Məhkəmə qərarları › İş №2(3-9)-564/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-564/2026

26.05.2026 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2(3-9)-564/2026 26.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi, hakimlər Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Masallı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxıb MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona və ailəsinə məxsus Masallı rayonu Həsənli kəndində yerləşən fərdi yaşayış evinin inşası üçün verilmiş 0.10 ha torpaq sahəsini qanunsuz zəbt etmiş Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin və köməkçi (yardımçı) tikililərin cavabdehin hesabına sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi və cavabdehin zəbt etdiyi ona və ailəsinə məxsus torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı dəmir çəpərin sökülməsi və torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə icraat Şirvan İnzibati Məhkəməsinin icraatında olan Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı şəhadətnamənin ləğv edilməsi barədə *- *(***)-****/**** saylı inzibati iş üzrə qəbul ediləcək yekun məhkəmə aktının qanuni qüvvəsini alanadək dayandırılması qərara alınmışdır. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı işin nəticəsi Cavabdeh Şirvan İnzibati Məhkəməsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı şəhadətnamənin ləğv edilməsi barədə inzibati işin nəticəsindən asılı olduğundan hazırkı işə mahiyyəti üzrə baxılması mümkün deyildir. Qərardaddan İddiaçı şikayət verərək onun ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, işin dayandırılması üçün heç bir əsas yoxdur. Hazırkı mülki işin İnzibati Məhkəmədə olan işlə bağlı dayandırılması vaxt itkisidir. Birincisi, Respublika ərazisində Aqrar İslahat komissiyaları 1996-2006-cı illərdə mövcud olmuş, 2006cı ildə ləğv olunmuş və artıq həmin təşkilatın ləğv olunmasından 20 il keçir. Aqrar İslahat komissiyasının qərarlarının mübahisələndirilmə müddəti isə 1 (bir) ay nəzərdə tutulmuşdur. İkincisi, cavabdeh vermiş olduğu iddia tələbinin əsaslı olduğunu bilib belə bir uydurma iddia ilə İnzibati Məhkəməyə müraciət etmişdir ki, iddia tələbinə baxılması müddətini boşuna uzatsın. Bu isə süründürməçiliyə gətirib çıxarır. Buna sübut isə iddia ərizəsi ilə Masallı Rayon Məhkəməsinə müraciət etdikdən sonra cavabdehin İnzibati Məhkəməyə müraciət etməsidir. Eləcədə onun İnzibati Məhkəməyə vermiş olduğu əsassız iddia ilə bağlı həmin məhkəməyə getməlidir ki, bu da maddi xərclər çəkməsi deməkdir. Məhkəmə isə bütün bunları nəzərə almadan iş üzrə icraatı dayandırmışdır. Masallı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə tərkibi iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 256.0.3-cü maddəsinə əsasən bu Məcəllənin 254.1.4-cü maddəsi ilə nəzərdə tutulan halda iş üzrə icraat məhkəmənin qərarı, qətnaməsi, hökmü, qərardadı qüvvəyə minənə qədər, yaxud inzibati qaydada baxılan iş üzrə qərar çıxarılana qədər dayandırılır. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə icraatın dayandırılması prosessual qanunvericiliyin tələblərinə uyğun və əsaslı olmuşdur. Belə ki, hazırkı mübahisə dəmir çəpərin sökülməsi və torpaq sahəsindən çıxarılması tələbi ilə bağlı olsa da, həmin tələbin həlli bilavasitə torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun mövcud olub-olmamasından asılıdır. Hazırda Şirvan İnzibati Məhkəməsinin icraatında İddiaçı adına verilmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv olunmasına dair işə baxılır və həmin iş üzrə müəyyən ediləcək hallar hazırkı mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Belə ki, inzibati iş üzrə şəhadətnamənin ləğv edilməsi halında iddiaçının torpaq sahəsinə dair hüquqi əsası aradan qalxa bilər ki, bu da dəmir çəpərin sökülməsi və torpaq sahəsindən çıxarılması tələbinin mahiyyətinə birbaşa təsir göstərir. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, Masallı Rayon Məhkəməsinin ## #### 2026cı il tarixli *(*-***)-***/**** saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməlidir. MPM-in 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 128, 130, 135, 135, 360, 366, 368 və 402-ci maddələrini rəhbər tutub QƏRAR VERDİ: Şikayət təmin edilməsin və Masallı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*- ***)-***/**** saylı qərardadı dəyişdirilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar