Məhkəmə qərarları › İş №2(3-9)-697/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-697/2026

06.07.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-697/2026 06.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov Ilham Qoşunəli oğlu və X5 ibarət tərkibdə, Əliyev Orxan Ismayıl oğlunun katibliyi, Iddiaçı İddiaçı iştirakı ilə, Işin halları: Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Quluyev Əmrah Ilqar oğlundan 3466 manat məbləğində pulun, həmçinin dövlət rüsumuna görə ödənilmiş 56 manat məbləğində pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı İddiaçı iddiasını müdafiə etdi və izahatında göstərdi ki, kameraların çəkilməsi fəaliyyəti ilə məşğul olur. Təxminən 2025-ci ilin ortalarında cavabdeh ona müraciət edərək Ağcabədi rayonunun Avşar kəndində yerləşən evində kamera çəkdirmək istədiyini bildirmişdir. Aralarında olan şifahi razılaşmaya görə cavabdehin evində kamera quraşdırmalı, cavabdeh isə onun pulunu və əziyyət haqqını işi tam görüb qurtardıqdan sonra ödəməli idi. Əvvəlcədən quraşdırdığı kameranın smetasını (qiymətini) əl muzdu ilə birlikdə hesablayıb cavabdehə demiş, ümumi qiymət 5466 manat təşkil etmişdir. Cavabdehin evində quraşdırılmış kamera və həmin sistemə işlənmiş materialların qiyməti və quraşdırmaya görə hesablanmış zəhmət haqqına dair hesabat qarşı tərəfə verilmişdir. Bundan sonra aralarında olan qarşılıqlı razılaşmaya əsasən cavabdehin Ağcabədi rayonu, Avşar kəndində yaşadığı ünvanda kameranı quraşdırıb ona təhvil vermişdir. Cavabdeh kamera çəkilişi üçün razılaşdıqları 5466 manat məbləğində puldan hissə-hissə olmaqla, cəmi 2000 manat ödəniş etmiş, qalan 3466 manat pulu dəfələrlə istəsə də müxtəlif bəhanələr gətirərək verməkdən yayınmışdır. Bununla bağlı aralarında mübahisə yaranmış, Ağcabədi rayon polis şöbəsinə müraciət edilmişdir. Hər ikisi Ağcabədi polis şöbəsinə çağırılaraq izahatları alınmışdır. Ona görə də cavabdeh Quluyev Əmrah Ilqar oğlundan ödənilməmiş qalan 3466 manat pulun, həmçinin dövlət rüsumuna görə ödənilmiş 56 manat məbləğində pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh Quluyev Əmrah Ilqar oğlu iddianı qəbul etmədi və izahatında göstərdi ki, əvvəllər Samiri tanınmamış, dostu vasitəsilə tanış olmuşdur. Ağcabədi rayonunun Avşar kəndində yaşadığı ünvanda kamera quraşdırmaq istəmişdir. Bu məqsədlə Samirlə danışıb razılığa gəlmişlər. Samirin məhkəməyə təqdim etdiyi siyahıda göstərilən 7 adda avadanlıqlar, göstərilən sayda, təxminən 7-8 ay bundan əvvəl onun yaşadığı ünvanda quraşdırılmış və ona təhvil verilmişdir. Hal-hazırda həmin kameralar saz və işlək vəziyyətdədir. Onun tərəfindən istifadə olunur. Samir kameraların pulunu və zəhmət haqqını çox hesablamış, hətta ona əlavə 45 manat xərc hesablamışdır. Samir kameranın quraşdırılması üçün əvvəl ondan 6200 manat istəmiş, sonra ona 5400 manata çəkəcəyini demişdir. Samirə xahiş etmişdir ki, onun evində çox da baha olmayan kamera quraşdırsın. Onun gücü 2000 manata çatır. Indi də Samirə deyir ki, gəl kameralarını sök apar, ancaq Samir onunla razılaşmır. Ondan pulunu tələb edir. Onun isə həmin pulu verməyə gücü çatmır. Bununla bağlı Ağcabədi rayon polis şöbəsinə çağırılaraq izahatı alınmışdır. Ona görə də iddianın təmin edilməməsini xahiş etdi. Iş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Ağcabədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** saylı (Hakim: Etibar Quliyev) qətnaməsi ilə, iddianın qismən təmin edilməsi, cavabdeh Quluyev Əmrah Ilqar oğlundan kameranın ödənişindən qalan 3061 manat və kameranın çəkilməsi üçün zəhmət haqqı kimi 160 manat, cəmi 3221 manat məbləğində pul və dövlət rüsumuna görə ödənilmiş 52,21 manat məbləğində pulun alınaraq iddiaçı İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh Quluyev Əmrah Ilqar oğlu apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh Ağcabədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Iddiaçı İddiaçı apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə şifahi formada etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Ağcabədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Cavabdeh Quluyev Əmrah Ilqar oğlu teleqram göndərərək məhkəmə iclasına gələrkən yolda halının pisləşdiyini, ona görə gələ bilmədiyini və iclasın başqa təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən məhkəmə icraatının tezliyinin təmin olunması məqsədi ilə iş üzrə tərəflərin iştirakı olmadan apelyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası cavabdeh Quluyev Əmrah Ilqar oğlunun apellyasiya şikayətinin dəlilləri həddində Ağcabədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilənin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Ağcabədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.”.Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı iş materiallarında aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, cavabdeh tərəfindən təqdim olunmuş, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş cavabdeh Quluyev Əmrah Ilqar oğlunun Ağcabədi rayonunun Avşar kəndində yerləşən evində quraşdırılmış kamera və həmin sistemə işlənmiş materialların qiyməti və quraşdırmaya görə hesablanmış zəhmət haqqına dair siyahıdan görünür ki; -DS-2CD1T43G2-LIUF/SL 4mm 4MP X2 X4 Camera 12 ədəd, 1 ədədinin qiyməti 219,48 manat olmaqla, cəmi 2633,76 manat; -DS-7616NXI-K2 16ch 1UK Series AsuSense 4K NVR 1 ədəd 355 manat; -DS-3E1318P-EI 16 X3 Smart POE Switch 1 ədəd 424 manat; -DS-3E1318P-EI 8 X3 Smart POE Switch 1 ədəd 285 manat; -HDD DS40HKVS-VX1 5400 rpm 3,5HIKVISION 4TB 2 ədəd, 1 ədədinin qiyməti 212,40 manat olmaqla, cəmi 424,80 manat; -X1 6F/UTP 4x2x0,54 mm BC black PE jacet 500M, 900 metr, 1 metri 1 manat olmaqla, cəmi 903 manat; -Kamera qutusu (Lotus) 50x116x98 12 ədəd, 1 ədədi 3 manat olmaqla, cəmi 35,97 manat; -zəhmət haqqı 12 ədəd kameranın quraşdırılması, 1 ədədinin quraşdırılması 30 manat olmaqla, cəmi 360 manat; -əlavə xərc 45 manat olmaqla, cəmi 5466 manat təşkil edir. Iş materiallarına əlavə olunmuş cinayət işinin başlanmasının rədd edilməsi haqqında ##.##.2025-ci il tarixli qərarın surətindən görünür ki, İddiaçı müraciəti əsasında HK-*/**** nömrəli material üzrə Ağcabədi rayon polis şöbəsində araşdırma aparılmış, araşdırma zamanı müəyyən olunmuşdur ki, Quluyev X6 rayon Avşar kəndində yerləşən fərdi yaşayış evinə təxmini dəyəri 2000 manat olan kamera sistemi quraşdırılması üçün İddiaçı müraciət etmiş, həmin vaxt Əmrah Quluyev kamera sisteminin daha yaxşı sistem olmasını tələb etdiyi üçün İddiaçı təxmini dəyəri 2000 manat olan yox, 5466 manat dəyərində olan başqa bir kamera sistemini Əmrah Quluyevin evinə quraşdırmışdır. Lakin Əmrah Quluyev İddiaçı daha bahalı sistem qoşmasından sonradan xəbərdar olduğunu deyərək, sonuncuya əvvəl danışdıqları kimi 2000 manat pul vermiş, ona görə də borclu qalmadığını bildirdiyi üçün tərəflər arasında mülki mübahisə yaranmışdır. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Işin müəyyən edilmiş hallarından görünür ki, 2025-ci ilin ortalarında cavabdeh Quluyev Əmrah Ilqar oğlu iddiaçı İddiaçı müraciət edərək Ağcabədi rayonunun Avşar kəndində yerləşən evində kamera çəkdirmək istədiyini bildirmiş, aralarında olan şifahi razılaşmaya görə iddiaçı cavabdehin evində kamera quraşdırmalı, cavabdeh isə onun pulunu və əziyyət haqqını işi tam görüb qurtardıqdan sonra ödəməli idi. Iddiaçı əvvəlcədən quraşdırdığı kameranın smetasını (qiymətini) hesablayıb cavabdehə demiş, ümumi qiymət 5061 manat təşkil etmişdir. Cavabdehin evində quraşdırılmış kamera və həmin sistemə işlənmiş materialların qiymətinə dair hesabat qarşı tərəfə verilmişdir. Bundan sonra aralarında olan qarşılıqlı razılaşmaya əsasən iddiaçı cavabdehin Ağcabədi rayonu, Avşar kəndində yaşadığı ünvanda kameranı quraşdırıb ona təhvil vermişdir. Iddiaçı kamera çəkilişi üçün əl muzdu 360 manat, əlavə xərc 45 manat, cəmi 405 manat hesablamışdır. Cavabdeh ümumi məbləğdən hissə-hissə olmaqla 2000 manat ödəniş etmişdir. Kollegiya qeyd edir ki, tərəflər arasında podrat müqaviləsindən irəli gələn münasibətlər mövcud olmuş, iddiaçı cavabdehin sifarişi əsasında onun evinə kamera sistemi qurmuşdur. Göründüyü kimi tərəflər arasında öhdəlik hüquq münasibəti formalaşmış, iddiaçı gördüyü işin nəticəsi kimi smetanı cavabdehə təqdim etmiş, cavabdeh 5061 manat olan ümumi məbləğdən bu günə kimi 2000 manat hissəsini ödəmiş qalan hissəni ödəməmişdir. Ödəməməsinin əsası kimi isə cavabdeh onun evinə iddiaçı tərəfindən bahalı kameraların quraşdırıldığını, ona görə də iddiaçıya həmin kameraları söküb aparmasını istədiyini bildirmişdir. Kollegiya qeyd edir ki, cavabdehin mövqeyini inandırıcı hesab etmir və qeyd edir ki, onun izahatında qeyd etdiyi hallar müqavilə üzrə öhlədiyin icra edilməməsinə səbəb olan hal kimi qəbul edilə bilməz. Belə ki müqavilə üzrə iddiaçı öhdəliyini yerinə yetirsə də cavabdeh öhdəliyini icra etməmiş, nəticədə iddiaçının hüquqları pozulmuşdur. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmış, gəldiyi nəticə isə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırki qətnamədə təkrarlamağa zərurət görmür. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini isə heç bir sübutla təsdiqini tapmayan formal mülahizə hesab edir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. Iddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi və Ağcabədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Iş materiallarından göründüyü kimi cavabdehin apellyasiya şikayəti üzrə qətnamənin mübahisələndirilən hissəsinin qiyməti 3221 manat (yəni qətnamənin mübahisələndirilən hisssində iddianın qiyməti beş min manatdan az) təşkil edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh Quluyev Əmrah Ilqar oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağcabədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar