Məhkəmə qərarları › İş №2(3-9)-583/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-583/2026

22.05.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2(3-9)-583/2026 22.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi, hakimlər Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Astara Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsindən İsayeva Səkinə Sovet qızı tərəfindən verilmiş apellyasiyanın mümkünlüyünə baxıb MÜƏYYƏN ETDİ: İsayev Şakir Əhməd oğlu İsayeva Səkinə Sovet qızına qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanda yerləşən 1 mərtbəli 1 otaqlı ümumi sahəsi 71,4 kv/m yaşayış sahəsi 55.4 kv/m olan fərdi yaşayış evinin İsayev Şakir Əhməd oğlunun vəsaiti hesabına, ər-arvad kimi birgə yaşamadıqları dövrdə və birgə təsərrüfat aparılmayan dövrdə inşa edildiyi üçün fərdiləşdirilməsi və onun mülkiyyəti hesab edilməsini xahiş etmişdir. İsayeva Səkinə Sovet qızı İsayev Şakir Əhməd oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İsayev Şakir Əhməd oğlu ilə birgə nikah dövründə əldə edilmiş ünvan 1 ünvanında tikilmiş 1 mərtəbəli 2 otaqlı ümumi sahəsi 71.4 kv.m yaşayış sahəsi 55.4 kv.m olan və başqa əmlakların bölünməsini xahiş etmişdir. Astara Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-****/** saylı qərardadı ilə həmin məhkəmənin icraatında olan *(***)-****/**** nömrəli mülki iş üzrə icraata xitam verilməsi və həmin mülki işin məhkəmənin icraatında olan İsayev Şakir Əhməd oğlunun İsayeva Səkinə Sovet qızına qarşı birgə nikah dövründə əldə edilmiş əmlaka tam mülkiyyət hüququnun tanınması tələbinə dair *(***)-****/**** nömrəli mülki işə birləşdirilməsi qərara alınmışdır. Astara Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qətnaməsi ilə İsayev Şakir Əhməd oğlunun İsayeva Səkinə Sovet qızına qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs) birgə əmlakın fərdiləşdirilməsi və tikilmiş evin onun mülkiyyəti hesab edilməsi tələbinə dair iddiasının təmin edilməsi, ünvan 2 ünvanında yerləşən 1 mərtəbəli 1 otaqlı ümumi sahəsi 71,4 kv/m yaşayış sahəsi 55.4 kv/m olan fərdi yaşayış evi üzərində İsayev Şakir Əhməd oğlunun tam pay üzrə mülkiyyət hüququnun tanınması, İsayeva Səkinə Sovet qızının İsayev Şakir Əhməd oğluna qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Qətnamədən İsayeva Səkinə Sovet qızı apellyasiya şikayəti vermişdir. Məhkəmə tərkibi İsayeva Səkinə Sovet qızı tərəfindən Astara Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti verilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 361.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərə əməl edilməmişdir. Belə ki, MPM-in 361.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: şikayətin verildiyi məhkəmənin adı və ünvanı; şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar, yaşayış yeri və ya olduğu yer( həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; şikayəti verən şəxsin tələbi və məhkəmə aktı hansı hissədə mübahisələndirdiyi; şikayəti verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; şikayətə əlavə edilən sənədlərin siyahısı. MPM-in 363-cü maddəsində apellyasiya şikayətinin qaytarılması əsasları nəzədə tutulmuşdur. Həmin apellyasiya şikayətinin qaytarılması əsaslarından biri də apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilməsidir. Məhkəmə tərkibi qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən MPM ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayəti verən şəxs tərəfindən onun tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə tərkibi hesab edir ki, İsayeva Səkinə Sovet qızı qətnamədən apellyasiya şikayəti verərkən MPM-in 361-ci maddəsi ilə müəyyən edilmiş və yuxarıda sadalanan apellyasiya şikayətinin məzmununa dair göstərişlərə əməl etməmişdir. MPM-in 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apelyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apelyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Qeyd olunan halları nəzərə almaqla, birinci instansiya məhkəməsi tərəfindən İsayeva Səkinə Sovet qızının apellyasiya şikayətinin MPM-in 361-ci maddəsinin tələblərinə cavab vermədiyi müəyyən edilməklə müvafiq olaraq apellyasiya şikayəti geri qaytarılmalı olduğu halda, düzgün olmayaraq baxılmasından ötrü apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Mülki prosessual qanunvericiliyin tələbinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi daxil olmuş işlərin apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə tərkibi yuxarıda qeyd olunanlara əsasən belə hesab edir ki, İsayeva Səkinə Sovet qızı tərəfindən verilmiş apellyasiya qeyri-mümkün hesab edilməlidir. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 361, 364, 366, 400 və 402-ci maddələrini rəhbər tutub QƏRAR VERDİ: Astara Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsindən İsayeva Səkinə Sovet qızı tərəfindən verilmiş apellyasiya qeyri-mümkün hesab edilsin. İsayeva Səkinə Sovet qızı tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363-cü maddəsinin tələblərinə uyğun olaraq hüquqi qiymət verilməsi üçün Astara Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar