Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-576/2026 05.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvən Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), hakimlər X1 və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Kərimli Nəzrin Fikrət qızının katibliyi, Iddiaçı İddiaçı nümayəndəsi nümayəndə2 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2(017)- ****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Işin halları: Cinayət işi başlanmasının rədd edilməsi barədə ##.##.2025-ci il tarixli qərarın surətindən görünür ki, İddiaçı şikayəti üzrə araşdırma aparılmış, araşdırma zamanı izahatı alınmış Cavabdeh göstərmişdir ki, 2023-cü ildə Lalənin Bakı şəhərində evi olmuş və həmin vaxt ev alqı-satqısı ilə məşğul olmuşdur. Lalənin həmin evi satmasına köməklik etmiş və İddiaçı evi 120000 manata satmışdır. Həmin vaxt Lalədən 60000 ABŞ dolları, yəni 102000 manat məbləğində borc pul almışdır ki, ev alqı-satqısı edib qazanc əldə etsin. Sonradan həmin puldan ümumilikdə hissə-hissə 36000 ABŞ dolları, yəni 61200 manat qaytarmış, lakin zərər etdiyi üçün qalan 24000 ABŞ dolları, yəni 40800 manatını qaytara bilməmişdir. Hazırda onun İddiaçı 40800 manat məbləğində borcu vardır və bu borcu qısa zamanda qaytaracaqdır. Iş materiallarına əlavə edilmiş ##.##.2024-cü il tarixli qəbzin surətindən görünür ki, ##.##.2023-cü il tarixdə Cavabdeh İddiaçı 60000 ABŞ dollar və ya 102000 manat pul almış, indiyədək qaytara bilməmişdir. Aldığı pulu 2024-cü ilin avqust ayının 25-də qaytarmağa söz vermişdir. Iş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat: Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 40800 manat pulun və dövlət rüsumuna görə ödənilmiş 212,40 manat məbləğində pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. iddiaçı İddiaçı göstərmişdir ki, cavabdeh Cavabdeh İddiaçı mərhum əri Əlinin bacısının həyat yoldaşıdır. 2023-cü ildə İddiaçı Bakı şəhərində mənzil tipli bina evi olmuş, həmin il Ilhamın köməkliyi ilə həmin evi 120000 manata satmışdır. 2023-cü ilin aprel ayında Ilham İddiaçı əlində olan pulu dəyərləndirəcəyini, yəni ev alqı-satqısı edib qazanc götürəcəyini bildirib, borc qismində 60000 ABŞ dolları, yəni 102000 manat pul almış və bu məbləği qısa müddətə qaytaracağını demişdir. Ilham həmin puldan 61200 manat qaytarsa da, yerdə qalan 40800 manatı qaytarmamışdır. 2024-cü ilin yay ayında Ilham Ağcabədiyə gəlmiş, İddiaçı olan borcunu qısa müddətə qaytaracağına söz vermiş və borcu olması barədə qəbz yazmış və imzası ilə təsdiq etmişdir. Lakin Cavabdeh İddiaçı olan borcunu bu günə kimi qaytarmamışdır. Ona görə də Ağcabədi rayon polis şöbəsinə şikayət olunmuş, Cavabdeh polisdə verdiyi izahatında da İddiaçı 40800 manat borclu olduğunu etiraf etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh Cavabdeh nümayəndəsi nümayəndə1 göstərmişdir ki, həqiqətən də tərəflər arasında pul məsələsi olmuş, cavabdeh adlığı pulun bir hissəsini qaytarmış, hazırkı tarixə cavabdeh Cavabdeh iddiaçı İddiaçı 40800 manat borcu vardır. Cavabdeh olan borcunu hissə-hissə qaytarmağa söz vermişdir. Ağcabədi Rayon Məhkəməsinin (Hakim: Etibar Quliyev) *(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, cavabdeh Cavabdeh alver etməsi üçün iddiaçı İddiaçı pul almış və həmin pulun bir hissəsini qaytarmış, 40800 manatını qaytarmamışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh tərəf apellyasiya şikayəti vermiş, şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iclasında nümayəndəsi bildirmişdir ki, həqiqətən də onun İddiaçı 40800 manat məbləğində borcu qalmışdır. O, əsassız varlanmamışdır. Qarşılıqlı razılaşmaya əsasən ona verilmiş puldan qazanc əldə edib iddiaçıya da verməli idi. Lakin uğursuz biznesin nəticəsi olaraq pulun bir hissəsini qaytara bilmişdir. Yerdə qalan pulu isə ödəməkdən yayınmır. Lakin həmin pulu bir dəfəyə ödəmək imkanı yoxdur. Qeyd edilən məbləği borclu qalmış və borcun hissə-hissə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflər arasında yaranmış hüquq münasibətləri borc münasibəti olsa da, məhkəmə bu münasibətlərə əsassız varlanma kimi yanaşmışdır. Ağcabədi rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsinin və borclu qaldığı pulun hissə-hissə ödənilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Iddiaçı tərəfindən apellyasiya şikayətinə etirazı daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Iddiaçı İddiaçı nümayəndəsi nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək izahatında bildirdi ki, evi sataraq pul vəsaitini cavabdehə vermişdir. Cavabdeh onun qohumudur. Sonradan həmin pul vəsaitinin bir hissəsini ona qaytarmışdır. Cinayət işi başlanmasının rədd edilməsi barədə qərar hazırda qüvvədədir, tələb etdiyi pul məbləğini aldığını cavabdeh izahatında etiraf etmişdir. Göstərilən halları nəzərə alaraq, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada cavabdeh tərəfə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, apellyasiya baxışında iştirak etməmişdir. Məhkəmə kollegiyası məhkəmə icraatının tezliyinin təmin olunması baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Hazırkı halda, cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və borclu olduğu pul məbləğinin hissə-hissə ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdiyindən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyini və əsaslılığını apellyasiya şikayətinin dəlilləri həddində yoxlayır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1.-ci Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7-ci Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarından müəyyən olunur ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh ev alqısatqısı etməklə qazanc əldə etməsi məqsədilə 60.000 ABŞ dolları məbləğində borca pul vəsaiti vermiş, cavabdeh həmin pul vəsaitinin bir hissəsini qaytarmış, 40.800 manat məbləğində hissəsini isə qaytarmamışdır. Cinayət işi başlanmasının rədd edilməsi barədə ##.##.2025-ci il tarixli qərardan görünür ki, araşdırma zamanı izahatı alınmış cavabdeh Cavabdeh iddiaçıdan 60.000 ABŞ dolları, yəni 102.000 manat məbləğində borc pul aldığını, həmin pul vəsaitindən hissə-hissə ümumilikdə 36.000 ABŞ dolları, yəni 61.200 manat qaytardığını, qalan 24.000 ABŞ dollarını, yəni 40.800 manat məbləğində borcunu isə qaytara bilmədiyini bildirmiş, həmin borcun mövcudluğunu etiraf etmişdir. Həmçinin iş materiallarında olan ##.##.2024-cü il tarixli qəbzdən cavabdehin iddiaçıdan pul vəsaiti aldığını və həmin pul vəsaitini qaytarmaq öhdəliyi götürdüyü müəyyən edilir. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi də iddianı qəbul edərək cavabdehin iddiaçıya 40.800 manat məbləğində borcunun qaldığını bildirmişdir. Eyni zamanda, cavabdeh apellyasiya şikayətində də həmin borcun mövcudluğunu və məbləğini mübahisələndirməmiş, əksinə, tərəflər arasında yaranmış hüquq münasibətlərinin borc münasibəti olduğunu göstərərək borcun hissə-hissə ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin qətnamənin hissə-hissə icra edilməsinə dair dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, qətnamənin hissə-hissə icra edilməsi məsələsinin həlli qanunvericilikdə ayrıca prosessual qaydada nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Qeyd olunan normanın məzmunundan görünür ki, qətnamənin hissə-hissə icra edilməsi mübahisənin mahiyyəti üzrə həlli ilə deyil, qəbul edilmiş qətnamənin icrası qaydası ilə bağlı məsələ olmaqla, bu barədə işdə iştirak edən şəxsin müvafiq ərizəsi əsasında ayrıca prosessual qaydada həll edilir. Bu baxımdan, cavabdehin borcun hissə-hissə ödənilməsi barədə apellyasiya şikayətində irəli sürdüyü tələb birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyini və əsaslılığını şübhə altına alan dəlil kimi qiymətləndirilə bilməz. Cavabdeh qətnamənin hissəhissə icra edilməsini zəruri hesab etdiyi halda, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsində nəzərdə tutulmuş qaydada müvafiq ərizə ilə müraciət etmək hüququna malikdir. Odur ki, apellyasiya şikayətinin bu dəlili birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas təşkil etmir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən tərəflər arasında yaranmış hüquq münasibətlərinə düzgün hüquqi tövsif verilməməsinə dair dəlilini əsaslı hesab edir. Belə ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış münasibətlərə əsassız varlanma haqqında maddi hüquq normalarını tətbiq etmişdir. Lakin məhkəmə kollegiyası hesab edir ki, həmin hüquq normalarının hazırkı mübahisəyə tətbiqi düzgün olmamışdır. Əsassız varlanma öhdəliyinin yaranması üçün şəxsin digər şəxsin hesabına əmlak əldə etməsi və ya əmlaka qənaət etməsi üçün hüquqi əsasın mövcud olmaması tələb olunur. Hazırkı işdə isə pul vəsaitinin cavabdeh tərəfindən hüquqi əsas olmadan əldə edilməsi halı mövcud deyildir. Əksinə, tərəflərin izahatlarından və işdə olan yazılı sübutlardan müəyyən edilir ki, iddiaçı pul vəsaitini cavabdehə tərəflər arasındakı razılaşmaya əsasən və qaytarılması şərti ilə vermiş, cavabdeh isə həmin pul vəsaitini qəbul etməklə onu qaytarmaq öhdəliyi götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1.-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Iş üzrə müəyyən edilmiş hallar, xüsusilə cavabdehin iddiaçıdan pul vəsaitini borc olaraq aldığını bildirməsi, aldığı pulun bir hissəsini qaytarması, qalan 40.800 manat məbləğində borcunun mövcudluğunu dəfələrlə etiraf etməsi və həmin məbləği qaytarmaq öhdəliyini qəbul etməsi tərəflər arasında yaranmış münasibətlərin borc münasibəti olduğunu təsdiq edir. Bu baxımdan, mübahisəyə tərəflər arasında mövcud olmuş borc münasibətlərini tənzimləyən maddi hüquq normaları tətbiq edilməlidir. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisəli hüquq münasibətinə düzgün hüquqi tövsif verməməsi hazırkı halda qətnamənin ləğv edilməsinə əsas vermir. Belə ki, cavabdehin iddiaçıya 40.800 manat məbləğində borcunun mövcudluğu işdə olan sübutların məcmusu ilə təsdiq edilir və bu hal cavabdehin özü tərəfindən də mübahisələndirilmir. Cavabdeh apellyasiya şikayətində də borcun mövcudluğunu qəbul etmiş, yalnız onun hissə-hissə ödənilməsini xahiş etmişdir. Buna görə də birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi barədə mahiyyətcə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iş üzrə sübutları tam, obyektiv və hərtərəfli araşdırmış, müəyyən edilmiş hallara düzgün hüquqi qiymət vermişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas vermədiyindən, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Ağcabədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəmiş tərəfin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(3-9)-576/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-576/2026
05.08.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver