baxımdan, təkcə şahid ifadələrinə əsaslanmaqla mübahisəli halların sübuta yetirilmiş hesab olunması yolverilməzdir. Xüsusilə, həmin ifadələr digər mötəbər və yazılı sübutlarla təsdiq olunmadığı və ya iş üzrə digər sübutlarla ziddiyyət təşkil etdiyi hallarda, onların əsasında iddianın təmin edilməsi əsaslı hesab edilə bilməz. Göründüyü kimi birinci instansiya məhkəməsində dindirilmiş şahidlərin ifadələri də digər mötəbər və obyektiv sübutlarla müqayisəli şəkildə qiymətləndirilməli olduğu halda, bu tələbə əməl olunmamışdır. Təkcə şahid ifadələrinə əsaslanmaqla iddia tələbinin təmin edilməsi mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hesab edilə bilməz. Xüsusilə nəzərə alınmalıdır ki, cavabdeh iddia edilən halları təkzib etdiyi şəraitdə sübutetmə yükü iddiaçının üzərində qalır və bu yük lazımi səviyyədə yerinə yetirilməmişdir. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, iddiaçı tərəfindən cavabdeh cavabdeh1 pul vəsaitinin göndərilməsi, həmin vəsaitin ona çatması, eləcə də bu vəsait hesabına mübahisə predmeti olan heyvanların və kənd təsərrüfatı məhsullarının əldə edilməsi halları mötəbər və kifayət qədər sübutlarla təsdiq olunmadığından iddia tələbi əsassız hesab edilməlidir. Həmçinin, hüquqi əsası və faktiki əsasları sübuta yetirilməyən tələb üzrə cavabdehlərin üzərinə hər hansı öhdəliyin qoyulması yolverilməzdir. Məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, qətnamə yalnız cavabdeh1 tərəfindən mübahisələndirilmiş olsa da, onun şikayəti müvafiq hissədə digər cavabdehin mənafeyini də əhatə etməkdədir. Vurğulanmalıdır ki, iddiaçı cavabdehlər cavabdeh1 və X3 qarşı əmlak tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı əmlakın və ya əmlakın satışı nəticəsində əldə edilmiş pulun tamamını 2 cavabdehdən (qardaşı və qardaşının həyat yoldaşından) birlikdə tələb etmiş və bu əmlakın (və ya pulun) kimdə olduğu fərqləndirilməmişdir. Belə olduğu halda bu tələb bölünməz tələb hesab olunur. Bölünməz tələb odur ki, onu hissələrə ayırmaq olmaz və yalnız bütün cavabdehlər barəsində eyni nəticəyə gəlinməlidir. Belə ki, bir tələb bölünməzdirsə və həmin tələb bir neçə cavabdehə qarşı irəli sürülürsə, o zaman bu tələbə münasibətdə vahid qərar qəbul edilməlidir. Bu halda tələbin bölünməz xarakteri nəzərə alınmaqla, iddia tələbi yalnız apellyasiya şikayəti vermiş cavabdehə qarşı deyil, digər cavabdehə münasibətdə də tam şəkildə rədd edilməlidir. Əks halda hüquqi qeyrimüəyyənlik yaranacaq və bir bölünməz tələbin eyni predmet üzrə fərqli nəticələr doğurması hüquq prinsipinə zidd olacaqdır. Beləliklə məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbi ilə bağlı gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Ona görə də məhkəmə tərkibi hesab edir ki, cavabdeh cavabdeh1 apellyasiya şikayəti təmin edilməli, Sabirabad Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-**/**** saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia tələbi rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qət etdi: Cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-**/**** saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi rədd edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar